Məhkəmə qərarları › İş №2-1(103)-26/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-26/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-26/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsündə düzəliş edilməklə yeni torpaq sahəsinin plan və ölçüsünün verilməsi haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8851/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə aid texniki sənədlərdəki uyğunsuzluğun aradan qaldırılması və faktiki istifadəsində olan 0,14 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 2017-ci ildə ƏMDK yanında 4 saylı Ərazi İdarəsi (hazırda DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi) tərəfindən verilmiş texniki sənədlərdəki uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir. Daha sonra İddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,14 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş **********21 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”ndə düzəliş edilməklə (sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında olan fərq aradan qaldırılmaqla) yeni “Torpaq sahəsinin plan və ölçüsü”nun tərtib edilərək, İddiaçı verilməsi öhdəliyinin cavabdeh DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017 ci ildə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən ********** N li Çıxarışa əsasən Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Abşeron rayonu Quşçuluq sovxozu ərazisində 0.14 ha torpaq sahəsi istifadəsinə verilmişdir. Lakin o, bu torpaq sahəsinin 0.02 ha hissəsini digər bir şəxsin adına sənədləşdirmək istərkən ƏMDX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş həmin torpaq sahəsinin sənəd üzrə yeri ilə faktiki yerləşdiyi yer arasında uyğunsuzluq olmasını əsas gətirərək, imtina edilmişdir. O, dəfələrlə həmin idarədə əlaqədar şəxslərin qəbulunda olarkən sənədləşmənin onlar tərəfindən aparıldığını və əgər yanlışlıq varsa belə məsuliyyətin idarə əməkdaşlarının üzərində olduğunu bildirsə də onun torpaq üzərindəki hüquqları bərpa olunmamış və uyğunsuzluq aradan qaldırılmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixli müraciətinə isə xx.xx.2022-ci il tarixli **********15 saylı cavab məktububda həmin torpaq sahəsinin sənəd üzrə yeri ilə naturada yerləşdiyi yer arasında 450 metr fərq olmasını əsas gətirərək sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsinin mümkün olmaması bildirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda bildirmişdir ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı iddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı Sənan oğlunun icarəsində olan 0.14 ha torpaq sahəsindən notarial qaydada 0.02 ha hissəsi icarəyə verildikdən sonra qalan hissəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 450 metr fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8851/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmışdır və bildirilmişdir ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı iddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı Sənan oğlunun icarəsində olan 0.14 ha torpaq sahəsindən notarial qaydada 0.02 ha hissəsi icarəyə verildikdən sonra qalan hissəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 450 metr fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının müraciəti bölgü sxeminin tərtib edilməsinə dair olmuş, torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında olan fərq aradan qaldırılaraq yeni plan və ölçü sənədinin verilməsinə dair müraciəti olmamışdır. Əlavə olaraq bildirirlər ki, İddiaçı icarəsində olan 0.14 ha torpaq sahəsinin 0.02 ha hissəsinin icarə hüququ özgəninkiləşdirilmiş, yerdə qalan 0.12 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ qeydiyyata alınmamışdır. Buna baxmayaraq qərarda 0.14 ha torpaq sahəsinə dair yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qovulmuşdur. Texniki baxış keçirilmiş torpaq sahəsinin (iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin) sənəd üzrə digər şəxslərin icarəsində olan torpaq sahələrinin bir hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu isə öz növbəsində qərarın digər şəxslərin hüquqlarına toxunmağı və qərarın irasının texniki cəhətdən mümkün olmaması deməkdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamə”nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasınən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. - 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. - 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. - 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir. Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sübutları tədqiq edir: - ƏMDK yanında 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş AN seriyalı, 140045 №-li torpaq sahəsinin planı və ölçüsünün surətindən müəyyən olunur ki, Abşeron rayonu Abşeron quşçuluq sovxozu ərazisində (kənd təsərrüfatı təyinatlı torpaqlardan) 0,14 ha torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən (hüququn əvvəlki yüklülüyü-"xxxx" MMC) 0,14 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M-35 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında (xx.xx.2010-cu il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə) İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat (reyestr № **********21) nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 916 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz əmlakın Dövlət reyestrində 916 nömrəli reyestr kitabının 29 vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin aşağıda qeyd olunan: - **********44 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı icarəsində olan 0,14 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi idarənin istifadəsində olan elektron baza məlumatlarına əsasən hal-hazırda Abşeron rayonunun inzibati ərazisinin hüdudları daxilində yerləşir. -**********52 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Abşeron quşçuluq, sovxozu ərazisində yerləşən İddiaçı icarəsində olan xx.xx.2017-ci il tarixli, **********21 reyestr nömrəli, 0.14 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı: - iddiaçı X1 məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin yerinin (440) metr dəyişdirildiyi; - iddiaçının sənəd üzrə yerləşdiyi torpaq sahəsinin daş hasarla bir neçə hissəyə bölünərək başqa şəxslər tərəfindən istifadə olunduğu və sözügedən (sənəd üzrə) torpaq sahəsində başqa şəxsə məxsus fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Faktiki torpaq sahəsi digər şəxslərin istifadəsində olan sənəd üzrə torpaq sahələri üst-üstə düşür. - DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin **********26 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim olunmuş xx.xx.2017-ci il tarixli Dşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktınının surətindən müəyyən olunur ki, Quşçuluq sovxozu ərazisində yerləşən torpaq sahəsi texniki sənəd üzrə 0,14 ha, hüquqmüəyyənedici sənəd üzrə 0,14 ha, faktiki 0,14 ha, torpaq sahəsinin yol və qonşularla sərhəd olduğu, icazəsiz tikililərin olmadığı, torpaq sahəsinin sərhəd nişanlarının şərti olduğu qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin **********83 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumat bazasına əsasən, sözügedən torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla, Bakı şəhəri inzibati ərazisinin hüdudları daxilində yerləşir. Ümumi sahəsi 0,14 hektar olan torpaq sahələrindən 0,02 hektar hissəsi notarial qaydada təsdiq edilmiş icarə hüquqlarının alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. - DƏDKR publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********15 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində olan 0.14 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində xx.xx.2017ci il tarixli, **********21 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla onun icarəsində olan 0.14 ha torpaq sahəsindən notarial qaydada 0.02 ha hissəsi icarəyə verildikdən sonra qalan hissəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında 450 metr fərq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işin hallarından müəyyən olunur ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən (hüququn əvvəlki yüklülüyü-"xxxx" MMC) 0,14 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M- 35 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında (xx.xx.2010-cu il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə) İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat (reyestr № **********21) nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 916 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. ƏMDK yanında 4 saylı Ərazi İdarəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə AN seriyalı, 140045 №-li torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Hazırki tələbində iddiaçı “Torpaq sahəsinin plan və ölçüsü”ndə düzəliş edilməklə (sənəd üzrə torpaq sahəsinin yerləşməsi ilə naturada yerləşməsi arasında olan fərq aradan qaldırılmaqla) yeni “Torpaq sahəsinin plan və ölçüsü”nun tərtib edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək cavabdeh inzibati orqanın fəaliyyət istiqamətlərinə aid edilmişdir. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bəzi dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində iş üzrə araşdırma aparılarkən imtina əsaslarının araşdırılması məqsədilə mübahisəli torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi, onun tam və ya bir hissəsinin üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin, həmçinin iddiaçının sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsinin "xxxx" MMC tərəfindən icarəyə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməmiş, həmçinin, iş üzrə mütəxəssis rəyləri alınmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2-1(103)-390/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində aidiyyəti qurumun mütəxəssisləri cəlb olunmaqla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: -xx.xx.2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M-35 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat (reyestr № **********21) nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsinin faktiki, naturada koordinatları (sahə sərhədləri), ölçüsü, təyinatı müəyyən edilsin. Torpaq sahəsinin sənəd üzrə yeri və naturada yeri üzrə koordinatları arasında fərqlilik varmı? - xx.xx.2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M- 35 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat (reyestr № **********21) nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsinin naturada yeri müəyyən edildikdən sonra onun tam və ya bir hissəsinin başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. - xx.xx.2010-cu il tarixli 2178 nömrəli icarə müqaviləsi və xx.xx.2017-ci il tarixli, 3M- 35 saylı icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı adına xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat (reyestr № **********21) nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi "xxxx" MMC tərəfindən torpaq sahələrinin icra hüququnun alqı-satqı müqaviləsi əsasında satılmış torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli, 10/4885 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-3-32/2-7594/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********21 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Elektron məlumat bazasına əsasən **********21 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********21 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsi mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi digər şəxslərin sənəd üzrə icarəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Mütəxəssis rəyinə mübahisəli ərazinin ortofoto görüntüsü əlavə edilmişdir. Beləliklə, mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçının icarəsinə verilmiş torpaq sahələri üst-üstə düşmür. İddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən faktiki olduğu yer digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən **********04, **********57, **********23, **********99, **********61 saylı çıxarışlar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən faktiki olduğu yer üzrə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən **********04, **********57, **********23, **********99, **********61 saylı çıxarışların məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,14 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə İddiaçı adına tərtib edilmiş **********21 reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”ndə düzəliş edilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8851/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi rədd edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 100 manat iddiaçının üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8851/2023 saylı, 04 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsündə düzəliş edilməklə yeni torpaq sahəsinin plan və ölçüsünün verilməsi haqqında iddia tələbi rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar