Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2599/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Elmira oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki illər üzrə təqaüdün ödənilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6893/2021 saylı 17.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona prezident təqaüdünün əvvəlki illər üçün nəzərdə tutulmuş hissəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın əsaslarına görə iddiaçı 1992-1996-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Uzun illər döyüşlərdə aldığı xəsarətlərə görə müalicə olunur. Üç uşaq atasıdır. Arvadı ölmüşdür. 2021-ci ilin yanvar ayından prezident təqaüdü alır. Hesab edir ki, müharibə veteranı kimi ona təyin edilən təqaüd əvvəlki illər üçün də ona verilməlidir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, prezident təqaüdü sosial müavinətin növü olmadığı üçün müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6893/2021 saylı 17.07.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul ediləndək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Əgər prezident təqaüdü sosial müavinətləri əvəzləmək məqsədi ilə yaradılmışdırsa, sosial müavinətlər üçün tətbiq olunan məhkəmə təcrübəsi müharibə veteranları üçün nəzərədə tutulan prezident təqaüdlərinin məhkəmə təcrübəsinə də şamil edilə bilər. Fərmanın 2.1.1-ci bəndindən də görünür ki, təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət alan şəxslərə sosial müavinətin əvəzinə verilir. Beləliklə, 01.04.2019-cu il tarixindən prezident təqaüdü təsis edilmiş , bununla da həmin tarixindən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ödəniş müavinət kimi yox təqaüd kimi verilməyə başlanılmışdır. Bu səbəbdən əvvəllər məhkəmə təcrübəsində müharibə veteranına üç il üçün sosial müavinətlərin ödənilməsi təmin olunmuşdursa, onu əvəz edən təqaüdlərin də təmin olunmasına yol verilməlidir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə teleqram vuraraq xəstələndiyi üçün məhkəməyə gələ bilməyəcəyini bildirərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Hacıyev iddiaçının apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsi qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4-cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (11.07.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Lakin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən bu Qanunun 9.1.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanı ilə isə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli 641№-li digər bir Fərmanı ilə aşağıdakılar qərara alınmışdır:
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir...
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kmi, kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına, həmin müavinətin əvəzinə 2019-cu il aprelin 1-dən etibarən artıq 80 manat məbləğində təqaüd ödənlməsi tətbiq olunur. Beləliklə də, «Sosial müavinətlər haqqında» Qanunun qeyd olunan 9.1-ci maddəsi ilə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün aylıq müavinət ödənişi nəzərdə tutulduğu, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanıları ilə müharibə veteranı adı almış şəxslərə ödənilən 55 manat məbləğində sosial müavinət isə ləğv edildiyi və kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına münasibətdə 2019-cu il aprelin 1-dən etibarən həmin müavinətin əvəzinə 80 manat məbləğində təqaüd tətbiq edildiyi, beləliklə də təsis edilən prezident təqaüdünün sosial müavinətin növü kimi qiymətləndirilməsi istisna olunur. İş materiallarına əsasən də müəyyən olunur ki, qanunvericilyin qeyd olunan tələblərinə müvafiq olaraq Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 13 yanvar 2021-ci il tarixində müharibə veteranı vəsiqəsi MV 088524 saylı veteran vəsiqəsi vərilmiş və həmin tarixdən də cavabdeh tərəfindən ona 80 manat məbləğində prezident təqaüdü təyin edilmişdir. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin ona müharibə veteranı kimi əvvəlki üç il üçün müavinətin ödənilməsinin qanuna zidd olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd edilməsini işin hallarına və maddi hüquq normalaına uyğun nəticə kimi qiymətləndirir.Bu baxımdan, məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6893/2021 saylı 17.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6893/2021 saylı 17.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Həmid Həmidov
Elmira Nağıyeva