Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-260/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2966/2024 saylı 17 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2000-ci il tarixli 1033 nömrəli sərəncamına əsasən iddiaçıya Zirə qəsəbəsində 22 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinin onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə-0476-8/2023 **********84 nömrəli məktubla bildirilmişdir ki, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 1033 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının arxiv arayışı və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə-0934-8/2023 **********51 nömrəli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi X6 Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Odur ki, torpaq sahəsinin ayrılmasına dair X6 sovxozu direktorunun əmri, əmrin arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, faktiki göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Həmin imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Zirə qəsəbəsində 22 saylı sahədəki 1200 kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarışın təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2000-d il tarixli 1033 nömrəli Sərəncam qəbul edilmiş və İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Zirə qəsəbəsində 22 saylı sahədə 1200 m2 torpaq sahəsi ayrılmışdır. Torpaq Sahəsinin plan və ölçüsünün (sxeminin), habelə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əldə edilməsi zərurəti yarandığı üçün iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli **********84/3-21-3- 30/2-7-0476-8.2023 nömrəli məktubla sərəncamın arxiv arayışının və coğrafi yerləşmə cizgisinin təqdim edilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən, iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehdən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsində inventarlaşdırılma (çöl ölçmə) işləri aparılaraq müəyyən edilmiş faktiki sahə əsasında plan və ölçünün tərtib edilməsini, torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını və onun adına dövlət reyestrindən elektron çıxarışın tərtib edilməsini xahiş etmişdir. (ərizənin surəti əlavə edilir). Cavabdeh iddiaçının ərizəsinə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə-0934- 8/2023**********51 nömrəli cavab məktubunda (bundan sonra "Cavab Məktubu") qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi X6 sovxozunun Bakı şəhər İcra Hakimiyyətinə qaytarılmış hissəsində yerləşir və torpaq sahəsinin ayrılmasına dair X6 sovxozunun direktorunun əmri, əmrin arxiv arayışı təqdim edilməmişdir, həmçinin faktiki göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Bu göstərilənlərə əsasən, cavabdeh tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilməmiş, həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmamış və onun adına dövlət reyestrindən elektron çıxarış tərtib edilməmişdir (məktubun surəti əlavə edilir). Göstərilənlərə əsasən, hesab edirlər ki, cavabdeh tərəfindən torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, habelə mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən elektron çıxarışın tərtib edilməsindən imtinası qanunsuz və əsassızdır və cavabdehin üzərinə Torpaq Sahəsinin plan və ölçüsünün tərtib edilməsi və İddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron çıxarışın təqdim edilməsi vəzifəsi qoyulmalıdır. İddiaçıya torpaq sahəsinin ayrılmasını nəzərdə tutan Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1033 nömrəli Sərəncamı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənəddir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh iddiaçının cavab məktubunda elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin X6 sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinə qaytarılmış hissəsində yerləşdiyini və Torpaq Sahəsinin ayrılmasına dair X6 sovxozunun direktorunun əmri, əmrin arxiv arayışı təqdim edilmədiyini əsas gətirərək iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almamışdır. Halbuki, iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququ verən sənəd X6 sovxozunun direktorunun əmri deyil, Bakı Şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.2000-ci il tarixli 1033 nömrəli Sərəncamdır. Prezidentin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.7-ci bəndinə əsasən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə yerli icra hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixədək verilmiş qərarı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədə aiddir. Həmçinin, “Torpaq islahatı haqqında" Qanunun 25-ci maddəsinə əsasən xx.xx.2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Odur ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Cavabdeh sərəncamın mülkiyyət hüququna əsas olmadığını sübut edə bilməmişdir. Təsvir edilənlərlə yanaşı, cavabdeh Sərəncamın mülkiyyət hüququna əsas olmadığını sübut edə bilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Zirə qəsəbəsində 22 saylı sahədəki 1200 kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli cavab məktubları ilə cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi X6 sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və torpaq sahəsi ayrılan zaman sahə Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olduğundan Xəzər Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Belə ki, göstərilən torpaq sahəsi sovxoz ərazisi olduğundan X6 sovxozu direktorunun əmri, əmrin arxiv arayışı təqdim edilməmişdir. Faktiki göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, təqdim edilən cizgi "xxxx" ASC-yə təqdim edilməsi üçün verilmiş habelə səlahiyyətli şəxs tərəfindən imzalanmamış və müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2966/2024 saylı 17 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 22 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi X6 sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və torpaq sahəsi ayrılan zaman sahə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olduğundan Xəzər Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Belə ki, göstərilən torpaq sahəsi sovxoz ərazisi olduğundan X6 sovxozu direktorunun əmri, əmrin arxiv arayışı təqdim edilməmişdir. Faktiki göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Belə ki, təqdim edilən cizgi "xxxx" ASC-yə təqdim edilməsi üçün verilmiş habelə səlahiyyətli şəxs tərəfindən imzalanmamış və müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin səlahiyyətli inzibati orqan tərəfindən ayrılmamasına münasibət bildirilməmiş, torpaq sahəsinin həqiqi yerləşmə yeri araşdırılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Zirə qəsəbəsində 22 saylı sahədəki 1200 kv.m torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən elektron çıxarışın təqdim edilməsi” barədədir. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, inizbati orqan tərəfindən “elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin X6 Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi, torpaq sahəsinin ayrılmasına dair X6 sovxozu direktorunun əmrinin, əmrin arxiv arayışının və faktiki göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilməməsi”nə istinad olunaraq tələbin təmin olunmasından imtina olunmuşdur. Həmin imtinadan narazı qalan iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsində göstərilmişdir: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin X6 Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi, torpaq sahəsinin ayrılmasına dair X6 sovxozu direktorunun əmrinin, əmrin arxiv arayışının və faktiki göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilməməsi” ilə bağlı olmuşdur. Cavabdeh iddiaya dair etiraz məktubunda və apellyasiya şikayətində əlavə imtina dəlili kimi “təqdim edilən cizgi "xxxx" ASC-yə təqdim edilməsi üçün verilmiş habelə səlahiyyətli şəxs tərəfindən imzalanmamış, müvafiq qurum tərəfindən möhürlə təsdiq edilməmiş, torpaq sahəsi ayrılan zaman sahə Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olduğundan Xəzər Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsi ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olmamışdır” dəlillərini göstərmişdir. İş üzrə birinci instansiya məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 08 dekabr 2023-cü il tarixli 3-48-2F/2-08792/2023 nömrəli məktubla Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 103 saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2000-ci il tarixli 1033 nömrəli sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsində 22 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinin Google Earth üzərindən koordinatları müəyyən edilərək yerləşmə cizgisi təsdiq edilmişdir. Cavabdeh qurum tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-41798/2023 **********98 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 22 saylı sahədəki 1200 kv.m torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məktuba inzibati icraat materiallarının təsdiq edilmiş surətləri əlavə edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı “X3” MMC tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 18 nömrəli rəyə əsasən iddiaçının faktiki istifadəsində olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin şimal tərəfində yerləşən fərdi həyətyanı torpaq sahəsi naturada özünün iştirakı ilə GPS ölçü aləti vasitəsilə ölçülmüş, koordinatları və sahəsi dəqiqləşdirilmişdir. İddiaçının faktiki sahibliyində və istifdəsində olan 0.1288 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir və digər torpaq sahələri ilə üst-üstə düşmür: 1) X= 439393.5785 Y=4471129.66335; 2) X= 439411.3300 Y 4471156.9550; 3) X= 439443.9720 Y= 4471133.7700; 4) X= 439426.5920 Y= 4471107.0460. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamına əsasən Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Göründüyü kimi, əvvəllər Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqların bir qismi, həmçinin iddiaçıya ayrılmış torpaq sahəsi sonradan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi X6 Sovxozunun direktoru tərəfindən sovxoz ərazisindən deyil, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2000-ci il tarixli 1033 nömrəli sərəncamı ilə onun ərazisində yerləşən torpaqlardan ayrılmışdır. Həmin sərəncam yuxarıda adı çəkilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən müvafiq reyestrdən çıxarışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı mübahisəyə münasibətdə ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüququnun qeydiyyata alınmasından və bu barədə ona müvafiq çıxarışın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətlərini qanunsuz saymışdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və plan-ölçünün verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2966/2024 saylı 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2966/2024 saylı 17 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-260/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-260/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver