Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-260/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4336/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 15.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1960-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Hal-hazırda Gəncə şəhəri, Kəpəz rayonu, Lokomativ küçəsi, 2-ci döngə, 10 saylı evdə qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. O, 17.05.1977-ci ildə X3 elektrovoz çilingəri köməkçisi vəzifəsi üzrə stajçı işinə qəbul olunmuş, 15.09.1977-ci il tarixdə 1-ci dərəcəli çilingər kimi işə təyin edilmişdir. 21.12.1977ci il tarixdə 2-ci dərəcəli, 01.12.1978-ci il tarixdə isə 3-cü dərəcəli çilingər dərəcəsi almışdır. Daha sonra 10.12.1979-cu ildə X3 elektrovoz maşinist köməkçisi işinə qəbul olunmuş, 31.10.1980-ci il tarixə kimi işləyib, həqiqi hərbi xidmətə gedib, 12.12.1982-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 07.01.1983-cü ildə X3 elektrovoz maşinist köməkçisi işinə qəbul olunmuş, 09.10.1984-cü ildə elektrik qatarının (seksiyanın) maşinist köməkçisi işinə dəyişilərək, 25.08.1986-cı ildən 21.01.1987-ci il tarixə kimi Bakı texniki məktəbində oxumuşdur. 22.01.1987-ci il tarixdən, 14.09.1987-ci il tarixə kimi X2 elektrik qatarının (seksiyanın) maşinist köməkçisi işləmişdir. 14.09.1987-ci ildən, 02.10.2015-ci il tarixə kimi elektrik qatarının (seksiyanın) maşinisti işləmişdir. 02.10.2015-ci ildən hal-hazıra kimi elektrovoz maşinist-köməkçisi işləyir. 1989-cu ildə erməni vandalları tərəfindən Qazax rayonunun sərhəd kəndlərinə silahlı hücumlar edilərkən Qazax rayonunun Bərxudarlı kəndinin camaatını elektrik qatarı ilə döyüş zonasından fədakarlıqla çıxarmışdır. İddiaçı, 57 yaşı tamam olduğu gündən, yəni 11 noyabr 2017-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yarandığından, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, ona 19 yanvar 2021-ci il tarixli cavab məktubu ilə, güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişlər. İmtinanı onunla əsaslandırmışlar ki, mərkəzi filiala təqdim edilən 27 iyun 1977-ci il tarixli İT-İ ******* nömrəli Əmək kitabçasında 09.10.1984-18.09.1986-cı il və 22.01.1987- 22.07.2011-ci il tarixlərdə arasındakı dövrlər arasındakı "xxxx" QSC-nin X2 motor vaqon seksiyalarının maşinist köməkçisi və mator vaqon maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsi nəzərdə tutulmamışdır. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yük daşımaları departamenti Gəncə Lokomotiv deposunun verdiyi, iddia ərizəsinə əlavə etdiyi 23.11.2020-ci il tarixli 11/06 nömrəli arayışında, qeyd edilən işlər güzəştli şərtlərlə pensiya təyin olunması üçün əsas olduğu bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4336/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 11 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iddia tələbi və apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - SSN **********350 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. - Cavabdehin 19 yanvar 2021-ci il tarixli, **********5 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, mərkəzi filiala təqdim edilən 27 iyun 1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 09.10.1984-18.09.1986-cı il və 22.01.1987-22.07.2011-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin X2 motor vaqon seksiyalarının maşinist köməkçisi və motor vaqon maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Qanunvericilikdə iddiaçının işlədiyi motorvaqon maşinisti vəzifəsi yalnız 01.07.1993-cü il tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunurdu. Buna görə də, SSR Nazirlər Sovetinin 1173 nömrəli Qərarının qüvvədən düşdüyü 01.07.1993-cü il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8il 4 ay 18 gün) təşkil edir. Bundan başqa fərdi hesab sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40799,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35878,13 manat təşkil edir. Qeyd edilənlərə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yük daşımaları departamenti Gəncə lokomotiv deposunun 16.06.2021-ci il tarixli, 06/82 nömrəli arayışına əsasən, X2 işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası” tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları eynilik təşkil edir. - İddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, iddiaçı 17.05.1977-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingər şagirdi vəzifəsinə qəbul edilmiş, 15.09.1977-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingərə 1-ci (birinci) dərəcə verilmiş, 21.12.1977-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingərə 2-ci (ikinci) dərəcə verilmiş, 01.02.1978-ci ildə motor-vaqon elektrik seksiyasının təmiri üzrə çilingərə 3-cü (üçüncü) dərəcə verilmiş, 10.12.1979-cu ildə elektrovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, 31.10.1980-ci ildə sovet ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilmiş, 08.01.1983-cü ildə sovet ordusu sıralarından qayıtdıqdan sonra elektrovoz maşinisti köməkçisi vəzifəsinə qəbul edilmiş, 09.10.1984-cü ildə motor-vaqon elektrik seksiyasının maşinisti köməkçisi vəzifəsinə keçirilmiş, 18.09.1986-cı ildə Bakı Texniki Məktəbi nəzdində elektrik qatarı maşinistlərinin ixtisasartırma kursuna göndərilmiş, 25.08.1986-cı ildə elektrik qatarı maşinistləri kursuna qəbul edilmiş, 21.01.1987-ci ildə elektrik qatarı maşinistləri kursunu bitirmiş, 22.01.1987-ci ildə Bakı Texniki Məktəbi nəzdində elektrik qatarı maşinistlərinin ixtisasartırma kursundan qayıtdıqdan sonra motor-vaqon elektrik seksiyasının maşinistinin köməkçisi vəzifəsinə qəbul edilmiş, 14.09.1987-ci ildə motor-vaqon elektrik seksiyasının maşinisti vəzifəsinə keçirilmiş, 22.07.2011-ci ildə 3-cü dərəcəli MVHH maşinisti adı verilmiş, 02.10.2015-ci ildə elektrovoz maşinist köməkçisi keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir. - Hərbi biletə əsasən iddiaçı 05.10.1980-ci ildən 20.12.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “iddiaçının əmək kitabçası və işin digər faktiki halları ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə qanunvericiliklə tələb olunan müddətdə əmək stajına malik olması təsdiq olunmur” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənilir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi iş stajı mövcuddur. Məhkəmə kollegiyası işin mübahisəli halı olan iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, 09.10.1984-18.09.1986-cı il və 22.01.1987-22.07.2011-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin X2 motor vaqon seksiyalarının maşinist köməkçisi və motor vaqon maşinisti vəzifələrində işləmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" QSC-yə sorğu ünvanlanaraq, işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçının "xxxx" QSC-də işlədiyi peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndində uyğun olması, işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların, eyni zamanda iddiaçının işləmiş olduğu “motor-vaqon seksiyalarının maşinist köməkçisi və motor vaqon masinisti” peşələrinin hansı kodlara uyğun olması, xüsusiyyətləri, xarakteristikaları barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin 01.02.2022-ci il tarixli, 139309 №-li məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, “motor-vaqon elektroseksiyası” elektrik qatarları qrupuna daxil olan dəmiryolu nəqliyyat vasitələrindən hesab edilir. Bu baxımdan sorğu edilən İddiaçı çalışdığı motor-vaqon elektroseksiyasının maşinisti və maşinist köməkçisi peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri müvafiq olaraq elektrik qatarlarının maşinisti və maşinist köməkçiləri peşələrinə aid işlərin xüsusiyyətləri ilə oxşardır. Belə ki, həmin peşələr üzrə işin xüsusiyyətləri təhkim edilmiş müvafiq briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Həmçinin, elektrik qatarlarının maşinisti və maşinist köməkçiləri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 8-ci və 15-ci (18-ci) abzaslarında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (23.01,2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı'nda isə 29-cu bölmənin 9-cu və 16-cı abzaslarında (kod: 23001000-14409 və 23001000-16887) nəzərdə tutulmuşdur.” (sədrin birinci müavini Əlirza Süleymanov tərəfindən imzalanmışdır) Eyni zamanda işin apellyasiya icraatı zamanı təqdim edilmiş, "xxxx" QSC tərəfindən iddiaçıya verilmiş 23.09.2021-ci il tarixli, 103036 №-li arayışda qeyd edilmişdir ki, “İddiaçı həqiqətən "xxxx" QSC-nin Yük daşımaları departamentinin İİ qrup X2 10.12.1979-cu il tarixindən 31.10.1980-ci il tarixinədək və 08.01.1983-cü il tarixindən 09.10.1984-cü il tarixinədək elektrovoz maşinist köməkçisi, 09.10.1984-cü il tarixindən 18.09.1986-cı il tarixinədək və 22.01.1987-ci il tarixindən 14.09.1987-ci il tarixinədək motor-vaqon elektroseksiyasının maşinist köməkçisi, 14.09.1987-ci il tarixindən 02.10.2015-ci il tarixinədək motor-vaqon elektroseksiyasının maşinisti peşələrində çalışmışdır. 02.10.2015-ci il tarixindən hal-hazıra kimi elektrovoz maşinist köməkçisi peşəsində işləyir. Bu peşələr üzrə İddiaçı iş stajı 39 il 3 ay 2 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Elektrovoz maşinist köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2 saylı Siyahısında XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 16885 nömrəli kodu üzrə əks olunmuşdur. Motor-vaqon elektroseksiyasının maşinist köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.4. bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2 saylı Siyahısında XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 16887 nömrəli kodu üzrə əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçisi peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Motor-vaqon elektroseksiyasının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 2 saylı Siyahısında XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 14409 nömrəli kodu üzrə əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinisti peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir.” (İnsan resursları idarəsinin rəisi Tural Məmmədov tərəfindən imzalanmışdır) Yuxarıda qeyd edilən iddiaçının çalışdığı müəssisə tərəfindən verilmiş iş stajının təsdiq edilməsi barədə güzəştli arayışdan və cavab məktubundan müəyyən edilir ki, iddiaçının çalışdığı motor-vaqon elektroseksiyasının maşinisti və maşinist köməkçisi peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri müvafiq olaraq elektrik qatarlarının maşinisti və maşinist köməkçiləri peşələrinə aid işlərin xüsusiyyətləri ilə oxşarlıq təşkil etmiş və qeyd edilən peşə 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 14409 nömrəli kodu üzrə əks olunmuş elektrik qatarlarının (seksiyalarının) maşinisti peşəsi üzrə müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq iddiaçının işlədiyi peşələrlə Siyahıda göstərilən “elektrik qatarlarının maşinisti və maşinist köməkçiləri ” peşələrinin əmək funksiyalarının eyniliyini qəbul edir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmuşdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olduğundan, iddia tələbi əsaslıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2-1(112)-4336/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 11.11.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbi nəzərə alınmaqla hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-260/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-260/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver