Məhkəmə qərarları › İş №2-1(103)-2600/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2600/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2600/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8363/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı diplomun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 sentyabr 2011-ci ildə Ukraynanın Xarkov Milli Avtomobil və Yol universitetinə daxil olmuş, 2016-cı il tarixdə tam kursu bitirmiş və bakalavr ixtisas dərəcəsi almışdır. Diplomun tanınması ilə bağlı müraciət etsə də diplomun tanınmasından cavabdeh tərəfindən imtina edilmiş, imtina səbəbi kimi də təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olması əsas götürülmüşdür. Belə ki, diplom Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin tələbinə əsasən apostil olunmuşdur. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təhsildə X2 nümayəndəsinin iddiaya dair etirazında qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və əsaslı olaraq müraciətin təmin olunmasından imtina olunmuşdur. Belə ki, müraciətə baxılan zaman iddiaçı bakalavr üzrə təhsil aldığı müddət ərzində Ukraynada cəmi (İ il -7 gün, İİ il –7 gün, İİİ il-7 gün, İV il –7 gün, V il -22 gün olduğunu müəyyən etmişdir. Göründüyü kimi iddiaçı təhsil aldığı ölkədə qısa müddət olmuşdur ki, həmin müddət ərzində tədris yükünün yerinə yetirilməsi mümkün hesab edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8363/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı diplom üzrə verilmiş ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün AR Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Təhsil Nazirliyi imtinanı verən zaman iddiaçının diplomunun və diplom üzrə verilmiş ixtisasının tanınmaması səbəbi kimi Ukraynanın Xarkov Milli Avtomobil-Yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olmasını göstərmişdir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”-nın 3.7-ci bəndinə əsasən iddiaçının müraciəti üzrə aldığı ixtisas ölkə ərazisində mümkün hesab edilməmişdir. Hazırda ona verilən diplomun və diplom üzrə verilmiş ixtisasın AR Təhsil Nazirliyi tərəfindən tanınmaması təhsil hüququnun pozulması deməkdir. Odur ki, iddiaçı ona verilmiş diplomun və diplom üzrə verilmiş ixtisasın tanınması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Birinci instansiya məhkəməsi iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin formasının qiyabi olduğu halda, onun qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində universitetin dərslərində iştirak etməməməsini, tədris normativi üzrə orada təhsil almaq üçün tələb olunan 5 illik müddətin qarşılığında həmin ölkədə müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsini qeyri-mümkün hesab edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 05.09.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, -təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğuna əsasən verilir. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı maddəsinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 2.8-ci maddəsinə əsasən, əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Əsasnamənin 2.9-cu maddəsinə əsasən, tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına əsasən qeyd edir ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Sazişin 2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası və Ukraynada orta ümumtəhsil və texnikipeşə təhsili haqqında verilən dövlət sənədlərinin nümunələri qarşılıqlı surətdə tanınır və növbəti pillədə təhsili davam etdirərkən ekvivalent sayılır. Lakin Sazişin 5-ci maddəsindən də göründüyü kimi diplomun tanınması ilə bağlı şərtlər nəzərdə tutulmuş və qeyd edilmişdir ki, Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Lakin, Ukrayna Respublikasında verilmiş diplomların tanınması üçün Azərbaycan Respublikasında müvafiq ixtisas dərəcəsi haqqında verilən diplomların təhsil müddətinə uyğun gəlməsi ilə bağlı zəruri şərtə riayət edilməmişdir. Belə ki, cavabdehin etirazına və təqdim etdiyi məlumatlara əsasən 5 illik tədris müddəti ərzində iddiaçının ümumilikdə 50 gün müddətində Ukrayna Respublikasında olması kifayət qədər az müddətdir. Həmin müddət ərzində 5 illik tədris planı üzrə fənnlərin mənimsənilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Dövlət Sərhəd Xidmətinin sorğuya cavab məktubundan da göründüyü kimi, iddiaçının ümumiyyətlə Ukrayna Respbulikasında olma müddəti cavabdehin etirazında qeyd edilən müddətdən də aşağı göstərilmiş, iddiaçının ümumilikdə Ukrayna Respublikasında 2011- 2016-cı illər tarixində olma müddəti 43 gün kimi göstərilmişdir. Məhkəmə kollegiysı onu da qeyd edir ki, hər bir halda xarici ölkədə olma müddəti iddiaçının xeyrinə 43 gün kimi yox, 50 gün kimi qiymətləndirilsə belə göstərilən iddia tələbinin təmin edilməsinə münasibətdə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunan müddəaların tələbi baxımından iddiaçının xeyrinə götürülən müddətdə belə təhsil müddəti ilə bağlı şərtin yerinə yetirilməməsi nəticəsinə gələrək iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsaslar mövcud olmadığından, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək iddianı təmin etməmişdir. Odur ki, cavabdehin imtinası qanunauyğun olmuş və apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8363/2021 saylı, 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar