Məhkəmə qərarları › İş №2-1(103)-26/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-26/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-26/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqq-hesab nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7687/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın yenidən hesablanması zamanı istifadə olunmamış məzuniyyətlərə görə aldığı son haqq-hesab məbləğinin dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi haqqında qaydaların tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin və iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 6500 (altı min beş yüz) manat məbləğində təzminatın tutularaq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 3-cü bəndinin tələbləri tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü olmaqla 20 fevral 2006-cı ildən 9 il 02 ay iş stajı ilə 3-cü dərəcəli əlilliyə görə dövlət qulluqçusu kimi əmək pensiyası alır. 01 yanvar 2022-ci ildən pensiyanın məbləği heç bir əsas olmadan azaldılmışdır. İddiaçı 24 yanvar 2022-ci ildə pensiyanın hansı səbəbdən azaldılmasına aydınlıq gətirilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdehin 24 fevral 2022-ci il tarixli **********8 saylı cavab məktubunda pensiya məbləğinin yenidən hesablanması zamanı istifadə olunmamış məzuniyyətlərə görə ödənilmiş son haqq-hesab məbləğinin düzgün hesablanmadıgı bildirilmişdir. İnzibati orqan istifadə olunmamış məzuniyyətlərə görə hesablanmış son haqq-hesab məbləğini səhvən ya qəsdən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması” haqqında 07 fevral 2005-ci il tarixli 194 saylı qaydaların tələblərinə zidd olaraq “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun hesablamaqla yanaşı, aylıq vəzifə maaşının artırılması zamanı yeni aylıq maaşına uyğunlaşdırılmayaraq sabit olaraq saxlamışdır. Ona görə də hesab edir ki pensiyanın hesablanması zamanı istifadə olunmamış məzuniyyətlərə görə aldığı son haqq-hesab məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun deyil, “Dövlət qulluqçularına əmək pensiyasının təyin ediməsi” haqqında Qaydaların tələblərinə uyğun düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazid olduğuna görə rədd edilməlidir. İddiaçı 25 yanvar 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, pensiyanın məbləğinin hesablanması qaydası barədə ona rəsmi açıqlama verilməsi və buraxılmış səhvin düzəldilərək dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməmiş ayın fərq məbləği ilə birlikdə ödənilməsini xahiş etmişdir. Həmin müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 20 fevral 2006-cı il tarixindən İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, 20 fevral 2006-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 76,00 manat, qulluq stajına görə vəzifə maaşın 10 faizi miqdarında əlavə 7,60 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 26,24 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 151,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (151,08 manat) 53 faizi - 80,07 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşın 93,00 manat, qulluq stajına görə vəzifə maaşın 10 faizi miqdarında əlavə 9,30 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 32,11 manat, son haqqhesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 175,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (175,65 manat) 53 faizi-93,09 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 177,00 manat, qulluq stajına görə vəzifə maaşı 10 faizi miqdarında əlavə 17,70 manat, ixtisas dərəcəsinə görə əlavə 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 61,11 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 297,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqın (297,05 manat) 53 faizi-157,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşı 10 faizi miqdarında əlavə 29,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 101,85 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 486,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (486,59 manat) 53 faizi-257,89 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 2 ay 26 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 32,50 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 112,20 manat, son haqqhesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 529,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (486,59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (529,94 manat) arasındakı fərq məbləğinin (43,35 manat) 30,56 faizi - 13,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (257,89 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 271,14 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 49,00 manat, ixtisas dərəcəsinə görə əlavə 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 169,17 manat, son haqq-hesaba görə əlavə 15,24 manat olmaqla orta aylıq əmək haqqı 768,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (529,94 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (768,41 manat) arasındakı fərq məbləğinin (238,47 manat) 30,56 faizi - 72,88 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (271,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 344,02 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40387,46 manat pul vəsaiti ödənilməli olduğu halda, 53904,62 manat ödənildiyindən nəticədə ümumilikdə 13517,16 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 13517,16 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. İddia tələbində qeyd olunan vurulmuş maddi və mənəvi ziyana görə 6500 manat məbləğində təzminatın tutularaq ona ödənilməsi ilə bağlı isə bildirilmişdir ki, həmin tələblə bağlı müraciət olunmamışdır. Vurulmuş maddi və mənəvi ziyana görə 6500 manat məbləğində təzminatın tutularaq ona ödənilməsi hissəsində isə iddianın mümkün sayılmaması, qalan hissədə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7687/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (112)-7687/2022 nömrəli qərarını ləğv edib, iddianın qismən, yəni Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq 25 yanvar 2019-cu il tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 20 fevral 2006-cı il tarixindən İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, 20 fevral 2006-cı il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 76,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 7,60 manat, ixtisas dərəcəsinə görə əlavəsi 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 26,24 manat, son haqq-hesaba görə əlavəsi 15,24 manat olmaqla orta aylıq əmək haqqı 151,08 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2-ci maddəsinə əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (151,08 manat) 53 faizi-80,07 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 fevral 2007-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 93,00 manat, qulluq stajına görə vəzifə maaşı 10 faizi miqdarında əlavəsi 9,30 manat, ixtisas dərəcəsinə görə əlavəsi 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 32,11 manat, son haqq-hesaba görə əlavəsi 15,24 manat olmaqla orta aylıq əmək haqqı 175,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (175,65 manat) 53 faizi-93,09 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 iyul 2008-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 177,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 17,70 manat, ixtisas dərəcəsinə görə əlavəsi 26,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 61,11 manat, son haqq-hesaba görə əlavəsi 15,24 manat olmaqla orta aylıq əmək haqqı 297,05 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (297,05 manat) 53 faizi-157,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 101,85 manat, son haqqhesaba görə əlavəsi 15,24 manat olmaqla orta aylıq əmək haqqı 486,59 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 2 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (486,59 manat) 53 faizi-257,89 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq jndeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək ! haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20- ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 9 il 2 ay 26 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşnın 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 112,20 manat, son haqq-hesaba görə əlavəsi 15,24 manat olmaqla orta aylıq əmək haqqı 529,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (486,59 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (529,94 manat) arasındakı fərq məbləğinin (43,35 manat) 30,56 faizi-13,25 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (257,89 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 271,14 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 169,17 manat, son haqq-hesaba görə əlavəsi 15,24 manat olmaqla orta aylıq əmək haqqı 768,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (529,94 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (768,41 manat) arasındakı fərq məbləğinin (238,47 manat) 30,56 faizi-72,88 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (271,14 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 344,02 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 40387,46 manat pul vəsai^ ödənilməli olduğu halda, 53904,62 manat ödənildiyindən nəticədə ümumilikdə 13517,16 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Lakin məhkəmə iddianı qismən təmin edərək, pensiyanı 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, pensiyanın 20 fevral 2006-cı ildən yenidən hesablanması qanunsuzdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı pensiyasının 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsini tələb etsə də, lakin inzibati icraat materiallarında olan sənədlərdən görünür ki, o, 25 yanvar 2022-ci il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğundan, iddiaçının müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün, yəni 20 fevral 2006-cı ildən pensiyası yenidən hesablana bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020- ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017- ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Qanunvericiliyin tələblərinə əsasən pensiya almaq hüququ olan şəxsin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiyanın ödənilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edirlər ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi 25 yanvar 2022-ci il tarixdən əvvəlki üç il üçün, yəni 25 yanvar 2019-cu il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********7 №-li, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və dəqiqləşdirilmiş iddia tələbinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, ona 2006-cı ildə təyin edilmiş pensiya məbləği, onun 2022-ci ilin yanvar ayınadək hesablanması ilə razı olmuş, lakin 2022-ci il yanvar ayından pensiya məbləğində azalma baş vermiş, daha sonra bilmişdir ki, inzibati orqan tərəfindən son haqq-hesab məbləğinə əsasən yenidən hesablama aparılaraq pensiya məbləği azaldılmışdır. İnzibati orqanın həmin qərarı barədə məhkəmə icraatı zamanı xəbərdar olmuş, həmin qərar barədə ona məlumat verilməmiş, inzibati orqanda qərarla bağlı dinlənilməsi olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxaraq, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, məhkəmə iddianı təmin etsə də, 2006-cı ildən hesablanmanın aparılaraq həmin tarixdən fərq məbləğinin ödənilməsi qərarına gəlmiş, halbuki qanunvericilik normasına əsasən iddiaçının pensiyanın yenidən hesablanması üçün müraciət etdiyi 25 yanvar 2022-ci il tarixdən əvvəlki üç il üçün, yəni 25 yanvar 2019-cu il tarixdən bu günədək yaranmış pensiya fərqinin hesablanmaqla ödənilməsi nəticəsinə gəlməli idi. Odur ki, həmin fərq məbləğinin hesablanaraq ödənilməsi müddəti ilə cavabdeh inzibati orqan razılaşmır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia dəqiqləşdirilmiş iddia tələbinə müvafiq olaraq təmin olunmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə verilmiş iddia İPMnin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçının mübahisələndirdiyi “əmək pensiyasının yenidən hesablanması haqqında qərar” xx.xx.2022-ci il tarixli olsa da, iddiaçıya həmin qərarın cavabdeh tərəfindən təqdim edilməsi iş materialları ilə sübut olunmur. Həmçinin cavabdeh inzibati orqan da iddiaçıya mübahisələndirilən qərarın nə vaxt təqdim edilməsini sübut edə bilməmişdir. İş materiallarından görünür ki, həmin qərar məhkəmə icraatı zamanı təqdim edilmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək qeyd edilən qərarın mübahisələndirilməsi hüququ izah edilməmiş, mövcud iddia tələbi üzrə işə baxılmışdır. Halbuki, mübahisənin ədalətli həlli üçün sözüggedən qərarın mübahisələndirilməsi daha əsaslıdır. Odur ki, prosessual qənaət prinsipi baxımından tam əsaslı məhkəmə kimi apellyasiya məhkəməsi tərəfindən hüquqi yardım göstərilmiş, iddiaçı da qeyd edilən hüquqi yardıma əsasən iddia tələbində dəqiqləşdirmə apararaq, icraata qəbul edilməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2006-cı il tarixdə dövlət qulluqçusu kimi 3 qrup əlilliyə görə ömürlük pensiya təyin edilmişdir. İddiaçı pensiya məbləği 483.50 (dörd yüz səksən üç manat əlli qəpik) manat təşkil etmişdir. xx.xx.2022-cü il tarixli **********7 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən yenidən hesablama nəticəsində pensiyanın məbləği 344 manat 02 qəpik müəyyən edilmişdir. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edərkən ona dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması” Qaydalarının 3-cü bəndinin tələblərinə uyğun olaraq 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi də iddiaçının tələbi həddində işə baxaraq əmək pensiyasının son haqqhesab nəzərə alınmaqla 20 fevral 2006-cı ildən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Lakin apellyasiya instansiya məhkəməsində icraat zamanı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı izahatında əmək pensiyasının 2006-cı ildən (yəni ilkin təyin edildiyi vaxtdan) 2022-ci ilədək (xx.xx.2022-cü il tarixli **********7 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın qəbul edildiyi vaxtadək) düzgün hesablandığını, 2022-ci il tarixli qərarla isə əmək pensiyasının məbləğinin əsassız olaraq azaldıldığını və məhz bu azaldılmanın da son haqq-hesabla bağlı yenidən hesablanma ilə əlaqədar olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********7 №-li, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və pensiya məbləğinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının tələbinin əsasını yenidən pensiya məbləğinin hesablanmasının qanunsuz hesab edilməsi, onun əvvəlki pensiya məbləğinin bərpa edilməklə ona ödənilməyən pensiya məbləği fərqinin ödənilməsi təşkil edir. Əvvəla məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti məhz pensiya məbləğinin hesablanması hissəsi ilə bağlı deyildir. Cavabdeh apellyasiya şikayətində yalnız pensiya fərq məbləğinin 3 illik müddət üzrə ödənilməsi ilə bağlı normaya istinad edərək, fərq məbləğinin ödənilməsi hissəsini mübahisələndirir. Məhkəmə kollegiyası isə prosessual qənaət prinsipi baxımından, tərəflərin izahatından və iddia tələbində edilmiş dəqiqləşdirmədən çıxış edərək məhkəmə qərarını tam yoxlayır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının yoxlanılması zamanı apellyasiya icraatında məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 2006-cı ildən hesablamanın düzgün aparılıb-aparılmamasına dair suallar qoyulmuş, müvafiq mütəxəssis rəyi alınaraq, ekspertizaya təqdim edilmiş və rəyin nəticə hissəsində “rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən hazırki ekspertiza tədqiqatı ilə eksert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaq mümkün olmadığı” qeyd edilsə də, sonda ekspert tərəfindən cavabdeh inzbati orqanın mütəxəsisis rəyinə uyğun rəy verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddia tələbində dəqiqləşdirilmə olduğundan həmin mütəxəssis rəyinə və ona əsasən qəbul edilmiş ekspert rəyinə qiymət verilməsi lüzumu artıq aradan qalxmışdır. İddiaçının dəqiqləşdirilmiş formada iddia tələbini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə pensiyanın yenidən hesablanması zamanı azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçıya təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya məbləği ilə bağlı qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı dəyişdirmiş, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh iddiaçıya ödənilən pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi də sədrlik edənin sualına cavab olaraq xx.xx.2022-cü il tarixli **********7 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın qəbul edilməsi çərçivəsində inzibati icraat aparılmadığını və iddiaçının çağırılaraq dindirilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe yuxarıdakı şəkildə əsaslandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatın dəyəri qismində 200 manat cavabdehin üzərinə qoyulmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7687/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7687/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. Dəqiqləşdirilmiş iddia tələbi təmin edilsin. Əmək pensiyasının məbləğinin azaldılmasına səbəb olmuş xx.xx.2022-cü il tarixli **********7 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi və pensiya məbləğinin bərpa edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar