Məhkəmə qərarları › İş №2-1(103)-2605/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2605/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2605/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4252/2021 saylı 26.07.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə son qoyulması və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1991-ci ildən 2002-ci ilə qədər DİO-da Xətai Rayon Mühafizə İdarəsində polis nəfəri kimi işləmişdir. İşlədiyi müddətdə torpaqlarımızın erməni işğalından qorunmasında iştirak etmişdir. Belə ki, DİN-in əmri ilə 14.05.1994-cü ildə Fizuli rayonunda, 17.06.1994-cü ildə isə digər döyüş bölgələrin müdafiəsində polis nəfəri kimi xidmət etmişdir. Qeyd etdiyi faktların DİN-nin arxivində öz əskini tapmışdır. Həmin dövrdə döyüş zonasında atəşkəs olsa da, erməni işğalçıları tərəfindən atılmış müxtəlif mərmi partlayışlarından sonra onda yaranmış psixoloji xəstəlikdən əziyyət çəkdiyindən 2002-ci ildə 2-ci qrup əlil kimi DİO-dan xaric edilmişdir. Həkimlərin qeyri-peşəkarlığından və qərəzliyindən xəstəliyi həmin dövrlə əlaqələndirməmiş, ona Qarabağ əlili kimi deyil, ümumi əlillik verilmişdir. Hətta göstərilən faktlara baxmayaraq, ona müharibə veteranı vəsiqəsi də verilməmişdir. Halbuki o, özbaşına deyil, DİN-in rəhbərliyinin müvafiq əmrləri əsasında Bakı şəhərindən məlum uzaq məsafədə yerləşən döyüş bölgələrinə ezam olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4252/2021 saylı 26.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.(hakim: İddiaçı) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 03.03.2021-ci il tarixli, 024-666- 1221 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhər Xətai rayon Mühafizə İdarəsinin 13.05.1994-cu il tarixli 89 nömrəli əmrinin surətindən görünür ki, Mühafizə İdarəsinin 12.05.1994-cu il tarixli telefonoqramına əsasən 14.05.1994cu il tarixdən 24 nəfər əməkdaş o cümlədən İddiaçı 10 günlük Qarabağın döyüş bölgəsinə ezam olunmuşdur. Cavabdeh Daxili İşlər Nazirliyi isə onun döyüş bölgələrində erməni təcavüzkarlarına qarşı vuruşduğunu təsdiq edən müvafiq sənədlər olmasına baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina etmişdir. Bu barədə sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməyə Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə son qoyulması və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının 14-24 may 1994-cü il tarixlərində döyüş bölgəsinə (Fizuli rayonu) ezam olunması işin mübahisəsiz halıdır. Lakin işdən onun aldığı xəsarətin həmin döyüş əməliyyatları ilə bağlı olması müəyyən olunmur. Belə ki, iddiaçı 27.03.2002-ci il tarixdən 08.06.2002-ci il tarixədək şizofreniya paranoid forması “diaqnozu” ilə 1 nömrəli şəhər Klinik Xəstəxanasında stasionar müalicə almış, iddiaçıya şizofreniya paranoid forması diaqnozu qoyulmaqla daxili işlər orqanlarında xidmətə yarasız kimi şəhadətləndirilmiş, xəstəliyinin səbəbli əlaqəsi “xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xəstəliyi şəhadətləndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 44-cü hissəsinə əsasən hərbihəkim komissiyalarının (bundan sonra — HHK) yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» Həmin hissənin a) bəndinə əsasən «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, dövlət sərhədini müdafiə edərkən; xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa, yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əks kəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə aid etməyə imkan verən sənədlər varsa; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Həmin hissənin ç) bəndinə əsasən isə «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının xəstəliyi xidmət keçdiyi qurum tərəfindən «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi deyil, «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» kimi şəhadətləndirildiyindən onun bu xəstəliyi ezam edildiyi döyüş bölgəsində döyüş əməliyyatları ilə bağlı alması iş materialları ilə sübut edilmir. Beləliklə, məhkəmə hesab etmişdir ki, qanunvericiliklə müharibə veteranı adı verilən şəxslərin dairəsi imperativ olaraq qeyd edildiyindən, 1994-cü il 12 may tarixindən sonra xidmət keçmiş iddiaçının isə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmadığından, o, yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi təmin oluna bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 03.03.2021-ci il tarixli 024-666-1221 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhər Xətai rayon Mühafizə İdarəsinin 13.05.1994-cü il tarixli 89 nömrəli əmrinin surətindən görünür ki, Mühafizə idarəsinin 12.05.1994-cü il tarixli telefonoqramına əsasən 14.05.1994-cü il tarixdən 24 nəfər əməkdaş, o cümlədən İddiaçı 10 günlük Qarabağın döyüş bölgəsinə ezam olunmuşdur. İş materiallarında olan Xətai RPİ Mühafizə şöbəsinin 17.06.1994-cü il tarixli 125 nömrəli əmri ilə iddiaçı həmin ilin may ayının 14-24 tarixlərində Fizuli rayonunda Respublikanın ərazi bütövlüyü, xidməti vəzifə borclarının vicdanla və ləyaqətlə yerinə yetirdiyinə görə 3000 manat məbləğində pulla mükafatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 08.07.2021-ci il tarixli, 029-1882-1221 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DİN-in tibb müəssisələrindəki xəstəlik tarixindən çıxarışların surətlərindən görünür ki, iddiaçı 27.03.2002-ci il tarixdən 08.06.2002-ci il tarixədək şızofreniya paranoid forması “diaqnozu” ilə 1 nömrəli şəhər Klinik Xəstəxanasında stasionar müalicə almışdır. İddiaçıya şizofreniya paranoid forması diaqnozu qoyulmuş, xəstəliyin səbəb əlaqəsi “xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış 03.01.2021-ci il tarixli 024-10020/39- 3221 nömrəli cavab məktubundan görünür ki, sabiq polis əməkdaşı İddiaçı Bakı şəhər Xətai Rayon Mühafizə İdarəsinin 13.05.1994-cü il tarixli, 89 nömrəli və 17.06.1994-cü il tarixli, 125 nömrəli əmrləri ilə Qarabağ bölgəsinə ezam olunaraq mükafatlandırılması tarixlərinin atəşkəs dövrünə təsadüf etdiyi müəyyən olunmuş, bu səbəbdən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı xahişinin müsbət həlli mümkün olmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Normanın tələbinə görə, şəxsə 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün iki şərt tələb olunur: 1. Şəxsin döyüş zonasında hərbi xidmət keçməsi, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; 2. şəxsin həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 14-24 may 1994-cü il tarixlərində Qarabağın döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 08.07.2021-ci il tarixli, 029-1882-1221 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DİN-in tibb müəssisələrindəki xəstəlik tarixindən çıxarışların surətlərindən müəyyən olunur ki, iddiaçı 27.03.2002-ci il tarixdən 08.06.2002-ci il tarixədək şızofreniya paranoid forması “diaqnozu” ilə 1 nömrəli şəhər Klinik Xəstəxanasında stasionar müalicə almışdır. İddiaçıya şizofreniya paranoid forması diaqnozu qoyulmuş, xəstəliyin səbəb əlaqəsi “xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi göstərilmişdir. Sonradan iddiaçı döyüş əməliyyatlarında iştirak etdiyini nəzərə alaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş, cavabdeh orqan iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş, imtinanın əsası kimi onun Bakı şəhər Xətai Rayon Mühafizə İdarəsinin 13.05.1994-cü il tarixli, 89 nömrəli və 17.06.1994-cü il tarixli, 125 nömrəli əmrləri ilə Qarabağ bölgəsinə ezam olunaraq mükafatlandırılması tarixlərinin atəşkəs dövrünə təsadüf etdiyinin müəyyən olunduğu, bu səbəbdən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı xahişinin müsbət həlli mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi iddiaçının xəstəliyinin səbəb əlaqəsi onun Qarabağın döyüş bölgəsinə ezam olunduğu müddətdə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması ilə bağlı deyil, xəstəlik DİO-da xidmət keçmə dövründə alınması ilə bağlı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmadığından, o, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4252/2021 saylı 26.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar