Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2602/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********3739 nömrəli saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 21 aprel 2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla iddiaçıya məxsus aptekdə xx.xx.2021-xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərar alınmışdır. Həmin qərar əsasında keçirilmiş yoxlamaya dair 03 may 2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:00-da 0,60 manat məbləğində məhsulun alındığı, lakin satıcı tərəfindən çekin vurulmadığı müşahidə edilmişdir. İddiaçı bildirir ki, ona məxsus aptekdə həyata keçirilən operativ vergi tədbiri zamanı xx.xx.2021-ci il tarixdə saat 13:00-da qonşu marketdə çalışan xanım aptekə yaxınlaşaraq dərman almaq istəmiş, lakin pul olmadığı üçün dərmanın aptekdə qalmasını qeyd etmişdir. Satıcı da müştərinin qonşu olduğundan dərmanı götürüb pulu gətirməsini qeyd etmişdir. Müştəri çıxdıqdan sonra vergi orqanının əməkdaşı daxil olmuş, qiyməti 0,60 manat təşkil edən 2 ədəd tibbi maska və 1 ədəd santafil almış, satıcı isə texniki səhv olaraq üzrlü səbəbdən vergi orqanı əməkdaşına təqdim etdiyi qəbzə həm qonşuya təqdim edilmiş mallarla bağlı məlumatları, həm də əməkdaşın aldığı məhsulun qiyməti ilə bağlı məlumatları təqdim edilmiş çek təqdim etmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqətə uyğun deyildir və iddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilmədiyindən əsaslı olaraq qeyd olunan 0,60 manat ödənildiyi halda müvafiq çekin vurulmadığı faktı öz təsdiqini tapmış və müvafiq şəkildə rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 50.1, 50.1.3, 50.2, 50.2.1, 50.2.2, 50.2.3, 50.2.4, 50.2.5, 50.4, 58.7, 58.7.1, 58.7.2, 58.7.3-cü maddələrinə istinad edərək, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə əsaslandırmışdır. Vergi Məcəlləsinin 53, 54 və 58-ci maddələrinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulubpozulmaması ilə bağlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 21 aprel 2021-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarla iddiaçıya məxsus aptekdə xx.xx.2021xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərar alınmışdır. Həmin qərar əsasında keçirilmiş yoxlamaya dair 03 may 2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 13:00-da 0,60 manat məbləğində məhsulun alındığı, lakin satıcı tərəfindən çekin vurulmadığı müşahidə edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən çek vurulmuş, həqiqətən də cavabdehin qeyd etdiyi kimi 0,60 manat məbləğində məhsulla bağlı ayrıca çek vurulmamış, vergi orqanı əməkdaşından əvvəl gəlmiş müştəriyə satılmış məhsulla birlikdə, ümumilikdə satılan 5,81 manatlıq məhsula dair çek vergi orqanı əməkdaşına təqdim edilmişdir ki, həmin çekdən də müəyyən edilir ki, 1 ədəd 0,20 manat məbləğində santavik, 0,40 manat məbləğində 2 ədəd tibbi maskanın satışı ilə əlaqədar məlumatlar da məhz həmin çekdə olmuşdur. Satıcının vergi orqanı əməkdaşına vermiş olduğu izahatda, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilərkən vermiş olduğu ifadədən müəyyən edilmişdir ki, qonşu marketdə işləyən xanım ona yaxınlaşaraq dərman almış, həmin şəxsin pulu üstündə olmadığından pulu gətirmək istəyərkən satıcı onun qonşu olduğunu nəzərə alaraq məhsulu götürməsini, pulu sonra gətirməsinin problem olmadığını bildirmişdir. İstər satıcının, istərsə də marketin işçisinin məhkəmə şahid kimi verdiyi ifadələrdən həmin hallar öz təsdiqini tapmış, əlavə olaraq market işçisi həmin vaxt özünü çox pis hiss etdiyini və sakitləşdirici dərman almaq üçün aptekə daxil olduğunu qeyd etmişdir ki, satıcının əvvəldən tanıdığı market işçisinə dərmanın pulunu sonradan gətirməsini bildirməsi, həmin şəxsin sakitləşdirici dərman vasitəsi alması, aptekdə ümumi abı-hava barədə ümumi xarakterli məlumat verməklə, həmçinin də şahid ifadələrinin həqiqiliyinə məhkəmədə şübhə yaratmır. Daha sonra isə, satıcı bildirir ki, aptekə başqa şəxs daxil olmuş, 0,60 manat məbləğində məhsul almış və məhsulun qiyməti və adları ilk müştəri aptekə daxil olarkən aldığı məhsulların adları və qiymətləri daxil edilməklə texniki xəta kimi çapa vurularaq çek formasında sənədi həmin şəxsə təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, işin hazırkı halları mübahisə edilmir və eyni zamanda, nəzərə alınır ki, hazırkı halda vergi pozuntusu barədə qəbul edilmiş qərar satıcının birinci şəxsə çek təqdim edilmədən məhsulu verməsi barədə olmadığından, mübahisə məhz vergi orqanı əməkdaşına çekin təqdim edilməsi ilə bağlı olduğundan, satıcının, dolayısı ilə də iddiaçının vergi orqanı əməkdaşına 0,60 manat məbləğində məhsulun alınması əvəzində həmin məbləğ və məhsullar qeyd edilməklə çekin əvəzinə, 5,81 manat məbləğində ilkin və sonrakı müştərinin aldığı məhsullar barədə məlumatların birgə göstərilməklə tərtib edilmiş çekin verilməsinin hüquq pozuntusu olub-olmaması yoxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 1.2, 1.3, 1.3.2, 1.4.6, 8.3, 8.3.16-cı maddələri, Vergi Məcəlləsinin 0.8, 50.8.1, 50.8.2, 50.8.3, 50.8.4, 50.8.5, 50.8.6, 50.8.7, 50.8.8, 50.8.9, 50.8.10, 50.8.11, 50.8.12, 50.8.13, 50.8.14, 50.8.15, 50.8.16-cı maddələrinin tələbindən də göründüyü kimi nəzarət-kassa aparatının çekləri hansı məlumatların qeyd edilməli olması ilə bağlı konkret tələblər müəyyən edilmişdir ki, həmin məlumatların göstərilməklə pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin, yəni iddiaçının vəzifəsidir. Məhkəmə də hesab etmişdir ki, iddiaçı həmin vəzifənin yerinə yetirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verməmiş, yoxlamanı həyata keçirilməsi ilə əlaqədar məhsul almış vergi orqanı əməkdaşına aldığı məhsullar barədə məlumatın əks olunduğu çeki təqdim etmişdir ki, həmin çekdə əvvəlki müştərinin aldığı məhsullar barədə məlumatların əks olunması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsindən də göründüyü kimi Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməsi müəyyən edilmişdir. Həmin maddənin tələbi baxımından hazırkı mübahisə ilə bağlı 3 hala diqqət yetirilməsi məcburidir. İlkin olaraq maddədən də göründüyü kimi bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə qeyd edilmişdir ki, hazırkı mübahisə üzrə qeyd olunan pozuntunun olmadığı aşkardır. Belə ki, həmin hissə 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə ilə bağlıdır ki, burada çekdə məbləğin əksik və ya artıq göstərilməsi kimi texniki hal yox, məhz aparatın özünün qüsurlu çek verməsindən söhbət gedir ki, hazırkı iş üzrə belə bir pozuntu mövcud olmamış, iddiaçıda olan nəzarət-kassa aparatı qanunvericiliyin tələblərinə uyğun olaraq istismarda olmaqla istifadə edilmişdir ki, həmin çekdə texniki xarakterli hər hansı məlumatın yanlış daxil edilməsi aparatın istismara yararsızlığı ilə bağlı deyildir. Burada hazırkı mübahisənin yekunlaşmasında həlledici məqam isə alıcıya təqdim edilməli olan çekin verilməməsi və və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi ilə bağlıdır ki, məhkəmə həmin maddələrin istər məntiqi, istərsə də dilçilik baxımından şərhinin zəruriliyi mövqeyindədir. Belə ki, əgər məhkəmə hesab edirsə ki, satıcının digər müştərinin aldığı məhsulları, vergi orqanının əməkdaşının aldığı məhsullar barədə məlumat və qiymətlərinin əks olunduğu çekin təqdim edilməsi alıcıya təqdim edilməli olan çekin verilməməsidir, bu zaman vergi ödəyicisinin təqsiri aşkar sübut ediləcəkdir. Lakin məhkəmə hesab etsə ki, burada göstərilən məlumatların birlikdə qeyd edilməklə çekin təqdim edilməsi təqdim edilməli olan çekin verilməsi anlayışına xələl gətirmir və hər bir halda satılan məhsullar barədə məlumatlar öz əksini tapmış və ilkin müştərinin aldığı məlumatların qeyd edilməsi vergi öhdəliyindən yayınma məqsədi olmadan sadəcə texniki xətadır, bu zaman vergi pozuntunun mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə də, ikinci mövqeyi əsaslı hesab edərək qeyd etmişdir ki, həqiqətən də iddiaçının satıcısının hərəkətlərində vergi öhdəliyindən yayınma ilə bağlı hal müəyyən edilməmişdir. Belə ki, işin faktiki halları, o cümlədən satıcının verdiyi izahat və ifadə sübut edir ki, dövriyyənin gizlədilməsi, vergi öhdəliyindən yayınma kimi əlamətlər olmadan satıcının hərəkətləri texniki xarakterli səhv olmadan iddiaçının təqsirsizliyinə xələl gətirmir. Bundan əlavə, məbləğin səhvən artıq göstərilərək məhsulların birlikdə çekdə qeyd olunması ilkin müştəriyə münasibətdə əhali ilə pul hesablaşmalarının pozuntusu ehtimalı yaratsa belə, vergi orqanı əməkdaşına çekin təqdim edilməsində əhali ilə pul hesablaşmaları qaydalarının pozuntusundan söhbət gedə bilməz. Belə ki, maddədən də göründüyü kimi təqdim edilməli olan çekin verilməməsi ilə ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinin fərqləndirildiyi aşkardır. Qeyd olunan mövqe onunla bağlıdır ki, Maddədə “təqdim edilməli olan çekin verilməməsi” ifadəsi ilə “ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” ifadələri köməkçi nitq hissəsi kimi bağlayıcıların növü olan iştirak bağlayıcıları vasitəsi ilə yox, bölüşdürmə bağlayıcıları, yəni konkret olaraq və ya bağlayıcısı vasitəsi ilə əlaqələndirilmişdir. Qeyd olunan həlledici nüans isə onu göstərir ki, əgər cavabdehin mövqeyi əsaslı hesab edilərsə “ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” ifadəsi, həmçinin “təqdim edilməli olan çekin verilməməsi” ifadəsinin tərkibində getməyəcəkdir ki, cavabdehin hazırkı qərarı qəbul etməsinin əsassızlığı da məhz bununla bağlıdır. Halbuki, cavabdehin mövqeyi o vaxt əsaslı hesab edilə bilər ki, ifadə aşağıdakı formada olmuş olsun: “Təqdim edilməli olan çekin verilməməsi”, həmçinin (o, cümlədən və s) “ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi”. Lakin, maddədə istifadə olunan bağlayıcının və ya olması onu deməyə əsas verir ki, “çekin ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi” ifadəsi “təqdim edilməli olan çekin verilməməsi” ifadələri üst-üstə düşmür. Belə ki, Məcəlləyə görə “təqdim edilməli olan çekin verilməməsi” dedikdə ümumiyyətlə çekin verilməməsi nəzərdə tutulur ki, qeyd olunan hal ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə aidiyyəti olmayan, əksinə məbləğin səhvən artıq göstərildiyi çekin verilməsinin vergi məsuliyyəti yaratmadığı təsdiq edir. Beləliklə, ödənilmiş məbləğdən səhvən yuxarı məbləğ göstərilməklə çekin təqdim edilməsi şəxsə maliyyə sanskiyasının tətbiqi əsası qismində çıxış etmədiyindən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Eyni zamanda cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1430/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-2602/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2602/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver