Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-260/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “cavabdehin qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1961/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8328 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********1585 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin olun olunmuş və ünvan 1 ünvanında yerləşən iaşə obyektində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı AR Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 23 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunaraq aşkarlanmışdır. Həmçinin, 23 nəfərdən izahat alınmış 16 nəfər etiraf etmişdilər ki, əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işləmişlər. O, cavabdehin vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, yaranmış vəziyyət cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, tam əsassız qərar qəbul olunmuşdur . Belə ki, mübahisələndirilən qərarda qeyd olunan 23 nəfər işə cəlb olunmamışdır. Həmin vaxt obyektdə 6 nəfər işçi olmuşdur ki, onlarla da müqavilə bağlamamağının səbəbi pandemiya dövründə iaşə obyektinin işləməməsi olmuşdur. Həmin ərəfədə onlar yeni olaraq iş fəaliyyətinə başlayırdılar. Lakin cavabdeh tərəfindən obyekdə olan bütün şəxslər işçi kimi göstərilərək mübahisələndirilən Qərarı qəbul etmişlər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. Araşdırma zamanı Bakı şəhəri X8 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1585 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 23 (iyirmi üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 000772 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair akt tərtib edilmiş, lakin vergi ödəyicisi aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 13:37:12-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8328 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 46000 (qırx altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşkar edilmiş 23 nəfər işçidən 16 nəfəri etirafedici izahatlar verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını bildirmişlər. Digər 7 nəfər işçi isə heç bir əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişlər. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış işçi X5 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən dönərçi vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 10:00-18:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X6 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 11:00-23:00-dək olduğunu, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X7 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 12:00- 00:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X9 xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən dəzgahdar vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının 09:00-21:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X4 xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 12:00- 00:00-dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini bildirmişdir. Digər 11 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadıqlarını bildirmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1961/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olduğunu bildirərək ləğv edilməsini, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Cavabdeh orqan tərəfindən qərar və digər zəruri sənədlərdə qeyd edilən 23 nəfər şəxsin cəmi, 16-nın izahatı alınmış və həmin izahat üzrə də qaranlıq qalan bir çox faktlara aydınlıq gətirilməmişdir. Hazırda həmin izahat verən şəxslərin bildirdiyinə görə həmin izahatlar onlara öz sözləri ilə deyil şablon sözlərlə yazdırılmış və məzmun onların savadsız olmaqlarına baxmayaraq onlara zəruri qaydada izah edilməmişdir. Belə olan halda da həmin izahatlar əsassız və qanunsuzdur. Bundan əlavə də 23 şəxsdən 16 şəxsin izahat verməsi o anlama gəlinmir ki, həmin şəxslər restoranda fəaliyyət göstərmişdir. Həmin izahatların həqiqətə uyğun olubolmaması, hər hansısa məkrli siyasətin qurbanı olmağım üçün o məzmunda yazılması ciddi şübhələr doğurmaqdadır. 7 şəxsin izahat verməməsi kifayət edir ki, bu iş üzrə müvafiq qaranlıq qalan məqamlara aydınlıq gətirilsin. Birinci instansiya məhkəməsində də bildirdiyi kimi həmin an vergi orqanı tərəfindən yəni cavabdeh tərəfindən sözün əsl mənasında A-dan Z-yə qədər içəridə olan bütün şəxslərin ad-soyadı yazılmış və izahatlarının alınması üçün zəruri məlumatlar tələb edilmiş daha sonra isə izahatları alınmışdır. Həmin şəxslərin izahat verməməsinə səbəb isə o olmuşdur ki, o şəxslər də etiraf edərək öz izahatlarını öz şəxsi fikirlərinə əsasən şifahi şəkildə bildirmişdir ki, biz orada işləmirik və onların kimisi müştəri, kimisi vakansiya üçün müraciət edən, kimisi usta kimisi sürücü kimisi isə də fərqli şəxslər olmuşdur. Onların buna görə də şablon yazılı izahatdan imtinaetmişlər. Qeyd edilən faktlara isə məhkəmə tərəfindən düzgün qiymət verilməyərək 16 şəxsin izhahatının olmasının 23 şəxsin izahatına bərabər tutulması, 7 şəxsin də həqiqətən orada işləməsi qənaətinə gəlmişdir. Halbuki məhkəmə öz şəxsi fikirləri ilə deyil konkret iş üçün əhəmiyyətli olan faktlarla işi araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Faktlara məhkəmə tərəfindən əsaslı yanaşılsaydı və qiymət verilsəydi bu gün mövcud mübahisəli məsələ ilə əlaqədar olaraq yuxarı instansiya məhkəməsinə müraciət etmək zərurətində qalmazdım. Məlum olduğu kimi post pandemiya dövründən sonra ölkə rəhbərliyi-cənab X2 tərəfindən dəfələrlə çıxışlar edilərək sahibkarlara bir çox güzəştlərin edilməsi, onların işlərinin qarşısında əngəllərin yaradılmaması, onlara edilən güzəşt və imtiyazlardan yararlanmaları üçün hər dəfə öz tapşırıqlarını verərək dövlət büdcəsinə daim aktiv şəkildə daxilolmaları həyata keçirən fiziki və hüquqi şəxslərə öz diqqət və qayğısını sabitqədəm şəkildə göstərmişdir. Lakin təəssüflər olsun ki, pandemiya dövründə bizim nə qədər zərərlə üzləşdiyimiz, hansı çətinliklərdən keçdiyimiz, sahibkar kimi hansı zərər və risklərlə üzləşdiyimiz vergi orqanı tərəfindən nıəzərə alınmayaraq bizə aid olmayan və əsassız olan ittihamlar irəli sürülərək barəmizdə bu cür əsassız və qanunsuz qərar qəbul etmişlər. Belə ki, mübahisələndirilən qərarda qeyd olunan 23 nəfər işə cəlb olunmamışdır. Həmin vaxt obyektdə 6 nəfər işçi olmuşdur ki, onlarla da müqavilə bağlamamağının səbəbi pandemiya dövründə iaşə obyektinin işləməməsi olmuşdur. Həmin ərəfədə onlar yeni olaraq iş fəaliyyətinə başlayırdılar ki, onların sənədləşmə proseduru həyata keçirilməsi müəyyən bir müddət tələb edirdi. Hansı ki, ictimai iaşə obyektində işləyən işçilərin sağlamlıq haqqında arayışlarının alınması, məhkumluqlarının olubolmamasının müəyyən edilməsi həmçinin də pandemiya dövründə onların xüsusi karantin rejiminin qaydalarına riayət edib etməmələri müəyyən etmək üçün ciddi bir zaman itkisi baş verirdi. Bu hallara qiymət verilməyərək, cavabdeh tərəfindən obyekdə olan bütün şəxslər işçi kimi göstərilərək mübahisələndirilən qərarı qəbul edilmişdir. Hətta qeyd edilməsi zəruridir ki, həmin zaman orada usta kimi müqavilə əsasında fəaliyyət göstərən şəxs, onun sürücüsü, hətta bəzi daimi müştərilər də işçi kimi qiymətləndirilmişdir. Hakim tərəfindən bu pozuntulara yol verilmiş, 23 şəxsdən 16 nəfərinin izahatının olması, digər 7 şəxsin izahatının olmaması işin bitərəf həllinə dair şübhələr yaratmışdır. Hakim tərəfindən bu hallar tam və hərtərəfli araşdırılsaydı düşünürəm ki, belə bir qanunsuz qərar qəbul edilməzdi.» Məhkəmə kollegiyasının iclaslarında ıştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, eyni zamanda, bildirmişdir ki, tərəfindən 23 nəfərə görə məcburi sığorta haqları ödənilmişdir. Cavabdehin nümayəndəsi O.Heydərli isə iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, istintaq zamanı onun tərəfindən 23 nəfərin həmin şəxslərin müqavilə bağlanmadan işə götürüldüyü etiraf olunaraq məcburi sosial sığorta haqlarının dövlət büdcəsinə ödədinildiyinə görə barəsində cinayət işin başlanması rədd edildiyini bildirərək, birinci instansitya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8328 saylı qərarının ləğ olunmasını tələb etmiş, birinci intansiya məhkəməsinin qərarı ilə onun iddiası rədd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanının qeyd olunan qərar ilə iddiaçının vergi məsuliyyətinə cəlb olunması əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlər ondan irəli gəlmişdir ki, cavabdehin xx.xx.2021ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən həmin tarixdə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi - ünvan 2 ünvanda yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti keçirilmiş və bu zaman Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 23 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Həmin şəxslərdən 16 nəfərindən izahat alınarkən iddiaçı (işəgötürən) ilə əmək müqaviləsi bağlanmadığını bildirmiş , 7 nəfəri isə izahat verməkdən imtina etmişdir. Aşkar olunan həmin faktlar üzrə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə dair DVX seriyalı 000772 nömrəli , xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında da cavabdehin 16 iyul 2021-ci il tarixli, **********8328 saylı qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə 23 nəfərin ( hər birinə görə 2000 manatdan olmaqla) 46.000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla vergi məsuliyyətinə cəlb olunmuşdur. İşdən görünür ki, 23 şəxsdən izahatı alınan 16 nəfəri, işəgötürən tərəfindən onlarla əmək müqaviləsi bağlamadan işə cəlb edildiklərini təsdiq etmişlər. İddia ərizəsinə, ona əlavə olunmuş sənədlərə və iddiaçının hazırkı apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən həmin şəxsləri əmək müqavilə bağlamadan işə cəlb etməsini təkzibedici əsaslandırıcı sübutları mövcud deyildir. İddiaçının apellyasiya şikayətindən görünür ki, 23 nəfər şəxsə görə onun vergi məsliyyətinə cəlb olunmasını mübahisələndirsə də, operativ vergi nəzarəti zamanı onlardan 16 nəfərdən izahatının alındığını qeyd etməklə, digər 7 nəfərinə münasibətdə vergi orqanına izahat verməkdən imtina etdiyini bildirərək, faktiki olaraq həmin 7 nəfər şəxsə münasibətdə ona maliyyə sanksiyası tətbiq olunmasını əsassız sayır. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin nümayəndəsinnn hazırkı məhkəmə iclasında verdiyi izahatına və məhkəməyə təqdim etdiyi sənədlərə (işə ləavə olunur) əsasən müəyyən edilir ki, iddiaçıya məxsus obyektdə keçirilən operativ vergi nəzarəti zamanı aşkar olunmuş faktlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi əlamətləri olduğundan, AR İN Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və bu zaman xx.xx.1993-cü iltarixdə Beyləqan rayonunda anadan olmuş,həmin rayonun Kəbirli kəndində qeydiyyatda olan İddiaçı izahatında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən,müxtəlif işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən gəlbedildiyini göstərərək vurulmuş ziyanı,yəni həmin işçilərə görə ödənilməsindən yayındığı işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam olaraq ödəyəciyini bildirmişdir. Təhqiqat prosesində isə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən 23 nəfərə münasibətdə ümumilikdə o, 1642,67 manat məbləğində işsizlikdən sığorta, tibb və məcburi dövlət sığorta haqları ödənilməsindən yayınmışdır. İddiaçı həmin məbləğdən işsizlikdən sığorta və məcburi dövlət sığorta haqları üzrə 1525,33 manat məbləğində vəsaitin Dövlət Sosial Müdafiə Fonduna, tibbi sığorta haqları üzrə isə 117,34 manat vəsaiti İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinə tam şəkildə ödəmiş və ödəniş qəbzlərin təhqtata təqdim etmişdir. Odur ki, təhqiqat orqanı tərəfindən onun törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət olması, vurulmuş ziyanı ödəməsi və onun müvafiq ərizə ilə müraciət etməsi və AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli 395-VİQR nömrəli qərarı ilə qəbul olunmuş amnistiya aktı nəzərə alınaraq, barəsində cinayət işinin başlanılması AR CPM-in 39.1.12-ci maddəsilə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 23 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb etdiyini etiraf etmiş, onlara görə dövlət büdcəsinə ödəməli olduğu 1642,67 manat məbləğində işsizlikdən sığorta, icbati tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə dövlət büdcəsinə ödəmişdir. Beləliklə də, cavabdehin mübahisələndirilən qərarı ilə həmin şəxsələrə, o cümlədən, izahat verməkdən imtina etmiş 7 nəfər şəxsə görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə 46000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla, onun vergi məsuliyyətinə cəlb olunması qanuni və əsaslı olduğu sübuta yetirilir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş hesab oluna bilməz. İPM-in 70.1-ci maddəsindən də görünür ki, məhkəmə,o halda, innzibati aktın ləğv edilməsi barədə qərar qəbul edir ki, inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1961/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1961/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-260/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-260/2023
16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver