Məhkəmə qərarları › İş №2-1(103)-2596/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2596/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2596/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair işi üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3398/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-2277/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri – xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ vergi öhdəliyi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(117)-3363/2020 nömrəli qətnaməsi ilə "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri – xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ vergi öhdəliyi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin vergi borcu ilə əlaqədar olaraq Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2277/2020 saylı və xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3363/2020 saylı qətnamələri ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin hazırda iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün heç bir əsas yoxdur. Belə ki, X5 ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı payın 100%-ni Anar Əhmədova satmışdır. Bundan sonra iddiaçı şirkətin icra orqanının rəhbəri vəzifəsindən azad edilmiş, şirkətlə hər hansı bir bağlılığı qalmamışdır. Artıq "xxxx" MMC-nin icra orqanının rəhbəri olmadığı üçün MMC-nin borcunun ödənilməsinin təminatı kimi onun ölkədən getmək hüququnun məhdudlaşdırılması əsası aradan qalxmışdır. İddiaçı məhdudiyyətin götürülməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmə xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3398/2025 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi təmin edilərək İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3398/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 2, 35.1, 46cı maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İddiaçı xx.xx.2017-ci il tarixli,**********646500 nömrəli ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edərək, özünün təsisçi və qanuni təmsilçisi olduğu "xxxx" MMC-ni təsis etmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci bəndinə əsasən elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. Həmin qanunun 3.2-ci bəndinə isə qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Bu səbəbdən "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olaraq hüquqi şəxsi dövlət qeydiyyatından keçirərkən, artıq İddiaçı "xxxx" MMC ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş hesab olunur. Cəmiyyətin adından çıxış edən İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmadığı üçün dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək mümkün olmamışdır. "xxxx" MMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən rəhbər - İddiaçı tərəfindən Mülki Məcəlləsinin 49.3-cü maddəsində fidusiar öhdəliklərin icrası zamanı hüquqi şəxsi təmsil edən şəxsin (həmçinin hüquqi şəxsin idarəetmə orqanlarında (direktorlar şurası, icra orqanı) etməli olduqları sadalanmışdır. Qeyd edilənlərə əsasən sadiqlik öhdəliyi fidusiardan korporasiyanın ən yaxşı maraqlarına uyğun və vicdanla hərəkət etməsini tələb edir. Mübahisəli məhkəmə işində Cəmiyyətin adından çıxış edən qanuni təmsilçi - direktor İddiaçı maraqlarına sadiq qalmamış və öz vəzifələrini vicdanla yerinə yetirməmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o,məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(112)-3398/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 9.2. vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vergi Məcəlləsi: 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək. 24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.2-1 vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.14-cü maddəsinə görə qanuni təmsilçi - nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Mülki Prosessual Məcəllə: 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin qanuni təmsilçisi (rəhbəri) X4r. Buna baxmayaraq cavabdeh inzibati orqan Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsindən irəli gələn (vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək) vəzifəsini icra etməmişdir. Bu hal vergi orqanının VM-in 23-cü maddəsində göstərilən hüququndan istifadə etməsi, lakin 24-cü maddədəki vəzifələrini yerinə yetirməməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı qanuni təmsilçi olmadığı halda MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “..."xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olaraq hüquqi şəxsi dövlət qeydiyyatından keçirərkən, artıq İddiaçı "xxxx" MMC ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş hesab olunur. Cəmiyyətin adından çıxış edən İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmadığı üçün dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək mümkün olmamışdır. "xxxx" MMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirən rəhbər - İddiaçı tərəfindən Mülki Məcəlləsinin 49.3-cü maddəsində fidusiar öhdəliklərin icrası zamanı hüquqi şəxsi təmsil edən şəxsin (həmçinin hüquqi şəxsin idarəetmə orqanlarında (direktorlar şurası, icra orqanı) etməli olduqları sadalanmışdır. Qeyd edilənlərə əsasən sadiqlik öhdəliyi fidusiardan korporasiyanın ən yaxşı maraqlarına uyğun və vicdanla hərəkət etməsini tələb edir. Mübahisəli məhkəmə işində Cəmiyyətin adından çıxış edən qanuni təmsilçi - direktor İddiaçı maraqlarına sadiq qalmamış və öz vəzifələrini vicdanla yerinə yetirməmişdir”. Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı hüquqi şəxsin əvvəlki qanuni təmsilçisi olmuş, sonradan həmin vəzifədən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Bu baxımdan məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq, MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının hüquq və vəzifələri bir başa Vergi Məcəlləsinin 23 və 24-cü maddələrində təsbit olunmuşdur. Ancaq işdən görünür ki, cavabdeh hüquqlarından istifadə etmiş, lakin vəzifələrini yerinə yetirməmişdir. Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır. Belə ki, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməsi vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. Vergi orqanının həm əvvəlki, həm də hazırkı rəhbərə qarşı iddia qaldırmasına maneə olan hər hansı sədd qanunda müəyyən edilməmişdir. Əksinə, Vergi orqanı 23.1.15-3-cü maddədə göstərilən hüququndan istifadə etmişdir. Buna baxmayaraq Vergi orqanının Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüququndan istifadə etməsi, lakin 24-cü maddədə göstərilən vəzifələrini yerinə yetirməməsi bir başa iddiaçının konstitutsion hüququnu pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(112)-3398/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar