Məhkəmə qərarları › İş №2-1(103)-2608/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2608/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2608/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı adı və vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3579/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin N nömrli əmrindən görünür ki, Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış hərbi mükəlləfiyyətlər (İddiaçı) xx.xx.N-cü il tarixdən hesab olunmaqla 4-cü taburun şəxsi heyyətinin siyahısına daxil edilməsi və ştata təyin olunmaqla bütün təminatlarla təmin olunması əmr edilmişdir.

2. Hərbi biletin surətinən görünür ki, İddiaçı 04.19xx-xx.1985 illərdə h/h N nömrəli hərbi hissədə, 10.19xx-xx.1987 illərdə h/h N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N-cü il tarixli əmrlə N nömrəli hərbi hissəyə daxil olmuşdur.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sorğuya cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1967-ci il təvəllüdlü İddiaçı adı yazılmış, lakin adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamışdır. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin sorğuya cavab məktubundan görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. xx.xx.N-cü il tarixdə keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində çağırılmış, N saylı hərbi hissədə hərbi xidməti keçmiş, tərxis olmamışdır. Tərtər hərbi prokurorluğundan Xidmətin Qaradağ rayon idarəsinə 2018- ci il tarixdə daxil olan məktubda İddiaçı barəsində heç bir təqsirləndirici material və ya cinayət işi olmadığı göstərilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən onun müharibə veteranı statusunu qazanmaq hüququ yaranır. Lakin, cavabdeh heç bir əsaslı səbəb gətirmədən əsassız olaraq iddiaçının ərizəsini təmin etmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı Qaradağ RHK-dan hərbi xidmətə çağrılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cu il tarixli 258 nömrəli əmrilə xx.xx.N-cü il tarixdən gəlmiş hesab olunmaqla, 4-cü taborun şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara qoyulmuş və ştata qoyulmuşdur. Arxiv arayışında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyat kitabında 1967-ci il təvəllüdlü İddiaçı adının yazıldığı, lakin adının qarşısında xidməti barədə müvafiq qeydlərin aparılmadığı, habelə N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının barəsində məlumat aşkar olunmadığı qeyd edilmişdir. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktublarından da görünür ki, İddiaçı hərbi hissənin siyahısında salındığı xx.xx.N-cü il tarixdən sonra hərbi xidməti döyüşlərdə iştirak etməsi, yaralanmağı və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan səbəbdən iddianın rədd edilməsini xahiş edilir.

9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3579/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, veteran adı və vəsiqəsinin verilməsini zəruri edən şərtlər - arxiv arayışlarında və nizami hissə üzrə əmrlərdə hərbi qulluqçunun hərbi xidməti ilə bağlı məlumatın mövcud olmasıdır. Lakin cavabdehin məktubundan da göründüyü kimi N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1967-ci il təvəllüdlü İddiaçı adı qeyd olunsa belə, onun adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamış, ən əsası isə N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində məlumat aşkar olunmamışdır. Göründüyü kimi iddiaçının ikinci hərbi xidmət keçdiyi zaman döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar olunmamışdır ki, bu da cavabdehin inzibati orqanının imtinasının əsaslı olmasının göstəricisidir. Bundan başqa, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması haqqında əmrlərin mövcudluğu da müəyyən olunmamışdı. Göründüyü kimi İ Qarabağ müharibəsi dövründə və ondan sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədə sonra hərbi xidməti keçmiş hesab edilmişdir. Lakin iddiaçının xx.xx.N-cü il tarixdən N nömrəli hərbi hissəyə daxil olması məlumatından başqa onun sonraki illərdə hərbi xidməti ilə bağlı heç bir məlumat aşkar edilməmiş, onun döyüşlərin davam etdiyi dövrdə xidməti, eləcə də qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair hər hansı məlumat və sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, iddiaçının verdiyi izahatda onun onun hərbi hissədən tərxis olunduğu müddətin 1994-cü ilin fevral ayına təsadüf etdiyi bildirilmişdir ki, bu da onun həmin müddətdən əvvəl xidmətini qanuni əsas olmadan başa vurmuş olduğunu, ən azından qanuni əsaslarla ehtiyata buraxılmadığının göstəricisidir.

Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının tam ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər “müharibə veteranı” sayılırlar. Həmin normaya uyğun olaraq qeyd edilməlidir ki, o da öz növbəsində Birinci Qarabağ müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları ilə birlikdə erməni işğalçılarını məğlub edərək, torpaqlarımızın düşmən tapdağında olmaması, yurdlarımızda üçrəngli bayrağımızın dalğalanması üçün şücaətlə vuruşmasına baxmayaraq ona indiyə kimi “Müharibə veteranı” adı verilməmişdir. Sözü gedən hüquq normasına əsasən, mövcud faktlar və məhkəməyə təqdim edilmiş sənədlər onun iddia tələbinin əsaslı olmasına və məhkəmə qaydasında tanınmasını şərtləndirirdi. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən mənə təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 9/2-18390 saylı arxiv arayışından da göründüyü kimi, o, Qarabağ RHK-dan hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 258 nömrəli Əmri ilə (əsas paraqraf 3, səhifə 13, sıra 35) xx.xx.N-cü il tarixindən 4-cü taburun şəxsi heyətinin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin, N nömrəli hərbi hissənin şəxsi heyətinin qeydiyyat kitabında da adının qeyd edilməsi faktı öz əksini tapmışdır. Bundan başqa, Hacıkənd ərazisində N nömrəli hərbi hissənin 4-cü batalyonun tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi zaman mühasirəyə alınmış, Daşkəsən batalyonunun həyata keçirdiyi əməliyyatlar nəticəsində mühasirədən çıxarılmış, məktəbə yerləşdirilmiş, daha sonra isə hərbi maşınlar vasitəsilə hospitala gətirilmişdir. Güllə yarası alan hərb yoldaşları hospitalda qalmış, digər hərbçilər isə Hacı kəndə yollanmışdır. Hərbi hissə dağıldığı üçün silahları təhvil vermiş və evə göndərilmişlər. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamədən də göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Ona təqdim edilmiş çağırış vərəqəsindən, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon hərbi komissarlığı tərəfindən təqdim olunmuş arayışa və Azərbaycan RespublikasıMüdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli, 9/2-18390 saylı arxiv arayışında onun həqiqətən də hərbi xidmətə çağırılma və hərbi xidmətdə olmağı faktı öz təsdiqini tapmışdır. Hətta, məhkəmədə yekun aktında onun xx.xx.N-cü il tarixində Qarabağ rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə AR Silahlı qüvvələrinə çağırıldığını, N saylı hərbi hissədə hərbi xidmət keçdiyini təsdiq etmiş, lakin, tərxislə bağlı qeydin olmamasına əsas gətirmişdir. Onun səfərbərliklə əlaqədar hərbi hissənin tərkibində vuruşmağı öz əksini tapmışdırsa, deməli, o, həqiqətəndə müharibə zamanı iştirakçı olmuş və təbii ki, iştirakçı qismində də tərxis edilmişdir. Lakin, tərxisə dair qeydin öz əksini tapmaması onun müharibə veteranı statusunun verilməsindən imtina üçün əsas deyildir. Müharibə zamanı qarışıqlıq nəticəsində bu qeydin edilməməsi normal bir hal olduğundan, eyni zamanda, həmin qeydi aparacaq səlahiyyətli şəxs o olmadığından məhkəmə bu kimi hallara diqqət yetirməli idi. Bundan başqa, mövcud iş materiallarından da aydın olduğu kimi məhkəməyə təqdim edilmiş, eyni zamanda, verilmiş sorğuya Müdafiə Nazirliyi tərəfindən verilmiş cavab da məhkəməyə təqdim edilmişdir. Həmin hüquqi sənədlərdə AR Prokurorluğu AR Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubdan da göründüyü kimi, İddiaçı barəsində AR Hərbi prokurorluğunun İstintaq İdarəsində cinayət işinin və ya araşdırılma materiallarının olması barədə məlumat aşkar edilməmişdir. Bu da bir daha onu təsdiq edir ki o həqiqətən də, qanuni əsaslara buraxılmış, xidməti layiqincə yerinə yetirmişdir. Əks halda qanuni əsaslarla döyüş bölgəsini tərk etməsəydi, barəsində cinayət işi qaldırılar, araşdırılma aparılarardı. Beləliklə, məhkəmə bu faktları gözardı edərək onun qanunla qorunan hüquqlarına toxunmuşdur. Belə olan təqdirdə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı əsassız olduğundan faktiki halların məhkəmə tərəfindən nəzərə alınmaqla iddia tələbinin təmin edilməsinə yönələn qərarın qəbul edilməsini qanunauyğun hesab edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

Prosses iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa,Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 18.Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

23. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

27. İddiaçının iddia ərizəsi və apellyasiya şikayətində qeyd etdiyi əsas məqam onun Qarabağ RHK-dan hərbi xidmətə çağırılması, N nömrəli hərbi hissə komandirinin xx.xx.Ncü il tarixli, 258 nömrəli Əmri ilə (əsas paraqraf 3, səhifə 13, sıra 35) xx.xx.N-cü il tarixindən 4-cü taburun şəxsi heyətinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsidir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin qeydiyyat kitabında da onun adı qeyd edilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilə bilməsi üçün təkcə şəxsin hərbi xidmət keçməsi faktının sübuta yetirilməsi kifayət deyildir. Bununlayanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir.

29. Kollegiya qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi (o cümlədən, yaralanması) faktına əsaslana bilər. Lakin iddiaçı cavabdehin onun qarşısında müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı öhdəlik daşımasını sübut etməlidir.

30. Belə ki, cavabdehin məktubundan da göründüyü kimi N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1967-ci il təvəllüdlü İddiaçı adı qeyd olunsa belə, onun adının qarşısında xidməti barədə müvafiq qeydiyyat aparılmamış, ən əsası isə N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun barəsində məlumat aşkar olunmamışdır.

31. Bununla belə, Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 20-ci maddəsinə əsasən, bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

32. Digər tərəfdən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N-cü il tarixdə keçmiş Qaradağ rayon komissarlığı tərəfindən səfərbərliyə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçmiş, tərxis olmamışdır.

33. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İ Qarabağ müharibəsi dövründə və ondan sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilmişdir. Lakin iddiaçının xx.xx.Ncü il tarixdən N nömrəli hərbi hissəyə daxil olması məlumatından başqa onun sonraki illərdə hərbi xidməti ilə bağlı heç bir məlumat aşkar edilməmiş, onun döyüşlərin davam etdiyi dövrdə xidməti, eləcə də qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmasına dair hər hansı məlumat və sübut məhkəməyə təqdim edilməmişdir.

34. Bununla belə iddiaçı apellyasiya şikayətində qeyd edir ki, “AR Prokurorluğu AR Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubdan da göründüyü kimi, İddiaçı barəsində AR Hərbi prokurorluğunun İstintaq İdarəsində cinayət işinin və ya araşdırılma materiallarının olması barədə məlumat aşkar edilməmişdir. Bu da bir daha onu təsdiq edir ki o həqiqətən də, qanuni əsaslara buraxılmış, xidməti layiqincə yerinə yetirmişdir. Əks halda qanuni əsaslarla döyüş bölgəsini tərk etməsəydi, barəsində cinayət işi qaldırılar, araşdırılma aparılarardı” .

35. İddiaçının bu dəlili birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə eynilik təşkil edir. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin sorğuya cavab məktubundan görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. xx.xx.N-cü il tarixdə keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində çağırılmış, N saylı hərbi hissədə hərbi xidməti keçmiş, tərxis olmamışdır. Tərtər hərbi prokurorluğundan Xidmətin Qaradağ rayon idarəsinə 2018-ci il tarixdə daxil olan məktubda İddiaçı barəsində heç bir təqsirləndirici material və ya cinayət işi olmadığı göstərilmişdir.

36. Eyni zamandan iddiaçının qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının barəsində hər hansı bir təqsirləndirici material və ya cinayət işinin olmaması onun qanuni əsaslarla tərxis olunmasını istisna etmir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.

38. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, onun səfərbərliklə əlaqədar hərbi hissənin tərkibində vuruşması öz əksini tapmışdırsa, deməli, o, həqiqətəndə müharibə zamanı iştirakçı olmuş və təbii ki, iştirakçı qismində də tərxis edilmişdir. 39.Kollegiya göstərilən dəlil ilə bağlı qeyd edir ki, iddiaçının yalnız müharibə iştirak etməsi ona onun həqiqətən də qanuni əsaslarla tərxis olunmasına anlamına gələ bilməz. Həmçinin, iddiaçının yalnız müharibədə iştirak etməsi onun qanuni əsaslarla təxris olduğuna da əsas vermir.

40. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi bilet (hərbixidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar mövcud olmalıdır.

41. İşin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı Əsasnamədə hərbi hissədə hərbi xidməti ilə bağlı qeyd edilən sənədlərdən hər hansı birini təqdim edə bilməmiş, qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrlərdən çıxarışlar mövcud olmamışdır.

42. İş materialında olan cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda N saylı hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-dekbar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilmədiyi bildirilmiş, beləlik də, qanunun tələbi olan şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması halı aşkar edilməmişdir.

43. Beləliklə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, iddiaçı tərəfindən təqdim edilmiş və ya məhkəmə tərəfindən əldə edilmiş mötəbər sübutlar əsasında təsdiq edilmədiyindən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdeh orqan tərəfindən verilmiş imtina qanuni hesab olunur.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1991/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibəveteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi və qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.

45. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

46. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3579/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar