Məhkəmə qərarları › İş №2-1(103)-2609/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2609/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2609/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyanın təyin edilməsi" tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyanın təyin edilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Marqarin Zavodunda işlədiyi illərin 5 il 7 ay müddətinin iş stajına hesablanması, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın yenidən hesablanmasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş və 02 may 1974-cü il tarixdən 11 may 1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək zavodda yükboşaldan, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək əmək fəaliyyəti olmuşdur. xx.xx.1981-ci il tarixdə Sumqayıt Kompressor zavoduna işə qəbul edilmiş və xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək kran maşinisti kimi işləmişdir. xx.xx.1987-ci il tarixdə Xıllı qəsəbə yaşıllaşdırma idarəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işləmişdir. xx.xx.1989-cu il tarixdə Xıllı qəsəbə Kommunal Müəssisələri Kombinatına işə qəbul edilmiş və xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1990-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Marqarin Zavodunda işləmişdir. xx.xx.1995-ci il tarixdə ədədli xırdavat malları Fabrikinə işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. İddiaçı pensiya yaşına çatdıqda ona əmək pensiyası təyin edilməmişdir, belə ki, Bakı Marqarin Zavodunda işlədiyi illər, 5 il 7 ay müddəti iş stajına hesab edilməmişdir. Tərəfindən əmək kitabçasının surəti təqdim edilsə də qiymət verilməmişdir. Bakı Marqarin Zavodunda işləməyi barədə Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən arayış verilmişdir. Bakı Marqarin Zavodunda işlədiyi illər nəzərə alınaraq ona əmək pensiyası təyin edilməsi və pensiyanın yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və ərizəyə cavab verilməmişdir. “Əmək Pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Təqdim edilən sənədlərdən də görünür ki, 2006-cı ilin yanvar ayının 1-dək iddiaçının ümumi iş stajı 25 il olmuşdur və ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün bütün əsaslar mövcuddur. “Əmək pensiyaları haqqında” AR Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Təqdim edilən sənədlərdən də görünür ki, iddiaçı qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyası almaq hüququ yaranması cavabdeh tərəfdən formal olaraq qəbul edilməmiş, təqdim edilən sənədlərə qanuna müvafiq qiymət verilməmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəlki il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəlki il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

5. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının “Bakı Marqarin Zavodu”nda xx.xx.1990-xx.xx.1995-ci il tarixləri üzrə bir sıra dövrlər üzrə əməkhaqqı almaması, eləcə də xx.xx.1995-xx.xx.2006-cı il tarixləri üzrə isə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. İş üzrə icraat materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisələndirilən sosial sığorta stajı aşağıdakı kimidir: 1992-ci il üzrə iyul, 1993-cü il üzrə yanvar-may, iyul-avqust, dekabr ayları, xx.xx.1995-cı il tarixdən xx.xx.2006-cı il tarixədək - cəmi: 11 il 6 ay 21 gün. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması ilə bağlı qərar qəbul edərkən iddiaçının işlədiyi dövrlərə münasibətdə arxiv sənədlərində onun işə daxil olma, işdən azad olunma, eləcə də bir sıra dövrlər üzrə əməkhaqqı almasına, həmçinin də əmək kitabçasının mötəbərliyinə şübhə doğuracaq halların mövcud olmadığına istinad etmişdir. Lakin, qeyd etməyi zəruri hesab edirik ki, şəxsin bir sıra dövrlər üzrə əmək haqqı alması onun bütün dövrlər üzrə əmək haqqı alması anlamına gəlmir. Belə ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarında da qeyd etdiyi kimi vətəndaşın işlədiyi müəssisə üzrə bəzi dövrlərlə bağlı əmək haqqı aldığı halda, digər dövrlər üzrə əməkhaqqı almaması onun xeyrinə bütöv iş stajı kimi hesablana bilməz. Sözügedən hallar üzrə məhkəmələr tərəflərin təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borcludur. Eləcə də, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarında məhkəmə əmək haqqı cədvəllərində işçinin müəyyən dövrlər üzrə əməkhaqqı almamasına münasibətdə əmək kitabçasının mötəbər sübut kimi qəbul edilməsini işə tam və hərtərəfli baxılmasına münasibətdə əsassız qəbul edərək, aşağı instansiya məhkəməsinə sözügedən dövrlərin hərtərəfli araşdırılmasını və iş üzrə qəbul edilmiş qərarın aparılmış araşdırmalara uyğun olaraq əldə edilmiş sənədlərə uyğun şəkildə əsaslandırılmalı olduğunu bildirmişdir.

7. İddaçı apellyasiya şikayətinə yazılı etirazında qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2025 saylı , 03 mart 2025-ci il tarixli Qərarı tam qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur, Qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi şəraitində çıxarılmışdır. O, xx.xx.1956-cı il tarixdə anadan olmuş, H3 N° ******* nörməli hərbi biletə əsasən xx.xx.1974-cü ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1976-cı il tarxidə tərxis edilmişdir. Nəzərə çatdırır ki, xx.xx.1977-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1981-ci il tarixdə Sumqayıt Kompressor zavoduna işə qəbul edilmiş və xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir. Həmçinin xx.xx.1987-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək kran maşinisti kimi işləmişdir. xx.xx.1987-ci il tarixdə Xıllı qəsəbə yaşıllaşdırma İdarəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işləmiş, xx.xx.1989-cu il tarixdə Xıllı qəsəbə Kommunal Müəssisələri Kombinatına işə qəbul edilmiş və xx.xx.1989-cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1990-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Marqarin Zavodunda işləmişdir. xx.xx.1995-ci il tarixdə X3 Fabrikina işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir. Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, BA-02556-2021 nömrəli arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "Bakı Marqarin Zavodunun natamam arxiv sənədlərinin əmr kitabında xx.xx.1990-cı il tarixli, 14-k saylı əmrlə xx.xx.1990-cı il tarixdən 2-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-ci il tarixli, 32k saylı əmrlə öz xahişi ilə işdən azad olunması və 1990- 1992- ci, 1995-ci ilə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlərə dair tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, 1990-cı ilin aprel ayından 1991 -ci ilin oktyabr ayınadək, 1992-ci il ve 1995-ci ilin iyun ayı, sentyabr-oktyabr aylarında əmək haqqı almışdır. "Bakı Marqarin Zavodunun 1991-ci ilin oktyabr-dekabr aylarına və 1993-1994-cü illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası "Bakı Marqarin zavodunda işləməyi barədə tərtib edilmiş şəxsi vərəqənin təsdiq edilmiş kserosurəti 2 (iki) vərəqdən ibarət məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən və təqdim edilən sənədlərdən də görünür ki, o, qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur. 2006-cı ilin yanvar ayının 1-dək əmək pensiyası almaq hüququnun yaranması cavabdeh tərəfdən formal olaraq qəbul edilməmiş, təqdim edilən sənədlərə qanuna müvafiq qiymət verilməmişdir. Tərəflərin izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.

İŞİN HALLARİ:

10. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

11. H3 № ******* nörməli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1976-cı il tarxidə tərxis edilmişdir.

12. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək əmək fəaliyyəti olmuşdur. xx.xx.1981-ci il tarixdə Sumqayıt Kompressor zavoduna işə qəbul edilmiş və xx.xx.1982-ci il tarixdə işdən azad edilmişdir.

13. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək kran maşinisti kimi işləmişdir. xx.xx.1987-ci il tarixdə Xıllı qəsəbə yaşıllaşdırma idarəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işləmişdir. xx.xx.1989-cu il tarixdə Xıllı qəsəbə Kommunal Müəssisələri Kombinatına işə qəbul edilmiş və xx.xx.1989- cu il tarixdə işdən azad edilmişdir. xx.xx.1990ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Marqarin Zavodunda işləmişdir. xx.xx.1995-ci il tarixdə X3 Fabrikinə işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixdə işdən azad edilmişdir.

14. Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, BA-02556-2021 nömrəli arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "Bakı Marqarin Zavodu"nun natamam arxiv sənədlərinin əmr kitabında vət. İddiaçı xx.xx.1990-cı il tarixli, 14-k saylı əmrlə xx.xx.1990-cı il tarixdən 2-ci dərəcəli təmirçiçilingər vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-ci il tarixli, 32 k saylı əmrlə xx.xx.1995- ci il tarixdən öz xahişi ilə işdən azad olunması və 1990-1992-ci, 1995-ci ilə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Mövcud dövrlərə dair tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1990-cı ilin aprel ayından 1991-ci ilin oktyabr ayınadək, 1992-ci il və 1995-ci ilin iyun ayı, sentyabr–oktyabr aylarında əmək haqqı almışdır. “Bakı Marqarin Zavodu”nun 1991-ci ilin oktyabr-dekabr aylarına və 1993-1994-cü illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

15. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli,3-48-2F/2-1343/2024 nömrəli məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan “Bakı Marqarin zavodu”nun natamam arxiv sənədlərinin əmr kitablarında vət. İddiaçı xx.xx.1990-cı il tarixli, 14 k saylı əmrlə, 15.03.90-cı il tarixdən «парокотельный» sahəsinə 2-ci dərəcəli təmirçi-çilingər vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-ci il tarixli, 32k saylı əmrlə, xx.xx.1995-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1990-1992-ci, 1995-ci illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Mövcud dövrlərə dair tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1990-cı ilin aprel ayından 1991-ci ilin oktyabr ayınadək, 1992-ci il və 1995-ci ilin iyun ayı, sentyabr –oktyabr aylarında əmək haqqı almışdır. “Bakı Marqarin zavodu” nun 1991-ci ilin oktyabr-dekabr aylarına və 1993-1994-cü illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçı Azərbaycan Respublikası “Bakı Marqarin zavod” unda işləməsi barədə tərtib edilmiş şəxsi vərəqəsinin təsdiq edilmiş kserosurəti 2 (iki) vərəqdən ibarət məhkəməyə göndərilmişdir.

16. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdə k-672 nömrə ilə dövlət qeydiyyatına alınmış X2 Malları Fabrikinin ləğv olunması, təşkilati-hüquqi formasının dəyişməsi, hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.

17. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı barəsində olan sorğunuza cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan “X3” fabrikinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.

18. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) ləğv olunması, təşkilati-hüquqi formasının dəyişməsi, hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2- Q79758/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin nensiva yaşı 65 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyas, avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən ümumi sığorta stajınız (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək adınıza əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 12 il 9 ay 28 gün təşkil edir. Məlumat üçün bildiririk ki, 10.11 1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Bakı Marqarin Zavodu”nda olan dövrün mötəbərliyinə şübhələr olduğu və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün sözügedən dövr üzrə sığorta stajınızı təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək huququnuz vardır.

20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi 4 saylı Bakı Dost Mərkəzinin Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-7/2-Q-19070/2025 nömrəli arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərinə (“Pensiya”, “Sosial ödənişlər” və “Ünvanlı Yardım”) əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan hər hansı bir əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və ünvanlı dövlət sosial yardımı almır.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2017dək, yəni mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir.

22. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı;

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: 67-ci maddəyə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddənin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. 69-cu maddəyə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

30. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

32. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

34. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır.

35. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajına malik olduğu müəyyən edilmişdir.

36. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır.

37. İnzibati orqanın imtina məktubundan və apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəfindən iddiaçının “Bakı Marqarin Zavodu”nda xx.xx.1990-xx.xx.1995-ci il tarixləri üzrə bir sıra dövrlər üzrə əmək haqqı almaması, eləcə də xx.xx.1995-xx.xx.2006-cı il tarixləri üzrə isə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur.

38. Cavabdehin yuxarıda qeyd olunan dəlillərinə münasibətdə Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş həddi (65 yaş) tamamlandığından və iddiaçının 25 ildən artıq stajı olduğundan, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır.

39. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

41. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

42. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1987-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1990-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Bakı Marqarin Zavodunda işləmişdir.

43. Eyni zamanda, Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, BA-02556-2021 nömrəli arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan "Bakı Marqarin Zavodu"nun natamam arxiv sənədlərinin əmr kitabında vət. İddiaçı xx.xx.1990-cı il tarixli, 14-k saylı əmrlə xx.xx.1990-cı il tarixdən 2-ci dərəcəli təmirçiçilingər vəzifəsinə işə qəbul olunması, xx.xx.1995-ci il tarixli, 32 k saylı əmrlə xx.xx.1995- ci il tarixdən öz xahişi ilə işdən azad olunması və 1990-1992-ci, 1995-ci ilə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Mövcud dövrlərə dair tərtib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, iddiaçı 1990-cı ilin aprel ayından 1991-ci ilin oktyabr ayınadək, 1992-ci il və 1995-ci ilin iyun ayı, sentyabr–oktyabr aylarında əmək haqqı almışdır.

44. Qeyd edilənləri nəzərə alan Kollegiya bildirir ki, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır.

45. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən mübahisəli xx.xx.1990-cı il tarixdən xx.xx.1995-ci il tarixədək “Bakı Marqarin Zavodu”nda olan əmək fəaliyyəti dövrü üzrə stajının nəzərə alınmaması əsasında ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuşdur.

46. Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq hesab edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 65 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir.

47. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

48. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

49. Qeyd olunan normaların tələblərinə əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

51. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

52. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

53. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

54. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar