Məhkəmə qərarları › İş №2-1(103)-2609/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2609/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2609/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı Bakı Şəhəri Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Avşalumova (Baazova) Anara İsaakovnanın vurulmuş zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-100/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X5) məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2 ev 10A-ya görə 307.500 manat, məhv edilmiş daşınar əşyalara görə 15.000 manat, torpaq sahəsinin istifadəsinə görə 195.000 manat, çətinliyə görə 50.250 manat, Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə 110.250 manat, hüquqi yardıma görə 210 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2, 10A nömrəli ev iddiaçıya məxsus olmuşdur. Hazırda iddiaçı İsrail vətəndaşı olduğundan, Bakı şəhərində yaşamadığından onun xəbəri olmadan cavabdehin təşkil etdiyi komissiyanın əməkdaşları tərəfindən hər hansı bir razılıq əldə etmədən ev sökülmüşdür, evin əşyaları barədə hər hansı bir məlumat yoxdur. Cavabdehə evin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi və ev əşyalarının məhv edilməsi ilə bağlı müraciət edilmiş, lakın ərizənin qəbulundan imtina edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-406/2006 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2, 10A nömrəli ünvanda yerləşən yaşayış sahəsi 132 kv.m, köməkçi sahəsi 73 kv.m. olan fərdi yaşayış evinə hüququ tanınsa da, qeyd olunan ünvan üzrə daşınmaz əmlak və həmin daşınmaz əmlaka dair iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, inzibati işin obyektiv araşdırılması üçün Bakı İnzibati Məhkəməsinin DƏDRX 1 nömrəli Bakı ərazi idarəsinə ünvanladığı sorğusuna əsasən ünvan 2sı bir tikilinin müvcud olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmiş, Məhkəmənin sözügedən sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli **********45 nömrəli cavab məktubu ilə həmin ünvanda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilmədiyi bildirilmişdir. Qətnamənin əsaslandırıcı hissəsinə nəzər yetirildiyi zaman müəyyən edilir ki, məhkəmə yalnız qonşuların aktına əsaslanaraq, hesab etmişdir ki, X4 Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2, 10A evə dair və X1 Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2, 10B evə dair hüquqları tanınmalıdır. Qətnamədən görünür ki, hər hansı mötəbər sübut olmadan və əlavə araşdırılmaya zərurət olduğu halda, məhkəmə tərəfindən əlavə araşdırma aparılmadan (daşınmaz əmlaka yerində baxış, ekspertizanın keçirilməsi və sair) məhkəmə tərəfindən hüquqlar tanınmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən sözügedən daşınmaz əmlak üzrə iddiaçının hüquqları tanınsa da, həmin daşınmaz əmlak mövcud olmadığı səbəbindən qətnamə icra olunmamışdır. İşdə olan "xxxx" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsinə, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinə və "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinə Yasamal RİH tərəfindən ünvanlanan məktublara əsasən həmin qurumlardan daxil olan cavab məktublarında sözügedən ünvanla bağlı ümumiyyətlə abonent kodunun mövcud olmadığı bildirilmişdir. İddiaçı kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət, istifadə, icarə hüququnun qeydə alınmasına həmin torpağın ona ayrılmasına dair sərəncam və ya digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi və qeyd edilən torpaq iddiaçının mülkiyyətində olmadığı üçün iddiaçının torpaqla bağlı kompensasiya tələb etmək hüququ mövcud deyildir. Bundan başqa, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən torpaq sahəsinə görə iddia tələbi əsassızdır. Məhv edilmiş daşınar əmlaklara görə iddiaçı tərəfindən kompensasiya tələb etməsi tam əsassızdır. Belə ki, iddiaçı ona məxsus daşınar əmlakların cavabdeh tərəfdən məhv edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2, 10A nömrəli ev iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət ehtiyacları üçün həmin ev söküntü dairəsinə düşmüş, komissiyanın əməkdaşları tərəfindən qeydlər aparılmışdır. Məhkəmə araşdırması zamanı həmin dalanda qonşu olmuş və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş A.Niftəliyev ərizə ilə məhkəməyə müraciət edərək, 35 kv.m. ümumi istifadədə olmuş torpaq sahəsinə dair vəsait hesablanan zaman bərabər istifadədə olduğunun nəzərə alıınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan, "xxxx" ASC-nin 011203 nömrəli arayışından görünür ki, iddiaçı ödəyici kimi qeydə alınmaqla, sonuncu elektrik ödənişi xx.xx.2018-ci il tarixdə sərfiyyat üzrə edilmişdır. "Expresspay" ödəniş sistemində iddiaçı, "xxxx" ASC-də ödəyici kimi qeydə alınmışdır. "Elektron Hökümət" portalında iddiaçı işıq ödəyicisi kimi qeydə alınıb. "xxxx" ASC-nin saldo çıxarışından göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək bir illik saldo hesabatında sərfiyatlar qeydə alınmışdır. xx.xx.2019-cu il tarixli "xxxx" SC-nin arayışından görünür ki, iddiaçıya məxsus olan mənzildə (evdə) su və çirkabsu xidmətinə görə abonent kodu olmamış, sudan miiqaviləsiz istifadə olunmuşdur. Qanuni qüvvəsini almış Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2-406/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X8 istifadə hüququnun tanınması tələbinə dair məhkəməyə müraciət etmiş və Məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilərək, həmin ünvanda sonuncııya məxsus olan evin ona məxsus olması qət edilmişdir. Həmin qətnamə üzrə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş və qonşular tərəfindən tərtib edilmiş akta əsasən iddiaçılar göstərdikləri evi öz vəsaitləri hesabına inşa etməklə, o zaman həmin ünvanda yaşamışlar və ev üzrə komunal xərcləri ödəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş taktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının yəhudi əsilli olması onun başına əməlli-başlı bəla olmuşdur. Söküntü zonasında müsəlmanların çoxluq təşkil etməsi və digər müsəlman əsilli şəxslərin normal qaydada kompensasiya almaları bunu bir daha sübut edir ki, iddiaçı bilərəkdən kompensasiya almaq və mülkiyyət hüquqlarından məhrum edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “Məhkəmə ilk növbədə qeyd edir ki, araşdırma zamanı ünvan 4 ünvanda iddiaçıya məxsus fərdi yaşayış evinin mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 nömrəli Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (iş/v 164); Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 64 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin 52 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, 64 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin inzibati ərazisində M.A.Əliyev küçəsi, dalan 2, ev 10A ünvanı mövcud olmamışdır. Vətəndaş Avşalumova (Baazova) Anara İsaakovnanın göstərilən ünvanda yaşayış yeri və qeydiyyatı olmadığı üçün, nə ev əşyası, nə də orada yaşayışı olmamışdır. M.A.Əliyev küçəsində mövcud olan evlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən sökülmüşdür (iş/v 61); “Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən, M.A.Əliyev küçəsi, dalan 2 ev 10A və 10B ünvanlarında abonent olub-olmaması və abonentlərin ödənişləri barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Yasamal Rayonu Enerji Təchizatı və Satışı idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və kompüter məlumat bazasında qeyd olunan ünvanlar aşkar olunmamışdır (iş/v 187); Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinin məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanlarının Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında qeydiyyatı yoxdur (iş/v 185); "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin məktubunda göstərilmişdir ki, ünvan 7 ünvanlarında yaşayan, xidmət göstərdikləri abonent bazada qeydiyyatda yoxdur (iş/v 186); Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 64 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin məktubunda qeyd edilmişdir ki, M.A.Əliyev küçəsi 10A və 10B nömrəli ünvan 64 nömrəli MKİS-in inzibati ərazisində mövcud olmamışdır. 64 nömrəli MKİS-in ərazisində M.A.Əliyev 10 nömrəli ev olmuşdur. Göstərilən ünvana 1958-ci ildə 2818 №-li ev dəftəri (domovoya kniqa) verilmişdir. Həmin ərazidə mövcud olan evləri 1975-1980-cı illərdə leysan yağışların yağması nəticəsində su basmışdır. Dövlət tərəfindən həmin ərazidə qeydiyyatda olan və yaşayan vətəndaşlar ev alıb köçüb, getmişlər və qeydiyyatdan çıxmışlar. 2016-cı ilin may ayından M.A. Əliyev 10A və 10B nömrəli ev olmamışdır və söküntü işlərinin başladığı vaxta qədər hər hansı bir şəxsin göstərilən ünvanda yaşaması və evi olması haqqında müraciəti olmamışdır (iş/v 184); "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ASCnin elektron abonent bazasında ünvan 8 ünvanında X6 məxsus heç bir müqavilə və abonent kodu aşkarlanmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 040002900T2002Q nömrəli abonent koduna dair məlumatlarla bağlı qeyd edilməlidir ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, həmin abonent kodu M.Ə.Əliyev küçəsi T2, ev 2Q-yə aiddir və X2 adında olmuşdur. Daha sonra "xxxx" ASC-nin əməkdaşı tərəfindən qətnamədə göstərilən ünvan fərqi nəzərə alınmadan X4 adına dəyişdirilmişdir. Sistemdə aparılan dürüstləşmə ilə xətalı ad dəyişmə əməliyyatı keçərsiz sayılmış və nəticə etibarilə daha əvvəllər olduğu kimi hal-hazırda da X4 adına hər hansı abonent kodu mövcud olmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Doğrudur, həmin qətnamə ilə X4 ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinə hüququ tanınmış, həmin mənzil üzrə icarə müqaviləsinin bağlanması və orderin verilməsi Cavabdehnə həvalə edilmişdir. Lakin həmin qətnamənin icrasız qalması işin mübahisəsiz halıdır və qətnamənnin təsviri hissəsinə də nəzər yetirdikdə, sözügedən evin mövcudluğuna dair hər hansı sənədə istinad olunmamış, evin mövcudluğuna dair hər hansı qeyd aparılmamışdır. Yalnız qonşular tərəfindən tərtib edilmş akta istinad vardır. Belə olan halda, sözügedən qətnamə özlüyündə həmin fərdi yaşayış evinin mövcud olmasını təsdiq edən sübut kimi çıxış edə bilməz. Bir halda ki, həmin faktın əksini (evin mövcud olmamasını) təsdiq edən kifayət sübut vardır. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən tikilinin mövcud olmasını və cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, sözügedən əmlakın mövcudluğu və cavabdeh tərəfindən sökülməsinə dair biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki əsasları ilə razılaşır və bu səbəbdən onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə sonrakıları bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.9-cu maddəsinə görə, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. AR Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” xx.xx.2018-ci il tarixli 51 nömrəli qərarına görə, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1.130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2.010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Yasamal RİH müəyyən edilmişdir. Qərarla iddiaçıya tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim etsin. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Eyni Qanunun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Sporrong və Lönnroth İsveçə qarşı” işi ilə bağlı İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarında qeyd etmişdir ki, ictimai marağın nə olduğunun müəyyən edilməsində milli hakimiyyət orqanları beynəlxalq hakimdən daha yaxşı mövqedədirlər, çünki onlar öz cəmiyyətlərini və onun ehtiyaclarını daha yaxşı bilirlər. ... İctimai maraq doğuran problemin olub-olmadığını və alınacaq tədbirlərin nə olduğunu müəyyən etmək milli hakimiyyət orqanlarının işidir. ... Bu işdə də onlar konkret mülahizə sərbəstliyindən istifadə edirlər. “X3rşı” işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, “kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır.” “Axverdiyev Azərbaycana qarşı” işi üzrə üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 nömrəli Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə iş üzrə bu nəticəyə gəlmişdir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İPM-in 34.1-ci maddəsinin ikinci cümləsi). İnzibati orqanların qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinin əsaslı sayılması üçün: 1. inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2. inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3. inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4. hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalı; 5. maraqlı şəxsə zərər vurulmuş olmalı, onun hüquqi vəziyyəti inzibati orqanın vəzifənin pozması vasitəsilə pisləşmiş olmalıdır (inzibati orqanın daşıdığı vəzifəni pozması və zərərin meydana gəlməsi arasında səbəbli əlaqə mövcud olmalıdır). Başqa sözlə, zərərin əvəzinin ödənilməsi tələb edilərkən ilk əvvəl hüquq pozuntusunun baş verməsi sübut edilməli, bu sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması təsdiqini tapmalıdır. Lakin qeyd olunan zəruri şərtlərə iş üzrə əməl olunmur. Belə ki, 64 nömrəli MKİS-in işdə olan məktubunda qeyd edilmişdir ki, M.A.Əliyev küçəsi 10A və 10B nömrəli ünvanlar 64 nömrəli MKİS-in inzibati ərazisində mövcud olmamışdır. 64 nömrəli MKİS-in ərazisində M.A.Əliyev 10 nömrəli ev olmuşdur. Göstərilən ünvana 1958-ci ildə 2818 nömrəli ev dəftəri (domovoya kniqa) verilmişdir. Həmin ərazidə mövcud olan evləri 1975-1980-cı illərdə leysan yağışların yağması nəticəsində su basmış, dövlət tərəfindən həmin ərazidə qeydiyyatda olan və yaşayan vətəndaşlar ev alıb köçmüş və qeydiyyatdan çıxmışlar. 2016-cı ilin may ayından M.A. Əliyev 10A və 10B nömrəli ev olmamış, söküntü işlərinin başladığı vaxta qədər hər hansı bir şəxsin göstərilən ünvanda yaşaması və evi olması haqqında müraciəti olmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə münasibətdə isə, həmin qətnamənin icrasız qalması işin mübahisəsiz halıdır. Qətnamənnin təsviri hissəsinə nəzər yetirdikdə sözügedən evin mövcudluğuna dair hər hansı sənədə istinad olunmamış və qeyd aparılmamış, yalnız qonşular tərəfindən tərtib edilmş akta istinad olunmuşdur. Belə olan halda sözügedən qətnamə özlüyündə həmin fərdi yaşayış evinin mövcud olmasını təsdiq edən sübut kimi çıxış edə bilməz, bir halda ki, həmin faktın əksini (evin mövcud olmamasını) təsdiq edən kifayət sübut vardır. Apellyasiya şikayətinin iddiaçının kommunal xidmətlərin ödəyicisi olmasına dair dəlilləri də əsaslı deyil. Belə ki, “Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən M.A.Əliyev küçəsi, dalan 2 ev 10A və 10B ünvanlarında abonent olub-olmaması və abonentlərin ödənişləri barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Yasamal Rayonu Enerji Təchizatı və Satışı idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və kompüter məlumat bazasında qeyd olunan ünvanlar aşkar olunmamışdır; Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinin məktubunda göstərilmişdir ki, ünvan 11 ünvanlarının Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında qeydiyyatı yoxdur; "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanlarında yaşayan, xidmət göstərdikləri abonent bazada qeydiyyatda yoxdur; "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ASCnin elektron abonent bazasında ünvan 13 ünvanda X6 məxsus heç bir müqavilə və abonent kodu aşkarlanmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 040002900T2002Q nömrəli abonent koduna dair məlumatlarla bağlı isə qeyd edilməlidir ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, həmin abonent kodu M.Ə.Əliyev küçəsi T2, ev 2Q-yə aiddir və X2 adında olmuşdur. Daha sonra "xxxx" ASC-nin əməkdaşı tərəfindən qətnamədə göstərilən ünvan fərqi nəzərə alınmadan X4 adına dəyişdirilmişdir. Sistemdə aparılan dürüstləşmə ilə xətalı addəyişmə əməliyyatı keçərsiz sayılmış və nəticə etibarilə daha əvvəllər olduğu kimi hal-hazırda da X4 adına hər hansı abonent kodu mövcud olmamışdır. Apellyasiya şikayətinin iddiaçı yəhudi əsilli olduğu üçün ayrı-seçkiliyə məruz qalması barədə dəlili də tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikasında qədim ənənələrə malik olan yəhudi icması daim dövlətin diqqəti ilə əhatə olunmuşdur. Azərbaycanda yəhudilər etnik mənsubiyyətə görə ayrı-seçkilikdən uzaq bir mühitdə yaşamaqdadırlar. Bütün dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycanda doğma münasibət görmüşlər. Tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətinin ən seçilən xüsusiyyətlərdən birinə çevrilmiş, qeyd olunan dəyərlər Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmışdır. Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Beləliklə də, mübahisə predmeti əmlakın özünün mövcudluğu iş üzrə sübuta yetmədiyi üçün, cavabdeh tərəfindən həmin əmlaka müdaxilə, o cümlədən qanunsuz müdaxilə olunması faktı da işmaterialları ilə təsdiqini tapmır. İddianın Bakı şəhəri M.A.Əliyev küçəsi dalan 2 ev 10A-ya görə 307.500 manatın cavabdehdən tutulması tələbi əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan məhv edilmiş daşınar əşyalara görə 15.000 manat, torpaq sahəsinin istifadəsinə görə 195.000 manat, çətinliyə görə 50.250 manat, Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə 110.250 manat, hüquqi yardıma görə 210 manatın cavabdehdən tutulması tələbləri də, belə bir hüquqi zərurət aradan qalxdığı üçün, müzakirə olunmadan, rədd edilməlidir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin olumamalı, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-100/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı Avşalumova (Baazova) Anara İsaakovnanın apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar