Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2599/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10987/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı məhkəməyə müraciət edərək nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatda olan X1 mülkiyyətində olan "SKODA FABİA" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 adına rəsmiləşdirilməsindən ötəri 07 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-İmtahan idarəsinə müraciət etmiş, "SKODA FABİA" markalı **-SO-*** dövlət qeydiyyat nişanlı minik maşınını təkrar qeydiyyatdan keçirəndə texniki baxış keçirilmiş və sonra sənədləşdirmə işləri aparılan vaxt bildirilmişdir ki, qeyd olunan **-SO-*** qeydiyyat nişanlı, markası "SKODA FABİA" minik, universal tipli, 2017-ci il buraxılışlı, mühərrik nömrəsiz, qırmızı rəngli, banı TMBJR6NJ7JZ030947 olan nəqliyyat vasitəsi Çexiya Respublikasında oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olması faktına görə avtomobil qeydiyyatdan keçirilməyərək, iddiaçıdan alınaraq dayanacağa yerləşdirilmişdir. Hazırki vaxta kimi avtomobil duracaqda saxlanılır. Qeyd edilən fakt üzrə toplanmış material 14 aprel 2022-ci il tarixdə araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmiş və material üzrə araşdırma işlər aparılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin 04 may 2022-ci il tarixli Qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Verilmiş qərarın təsviri hissəsində göstərilənlərə əsasən "SKODA FABİA" minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı, universal tipli, TMBJR6NJ7JZ030947 ban nömrəli, qırmızı rəngli, 2017-ci il buraxılışı olan avtomobilin axtarışda olması faktı üzrə X1, X2 əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Nəqliyyat vasitəsinin X3 qaytarılması və avtomobilin ölkədən çıxarılması, həmçinin qeydiyyat hərəkətlərinin aparılması üçün mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ ona izah edilməsi qeyd olunmuşdur. Qərarın surəti Bakı Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan idarəsinə göndərildikdən sonra avtomobil qaytarılmış, lakin sənədləşdirimədiyindən ondan istifadə edilməsi mümkün deyildir. Avtomobildən Azərbaycan Respublikası daxilində istifadə etməyə çox böyük ehtiyacları olduğundan, onun sənədləşdirilərək Azərbaycan Respublikasında istifadə etməkdən ötəri Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin 28 iyun 2022-il tarixli, 016-78837-1222 nömrəli cavab məktubu ilə müraciət müsbət həll edilməmişdir. Belə ki, X4 və X6 vicdanlı alıcı olmuşlar, lakin cavabdeh BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən bu hallara qiymət verilməyərək müsbət yanaşılmamışdır. BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin bu hərəkəti nəticəsində iddiaçının maşından istifadə hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10987/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə qarşı “nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli, 021-12253- 1222 nömrəli məktubuna əsasən bildirilmişdir ki, VİN: TMBJR6NJ7JZ030947 olan, 6AJ1309 qeydiyyat nişanlı, qırmızı rəngli, “SKODA FABİA” markalı nəqliyyat vasitəsi Çex Respublikasında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol hərəkətinin təhlükəsizliyi - yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrindəndir. Həmin Qanununun 27-ci maddəsinin: - İİ hissəsinə əsasən, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; - İV hissəsinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar; - XİV bəndinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 2.17-ci bəndinə əsasən əvvəllər qeydə alındığı dövlətin daimi uçotundan çıxarılmadan Azərbaycan Respublikasına gətirilmiş nəqliyyat vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti Qeydiyyata alınaraq, qeydiyyat şəhadətnaməsi və nişanları ilə təmin olunur. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerinə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "İnterpol" Milli Mərkəzi Bürosu vasitəsi ilə edilən müraciətə müvafiq təsdiqləyici cavab alındıqdan sonra daimi şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə qeydiyyat orqanına müvafiq konsul şəhadətnaməsi təqdim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aiddir. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X10 nəzarəti qaydaları barədə Təlimat”ın 1.4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Həmin Təlimatın 6.3.10-cu bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.6-ci maddəsinə uyğun olaraq, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, “SKODA FABİA” markalı, ban nömrəsi TMBJR6NJ7JZ030947 olan nəqliyyat vasitəsi Çex Respublikasında oğurlandığı üçün xx.xx.2022-ci il tarixdə “İNTERPOL” tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən nəqliyyat vasitəsinin üzərinə BDYPİ tərəfindən qeydiyyat hərəkətlərinin aparılmasına dair qoyulmuş məhdudiyyətlər qanunvericiliyin tələblərinə uyğundur, yəni cavabdehin imtinası qanunazidd deyildir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10987/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10987/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2599/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2599/2023
03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver