Məhkəmə qərarları › İş №2-1(103)-2609/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2609/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2609/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6083/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı və X3 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “iddiaçıların ünvan 1 ünvanında yerləşən onlara məxsus mənzilə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və X3 şəxsiyyət vəsiqələrində problemi aşkar etdikdən sonra Səbail rayon Polis İdarəsinə müraciət edərək qeydiyyatının bərpasını xahiş etmişdir. Lakin buna baxmayaraq onları qeydiyyata salınmasından imtina edərək məhkəməyə müraciət edilməsini bildirdilər. Hal hazırda qeydiyyatsız olmaqları onlara çox böyük problemlər yaşadır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6083/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdeh inzibati orqanın iddiaçılara münasibətdə fəaliyyəti qanunauyğun olmuşdur, belə ki, iddiaçılar tərəfindən ünvan 2 ünvanında yerləşən evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə (və ya kirayə) müqaviləsi və qanuni əsaslarla yaşamalarına dair digər sənədlər təqdim edilmədiyi halda cavabdehin iddiaçıları həmin ünvana yaşayış yeri üzrə qeydiyyata almasından imtinası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə uyğun olmuşdur”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qüvvədə olan qanunvericilik normalarına əsasən qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən edilmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən işin birinci instansiya icraatı zamanı təqdim edilmiş Bakı şəhəri Texniki İnventerlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Fiziki şəxslər tərəfindən özbaşına tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” Hesabata əsasən ünvan 3 ünvanında yerləşən özbaşına tikilinin sahibi X4 qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi və Səbail rayonu Mənzil Təsərrüfat Birliyinin 45 saylı MKİS tərəfindən tərtib edilmiş aktdan da iddiaçı X2 ünvan 3 ünvanında yerləşən evdə uzunmüddət yaşaması və xəstə anasına qulluq göstərməsi faktı öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçıların müvafiq ünvanda uzun müddətdir ki, yaşaması və qeyd edilən tikilidən istifadə etməsi faktı öz təsdiqini tapdığından iddia tələbi əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, müvafiq mənzil müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Beləliklə, kollegiya mənzil faktiki olaraq iddiaçıların istifadəsində və sahibliyində olduğundan onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir. İatridis Yunanıstana qarşı işində Məhkəmə qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6083/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçılar İddiaçı və X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6083/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı və X1 ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar