Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-26/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 Üçüncü şəxslər "xxxx" bağçılıq-yoldaşlıq birliyinin sədri X7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" bağçılıq-yoldaşlıq birliyi və Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilməklə) “çıxarış və texniki sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-233/2021 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəli qərarı ilə bağçılıq yoldaşlığının yaradılması məqsədi ilə Bakı Məişət Kondisionerləri Zavodunun işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "xxxx" bağçılıq birliyinin müşavirəsinin xx.xx.1992-ci il tarixli, 4 nömrəli protokoluna əsasən iddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1926 və 1927 nömrəli sahələr ona verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayon Hövsan bağ massivində yerləşir. İddiaçı 1926 və 1927 nömrəli bağ sahələrinə aid plan ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş əlavələr surətdir. Göstərilən bağ sahəsi bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-233/2021 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinə aid mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmaqla çıxarış və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyət hüququ əldə etmək istədiyi torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X11 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Yuxarıda qeyd olunan Qanunun 4-cü bəndində göstərilir ki, Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2006-cı il tarixli 1670 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Zığ və Hövsan yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “X14 Limited” şirkəti arasında bağlanmış Sazişin qüvvədə olduğu müddət ərzində həmin Saziş üzrə dövlətin səlahiyyətlərinə aid olan məsələlər üzrə funksiyaların Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilməsi qərara alınmışdır. Qeyd edilən qanunla təsdiq edilmiş Sazişin şərtlərinə əsasən, neft-qaz əməliyyatlarının aparılması üçün gərək olan torpaq sahələrindən podratçı təşkilatın istifadə etməsinə Hökumət təminatı verilmişdir. Göründüyü kimi, bu iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, SOCAR-ın sahiblik, Əməliyyat Şirkətinin istifadə hüquqlarını pozmaqla bərabər, Hökumət təminatını nəzərə almadan qanunla təsdiq edilmiş Sazişin tələblərini də kobud şəkildə pozmuşdur. Bununla yanaşı SOCAR bu iş üzrə üçüncü şəxs qismində cəlb olunsa da, məhkəmə SOCAR-ı üçüncü şəxs qismində cəlb edilməsi barədə qərarını rəsmi qaydada SOCAR-a göndərməmişdir. Həmçinin, bu işlə bağlı yalnız 13 aprel 2021-ci il tarixə təyin olunan məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərmiş, növbəti iclaslar barədə isə ümumiyyətlə məlumat verilməmişdir. Belə ki, qərara nəzər salanda görünür ki, məhkəmə ümumiyyətlə üçüncü şəxsin iştirak edib-etməməsini və mövqeyini öz qərarında əks etdirməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək hər iki şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək hər iki şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" bağçılıq-yoldaşlıq birliyinin sədri apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-233/2021 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-233/2021 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" bağçılıq birliyinin xx.xx.1992-ci il tarixdə keçirilmiş müşavirəsinin 04 №-li protokolundan çıxarışa əsasən İddiaçı adına 1926 və 1927 nömrəli bağlar keçirilmişdir. “Bağ sahəsinin planı”na əsasən 1886, 1886A, 1887, 1925, 1926 və 1927 nömrəli bağ sahələri "xxxx" bağçılıq birliyinin nəzdində olmuşlar. "xxxx" bağçılıq birliyinin planına əsasən 1926 və 1927 nömrəli bağ sahələri "xxxx" bağçılıq birliyinə aid bağların hüdudlarında yerləşir. "xxxx" bağçılıq yoldaşlığına daxil olmuş şəxslərin siyahısında iddiaçının adı “599” nömrəsinə uyğun göstərilmişdir. Bakı şəhər X12 İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli qərarına əsasən həmin qərarla Bakı məişət kondisionerləri zavoduna 600 nəfərdən ibarət Bağçılıq Yoldaşlığının yaradılması üçün Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "xxxx" Bağçılıq Yoldaşlığının sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş üzvlük kitabçasına əsasən iddiaçıya sahəsi 1000 kv. metr olan 1926 və 1927 nömrəli bağ sahələri ayrılmışdır. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 160/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı X6 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1932 və 1933 saylı bağ sahələri üzərində mülkiyyət hüququnun həmin şəxsin adına qeydə alınmaqla çıxarışın və plan ölçünün tərtib edilməsi vəzifəsinin qoyulması barədə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin edilmiş, həmin qərar apelyasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən qərardan göründüyü kimi X6 iddia ərizəsində göstərilən 1932 və 1933 saylı bağ sahələri "xxxx" bağçılıq yoldaşlığına ayrılmış torpaq sahəsində yerləşmişlər. Həmin qərardan verilən kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 may 2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-775/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə həmin iş üzrə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, müvafq torpaq sahəsi ("xxxx" bağçılıq yoldaşlığı tərəfindən iddiaçı X8 ayrılmış 1932 və 1933 nömrəli bağ sahələri) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerləşir və həmin hal daha əvvəl nə cavabdehə, nə də məhkəməyə məlum olmadığından həmin məsələ məhkəmədə araşdırılmamış və nəticədə məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Odur ki, həmin hal iş üzrə icraatın dayandırılması üçün əsasdır. Həmin ərizə və vəsatət 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən təmin edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin bu barədə qərardadlarından verilən apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi və ayrıc aktından kənarda olması halının müəyyən edilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir, lakin cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, bu barədə məhkəmələrə hər hansı bir məlumat verilməmişdir. Həmçinin, cavabdeh tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)- 775/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarında Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaraq həmin qərardan verilən kassasiya şikayətini təmin etməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "xxxx" B/Y-nın 1937 saylı bağ sahəsi mülkiyyət hüququ ilə X2 adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "xxxx" B/Y-nın 1930-1931 saylı bağ sahəsi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "xxxx" B/Y-nın 1932 saylı bağ sahəsi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2015/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasən iddiaçı X9 cavabdeh Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "xxxx" bağçılıq yoldaşlığının üzvlərinin 12 iyun 1991-ci il tarixli, 06 nömrəli protokoluna əsasən ona ayrılmış 1928 və 1929 nömrəli torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati–İqtisadi kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, cavabdehin sonuncu qərardan verdiyi kassasiya şikayəti də təmin edilməmişdir. Həmin qərardan göründüyü kimi 1928 və 1929 nömrəli bağlar X10 "xxxx" Bağçılıq yoldaşlığının üzvü kimi verilmişdir, cavabdeh orqan bağ sahəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğuna və bağçılığa ayrılmış ayrıc aktından kənara düşdüyünə görə iddiaçının həmin bağ sahələri üzərində mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir, lakin Bakı Apellyasiya Məhkəməsi işə baxan zaman o nəticəyə gəlmişdir ki, inzibati orqan olan cavabdeh qeyd edilən bağ sahələrinin Xəzər dənizinin sahilboyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olduğunu sübut etməmişdir, Azərbaycan Respublikasının Ali Məhkəməsi isə apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "xxxx" B/Y-nın 1928-1929 saylı bağ sahəsi mülkiyyət hüququ ilə Nümayəndə adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1923 saylı bağ sahəsi mülkiyyət hüququ ilə X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1458/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasən iddiaçı X3 cavabdeh Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "xxxx" bağçılıq yoldaşlığının üzvlərinin 12 iyun 1991-ci il tarixli, 06 nömrəli protokoluna əsasən iddiaçıya ayrılmış 1930 və 1931 nömrəli torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilmişdir, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardan verilən kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 fevral 2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1421 nömrəli, 06 aprel 2023-cü il tarixli rəyinə əsasən "xxxx" bağçılıq birliyi tərəfindən İddiaçı ayrılmış və iddiaçının faktiki istifadəsində olan 1926 və 1927 saylı bağ sahələrinin koordinatları müəyyən edilmiş, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx" bağçılıq yoldaşılıq təsərrüfatının ayrıc aktından kənarda yerləşməsi müəyyən olunmuş, qeyd olunan ərazinin hər hansı şəxsə ayrılıb-ayrılmaması barədə vahid elektron kadastr bazada məlumat aşkar edilməmişdir. Göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə aiddir. İşdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçıya üzvü olduğu "xxxx" bağçılıq yoldaşlığı tərəfindən kooperativə ayrılmış torpaq sahəsində - Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində 1926 və 1927 nömrəli bağ sahələri ayrılmışdır, iddiaçı həmin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Sonuncu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə əlavə olunmuş əlavələrin surət olması, göstərilən bağ sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşdən müəyyən olunur ki, iddiaçı "xxxx" bağçılıq yoldaşlığının üzvü olmuşdur, qeyd edilən bağçılıq yoldaşlığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bağ sahələri üçün ona ayrılmış torpaq sahəsində yerləşən 1926 və 1927 nömrəli bağ sahəsini iddiaçıya ayırmışdır və iddiaçıya bağçının üzvlük kitabçası verilmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi 1926 və 1927 nömrəli bağ sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi göstərilmişdir. Habuki, iş materiallarında olan bağın yerləşmə sxeminə əsasən iddiaçıya ayrılmış bağ sahələrindən sonrakı sırada yerləşən, "xxxx" bağçılıq yoldaşlığının üzvləri olmuş şəxslərə ayrılmış 1928-1929,1930-1931,1932-1933 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışlar və həmin məhkəmə aktlarında bağ sahələrinin yerləşdiyi ərazinin Dövlət Neft Şirkətinə məxsus olması müəyyən edilməmişdir, həmin işlərə baxılan zaman cavabdehin imtinasının əsası kimi bağların torpaq sahələrinin Xəzər dənizinin sahil mühafizə zonasına aid olması göstərilmişdir ki, bu hal da işin faktiki halları ilə təsdiqlənməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-775/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarına əsasən cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsində iddiaçıya ayrılmış 1926 və 1927 nömrəli bağ sahəsindən sonrakı sırada yerləşən müvafq ("xxxx" bağçılıq yoldaşlığı tərəfindən ayrılmış 1932 və 1933 nömrəli bağ sahələrinin) torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazidə yerlədiyini göstərsə də, həmin mübahisəli torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi və ayrıc aktından kənarda olması halı həmin işə baxılan zaman müəyyən edilməmiş və cavabdeh tərəfindən qeyd edilən halı təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda iddiaçıya ayrılmış bağ sahəsi heç bir halda Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində yerləşə bilməzdi. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsinin 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan bağ sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki sənədin verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və cavabdehin apellyasiya şikayətlərində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2-1(112)-233/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-26/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-26/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver