Məhkəmə qərarları › İş №2-1(103)-2596/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2596/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2596/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı «borca görə siyahıya alınmış əmlakın satılması» tələbinə dair inzibati iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin Cavabdeh qarşı «borca görə siyahıya alınmış əmlakın satılması»na dair Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-5201/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Vergi orqanı tərəfindən vergi ödəyicisinin 9 avqust 2022-ci il tarixə yaranan dövlət büdcəsinə 857,43 manat və Dövlət Sosial Müdafiə Fonduna 7.945,62 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən təsərrüfat subyektində ümumilikdə 4.600 manat məbləğində əmlakının siyahıya alınması barədə **********2 nömrəli və **********5 nömrəli 9 avqust 2022-ci il tarixli qərarlar çıxarılmışdır.

2. Həmin qərarlar əsasında vergi ödəyicisinin 9 avqust 2022-ci il tarixə yaranan dövlət büdcəsinə 857,43 manat və Dövlət Sosial Müdafiə Fonduna 7.945,62 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən təsərrüfat subyektində ümumilikdə 4.600 manat məbləğində əmlakı (xonçalar) siyahıya alınmışdır.

3. Vergi ödəyicisinin əmlakı siyahıya alınması barədə 3 oktyabr 2022-ci il tarixli **********5 və **********2 nömrəli protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı (xonçalar) əlavə edilmişdir.

4. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir.

5. Cavabdehin şəxsi hesab vərəqindən göründüyü kimi 9 avqust 2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 600 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.000 manat borcu qalmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi Cavabdeh qarşı «borca görə siyahıya alınmış əmlakın satılması» tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia ərizəsində bildirilir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 9 avqust 2022-ci il tarixli qərarlar çıxarmışdır. Həmin qərarlar əsasında vergi ödəyicisinin 9 avqust 2022-ci il tarixə yaranan dövlət büdcəsinə 857,43 manat və Dövlət Sosial Müdafiə Fonduna 7.945,62 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən təsərrüfat subyektində ümumilikdə 4.600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 3 oktyabr 2022-ci il tarixli **********5 və **********2 nömrəli protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 9 avqust 2022ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 600 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.000 manat borcu qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-1, 52, 77, 78, 85-ci maddələrinə, İPM-in 2.1, 2.2.7-ci maddələrinə əsaslanaraq, Cavabdeh 9 avqust 2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə 600 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.000 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) ümumilikdə 4.600 manat məbləğində siyahıya alınmış əmlaklarının ticarət şəbəkələrində satılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.

8. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-5201/2023 nömrəli qərarı (hakim R.Kərimli) ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 600 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.000 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) ümumilikdə 4.600 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılması qərara alınmışdır.

9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, şikayətinin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-5201/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini tələb etməyərək qanunun normalarını pozmuşdur. Belə ki, iddiaçı iddiasında da qeyd etdiyi kimi yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə cavabdehə bildirişlər verməsi ilə kifayətlənmişdir.

11. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə vergi orqanının üzərinə vergi yoxlamaları keçirildikdə, vergi orqanlarının və onların vəzifəli şəxslərinin düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halların aydınlaşdırması vəzifəsini qoymuş və qanunun bu norması imperativ xarakterə malikdir. Cavabdeh hazırda mülki dövriyyə iştirakçıları ilə sahibkarlıq fəaliyyətini davam etdirir və vergi borcunu bağlamaq imkanına malikdir. Lakın məhkəmə işin bu faktiki hallarını, yəni cavabdehin hazırda fəaliyyətini davam etdirməsini nəzərə almamışdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

14. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: Maddə 23.1.6. Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; Maddə 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; Maddə 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 89.12. Əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

16. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanı: 1.40-1-ci bənd. Həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

20. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

21. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

22. İşin faktiki hallarına görə iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 9 avqust 2022-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə 600 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.000 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) ümumilikdə 4.600 manat məbləğində siyahıya alınmış əmlaklarının (xonçalar) ticarət şəbəkələrində satılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” 9 avqust 2022-ci il tarixli **********2 və **********5 nömrəli qərarlarına əsasən cavabdehə məxsus əmlakın siyahıya alınması qərara alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” 3 oktyabr 2022-ci il tarixli **********2 və **********5 nömrəli protokollara və protokollara əlavəyə əsasən cavabdehə aid təsərrüfat subyektində (mağaza) ümumilikdə 4.600 manat məbləğində əmlak (xonşalar) siyahıya alınmışdır (fotoşəkillər əlavə edilmişdir). “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında” 3 oktyabr 2022-ci il tarixli aktlarla siyahıya alınmış əmlak məsul saxlama üçün cavabdehə təhvil verilmişdir. Bu zaman Cavabdeh öz imzası ilə təsdiq etdiyi izahatından görünür ki, sonuncu təsərrüfat subyektində siyahıya alınmış əmlakın ona məxsus olduğunu bildirmişdir. Cavabdeh aid şəxsi hesab vərəqindən müəyyən olunur ki, sonuncunun borcu ödənilməmişdir.

24. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilmiş maddi hüquq normalarından görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergilər, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqının ödənilməsi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar borc üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər.

25. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola əlavə tərtib edilmişdir.

26. Kollegiya qeyd edir ki, vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir.

27. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 600 manat və Dövlət Sosial Müdafiə Fonduna 3.000 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, X7 Naxçıvani küçəsi, ev 22 ünvanında yerləşən təsərrüfat subyektində (mağaza) ümumilikdə 4.600 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılmalıdır.

28. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 2-1(112)-5201/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar