Məhkəmə qərarları › İş №2-1(103)-2597/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2597/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2597/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və s.”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1241/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. - Sənədlərdən görünür ki, İddiaçı xx.xx.1956- cı il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır.

2. Müvafiq sorğu əsasında məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işinin materiallarından görünür ki: -AR DSMF-in Səbail rayon şöbəsinin xx.xx.2008-ci il tarixli, 22/098 nömrəli qərarı ilə İddiaçı xx.xx.2008-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. -XŞT üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********6 saylı qərarı ilə iddiaçıya xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə istinad edilərək, yenidən hesablanmış və nəticədə 1348,29 manat müəyyən edilmişdir.

4. -XŞT üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15196/2023 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmış və 1637,93 manat müəyyən edilmişdir.

5. -cavabdeh XŞT üzrə Mərkəzi Filialın 01 aprel 2024-cü il tarixli 3-17-1/3-3- 4547/2024 saylı qərarı ilə ƏPQ-nin 39.1-ci maddəsi tətbiq edilməklə iddiaçıya xx.xx.2008- ci ildən təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Həmin qərarın 11-ci sətrindən görünür ki, xx.xx.2021-xx.xx.2024-cü illər arasında iddiaçıya 54842,47 manat artıq ödənilmiş pensiya məbləği hesablanmışdır.

6. -cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 aprel 2024-cü il tarixli, 3-17-1/3-3-4546/20254 saylı qərarı ilə iddiaçıya əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 21.2, 67.1 və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir.

7. -“Azneft” İB-nin N.Nərimanov adına NQÇİ tərəfindən DSMF-in XŞT üzrə Mərkəzi Filialının sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin “Elektrik avadanlıqlarının kirayə təmir sexində” rəis müavini vəzifəsində işləmişdir. Onun işlədiyi “Elektrok avadanlıqların təmiri və kirayə sexinin rəis müavini” vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.”

8. -SOCAR “Azneft” İB N.Nərimanov adına NQÇİ-nin rəisi və ilkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin rəsi müavini tərəfindən imzalanmış və müvafiq qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 70 nömrəli arayışda bildirilmişdir ki, “Arayış verilir X1, ondan ötrü ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N.Nərimanov NQÇİ-də Elektrik avadanlıqlarının və elektrik təchizatı kirayə təmir sexinin rəis müavini vəzifəsində işləyib. xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı 06 il 11 ay 10 gün təşkil edir.

9. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: elektrik avadanlıqlarının təmiri və texniki xidmət üzrə sahənin bütün istehsalat-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək; elektrik avadanlıqlarının düzgün istismarına və fasiləsiz işinə, təmir-plan qrafiklərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; istehsalat obyektlərinin vaxtında saz elektrik avadanlıqları ilə komplektləşdirilməsini, quraşdırma-təmir işlərinin aparılmasını təşkil etmək; elektrik avadanlıq və qurğularının istismar tələblərinə uyğunluğu üzrə təhlilin aparılmasını təşkil etmək; quraşdırılmamış elektrik avadanlıqlarının və ehtiyat hissələrinin konservasiyası və saxlanılmasının düzgünlüyünə nəzarəti həyata keçirmək; elektrik avadanlıqları ilə əlaqədar qəzaların vaxtında təhqiq və ləğv edilməsini təmin etmək, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;alətlərin və digər elektrik avadanlıqlarının düzgün istismarını təşkil və nəzarət etmək, istehlakçılar üzrə elektrik enerjisinin sərfinin uçotunu aparmaq, bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10 bəndində /a yarımbəndində şifrə 1100000b-24125 uyğundur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 2 b yarımbəndində müəyyən edilmiş “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” sahəsinin və vəzifəsinin xüsusiyyətləri ilə uyğundur.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İsmayılov X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin bərpa edilməsinin cavabdehə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “cavabdehin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4547/2024 nömrəli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-4546/2024 saylı qərarlarının ləğv edilməsi, iddiaçıya 52 yaşı tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

12. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı X1 Fondun Səbail rayon şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və iddiaçı həmin tarixdən xx.xx.2024-cü il tarixə qədər dövr ərzində təyin olunmuş pensiyanı almışdır. xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 3-171/2-1- 77400/2024 saylı məktubla ona həmin tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi dayandırıldığı və pensiya sənədlərinin Fondun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına göndərildiyi bildirilmişdir. Qanunvericiliyin tələbinə uyğun, xx.xx.2008-ci il tarixdən mütəmadi olaraq pensiyanın yenidən hesablanması həyata keçirilmiş və və hər hansı səhv aşkar edilməmişdir. Məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmasının əsas səbəbi olaraq iddiaçının güzəştli şərtlərlə iş stajının 10 ildən az olması, yəni 7 il 27 gün olması göstərilmişdir. Lakin nəzərə alınmamışdır ki, əmək kitabçasından göründüyü kimi xx.xx.1983-cü ildən başlayaraq xx.xx.2002-ci il tarixə qədərki dövr ərzində olan əmək stajı 14 il təşkil edir. Güzəştli şərtlərlə pensiyaya yaşı əmək stajının 12 il 6 ay olmasını tələb edir. İddiaçı hesab edir ki, xx.xx.2024-cü il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılması qanunsuz və əsassızdır və bərpa edilməsi cavabdehə həvalə edilməsi barədə iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı iddiası tam əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Qeyd edilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Cavabdeh “Əmək pensyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına, Qanunun 9.8-ci maddəsinə, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) istinad edərək hesab etmişdir ki, araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin iddiaçıya dair xx.xx.2008-ci il tarixli 10 nömrəli arayışda xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektik avadanlıqları və elektrik təchizatı kirayə təmiri sexində rəis müavini vəzifəsində işlədiyi qeyd olunduğundan, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq iddiaçının işlədiyi elektrik avadanlıqların təmiri və kirayə sexinin rəis müavini vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda nəzərdə tutulmadığı bildirilmişdir. Bundan başqa, iddiaçının xx.xx.1981- xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik mühəndisi peşəsinin sözügedən Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neftqaz və qaz kondensatının hasilatı bəndində (2) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 27 gün (xx.xx.1998xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Buna görə də, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 52 yaşının tamamlandığı xx.xx.2008ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilib. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 8 aprel 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. İddiaçı 1 aprel 2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-4547/2024 nömrəli və əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3- 3-4546/2024 nömrəli qərarlar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1241/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi rəis müavini vəzifəsinin əmək funksiyaları AR NK-nın müvafiq qərarı ilə təsdiq edilmiş vəzifələrə uyğundur. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Həmçinin təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tutarlı sübut təqdim olunmamışdır. Odur ki, həmin arayış mötəbər sübut kimi qəbul edilməlidir.

16. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (14 il 7 gün) çox təşkil edir. (7 il 27 gün (mübahisələndirilməyən) + 06 il 11 ay 10 gün (xx.xx.1991–xx.xx.1998))

17. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

18. Məhkəmə həmçinin cavabdehin qəbul etdiyi qərarla ona görə razılaşmır ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1241/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Eyni zamanda bildirilir ki, Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin iddiaçıya dair xx.xx.2008ci il tarixli 10 nömrəli arayışda xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində elektik avadanlıqları və elektrik təchizatı kirayə təmiri sexində rəis müavini vəzifəsində işlədiyi qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə aidiyyəti üzrə sorğu göndərilib. Sorğuya cavab olaraq iddiaçının işlədiyi elektrik avadanlıqların təmiri və kirayə sexinin rəis müavini vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda nəzərdə tutulmadığı bildirilib. Bundan başqa, xx.xx.1981-xx.xx.1991-il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik mühəndisi peşəsi sözügedən Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 № siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 10 ildən az (7 il 27 gün (xx.xx.1998-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Buna görə də, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 52 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən Fondun Səbail rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilib.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

23. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə)

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar- 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

27. “İnzibati icraat haqqında” qanunun: 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə müvafiq olaraq, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə görə, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə müvafiq olaraq, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. İşin hallarına görə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2008-ci il tarixli 10 nömrəli arayışda xx.xx.1991xx.xx.1998- ci il tarixlərdə işlədiyi elektik avadanlıqları və elektrik təchizatı kirayə təmiri sexində rəis müavini vəzifəsinin güzəştli pensiya hüququ verən vəzifə olduğu göstərilsə də, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları”nda nəzərdə tutulmadığı bildirilmişdir. Bundan başqa, iddiaçının xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi elektrik mühəndisi peşəsi sözügedən Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) neftqaz və qaz kondensatının hasilatı bəndində nəzərdə tutulmamışdır.

33. Göstərilən əsaslardan çıxış edərək cavabdeh tərəfindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2024-cü il tarixli qərarlarla dayandırılmış və ləğv edilmişdir. Məhkəmə cavabdehin bu qənaəti ilə razılaşmır.

34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1- ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

36. Məhkəmə araşdırması dövründə SOCAR “Azneft” İB N.Nərimanov adına NQÇİ-nin rəisi və ilkin uçot və iqtisadi məlumatların işlənməsi xidmətinin rəsi müavini tərəfindən imzalanmış və müvafiq qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 70 nömrəli arayışda bildirilmişdir ki, “Arayış verilir X1, ondan ötrü ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) N.Nərimanov NQÇİ-də Elektrik avadanlıqlarının və elektrik təchizatı kirayə təmir sexinin rəis müavini vəzifəsində işləyib. xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi vəzifə üzrə sosial sığorta stajı 06 il 11 ay 10 gün təşkil edir.

37. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: elektrik avadanlıqlarının təmiri və texniki xidmət üzrə sahənin bütün istehsalat-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək; elektrik avadanlıqlarının düzgün istismarına və fasiləsiz işinə, təmir-plan qrafiklərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək; istehsalat obyektlərinin vaxtında saz elektrik avadanlıqları ilə komplektləşdirilməsini, quraşdırma-təmir işlərinin aparılmasını təşkil etmək; elektrik avadanlıq və qurğularının istismar tələblərinə uyğunluğu üzrə təhlilin aparılmasını təşkil etmək; quraşdırılmamış elektrik avadanlıqlarının və ehtiyat hissələrinin konservasiyası və saxlanılmasının düzgünlüyünə nəzarəti həyata keçirmək; elektrik avadanlıqları ilə əlaqədar qəzaların vaxtında təhqiq və ləğv edilməsini təmin etmək, onların qarşısının alınması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;alətlərin və digər elektrik avadanlıqlarının düzgün istismarını təşkil və nəzarət etmək, istehlakçılar üzrə elektrik enerjisinin sərfinin uçotunu aparmaq, bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10 bəndində /a yarımbəndində şifrə 1100000b-24125 uyğundur və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu bəndinin 2 b yarımbəndində müəyyən edilmiş “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” sahəsinin və vəzifəsinin xüsusiyyətləri ilə uyğundur.”

38. Qeyd olunanlardan çıxış edərək məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin etirazı və etirazla oxşar məzmunda olan apellyasiya şikayətinin dəlilləri əsassızdır.

39. Belə ki, göründüyü kimi müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixə kimi işlədiyi rəis müavini vəzifəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş vəzifələrə uyğundur. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Həmçinin təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı tutarlı sübut təqdim olunmamışdır. Odur ki, həmin arayış mötəbər sübut kimi qəbul edilməlidir.

40. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (14 il 7 gün) çox təşkil edir. (7 il 27 gün (mübahisələndirilməyən) + 06 il 11 ay 10 gün (xx.xx.1991–xx.xx.1998)) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

41. Məhkəmə Kollegiyası həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə ona görə razılaşmır ki, işin hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu halda, təxminən 16 il sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi inzibati orqanın özü tərəfindən həyata keçirilmişdir. Başqa sözlə iddiaçının həmin məsələdə heç bir iştirakı və hər hansı bir mübahisəsi olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh bununla da iddiaçının etimad hüququnun qorunması prinsipinə əməl etməmişdir.

42. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, iddiaçının inzibati orqanlara olan etimadını nəzərə almamış və iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

43. Analoji iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından (★★★) qeyd olunmuşdur ki: “50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. 51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. 52. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 24 avqust 2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubda qeyd edilmişdir ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən qulluq stajına görə əlavənin yanlış olaraq artıq hesablandığı müəyyən edilmişdir. 53. Cavabdeh bu yanlış hesablanmanı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. 55. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. 56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.”

44. Məhkəmə vahid məhkəmə təcrübəsini nəzərə almaqla hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin etməyə səbəb olan hal kimi qəbul etdiyi məsələ elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, habelə məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, eləcə də iddiaçıya pensiya təyin edildikdən sonra onun əmək pensiyası bir neçə dəfə yenidən hesablandığından (xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli qərarlarla), qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1241/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1241/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar