Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2598/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “köşkə dair texniki pasportun verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4170/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı qızı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi-165A ünvanında yerləşən, 0,0006 ha sahəsi olan 163 №- li ayaqqabı təmiri köşkünə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM,m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri, Nizami rayonu, “Mehriban” İB-nin 8- ci km, qəsəbəsi, B.Nuriyev küçəsi-27 ünvanında yerləşən, 6 kv.m sahəsi olan 163 №-li ayaqqabı təmiri köşkünün işçisi olmuşdur. 1996-cı il tarixdə həmin köşkü ******* AZM almış və dövlət büdcəsinə 269700 AZM məbləğində pul köçürmüşdür. Dövlət əmlakının hüquqi və fiziki X1 xx.xx.1996-cı il tarixli, Reyestr kitabında səhifə-42, 210 qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmiş Şəhadətnaməyə əsasən 163 №-li ayaqqabı təmiri köşkü alıcının toxunulmaz mülkiyyətidir. ünvan 3 ünvanda yerləşən 0,0006 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə aralarında 4230 saylı, xx.xx.2023-cü il tarixli icarə müqaviləsi də bağlanmış və icarə hüququna dair ona reyestrdən ********** №-li elektron çıxarış da verilmişdir. Həmin köşkə hüququn qeydə alınması barədə ərizə ilə həmin Xidmətin 1 saylı Bakı Ərazi müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətini təmin etməkdən imtina edərək bildirilmişdir ki, “... texniki inventarlaşdırma işləri aparılan zaman şəhadətnamədə qeyd olunan tikilinin söküldüyü və yerində yüngül inşaat konstruksiyalarından ümumi sahəsi 5.3 kv.m olan köşk quraşdırıldığı aşkar edilmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən tikili binaların önündə, ətrafında yaşıllıq ağacları olan ərazidədir …» Cavabdeh iddia ərizəsinə etirzında qeyd edilən imtina məktubunda göstərilən əsaslarla iddianın rədd olunmasnı məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4170/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi-165A ünvanında yerləşən, 0,0006 ha sahəsi olan 163 №-li ayaqqabı təmiri köşkünə dair texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Texniki inventarlaşdırma işləri aparılan zaman şəhadətnamədə qeyd olunan tikilinin söküldüyü və yerində yüngül inşaat konstruksiyalarından ümumi sahəsi 5.3 kv.m olan köşk quraşdırıldığı aşkar edilmişdir. Yeni inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən tikili binaların önündə, ətrafında yaşıllıq ağacları olan ərazidədir. Bakı İnzibati Məhkəməsi tərəfindən köşkün qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı (və onun nümayəndəsi) köşkün 1996-cı ildə onun atası tərəfindən alındığını, həmin vaxt köşkün sınıq-sökük olduğundan təmir edildiyini və atasının orada 70 il işlədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh apellyasiya şikayətindən göründüyü kimi, Texniki inventarlaşdırma işləri aparılan zaman şəhadətnamədə qeyd olunan tikilinin söküldüyü və yerində yüngül inşaat konstruksiyalarından ümumi sahəsi 5.3 kv.m olan köşk quraşdırıldığının aşkar edildiyini bildirərək yeni inşa edilmiş qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini, tikilinin binaların önündə, ətrafında yaşıllıq ağacları olan ərazidədir yerləşdiyini mübahisləndirdirərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Birincisi, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarına əsasən isə müəyyən olunan odur ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi-165A ünvanında yerləşən mübahisəli ayaqqabı təmiri köşkü dövlət əmlakı olmuş, Dövlət Əmlak Komitəsi tərəfindən özginənkiləşdirilərək İddiaçı satılmış və həmin Komitə tərəfindən ona xx.xx.1996-cı il tarixdə mülkiyyət şəhadətnaməsi (No:10) verilmişdir. Daha sonra, xx.xx.2023-cü il tarixdə həmin köşkün yerləşdiyi 0,0006 ha torpaq sahəsinə də iddiaçının icarə hüququ reyestrdə qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilmişdir. İşə əlavə olunmuş həmin tərəflər arasında bağlanmış icar müqaviləsinin 1.1-ci bəndindən görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi 6,3 kv m-dir. Lakin işdən görünən odur ki, iddiaçıya nə mülkiyyət şəhadətnaməsi, torpağa dair icarə hüququ qeydə alınarkən çıxarış verilərkən texniki pasport tərtib olunub ona verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsindən isə görünür ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyat öz hüqüqi qüvvəsini saxlayır. Həmin qanunun 8.0; 8.0.5-cı maddələrinin tələbinə görə 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə iddiaçıda mübahisəli köşkə dair hüquqmüəyyənedici sənədlər mövcud olduğu halda, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbi üzrə ona həmin əmlaka dair texniki pasportun tərtib olunub verilməsindən imtina olunmuşdur. Ən azından, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 2.0-cı maddəsinə əsasən DƏDKR-in fəaliyyət istiqamətlərinə əsasən: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; ...; 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək...; 3.1.16-ci bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. ...; Qeyd olunan baxımından, birinci instansiya məhkəməsi qərarında əsaslı olaraq qeyd etmişdir ki, - “...İddiaçı həmin köşkə və yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik olduğundan şəhadətnamədə göstərilən tikilinin sökülməsi və yerində yüngül inşaat konstruksiyalarından 5.3 kv.m köşkün quraşdırılması iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. Belə ki, iddiaçı köşkü sökərək yerində yeni köşk quraşdırmışdır. Yeni tikilnin təyinatı dəyişdirilməmiş, sahəsi artırılmamış, əksinə azalmışdır. Bu isə iddiaçının hüququnun məhdudlaşdırılması üçün əsas olan hal deyildir. Vaxtıilə səlahiyyətli qurum olan Əmlak Komitəsi həmin köşkə dair iddiaçının adına həmin dövrün hüquqmüəyyənedici sənədi olan Şəhadətnamə verdiyi kimi, hazırda səlahiyyətli olan qurum quraşdırılmış köşkün texniki göstəricilərini əks etdirən sənədi verməyə səlahyyətlidir. 09 noyabr 1991-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 21.1-ci maddəsinə əsasən, vətəndaşın mülkiyyətində yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri ola bilər və həmin Qanunun 21.3-cü maddəsinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü kimi onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Köşkün yüngül konstruksiyalardan inşa edilməsinin hüququn həyata keçirilməsinə heç bir təsiri yoxdur. Qeyd edildiyi kimi, iddiaçı hüquqmüəyyənedici sənədə malikdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.5-ci maddəsinə əsasən kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının tikintisinə icazə tələb olunmur. Məhkəmə cavabdehin ikinci imtina dəlili ilə bağlı qeyd edir ki, gələcəkdə köşkə dair texniki pasportun verilməsi, hüquq sahibinə yaşıllıqların götürülməsi ilə bağlı hər hansı əlavə üstünlük vermir...” Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin tədqiq olunan dəlillərini formal xarakterli dəlillər kimi qiymətlədirərək belə hesab edir ki, birinci instansia məhkəməsinin qərarı ilə iddianın təmin olunması mahiyyət etibarı ilə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin olunmasından imtina olunması onun qanunvericiliklə müəyyən edilən hüquqularını pozur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən köşkün qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4170/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4170/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2598/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2598/2024
11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver