Məhkəmə qərarları › İş №2-1(103)-2597/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2597/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2597/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı “aktın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7012/2021 saylı 04.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.09.2020-ci il tarixli aktın 2254/2020 saylı qərardadın tələbindən yayınmaq üçün tərtib edildiyini, hər hansı bir əsası olmadığını, tamamilə yalan məlumat əsasında tərtib edildiyini nəzərə alaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.07.2020-ci il tarixli 2(005)20 Salı qərardadı ilə cavabdeh "xxxx" MMC-yə iddiaçı A.Mövlanova məxsus Bakı şəhəri Nərimanov rayonu Təbriz-34 küçəsində “B” tikilisinə münasibətdə tikinti işlərini aparmağı qadağan etmişdir. İcra məmuru tərəfindən "xxxx" MMC-nin havadarlarının təşşəbbuskarlığı ilə 10.09.2020-ci il tarixli saxta və əsassız akt tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7012/2021 saylı 04.08.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadından narazı olduğunu bildirərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə, habelə məhkəməyə gəlmədiyi təqdirdə, onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümükün hesab etmişdir (İddiaçı apellyasiya şikayətində maddi imkansızlıq səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir). İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normaları mənası baxımından, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə,iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddia ərizəsindən, iddiaçının ləğvini tələb etdiyi - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin baş məsləhətçisi Samir Cabbarovun, "xxxx" MMC-nin direktoru vəzifəsini icra edən X3, Nərimanov rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Gülənmədovun, Nərimanov Rayon Polis İdarəsinin ərazi üzrə sahə müvəkkili Babək Abbasovun, Nərimanov rayon 37 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Elxan Abdullayevin, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 34 saylı evin paylı mülkiyyətçiləri X1 və X4 iştirakı ilə tərtib edilmiş 10.09.2020-ci il tarixli mübahisələndirilən aktın surətinə, eləcə də, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə qərardalarından çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən Nərimanov Rayon Məhkəməsində mülki icraat qaydasında baxılan iş üzrə icra sənədinin icrası ilə bağlı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin hərəkətləri mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası İPM-in 1.1-ci maddəsinin tələbi baxımından ilk öncə qeyd edir ki, inzibati qaydada qaldırılan iddianın ilkin mümkünlük şərti onun inzibati hüquq münasibətlərindən yaranmasının təşkil etməsidir. Konkret halda isə hazırkı iddia ərizəsində bu şərt ödənilmədiyindən, iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Belə ki, mülki iş üzrə verilmiş icra sənədinə əsasən başlanılmış icraat çərçivəsində, həmin icraatın iştirakçıları tərəfindən qaldırılan istənilən məsələnin, bu icraatdan kənar qaydada, o cümlədən, inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün saylıa bilməz. Çünki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhz, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarəti icra qurumunun rəhbəri, eləcə də həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. «İcra haqqında» Qanunun 29.1-ci maddəsi də məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn məsələləri mübahisələndirmək (ondan şikayət vermək) hüqüquna malikdir. Lakin, konkret halda, cavabdeh orqanın icraatında olan icra sənədi üzrə icraatın iştirakçısı olan iddiaçı tərəfindən cavabdeh icra orqanının hərəkət və hərəkətsizliyi ilə bağlı məsələlər həmin mülki icraat çərçivəsindən kənar, o cümlədən, inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qəradadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımdan, icra orqanına (məmuruna) qarşı onun hərəkət və hərəkəsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və onun icrasına nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra orqanı tərəfindən icra icraatından kənara çıxmalarla, yol verildiyi və həmin icraatdan kənar şəxslərin hüquq və azadlıqları pozulduğu hallarda yalnız, belə şəxslərin icra orqanının hərəkət və həkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahəsələrin inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının ləğvini tələb etdiyi 10.09.2020-ci il tarixli akt “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində verilən inzibati akt anlayışını ifadə etmir və yalnız sübut növü kimi məhkəmə araşdırımasının predmetini təşkil edə bilər. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması barədə gəlinmiş nəticə işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası iddaçının apellyasiya şikayətinin həmin qərardaddan narazı olduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-7012/2021 saylı 04.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-7012/2021 saylı 04.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar