Məhkəmə qərarları › İş №2-1(103)-2607/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2607/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2607/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq ona 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə xx.xx.1962-ci il təvəlüdlü iddiaçı xx.xx.2022-ci il tarixdə 60 yaşına çatmışdır. Həmin tarixədək iddiaçının ümumi iş stajı 30 il 2 ay 21 gün, çilingər, çilingər-boru ustası və quraşdırıcı güzəştli peşələri istisna olmaqla, təkcə elektrik qaynaqçısı peşəsi üzrə güzəştli iş stajı 12 il 8 ay 23 gün təşkil edir. O, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu ona ünvanladığı 14 oktyabr 2022-ci il tarixli cavab məktubunda pensiya təyin etməkdən imtina edərək səbəb kimi, güzəştli iş stajın 12 il 6 aydan az (5 il 10 ay 9 gün (xx.xx.1995-xx.xx.1999-cu il və xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər) olmasını göstərmişdir. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, imtina məktubunda qeyd edilən əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçının Filiala təqdim etdiyi sənədlərdə onun xx.xx.2012-xx.xx.2020-ci illərdə "xxxx" MMC-də işlədiyi quraşdırıcı vəzifəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən onun güzəştli stajı 12 il 6 aydan az, yəni 5 il 10 ay 9 gün təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, İddiaçı isə onunla razılaşmamış qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən qərar qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinə qüvvədə olan olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu vaxt qüvvədə olmuş, o cümlədən, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi əhrbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq, iddiaçının işə əlavə olunmuş hərbi 25 iyul 1981-ci il tarixli 806597 diplomun, 14 oktyabr 1981-ci il tarixli ******* nömrəli hərbi biletinin və 05iyun 1984-cü il tarixli İT-1 ******* nömrəli əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1978 - xx.xx.1981 – peşə təhsili (avtomobilin təmiri çilingəri işlərini bacaran sürücü) – 2 il 10ay 24 gün; xx.xx.1981 - xx.xx.1983 - müddətli həqiqi hərbi xidmət - 2 il ; xx.xx.1984 - xx.xx.1986 - “Qafqaz enerqomontaj” tresti Abşeron Montaj müəssisəsinin Sumqayıt montaj sahəsində 3-cü dərəcəli çilingər - 2 il 3 ay 9 gün; xx.xx.1986 - xx.xx.1988 – həmin montaj sahəsində 3-cü və 4-cü dərəcəli çilingərboru ustası – 1 il 8 ay; xx.xx.1988 - xx.xx.1994 - həmin montaj sahəsində 3-cü, 4-cü və 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı – 6 il 2 ay 10 gün; xx.xx.1994 - xx.xx.1994-cü illərdə “Volqa-Xəzər” Kiçik müəssisəsində 5-ci dərəcəli elektrik qaynaqçısı - 5 ay 23 gün; xx.xx.1995 - xx.xx.1997 - X1 Təmir-tikinti idarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı - 2 il 3 ay 26 gün; xx.xx.1997- xx.xx.1999- “İnşaat” Səhmdar Cəmiyyətində 5-ci dərəcəli elektrik qaynaqçısı - 2 il 4 gün; xx.xx.2012 - xx.xx.2012 - "xxxx" MMC-də elektrik qaynaqçısı - 2 ay, xx.xx.2012 - xx.xx.2020 - "xxxx" MMC-də 4, 5 və 6-ci dərəcəli quraşdırıcı – 8 il 7 ay 21 gün; xx.xx.2020-xx.xx.2022 (60 yaş tarixi) – həmin "xxxx" MMC-də elektrik qaynaqçısı - 1 il 7 ay 16 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək iddiaçının 34 il 10 ay 13 gün toplanır ki, həmin stajın da istehsalatda xüsusilə zərərli və ağır iş şəraitində 12 il 9 ay 19 gün elektrik qaynaqçısı kimi, 8 il 7 ay 21 gün quraşdırıcı işləmişdir və onun bu qəbildən olan iş stajı təkcə 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də 10 il 3 ay 7 gün təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları, eləcə də həmin Siyahının 35-ci “Ümumi peşələr” bölməsində “əl ilə elektrik qaynaqçıları” güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş "xxxx" MMC-nin vəkil sorğusuna ünvanlanmış xx.xx.2023-cü il tarixi məktubundan (arayışından) da məhz qeyd olunur ki, iddiaçı “İddiaçı "xxxx" MMC-də xx.xx.2012-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də işlədiyi quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cı bölməsində - “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları peşəsi, xx.xx.2020-ci ildən hal-hazıradək işlədiyi elektrik qaynaqçısı peşəsi isə həmin qərarın 35 bölməsinin Ümumi peşələrində əl ilə qaynaq aparan elektrik qaynaqçılan peşəsinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2023-ci il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 10 il 08 ay 24 gün təşkil edir (i.v.49; 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 10 il 3 ay 7 gün). Qeyd olunanlar baxımından, cavabdehin apellyasiya şikayətinin “iddiaçının xx.xx.2012-xx.xx.2020-ci illərdə "xxxx" MMC-də işlədiyi quraşdırıcı vəzifəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun olmadığını” mübahisələndirən dəlilləri onu deməyə əsas verir ki, cavabdeh bu dəlillərini irəli sürərkən nə iddiaçının əmək kitabçasını, nə həmin müəssisənin tədqiq olunan məktubunu, nə də ki Nazirlər Kabinetinin qeyd olunan qərarı ili təsdiq edilmiş Siyahının göstəricilərini hərtərəfli araşdırmamış, formal xarakterli dəlilləri ilə işi uzatmağa çalışmışdır. Eyni zamanda, işə əlavə olunmuş İnşaat ASC-nin xx.xx.2022-ci il tarixli güzəştli arayşından görünür ki, iddiaçının həmin cəmiyyətdə xx.xx.1995-elektrik qaynaqçısı kimi 2 il 3 ay 26 gün işlədiyi peşə güzəştli pensiya hüquq verən peşə kimi qeyd olunmuşdur (i.v.9) . Göründüyü kimi, iddiaçının təkcə qeyd olunan iki müəssisədə, həmin müəssisələrin arayışları və əmək kitabçasının qeydlərinə əsasən iddiaçıya 60 yaşından pensiya hüququ verən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur (Qeyd olunan əmək fəaiyyətindən göründüyü kimi, onun digər müəssisələrdə də elektrik qaynaqçısı kimi güzəştli stajı mövcuddur). Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasının mübahisələndirilən (o cümlədən 90-cı illər üzrə əmək fəaliyyətini əks etdirən) qeydlərində onun işə qəbulu və işdən azad edilməsi, işlədiyi təşkilatın adı, onda baş verən keçidlər və dəyişiklər, müvafiq əmrlər təsbit olunmuş, qeydlərin həqiqiliyi müəssisə rəhbərinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, həqiqliyini şübhə altına alan qarlama və düzəlişlər mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cii maddəsinin qeyd olunan tələbləri baxımından, iddiaçının 60 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranır. Həmin Qanunun 32.1-ci maddəsi isə nəzərdə tutur ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının məhkəməyə qədər müraciəti üzrə ona 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4703/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar