Məhkəmə qərarları › İş №2-1(103)-260/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-260/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-260/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3367/2020 saylı 31 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 1/Ə-12661 saylı 17.09.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 06.09.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 9/2-6884 saylı 23 05.2019-cu il tarixli arayışına əsasən 1992-cı il tarixdən Azərbaycan-Qarabağı könüllü müdafiəsində xidmət keçməyi və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018-ci il tarixli, 422 nömrəli qərarını əsas tutaraq ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaqların erməni qəspkarlarından müdafiəsi üçün qeyrətli vətən oğulları kimi o da, 01.02.1992-ci il tarixdə işlədiyi 2 saylı BTTD-dan bir neçə yoldaşlarla birlikdə mənfur düşmənə qarşı döyüşmək üçün könüllü olaraq Şuşa şəhərinə yollanmış, Şuşada "Azərbaycan Qarabağ könüllü müdafiə batalyonu"nda xidmətə başlamışdır. Şuşa rayonu erməni quldurları tərəfindən işğal olunan son günə kimi şəhərin müdafiəsində döyüş əməliyyatlarında şərəflə iştirak etmişdir. Döyüş zamanı heç bir vəzifə səhlənkarlığına yol verməmiş, ona verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gələrək komandanlığın və döyüş yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdir. Xidmət etdiyi müddət ərzində düşmənin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını sıradan çıxarmışdır. Qarabağ uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına iştirak etməyinə baxmayaraq bu günə kimi müharibə veteranı statusu ala bilməmiş, dəfələrlə müxtəlif orqanlara rəsmi şikayət ərizələri ilə müraciət etməyinə baxmayaraq müraciətinə müsbət cavab verilməmişdir. Azərbaycan Müdafiə Nazirliyinin 12014 saylı 01 fevral 1992-ci il tarixli əmri ilə şəxsi heyyəti 109 nəfərdən ibarət Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsinin qeydiyyata alnması barədə kütləvi informasiya vasitəsində məlumat var. Əldə etdiyi digər zəruri sənədlərdən biri də Şuşada "Azərbaycan Qarabağ könüllü müdafiə batalyonu"nda xidməti olmuş döyüşçülərin ad, soyad və ata adları göstərilmiş mötəbər sübutu var. Bu siyahıda onun da ad soyadı olmaqla həmin siyahı 1992-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri və Qərargah rəisi tərəfindən imzlanaraq təsdiqlənmişdir. Lakin Müdafiə Nazirliyinin 17.09.2019-cu il tarixli məktubu ilə ona Müharibə veteranı adının verilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə daxil olmuş etizarda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının Azərbaycan-Qarabağı könüllü müdafiəsində xidmət keçməyi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Bundan əlavə “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Qeyd olunanları nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3367/2020 saylı 31 avqust 2020-ci il tarixli qərarı ilə iddia tələbinin qismən təmin olunaraq, iddiaçının “müharibə veteranı adı və statusunun verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, qərarın tam ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, məhkəmə qərarının ikinci səhifəsində qeyd edilmiş iddiaçının təqdim etdiyi Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin 01.02.1992-ci il tarixli siyahısında İddiaçı adı olduğu göstərilsə də, əslində həmin Siyahıda İntisam adlı şəxs qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 422 saylı 28.09.2018-ci il tarixli Qərarının tələblərinə əsasən şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim olunduğu halda şəxsə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, siyahıda İntisam adlı şəxs qeyd olunmamışdır. Buna görə də iddiaçının döyüşlərdə iştirak etməsi qəbul olunmur, bu barədə müvafiq arayış da mövcud deyildir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında adının müvafiq siyahıda səhvən İntiqam kimi qeyd edildiyini bildirmiş, buna görə də onun döyüşlərdə iştirak etməsinin nəzərə adınaraq cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “1992-ci il tarixdə Şüşa uğrunda gedən döyüşlədə iştirakına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Göründüyü kimi, iddiaçı ona müharibə veteranı vəsiqəsinin və adının verilməsini arzu edir. İddiaçının arzuladığı aktı qəbul etmək səlahiyyəti cavabdehə məxsusdur. Cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina edərək ona istinad etmişdir ki, onun 1992-cı il tarixdən Azərbaycan-Qarabağı könüllü müdafiəsində xidmət keçməyi və qanuni əsaslarla tərxis olunmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən iddiaçıya ünvanlanmış 9/2-6884 saylı 23.05.2019-cu il tarixli məktubdan görünür ki, Şuşa Könüllüləri batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından araşdırma aparıla bilmir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birinci instansiya məhkəməsinə təqdim etdiyi 9/2-7078 saylı 29.06.2020-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirinin 1992-ci il tarixli əmrlərində olan Azərbaycan Qarabağ könüllü müdafiə batalyonunun siyahılarında İddiaçı barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Qarabağ könüllü müdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Birinci instansiya qaydasında işə baxmış məhkəmə İddiaçı cavabdeh inzibati orqana etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraatın cavabdeh orqan tərəfindən tam aparılmadığına istinad edərək iddia tələbinin qismən təmin olunması, yəni iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 1992-ci il tarixdə Şuşa ərazisində gedən döyüşlərdə iştirak etməsini Azərbaycan Qarabağı Könüllü Müdafiə Dəstəsinin 01.02.1992ci il tarixli siyahısında adının olması ilə əsaslandırır. Məhkəmə kollegiyası tərəfindən sözügedən siyahı nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin siyahıda iddiaçının adı qeyd olunmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin siyahıda iddiaçının adının qeyd olunduğunu hesab etmişdir. İddiaçı isə onun adının “İntisam” olduğu halda, müvafiq siyahıda səhvən “İntiqam” kimi gösətrildiyini bildirmişdir. Buna görə də birinci instansiya məhkəməsi həmin siyahıda iddiaçının adının olduğu qənaətinə gələrək onun müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilmə vəzifəsini cavabdeh inzibati orqanın üzərinə qoymuşdur. Hazırki vəziyyətdə isə iddiaçının adının müvafiq siyahıda göstərildiyi (səhvən İntiqam kimi göstərilməsi) cavabdeh inzibati orqan tərəfindən qəbul edilmədiyi üçün və iddiaçının müraciətinə münasibətdə müvafiq inzibati aktın artıq qəbul edildiyi bildirilərək verilmiş imtinanın düzgün olduğu göstərilmiş, dolayısı yolla cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina barədə işdə olan məktubun (inzibati aktın) məzmunundan çıxış edərək həmin imtina məktubunun əsaslı olduğu üçün iddiaçının tələbinin təmin olunmasına etiraz etmişdir. Beləliklə, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiaya münasibətdə cavabdeh inzibati orqanın iş materiallarında olan imtinasının mövcud olduğunu, iddiaçının tələbinin təmin olunması üçün təqdim etdiyi sənədlərin məhz onun döyüşlərdə iştirak etmə faktını təsdiq edən sübutlar kimi, həmçinin yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından zəruri olan sənədlər qismində inzibati məhkəmə icraatı çərçivəsində qəbul oluna bilmədiyini nəzərə alan Kollegiya hesab edir ki, iddiaçı tərəfindən onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, inzibati qanunvericiliyin tələbinə görə, hazırki işdə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas yaradan halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu halları əsaslandıra bilməmiş və bu barədə hər hansı sübutu da təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Beləliklə, yuxarıda adı qeyd olunan Əsasnamə ilə nəzərdə tutulmuş iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları olmadığından onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktı sübuta yetirilmir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbulu cavabdehin üzərinə qoyula bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-3367/2020 saylı 31 avqust 2020-ci tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3367/2020 saylı 31 avqust 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar