Məhkəmə qərarları › İş №2-1(103)-2609/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2609/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2609/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-920/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müharibə veteran adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 mart 1992-ci il tarixdə erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığına müraciət edərək könüllü torpaqların azad olunması uğrunda gedən bir sıra döyüşlərdə iştirak etmişdir. Milli Qəhrəman adına layiq görülmüş şəhid Koroğlu Rəhimovla eyni batalyonda xidmət etmişdir. Koroğlu Rəhimov bir rotanın komandiri, o, isə digər rotanın komandirinin müavini olmuşdur. O, ilk olaraq Goran qəsəbəsində TTMdə N saylı briqadanın nəzdində N saylı hərbi hissədə zabit qismində 2-ci Bakı Batalyonunun bölük komandiri müavini kimi təlimlərdə iştirak etmişdir. Xidməti müddətində Tərtər rayonu Marquşovan kəndi, Xanlar rayonu Sarısu yüksəkliyində Koroğlu Rəhimovla birgə keşik çəkmişdir. Sonra isə ağır döyüşlər gedən Ağdərə rayonu uğrunda, Buzluq yüksəkliyinin alınmasında, Tərtər rayonunun Maqadiz kəndi uğrunda gedən ağır döyüşlərdə və Goranboy rayonu Ekəç, Mənəş, Baş kənd və Gülüstan kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 iyul 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən ağır döyüşlər zamanı qəhrman döyüşçü rota komandiri Koroğlu Rəhimov şəhid olmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Koroğlu Rəhimovla şərəfli döyüş yolu keçmiş bir vətəndaş kimi layiq olduğu müharibə veteranı adını alması çox ədalətli və qürurverici hal olardı. O, bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivə dəfələrlə müraciət edərək qeyd edilən döyüşlərdə iştirak etməsi ilə bağlı ona müvafiq arayış verilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Hesab edir ki, bu ona qarşı ciddi hüquq pozuntusu kimi qəbul edilməlidir. Çünki, onun müvafiq hərbi hissələrin tərkibində döyüşlərdə iştirakı barədə məlumat aşkar edilməməsi fikri heç bir məntiqə sığmır. Əlavə olaraq 23 iyun 1992-ci il tarixdə Maqadiz kəndi uğrunda gedən ağır döyüşlərdə xeyli itkilər verərkən, şəhidlərin nəşlərinin onların ailələrinə çatdırılması üçün o zaman briqada komandiri olan cənab Nəcməddin Sadıqov tərəfindən ona verilmiş müvəqqəti vəsiqə də, onun bir bölük komandirinin müavini olması faktını təsdiq edir. Həmin döyüşlərdə fədakarlıqla döyüşərək şəhid olmuş 1963-cü il təvəllüdlü Cəfərov Əli Hİkmət oğlunu, 1965-ci il təvəllüdlü X3, 1969-cu il təvəllüdlü X4 və 1970-ci il təvəllüdlü X1 nəşlərinin onların ailələrinə çatdırılmasında şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışından da, görünür ki, o, həqiqətən də, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Eyni zamanda yuxarıda qeyd olunan hərbi hissələrdə xidmətdə olması barədə ona məxsus ZE ******* nömrəli hərbi biletdə də, müvafiq qeydlər vardır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 10 fevral 2023-cü il tarixli 4/2-691 nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu isə qüvvədə olan Veteranlar haqqında qanunvericiliyin tələblərinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini birbaşa istisna edir. Həmçinin məhkəmənin nəzərinə çatdırılmışdır ki, istər arxiv arayışlarında, istərsə də, iş materiallarında olan digər sənədlərdə iddiaçının N nömrəli hərbi hissənin tərkibində xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-920/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, 18 mart 1992-ci ildə o vaxt yaşadığı ünvanda ünvan 1issarlığına qanuna müvafiq qaydada öz ərizəsi ilə müraciət edərək könüllülük prinsipləri əsasında torpaqların və konstitusiya quruluşunun müdafiə olunması və erməni quldurlarının ərazilərindən təmizlənməsi üçün istəyii bildirmiş və nəticədə döyüşlərdə iştirak etmək üçün Qarabağa yollanmışdır. İlk olaraq Goranbay rayonu Goran qəsəbəsində, TTM-də N saylı biriqadanın nəzdində N saylı hərbi hissədə zabit qismində bölük komandirinin müavini kimi təlimlərdə iştirak etmiş, xidməti dövründə Tərtər rayonu, Marquşovan kəndi, Xanlar rayonu Sarısu yüksəkliyində hətda Milli qəhrəman bölük komandiri Koroğlu Rəhimovla birgə keşik çəkmişlər. Sonra isə Ağdərə rayonu uğrunda Buzluq yüksəkliyinin alınmasında, Tərtər rayonu Maqadiz kəndi uğrunda gedən ağır döyüşlərdə və Goranboy rayonu Ekəç Mənəş, Baş kənd və Gülüstan kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Təəssüflər olsun ki, 03 iyul 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən ağır döyüşlər zamanı qəhrəman döyüşçü bölük komandiri Koroğlu Rəhimov şəhid oldu. Azərbaycan Respublikası Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Koroğlu Rəhimovla şərəfli döyüş yolu keçmiş bir hərbçi zabit kimi layiq olduğu müharibə veteranı adının verilməsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinə dəfələrlə müraciət edərək qeyd edilən döyüşlərdə iştirakı ilə bağlı ona müvafiq arayışın verilməsini xahiş etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Bu hal ona qarşı ciddi qanun pozuntusu kimi qəbul olunmalıdır. Çünki onun müvafiq hərbi hissədə iştirak etməsi barədə məlumatın çıxmaması heç bir məntiqə sığmır. Məhkəmədə şahid qismində dindirilmiş həmin döyüşlərdə əlil olmuş müharibə veteranı X9 öz ifadəsində göstərmişdir ki, o, həqiqətən onunla bir yerdə xidmət keçmiş və döyüşlərdə onunla müxtəlif ərazilər uğrunda iştirakını ifadəsi ilə təsdiq etmişdir. Digər ikinci şahid X5 onun tərəfindən məhkəməyə dəvət olunmağına baxmayaraq məhkəmə həmin şahidi zala dəvət etmədiyi üçün və həmin müharibə veteranı əsgəri olmuş şahid yazılı ifadəsini məhkəməyə təqdim etməyə məcbur olmasına baxmayaraq məhkəmə həmin şahid ifadələrinə düzgün qiymət verməmişdir. Məhkəməyə tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin sonradan yaşadığı Bakı şəhər, Suraxanı rayon idarəsinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli arayışından göründüyü kimi, o həqiqətən də xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinə kimi N nömrəli hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə bölük komandirinin müavini vəzifəsində iştirak etdiyi barədə faktın təsdiqini də düzgün qiymətləndirməmişdir. Eyni zamanda N saylı hərbi hissədə xidmət keçməyi barədə və ZE ******* nömrərli Hərbi biletində müvafiq qeydlər aparılması açıq aşkar onun müharibədə döyüşlərdə iştirakı öz təsdiqini tapmışdır. Məhkəmə bu faktlara da laqeyd yanaşaraq nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. İş materiallarında olan briqada komandiri cənab Nəcməddin Sadıqov tərəfindən ona verilmiş 23 iyun 1992-ci il tarixli müvəqqəti vəsiqədən göründüyü kimi iştirakçısı olduğu Maqadiz kəndi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş əsgərlərin nəşlərinin ailələrinə təhvil verilməsi ona həvalə edilmiş və ona şəhidlərin dəfninin təşkil edilməsi tapşırığı verilmişdir. Sual olunur: Xidməti haqqında məlumat Müdafiə Nazirliyi Arxivində yoxdursa, cənab Nəcməddin Sadıqov ona necə ezam vəsiqəsi vermişdir?! Döyüşlərdə iştirakını təsdiq edən bu fakt məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməli olduğu halda, hakim bu faktı belə nəzərə almamış, tam, hərtərəfli və obyektiv araşdırma aparmadan Müdafiə Nazirliyinin Məhkəmənin sorğusuna verdiyi və heç bir əsasla təsdiqini tapmayan cavab məktubuna əsaslanaraq qanunsuz qərar qəbul etmişdir. Belə nəticəyə gəlmək olar ki, xidməti dövründə o, MN-dən qanunsuz yemək yemiş, qanunsuz geyim almış və qanunsuz aldığı silahla vuruşmuşdur?! Təbii ki, bütün bunlar hamısı komandirlərin müvafiq əmrləri əsasında baş vermişdir. Xidmət dövründə onun hərbi təminat alıb-almadığını (qida, hərbi geyim və silah təminatı) müəyyən etmək üçün məhkəməyə bu barədə Müdafiə Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Hansı ki qeyd edilən halın olub-olmaması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə də məhkəmə iş üçün əhəmiyyətli olan halların araşdırılmasını təmin etməli olduğu halda bundan imtina etmişdir. Qeyd edilənlərdən göründüyü kimi iş materiallarında olan Müdafiə Nazirliyinin sorğuya verdiyi cavab işin faktiki halları ilə ziddiyyət təşkil edir. Bu hal “İnzibati İcraat haqqında” qanunun pozulması kimi qiymətləndirilməlidir. İnzibati məhkəmə yuxarıda qeyd edilən halların heç birini tam və ədalətli araşdırmadan qərar qəbul etmişdir. Qeyd etmək istəyir ki, MN və katibliyinə də Baş Arxiv İdarəsi bir ilə yaxın süründürülən məhkəmə çəkişməsinin heç birində iştirak etməmiş, sadalanan (döyüşlərdə iştirakı və digər faktların) qeyri-düzgün olması barədə sübutlar göstərməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o könüllü olaraq Qarabağ müharibəsinə qoşulmuş, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmiş, onunla bərabər döyüşə gedən şəxslərdən biri şəhid olmuş, o zaman müstəqillik yeni qurulan dövrlər idi, müharibə şəraiti idi, bu səbəbdən onlara döyüşlərdən sonra şifahi formada deyildi ki, gedə bilərlər, sadəcə hərbi biletlərini alıb, orada qeydiyyat aparırdılar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4/2-691 nömrəli məktuba əsasən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993, N nömrəli hərbi hissə komandirinin apreldekabr 1992-ci il, yanvar-dekabr 1993, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin zabit heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən İddiaçı barəsində xx.xx.2022-ci il tarixli 4/2-4250 nömrəli məktubla SHXÇDX-nin Bakı şəhər Suraxanı rayon İdarəsinə və 05.0.2022-ci il tarixli 4\2-4327 nömrəli məktubla Azərbaycan Vətən Müharibəsi X2 Sumqayıt şəhər Şöbəsinə cavab göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli arayışa əsasən 1967-ci il təvəllüdlü istefada olan leytenant İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə xidmət keçmişdir. Əsas:ZE №0001851 nömrəli hərbi bilet göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən N nömrəli batalyonda olması ilə bağlı müvəqqəti vəsiqə verilmişdir. Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1992- ci il tarixli 1817 nömrəli arayışa əsasən İddiaçı 19 mart 1992-ci ildə Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13N nömrəli 16 mart 1992-ci il tarixli qərarına əsasən Qarabağ və rayonların yaşayış məntəqələrinin könüllü müdafiəçilərinə arayışda göstərilən imtiyazlar müəyyən edilib. ZE nömrəli ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1992- xx.xx.1992-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Buzlıq, Gülüstan, Maqadiz və Ağdərədə döyüş əməliyyatlarında iştirak etmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 4/2-2548 nömrəli, 24 iyun 2023-cü il tarixli 4/2- 3439 nömrəli və 11 yanvar 2024-cü il tarixli 5N nömrəli cavab məktublarına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il, N nömrəli hərbi hissə komandirinin apreldekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin zabit heyətinin və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2348 nömrəli cavaba əsasən 1992-1993-cü illərin nizami hissə üzrə əmrlər kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verildiyi üçün İddiaçı N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı məlumatın verilməsi mümkün deyil. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X9 öz izahatında bildirmişdir ki, o, iddidaçı ilə bir yerdə döyüşmüş, çiyin-çiyinə vuruşmuşlar. Orada çox böyük oğullar, igidlər şəhid olmuşdur. Onlar birgə Murov bölgəsində vuruşmuşlar. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçının hərbi biletində onun xx.xx.1992-xx.xx.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə Qarabağ döyüşlərində iştirak etməsi qeyd olunmuş, lakin, xidməti barədə (hərbi hissəyə daxil olma, qanuni əsaslarla ehtiyata buraxılma və döyüş əməliyyatlarında iştirak etmə və s. barədə) hərbi hissənin nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində hər hansı bir məlumat aşkar edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə hərbi hissənin nizami hissə üzrə əmrlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-920/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar