Məhkəmə qərarları › İş №2-1(103)-2597/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2597/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2597/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və üçüncü şəxsin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs X5 - hüquqi varisi X10) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 446/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 7A saylı evin 49 saylı mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi X2 verilməsinə dair Cavabdeh başçısının 19 sentyabr 1995-ci il tarixli 247/30 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-446/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsində Lalə Əliyeva və onun oğlu istifadə hüququnun tanınması barədə məhkəmə prosessində bildirdilər ki, mənzil mülkiyyətdə deyil və hətta cavabdehə evin mülkiyyətdə olub-olmaması barədə hakim tərəfindən sual verildi və cavabdeh bildirdi ki, ev mülkiyyətdə deyil, Orderli evdir və bu, məhkəmə iclası protokolunda öz əksini tapmışdır. Nərimanov rayon Məhkəməsində sözügedən prosesdə Nərimanov rayon Məhkəməsi tərəfindən verilən sorğulara alınmış cavablar olaraq məlum oldu ki, ev mülkiyyətdə deyil və hüquqtəsdiqedici mülkiyyət sənədi yoxdur. 31 may 2021-ci ildə “Mülkiyyətçi” hüququndan sui-istifadə edən bacısı oğlu məhkəmədə iddiaçıya qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Qaldırılmış iddiaya əsasən məlum oldu ki, mənzilin mülkiyyət sənədi (yəni Çıxarış) yoxdur, iddiaya mənzilə dair Order əlavə olunmuşdur. Artıq bu məhkəmə prosesində bəlli oldu ki, guya mənzil mülkiyyətdədir. Ona görə də işə aydınlıq gətirmək üçün məhkəmə prosessinin dayandırılması barədə məhkəməyə ərizə təqdim olundu və Bakı İnzibati Məhkəməsinə bu barədə Sərəncamın ləğvi, özəlləşmənin etibarsızlığı və mövcud olmayan Çıxarışın ləğvi barədə iddia tələbi irəli sürüldü. Məlumdur ki, heç bir kəsi qanunsuz olaraq mənzilindən çıxarmaq olmaz. Bu iş üzrə hüququndan sui-istifadə edən iddiaçı məhkəmədə cavabdehə qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia qaldıraraq guya evin mülkiyyətdə olmasını göstərmişdir. Ona görə də Məhkəməyə iş üzrə icraatın dayandırılmasına dair ərizə təqdim olundu. Göründüyü kimi bu prosessdə mənzilin mülkiyyət sənədi olmadığı cavabdehə bəlli oldu. Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı ilə hazırda iddiaçı olan İddiaçı razılığı olmadan göstərilən mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi Ə.Seyidquliyevaya verilməsi qərara alınmışdır. Bununla da göstərilən sərəncamın qəbul edilməsi nəticəsində onun mənzilə olan gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Ona görə də məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərdi və sorğuda əsasında məlum oldu ki, mənzilin mülkiyyət sənədi yoxdur. Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı əsasında göstərilən mənzil 1995-ci ildə anası X1 adma özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınsa da Çıxarış verilməyib. Mülkiyyətçi hüququndan sui-istifadə edən hazırda 3-cü şəxs məhkəmədə iddiaçıya qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamının qəbul edilməsindən və bunun əsasında mənzilin özəlləşdirilməsindən iddiaçı məlumatsız olmuşdur. Belə ki, sərəncamın qəbul edilməsi və bunun əsasında mənzil özəlləşdirilərkən onun razılığı olmamışdır. O, mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi verməmişdir. Mənzilin özəlləşdirilibözəlləşdirilməməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli, 241 saylı vəkil sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, sorğunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi ev 7A, 49 saylı mənzil X1 adına xx.xx.1995-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair razılıq ərizələri arxiv qovluğunda aşkar edilməmişdir. Özəlləşdirməyə razılıq vermədiyinə görə Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı Cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab oıaraq cavabdehin göndərdiyi 30 avqust 2021-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların yaşadıqları dövlət və ya ictimai mənzil fondu mənzillərin onların əvəzsiz mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan mənzilin kirayəçisi ilə kirayə alan arasında bağlanmış müqavilə əsasında mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması üçün həmin mənzildə kirayəçi ilə birlikdə yaşayan və həddi-buluğa çatmış bütün ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizələri Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (hazırda Bakı şəhər Ərazi İdarəsinə) təqdim edilirdi. Qeyd edilənlərə əlaqədar, mənzilin özəlləşdirilməsinə dair razılıq ərizənizin olub-olmaması ilə bağlı hüquq münasibətlərinin həmin qurumla araşdırılması tövsiyə olunur. Cavabdeh orqanın mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsinin olub-olmaması ilə bağlı hüquq münasibətlərinin həmin qurumla araşdırılmasına istinad etməsi, yəni mənzilin özəlləşdirilməsi zamanı razılıq ərizəsinin yalnız Ərazi İdarəsinə verilməli olmasına istinad etməsi əsassızdır və həmin məktub inzibati orqanın müraciətə imtinası kimi qiymətləndirilməlidir. Göstərilən xüsusata əsasən, Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı ilə göstərilən mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi yalnız Ə.Seyidquliyevaya verilməsi qərara alındığı halda, iddiaçının mənzilin özəlləşdirilməsi ilə bağlı Ərazi İdarəsinə mənzilin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsinə dair ərizəsi olduğu halda belə, mənzilin ümumi (paylı, birgə) mülkiyyətə verilməsi mümkün deyildir. Ona görə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuş Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı ilə mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi yalnız Ə.Seyidquliyevaya verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən, Cavabdehin mənzilin kirayəçisi ilə kirayə alan arasında bağlanmış müqavilə əsasında mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması üçiin həmin mənzildə kirayəçi ilə birlikdə yaşayan və həddi-buluğa çatmış bütün ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizələrinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (hazırda Bakı şəhər Ərazi idarəsinə) təqdim edilməsinə və qeyd edilənlərə əlaqədar, mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsinin olub-olmaması ilə bağlı hüquq münasibətlərinin həmin qurumla araşdırılmasının tövsiyə edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 7A saylı evin 49 saylı mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi Ə.Seyidquliyevaya verilməsinə dair Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamının ləğv edilməsindən imtina etməsi əsasında Sərəncamın qəbul edilməsindən 30 ildən çox müddət keçməsi və mənzilin mülkiyyətə verilməsindən İddiaçı məlumatlı olmasına istinadən iddianın mümkün sayılmaması əsassızdır. İddiaçı həyat yoldaşı X14 və oğlu X13 mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə məhkəmədə qaldırılan iddiada Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cii maddəsinə (xx.xx.2009-cu ilədək qüvvədə olan) istinad edilmiş, həmin vaxt mənzilin mülkiyyətdə olmasına dair hər hansı bir sənəd mövcud olmamışdır. Həmin iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur və hazırda qüvvədədir. Eyni zamanda mənzil özəlləşdirilən vaxtda ailəli olmuş və həmin vaxtda həyat yoldaşı faktiki olaraq mənzildə yaşayıb və bir uşağı da dünyaya gəlmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 7A saylı evin 49 saylı mənzilində 1979-cu ildən rəsmi qeydiyyatda olmaqla yaşadığından, həmin mənzilə istifadə hüququna malik olduğundan, mənzilə dair sərəncamın qəbul edilməsi və mənzilin özəlləşdirilməsi zamanı onun razılığı tələb olunmalı idi. Ancaq bu barədə ondan razılıq alınmamışdır. Odur ki, göstərilən sərəncamın qəbul edilməsi nəticəsində iddiaçının hüququ pozulduğundan və onun tələbi əsasında cavabdeh orqan tərəfindən göstərilən sərəncamın ləğv olunmasından imtina edildiyindən, həmin sərəncam onun tələbi əsasında məhkəmə qaydasında ləğv olunmalıdır. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi və iddia tələbinin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 hüquqi varisi X6 vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd olunur: Yaşadığınız mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının razılığınızın olmaması ilə əlqədar, Cavabdeh (RİH) başçısının xx.xx.1995-ci il tarixli 247/30 №-li Sərəncamının ləğv edilməsinə dair yazmış olduğunuz ərizəyə Nərimanov RlH-də baxılmışdır. İlk öncə bildiririk ki, 26 yanvar 1993-cü il tarixli Azərbaycan Respublikasında (AR) Mənzil Fondunun özəlləşdirilməsi haqqında AR-nın Qanununa əsasən vətəndaşların yaşadıqları dövlət və ya ictimai mənzil fondu mənzillərin onların əvəzsiz mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan mənzil kirayəçisi ilə kirayə alan arasında bağlanmış müqavilə əsasında mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması üçün həmin mənzildə kirayəçi ilə birlikdə yaşayan və həddi-buluq yaşlı bütün ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizələri Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (hazırda Bakı şəhəri Ərazi idarəsinə) təqdim edilirdi. Qeyd edilənlərlə əlaqədar, mənzilin özəlləşdirilməsinə dair razılıq ərizənizin olub-olmaması ilə bağlı hüquq münasibətlərinizin həmin qurumla araşdırılması tövsiyə olunur. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı Cavabdehin xx.xx.1995-ci il tarixli 247/30 nömrəli sərəncamının ləğv olunması tələbi ilə Cavabdehə xx.xx.2021-ci ildə müraciət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Cavabdeh başçısının 19 sentyabr 1995-ci il tarixli 247/30 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 7A saylı evin 49 saylı mənzilinin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi X4 verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin faktiki hallarından görünür ki, Cavabdeh başçısının 19 sentyabr 1995-ci il tarixli 247/30 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 7A saylı evin 49 saylı mənzilinin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi X4 verilməsi qərara alınmışdır. Hazırki iddia tələbi ilə İddiaçı həmin sərəncamın ləğv edilməsini tələb edir. İddiaçı cavabdehin xx.xx.1995-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsində və Cavabdehə xx.xx.2021-ci ildə etdiyi müraciətində mübahisələndirdiyi sərəncamın mövcudluğu barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-3634/2020 nömrəli mülki işin gedişatı zamanı ona məlum olduğunu göstərmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3634/2020 nömrəli mülki iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçılar X14 və X7 cavabdehlər X2 və İddiaçı qarşı “yaşayaş sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia təmin edilmiş, X14 və X7 Bakı şəhəri, X18 küçəsi 7A saylı evin 49 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. Eyni zamanda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğv edilməsi üçün Cavabdehə xx.xx.2021ci ildə müraciət etmişdir, hazırki iddia tələbi ilə məhkəməyə isə xx.xx.2021-ci ildə müraciət etmişdir. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən qərarı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddəti buraxılmışdır. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərti yerinə yetirilmir, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2023 nömrəli 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar