Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2605/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdein nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İ Qarabağ müharibəsi veteranıdır, veteran olduğu üçün iddiaçıya xx.xx.2005-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən 953 nömrəli bağın istifadəyə verilməsi haqqında 96600 nömrəli müqavilə bağlanmışdır.Bu günə qədər bağın torpaq sahəsinin sxemi olmadığı üçün o bağdan istifadə edə bilməmişdir. Lakin bu günə qədər həmin torpaq sahəsi üçün bələdiyyə ödənişləri etmişdir. Cavabdehə müraciət edərək bağ sahəsi üzərində hüquqların qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, texniki baxış keçirilən zaman digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsi göstərilmişdir və qeyd edilən bağ sahələrindən ikisi digər fiziki şəxslərin - X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlmədiyi məlum olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsininin üzərinə qoyulmuşdur. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilən etirazda qeyd edilənlərdən başqa hər hansı yeni sübut göstərilməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, iddiaçıya X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 № li protokoluna əsasən Bakı şəhərində, Xəzər rayonunda, Türkan qəsəbəsində 953 №li bağ sahəsi ayrılmışdır, həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi ilə xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilə bağlanmışdır. İddiaçı cavabdehə müraciət edərək həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etsə də, cavabdeh tərəfindən imtina olunmuşdur. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan sənədlər : X3 və İstismarı Birliyinin 318345 nömrəli mədaxil qəbzinə, Bakı şəhəri Xəzər rayonu Türkan bələdiyyəsinin 101262 nömrəli, 003673 nömrəli, 002604 nömrəli qəbzlərinə əsasən iddiaçı Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 953 nömrəli bağ sahəsi ilə bağlı xx.xx.2005-ci ildə, xx.xx.2010-cu ildə, xx.xx.2008-ci ildə,xx.xx.2006-cı ildə torpaq vergisi və digər ödənişlər etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatının 36/893 nömrəli, xx.xx.2013-cü il tarixli li arxiv arayışına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 2005-ci ilə dair sərəncamlar kitabında 289 nömrəli, xx.xx.2005-ci il tarixli “X3 və istismarı birliyinin protokolunun təsdiq edilməsi haqqında” sərəncam mövcuddur, həmin sərəncamla X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №li protokolu təsdiq edilmişdir və qeyd edilən protokola əsasən İddiaçı Türkan qəsəbəsində 953 №li bağ ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 953 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismar Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilə mövcuddur, lakin həmin bağ sahəsinin yerləşmə cizgisi arxivdə aşkar olunmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilənin cavabdeh tərəfindən təsdiq edilmiş surətinə əsasən iddiaçıya Türkan qəsəbəsinddə 953 nömrəli, sahəsi 0,11 ha olan torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişə” əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 953 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi qeyd edilmişdir ki, “idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsi göstərilmişdir və qeyd edilən bağ sahələrindən ikisi digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematk xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlmədiyi məlum olmuşdur”. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə X2 və X5 adlarına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində bağ sahələrinin qeydiyyata alınması üçün əsas olmuş sənədlər təqdim edilmişdir, qeyd edilən məktuba və sənədlərə əsasən X2 adına Türkan qəsəbəsində 955 saylı, X5 adına 1106 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kollegiya qeyd edir ki, X3 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 105 №li protokoluna əsasən Türkan qəsəbəsində 953 №li bağ sahəsinin ayrılması və həmin bağ sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X3 Departamentinin X3 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2005-ci il tarixli, 36600 nömrəli müqavilənin bağlanması birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmiş və iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilmişdir. Cavabdehin “texniki baxış keçirilən zaman digər fiziki şəxslər tərəfindən hasarlanmış üç bağ sahəsi göstərilmişdir və qeyd edilən bağ sahələrindən ikisi digər fiziki şəxslərin - X2 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 953 saylı bağ sahəsinə uyğun gəlmədiyi məlum olmuşdur” dəlilinə gəldikdə isə Kollegiya bildirir ki, X2 adına Türkan qəsəbəsində 955 saylı, X5 adına isə 1106 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan çıxarışlarla qeyd edilənlər təsdiqlənir. Burdan da aydın olur ki, həmin şəxslərin iddiaçının istifadəsinə ayrılmış 953 saylı bağ sahəsi ilə hər hansı bir əlaqəsi yoxdur. Bundan başqa “digər bağ sahəsinin isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 953 nömrəli bağ sahəsinə uyğun gəlmədiyi” ilə bağlı cavabdehin dəlilinə münasibətdə Kollegiya bildirir ki, sxematik xəritədə uyğunsuzluğun olması iddiaçının iradəsindən asılı olan hal olmamaqla yanaşı, mövcud olan uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” İş üzrə tətbiq edilən hüquq normaları : «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu : Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1824/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: İkram Şirinov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2605/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2605/2023
18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver