Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2598/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «evin sökülməsinə görə kompensasiya ödənilməsi»nə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Quliyeva (Cümşüdova) Səbinə Əbdüəli qızı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «evin sökülməsinə görə kompensasiya ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəfələrlə cavabdeh Bakı şəhəri Yasamal RİHə müraciət edərək, qeydiyyatda olduğu evin sökülməsinə görə kompensasiya verilməsini tələb etsə də, cavabdeh həmin kompensasiyanın verilməsindən qanuna zidd olaraq imtina etmişdir. Kompensasiya verilməsi üçün bütün sənədlər mövcud olduğu halda, məsələnin həllindən imtina olunması əsassız və qanunsuz hesab olunmuşdur. Göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi, dalan 16, 8 saylı evə görə müvafiq kompensasiyanın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan Bakı şəhəri Yasamal RİH tərəfindən iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etrazda bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Sözügedən ünvanda yerləşən daşınmaz əmlak AR Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. AR Nazirlər Kabinetinin 572 nömrəli 29 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manat və digər sahələr üzrə isə bır kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300 – 1.200 manat arasında qiymətləndirilir. İş materiallarından məlum olur ki, iddiaçının sözügedən evə dair hüquq müəyyənedici sənədi yoxdur və həmin evdə yaşamamışdır. Belə olan halda hesab edilir ki, ünvan 1 ünvanında yerləşən əmlakın iddiaçıya hər hansı aidiyyəti olmadığından, ona həmin sahəyə görə kompensasiya ödənilməsi tələbi əsassızdır. Göstərilənlərə və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu 52.2.3-cü maddəsinə, AR Mənzil Məcəlləsinin 16-cı maddəsinə, AR Mülki Məcəlləsinin 139-cu maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2.1, 2.2-ci maddələrinə İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, X1 ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas kimi iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ak.Qarayev küçəsi, dalan 16, 8 saylı evə dair hüquq müəyyənedici sənədlərinin olmamasını göstərmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununn 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin evdə qeydiyyatda olması hər hansı bir hüquq yaratmadığından həmin evin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır. Həmçinin iddiaçı evin sökülməsi ilə bağlı müvafiq kompensasiya ödənilməsi ilə əlaqədar cavabdeh Bakı şəhəri Yasamal RİH-ə müraciət etsə də, həmin müraciətdə kompensasiyanın məbləği konkret göstərilmədiyindən tələbin məbləğ baxımından konkret ifadə olunması üçün dəqiqləşmə aparılması da mümkün olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin kserosurətindən də göründüyü kimi vəsiqənin etibarlılıq müddəti bitdiyindən sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 05 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır…İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir….Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır…İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir və məhkəmə qərardadının ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2021 saylı, 03 avqust 2021-ci il il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4881/2021 saylı, 03 avqust 2021ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2598/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2598/2021
11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver