Məhkəmə qərarları › İş №2-1(103)-2595/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2595/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2595/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2595/2023 (Açar sözlər: “Bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”) Bakı şəhəri 26 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Fililalının xx.xx.2021-ci il tarixli BA05890-2021 nömrəli arxiv çıxarışına əsasən, “Bağ- tikinti kooperativlərin yaradılması və vətəndaşlara bağ sahələrinin ayrılması barədə(Bakı şəhər Sovetinin icraiyyə komitəsinin bağ təsərrüfatı məsələlərinə baxılmasına dair komissiya iclasının 13 nömrəli, 17 yanvar 1990-ciil tarixli protokolu) Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 saylı qərarınaa əsasən, 138 nömrəli 34 nəfərdən ibarət BTK-nin fərdi tərkibinin təsdiq edilməsi və 1-11 nömrəli əlavəyə əsasən müəyyən edilmiş qaydada onlara bağ sahələrinin ayrılması, o cümlədən: Ləhiş 138 №-li bağtikinti kooperativi üzvlərinin Siyahısı - 30. İddiaçı Bakı Suvorov küç., ev3, mən.9. (Ümumi növbə SP-5944.. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Katibi - imza Q.Parenski. Əsas: Fond-16, siy-1, iş-4008, vər-23, 32, 70, 72.)

3. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X4 bağlar sahəsindəki 138 nömrəli kooperativin 30 nömrəli orderinə əsasən, iddiaçıya Bakı şəhəri İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 138 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 3746 “A” nömrəli bağ sahəsi ayrılmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********51 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğun gəlir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.

5. İnzibati icraat materiallarının təqdim edilməsi barədə məhkəmənin soröusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciət ərizəsini və İdarənin imtina məktubunu məhkəməyə təqdim etmişdir.

6. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Arxivinin Bakı Fililalının cavabdehə ünvanladığı məktubu, Ləhiş 138 №-li bağ-tikinti kooperativi üzvlərinin Siyahısı, Ləhiş bağ massivində bağ sahələrinin yerləşmə sxemi, Bakı şəhəri İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı, protokoldan çıxarış və digər sənədlərdən ibarət 138 saylı BTK-ya dair arxiv qovluğunun surəti təqdim edilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə məktubunda bildirmişdir ki, iddiaçı ilə əlaqə saxlamaq mümkün olmadığından sözügedən ünvana texniki baxış keçirmək mümkün olmamışdır.

8. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, vətəndaş tərəfindən göstərilən bağ sahəsi digər vətədaş tərəfindən hasarlanmış sahədir. Ümumi sahədə digər vətəndaşa məxsus 1 (bir) mərtəbəli ev və həyət tikilisi mövcuddur. Sahədən faktiki istifadə edən şəxs tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaratmadı. Həmçinin qeyd olunan ərazinin BTK-ləri tərəfindən bağ sahələri koordinatlar üzrə paylanmadığından “3746a” saylı bağ sahəsinin koordınatlarını müəyyənləşdirmək mümkün olmamışdır.

9. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən 30 nömrəli order və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3746 “A” nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Həqiqətən də iddiaçı Ləhiş bağlar sahəsindəki 138 nömrəli bağ tikinti kooperativinin üzvüdür, bu barədə adının 30-cu sırada qeyd olunmasına dair Ləhiş 138 №-li bağtikinti kooperativi üzvlərinin siyahısı mövcuddur, iddiaçıya həmin kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 3746a nömrəli bağ sahəsi ayrılmışdır və iddiaçıya bu barədə 30 nömrəli order verilmişdir. İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, cavabdeh hazırda etirazında imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini göstərir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri XDS İK-nın xx.xx.1990- cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsi hazırda iddiaçının fasiləsiz olaraq qanuni istifadəsində olmaqla həmin ərazidə abadlıq işləri görülmüş, ağaclar əkilmiş və ikimərtəbəli tikili mövcuddur. Bu torpaq sahəsinə dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqanın **********51 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların ərazisinə uyğun gəlir. İddiaçı hesab edir ki, yuxarıda göstərilmiş imtina məktubları əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - order inzibati orqana təqdim edilmişdir. İnzibati orqanın digər **********51 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktublarında qeyd edilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi halı iddiaçının iradəsindən asılı olan hallar deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Rzayeva iddiaya dair etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri XDS İK-nın xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə 138 nömrəli BTK nəzdində 30 nömrəli order əsasında İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3746a saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin qeyd edilən əsasla imtinasını əsassızdır. Belə ki, cavabdehin imtinasında istinad etdiyi sxematik xəritənin məhkəməyə təqdim edilməsi barədə sorğuya cavab olaraq cavabdeh həmin sxematik xəritəni təqdim etmişdir, qeyd edilən sxematik xəritədə iddiaçıya ayrılmış 3746a nömrəli bağ sahəsi də mövcuddur, cavabdeh istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə etirazında, nə də imtina məktublarında göstərməmişdir, bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə öz sorğusunda 3609, 3610, 3745, 3746 nömrəli bağ sahələrinin koordinatlarını tələb etdikdə, cavabdeh idarənin təqdim etdiyi 138 nömrəli BTK-nin arxiv sənədlərində həmin bağ sahələrinə dair hər hansı bir məlumat aşkar edilməmişdir, eyni zamanda cavabdeh sahələrin mübahisəli olmasını göstərməsinə baxmayaraq belə bir mübahisəin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir, odur ki, məhkəmə cavabdehin imtinasında və etirazında göstərilənləri tamamilə əsassız hesab edir.

17. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır, cavabdeh iddiaçının xeyrinə olan halları araşdırmaqdan və nəzərə almaqdan imtina etmişdir.

18. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, İİ hissəsinə, İİİ hissəsinə, İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə, 139- 1.1.7.-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə, 8.0.7.-ci, 15.1-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-ci, 15.1.4.-ci, 15.1.5.-ci, 15.1.6.-cı maddələrinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, 10-cu maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci, 2.0.6-cı, 15.1-ci, 15.2ci, 19.1-ci, 19.2-ci, 24.2-ci maddəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci, 3.1.2.-ci, 3.1.16.-ci, 3.1.22.-ci bəndlərinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 780/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların (3609, 3610, 3745, 3746) ərazisinə uyğun gəlir.Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya 05.01 2022-ci il tarixli, **********51 nömrəli cavab məktubu ünvanlanmışdır..Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 02 fevarl 2023-cü il tarixli, 2-1(112)- 780/2023 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

e) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, ......

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, - 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin - 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: - 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; - 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; - 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

33. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

34. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilən 30 nömrəli order və Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 3746 “A” nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir.

35. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, elektron kadastr məlumatına əsasən koordinatlarla göstərilən bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi digər bağların (3609, 3610, 3745, 3746) ərazisinə uyğun gəlir.Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və iddiaçıya 05.01 2022-ci il tarixli, **********51 nömrəli cavab məktubu ünvanlanmışdır..

36. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin qeyd edilən əsasla imtinasını, həmçinin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin imtinasında istinad etdiyi sxematik xəritənin Birinci instansiya məhkəməsinə təqdim edilməsi barədə sorğuya cavab olaraq cavabdeh həmin sxematik xəritəni təqdim etmişdir, qeyd edilən sxematik xəritədə iddiaçıya ayrılmış 3746a nömrəli bağ sahəsi də mövcuddur (i/v-45), cavabdeh istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə etirazında, nə də imtina məktublarında göstərməmişdir.

37. Bundan başqa Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə öz sorğusunda 3609, 3610, 3745, 3746 nömrəli bağ sahələrinin koordinatlarını tələb etdikdə, cavabdeh idarənin təqdim etdiyi 138 nömrəli BTK-nin arxiv sənədlərində həmin bağ sahələrinə dair hər hansı bir məlumat aşkar edilməmişdir, eyni zamanda cavabdeh sahələrin mübahisəli olmasını göstərməsinə baxmayaraq belə bir mübahisəin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir, odur ki,cavabdehin imtinasında və etirazında göstərilənlər tamamilə əsassızdır.

38. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır, cavabdeh iddiaçının xeyrinə olan halları araşdırmaqdan və nəzərə almaqdan imtina etmişdir.

39. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, həqiqətən də iddiaçı Ləhiş bağlar sahəsindəki 138 nömrəli bağ tikinti kooperativinin üzvüdür, bu barədə adının 30-cu sırada qeyd olunmasına dair Ləhiş 138 №-li bağ-tikinti kooperativi üzvlərinin siyahısı mövcuddur, iddiaçıya həmin kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 3746a nömrəli bağ sahəsi ayrılmışdır və iddiaçıya bu barədə 30 nömrəli order verilmişdir. İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, cavabdeh hazırda etirazında imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini göstərir.

40. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə Kollegiyası sırf apellyasiya şikayətinin yeganə dəlili, yəni “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” dəlilinə münasibətdə xüsusi olaraq qeyd edir ki, ümumiyyətlə inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir.

41. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

42. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.

43. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-780/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar