Məhkəmə qərarları › İş №2-1(103)-2603/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2603/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2603/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 4/6, 118 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir

2. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-H0711-8/2023 **********88 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman 118 saylı mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi mənzildə daxili rekonstruksiya işlərinin aparıldığı, müvafiq mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölündüyü və qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Əlavə olaraq İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün tam (mənzilin bölünmüş digər hissəsinə)şərait yaradılmamışdır. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 saylı evin, 118 saylı mənzilinin qeyriyaşayış sahəsi olub-olmaması barədə məlumat verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 08 may 2023-cü il tarixli 3-48-2F/2-H-03103/2023 nömrəli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 11/3 saylı sərəncamının təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Sərəncamın təsdiq edilmiş surətinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan, ünvan 1 ünvandakı yataqxana binasında yerləşən Xüsusi müəssisələrin köçürülməsi üçün Qardağ rayonu ərazisində bir sıra obyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansına verilmişdir. Lakin, buna baxmayaraq, MQİBİ-nə ayrılan və onların balansına verilən obyektlərdə zəruri təmir işlərinin görülməsi və eləcə də, həmin obyektlərdə məskunlaşmış ailələrin köçürülməsi ilə əlaqədar məsələlər öz həllini tapmadığından sərəncamın icrasını təmin etmək mümkün olmamışdır. Ona görə də, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nə məxsus Xüsusi Müəssisələrin şəhədrdənkənar yaşayış massivlərində yerləşdirilməsi barədə BŞİH-nin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamının icrası ilə əlaqdar Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 290 saylı sərəncamla həmin obyektlərdə zəruri təmir işlərinin aparılması və orada yaşayan sakinlərin Xüsusi Müəssisələrin istifadəsində olmuş yataqxanalarda yerləşdirilməsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tapşırılmışdır. Həmin sərəncamın icrasını təmin etmək məqsədilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada yaşayış sahəsi 36.0 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) yaşayan İddiaçı ünvan 2 ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzil təklif edilmiş və o, adına sənədləşdirmək şərti ilə həmin mənzilə köçməyə öz razılığını bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 290 saylı sərəncamına əsaslanaraq İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 4/6 saylı evin, yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzilinə köçürülməsi və onun adına icarə müqaviləsi bağlanılmaqla həmin mənzilin icarədarı hesab olunması barədə sərəncam qəbul edilmişdir.

4. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən ünvan 3 ünvanında İddiaçı xx.xx.2008-ci il tarixdən qeydiyyatdadır, ondan başqa sözügedən ünvanda qeydiyyatda heç kim yoxdur.

5. 122 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən mənzilin eskiz layihəsi tərtib edilərək təsdiq edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli 3-52-13/2- 1140/2023 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən keçmiş yataqxana binası əvvəllər Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə məxsus olmuş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, hazırda 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balnasındadır. Dövlət mənzil fonduna aid 118 saylı mənzildə İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır.

7. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2024-cü il tarixli 3-52-13/2-65/2023 nömrəli məktubla bildirilmişdir ki, ünvan 1 evin, 118 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanılması barədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-cı il tarixli 11/3 saylı sərəncamının təsdiq edilmiş sənədlər qanunvericiliyə uyğun olaraq saxlanılması üçün dövlət arxivinə təhvil verilmişdir. Məktuba qoşma şəklində sərəncamın surəti əlavə edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 5 ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118 saylı mənzilin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinə məxsus olmuş, ünvan 6 ünvanda yerləşən keçmiş yataqxana binası dövlət mənzil fonduna daxil edilməklə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 205 saylı sərəncamı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan, ünvan 8 ünvandakı yataqxana binasında yerləşən Xüsusi müəssisələrin köçürülməsi üçün Qaradağ rayonu ərazisində bir sıra obyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansına verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nə məxsus Xüsusi müəssisələrin şəhərdənkənar yaşayış massivlərində yerləşdirilməsi barədə” xx.xx.2004-cü il tarixli, 205 saylı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 290 saylı sərəncamla həmin obyektlərdə zəruri təmir işlərinin aparılması və orada yaşayan sakinlərin Xüsusi müəssisələrin istifadəsində olmuş yataqxanalarda yerləşdirilməsi Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tapşırılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada yaşayış sahəsi 36,0 kv.metr olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə yaşadığı üçün ona Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31,36 kv.metr olan 2 otaqlı 118 saylı mənzil təklif edilmiş və həmin mənzili adına sənədləşdirmək şərti ilə göstərilən yaşayış sahəsinə köçməyə razılığını bildirmişdir. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-cı il tarixli, 11/3 saylı sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31,36 kv.metr olan 2 otaqlı 118 saylı mənzilə köçürülmüşdür və adına icarə (kirayə) müqaviləsi bağlanılmaqla, həmin mənzilin kirayəçisi (icarədarı) hesab edilmişdir. Həmin ildən mənzilə dair kommunal xidmət haqqlarını (mənzil və zibil haqqı) Departamentin 122 saylı MənzilKommunal İstismar Sahəsinə ödəyir və bu günə kimi borcu yoxdur. Mənzili öz vəsaiti hesabına üzün illərdir cari və əsaslı təmir edir. Hal-hazırda həmin mənzildə ailə üzvləri ilə birlikdə daimi qeydiyyatdadır. Nəzərə çatdırır ki, onun birlikdə bir çox qonşular Qaradağ rayonu, Qızıldaş qəsəbəsindən bu ünvanadakı binanın 1-ci mərtəbəsində yerləşən mənzillərə köçürülmüşlər və onlar mənzillərini müxtəlif vaxtlarda özəlləşdirmişdir. Həmin yaşayış sahələrini öz məqsədləri üçün mülahizələrinə uyğun müxtəlif təyinatlar üzrə (yaşayış və ya qeyri-yaşayış) istifadə edirlər. Faktiki olaraq həmin binanın zirzəmisi qeyri-yaşayış sahəsi olmuş və hazırda ayrı-ayrı şəxslərin mülkiyətindədir. Göstərilən mənzili adına özəlləşdirilməsi üçün qanunla müəyyən edilmiş qaydada sənədlərini toplayaraq poçt vasitəsi ilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-H0711-8/2023- **********88 saylı cavab məktubu ilə haqsız olaraq imtina olunmuşdur. Bununla da, mənzilə dair sahiblik, sərəncam vermək, sığortalamaq, mənzil mülkiyyətçiləri müştərək cəmiyyət yaratmaq, mülkiyyət hüququ ilə idarəçiliyi həyata keçirmək və sair hüquqları məhdudlaşdırılmışdır. Yaşadıqları binada qonşuları mənzillərini özəlləşdirməsinə baxmayaraq, ona münasibətdə idarənin ayrı seçkiliyinə məruz qalmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli və ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********88 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 4/6 saylı evin, 118 saylı mənzilinin qeyriyaşayış sahəsi olubolmaması barədə məlumat verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman 118 saylı mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, mənzildə daxili rekonstruksiya işlərinin aparıldığı, müvafiq mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölündüyü və qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün tam (mənzilin bölünmüş digər hissəsinə) şərait yaradılmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 11/3 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamı ilə iddiaçıya mənzil sahəsi ayrılmışdır və həmin sərəncamda mənzilin yaşayış sahəsi və otaqları konkret olaraq göstərilmişdir. Həmin sərəncam qüvvədə olduğu, geri çağrılmadığı, etibarsız sayılmadığı təqdirdə iddiaçı tərəfindən mənzilin təyinatına uyğun istifadə edilib-edilməməsindən asılı olmayaraq iddiaçının tələbinə uyğun olaraq mənzil sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olması və mənzildə rekonstruksiya işlərinin aparılması, mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölünməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli mənzil üzrə hüquqmüəyyənedici sənəd olan sərəncamın məzmunundan görünür ki, mənzilin yerləşdiyi bina Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansında olmuş və həmin mənzil iddiaçıya binanın balanssaxlayıcı tərəfindən qeyri-yaşayış sahəsi kimi deyil, yaşayış sahəsi kimi ayrılmışdır. Mənzil iki otaqdan ibarət olmuşdur.

14. Məhkəmə hesab etmişdir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-ciı il tarixli, 11/3 nömrəli Sərəncamı əsasında İddiaçı 01 oktyabr 2009-u il tarixədək verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

15. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu) Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Yaşayış evlərində ticarət, məişət ehtiyacları və qeyri-sənaye xarakterli digər ehtiyaclar üçün nəzərdə tutulan qeyri-yaşayış sahələri mənzil fonduna daxil deyildir.

Maddə 5. Dövlət mənzil fondu Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə idarə mənzil fondunun evləri SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada və müddətlərdə tədricən yerli xalq deputatları Sovetlərinin ixtiyarına verilməlidir.

23. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının hüquqi marağı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada 2 otaqlı 118 saylı mənzilin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsindən ibarətdir. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118 saylı mənzilin İddiaçı adına ilkin hüquqi qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Lakin qüvvədə olan qanunvericilkdə mülkiyyət hüququnun ilkin qeydiyyat anlayışı mövcud deyildir. Odur ki, qüvvədə olan qanunvericilik nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı da apellyasiya icraatı zamanı verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə uyğunlaşdırılmalıdır.

32. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinin əvvəlki redaksiyasında qeyd olunmuşdur ki, “Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat mülkiyyətçinin razılığı ilə aparılır”. Lakin 15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 feveral 2018-ci il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 142) ilə 144.5-ci maddə yeni redaksiyada verilmiş, ilkin qeydiyyat anlayışı qanunvericilikdən çıxarılmışdır.

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Əvvəla qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada 2 otaqlı 118 saylı mənzilin İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

37. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırkı iddiasında Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 4/6, 118 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

38. İşin hallarına əsasən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan, ünvan 1 ünvandakı yataqxana binasında yerləşən Xüsusi müəssisələrin köçürülməsi üçün Qardağ rayonu ərazisində bir sıra obyektlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin balansına verilmişdir. Lakin, buna baxmayaraq, MQİBİ-nə ayrılan və onların balansına verilən obyektlərdə zəruri təmir işlərinin görülməsi və eləcə də, həmin obyektlərdə məskunlaşmış ailələrin köçürülməsi ilə əlaqədar məsələlər öz həllini tapmadığından sərəncamın icrasını təmin etmək mümkün olmamışdır. Ona görə də, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ-nə məxsus Xüsusi Müəssisələrin şəhədrdənkənar yaşayış massivlərində yerləşdirilməsi barədə BŞİH-nin xx.xx.2004-cü il tarixli 205 saylı sərəncamının icrası ilə əlaqdar Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 290 saylı sərəncamla həmin obyektlərdə zəruri təmir işlərinin aparılması və orada yaşayan sakinlərin Xüsusi Müəssisələrin istifadəsində olmuş yataqxanalarda yerləşdirilməsi Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə tapşırılmışdır. Həmin sərəncamın icrasını təmin etmək məqsədilə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən yataqxanada yaşayış sahəsi 36.0 kv.m olan 3 otaqlı mənzildə 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) yaşayan İddiaçı ünvan 1 ünvanda yerləşən yataqxanada yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzil təklif edilmiş və o, adına sənədləşdirmək şərti ilə həmin mənzilə köçməyə öz razılığını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 290 saylı sərəncamına əsaslanaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı MənzilKommunal Təsərrüfatı Departamenti tərəfindən İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 4/6 saylı evin, yaşayış sahəsi 31.36 kv.m olan 2 otaqlı 118-ci mənzilinə köçürülməsi və onun adına icarə müqaviləsi bağlanılmaqla həmin mənzilin icarədarı hesab olunması barədə sərəncam qəbul edilmişdir.

39. İddiaçı həmin sərəncama əsasən ona ayrılmış mənzil üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtinanın və iddia ərizəsinə qarşı məhkəməyə təqdim edilmiş etirazın əsaslarında göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 4/6 saylı evin, 118 saylı mənzilinin qeyri-yaşayış sahəsi olub-olmaması barədə məlumat verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmiş, sorğuya cavab olaraq qeyd olunan sahənin qeyri-yaşayış sahəsi olduğu bildirilmişdir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən daşınmaz əmlaka texniki baxış keçirilən zaman 118 saylı mənzilin beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, mənzildə daxili rekonstruksiya işlərinin aparıldığı, müvafiq mənzilin faktiki olaraq 2 (iki) hissəyə bölündüyü və qeyriyaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün tam (mənzilin bölünmüş digər hissəsinə) şərait yaradılmamışdır.

40. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2603/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/4882 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, ünvan 11 ünvanda yerləşən 118 saylı mənzilin faktiki ölçüləri müəyyən edilmişdir. Təqdim olunan mənzilin ölçüləri, əsas yükdaşıyan divarların planlı yerləşməsi iş materiallarında olan və 122 saylı MKİS tərəfindən tərtib edilmiş eskiz layihəyə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən mənzildə əsaslı təmir işlərinin (obyektin istismar müddətini uzatmaq və (və ya) istismar keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müvafiq layihə əsasında yükdaşımayan konstruksiyaların, mühəndis kommunikasıya təminatı sisteminin və xətlərin dəyişdirilməsi və (və ya) bərpası, eləcə də zəruri hallarda yükdaşıyan konstruksiyaların müəyyən elementlərinin uyğunları ilə əvəzlənməsi və (və ya) bərpası işlərinin yerinə yetirilməsi) görülməsi müəyyən edilmişdir. Lakin Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 4/6, 118 saylı mənzilin hansı formada istismar edilməsi məsələsinin müəyyən olunması məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil.

41. Göründüyü kimi iddiaçının qeyd edilən mənzilə dair hüquqları Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006ci il tarixli, 11/3 nömrəli Sərəncamı ilə, yəni 1 oktyabr 2009-cu il tarixədək (yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək) yaranmışdır.

42. İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina cavabı verilmişdir.

43. Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin Azərbaycan Respublikası mənzil fondu Məcəlləsinin 32.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin müddəaları baxımından şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş etmişdir.

44. Sorğuda qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 45.“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenumunun Qərarı:

46. Göstərilən Qanunun 12-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

47. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

48. Hazırki mübahisəyə münasibətdə dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.

50. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır.

51. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, dövlət mənzil fondunda olan mübahisəli mənzil Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2006-ci il tarixli, 11/3 nömrəli Sərəncamı əsasında İddiaçı 01 oktyabr 2009-u il tarixədək verildiyindən sonuncunun mübahisəli mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlər nəzərə alınaraq İddiaçı xx.xx.2006-ci il tarixli, 11/3 nömrəli Sərəncamı ilə Məzahir Rüstəmov küçəsində yerləşən 4/6 saylı ev verildiyindən, həmin mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və mənzil kirayəsi müqaviləsi mövcud olduğundanonun müvafiq qanun qüvvəyə minənədək (2009-cu ilədək) mənzili özəlləşdirmək hüququ yarandığından sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qeyd edilən səbəblərdən dəyişdirilərək, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada 2 otaqlı 118 saylı mənzil İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 4/6 saylı ünvanda yerləşən yataqxanada 2 otaqlı 118 saylı mənzil İddiaçı adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar