Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-261/2022 01.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2021 saylı 09.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 29 mart – 01 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 16 nömrəli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsinin X1 qərara alınmışdır. Torpaqların alğı-satqısına dair akta əsasən X4 tərəfindən Əzizbəyov rayon Kapital bankının **********0 saylı hesabına torpağın dəyəri olaraq 1904 manat pul ödənilmişdir. X10 orqanının nümayəndəsi X5, torpaq alan X4 və Şəhər Torpaq Şöbəsinin müdiri Məlikov Natiq tərəfindən tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq Şöbəsində 30 oktyabr 2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21.07.2020-ci il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət olunmuş, lakin, cavabdeh 01 oktyabr 2020-ci il tarixli, **********28 nömrəli imtina məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı, bank tərəfindən verilmiş qəbzin təqdim edilmədiyi və adına uyğunsuzluğun olduğunun müəyyən edildiyi də, qeyd olunmuşdur. Cavabdehin imtinasından görünür ki, imtinanın əsasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində göstərilən sənədlərinin olmamasıdır. Beləliklə, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2021 saylı 09.06.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı X4 tərəfindən müvafiq torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 21.07.2020-ci il tarixdə İdarəyə müraciət edilmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatına əsasən naturada göstərilən ərazi Mərdəkan bağlarının yeri olmaqla ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmamışdır və bu səbəbdən də göstərilən ərazinin hansı bağ sahəsinin yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaqlara aid olması barədə məlumat aşkar edilməmiş, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə edilməmiş, torpaq sahəsinin dəyərinin bələdiyyənin bank hesabına ödənilməsini təsdiq edən bank tərəfindən verilmiş qəbz təqdim edilməmiş və ərizəçinin adında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 700 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 16 nömrəli, 18 sentyabr 2007-ci il tarixli qərarı Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbəsi yaşayış məntəqəsinin hüdudları daxilində 700 kv.m torpaq sahəsi alğı-satqı qaydasında X3 ayrılmış və buna dair torpaqların alğı-satqısına dair akt tərtib edilmişdir. Akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilərək, Şöbədə 30.10.2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır. Bununla da, İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır. Cavabdeh isə imtina cavabında və iddiaya qarşı öz mülahizəsində torpaq sahəsinin elektron kadastr məlumatına əsasən Mərdəkan bağlarının yerinin olmasına, ərazidə hasarlanma işlərinin sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirməyin mümkün olmadığına, həmçinin ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığına, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığına, bank tərəfindən qəbzin təqdim edilmədiyinə və ərizəçinin adında uyğunsuzluğun olduğuna istinad etmişdir ki, bu hallarla bağlı məhkəmə araşdırması aparılmış və araşdırma nəticəsində (mütəxəssis rəyinə əsasən) müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsinin kadastr planında qeyd edilmiş koordinatlara əsasən, həmin koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 837 nömrəli sərəncamı ilə Xəzər rayonu Mərdəkan Bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu hal isə, cavabdehin torpaq sahəsinin Mərdəkan bağlarının yerində olması, hasarlanma işlərinin sxematik xəritəyə uyğun aparılmaması, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunması ilə bağlı dəlillərini əsassız edir. Eləcə də, cavabdeh bank tərəfindən verilmiş qəbzin təqdim edilməməsi və ərizəçinin adında uyğunsuzluğun olmasına istinad edərək, iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ki, cavabdehin gətirdiyi həmin dəlillər imtina üçün əsas ola bilməz, formal xarakterlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş, X8 kitabında 26.10.2007-ci il tarixdə, 3514 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan-ölçüsü də, mövcuddur ki, həmin plan-ölçü də, mübahisəli sahənin dövlət torpaq reyestrinin aparıldığını təsdiq edir Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18 sentyabr 2007-ci il tarixli, 16 nömrəli qərarının surətindən görünür ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 16.3-cü bəndinə uyğun olaraq torpaq sahəsinin satılması haqqında qərar qəbul edilərək, Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan qəsəbə yaşayış məntəqəsinin hüdudları daxilində alğı-satqı predmeti olan torpaq sahəsi Bakı şəhər sakin X3 700 kv.m torpaq sahəsinin satılması barədə ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti 23 iyul 1998-ci il, 158 nömrəli Qərarına müvafiq olaraq 700 kv.m artıq torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə verilmiş arayışa uyğun Bakı şəhər sakini X1 barədə qərar qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndinə əsasən X3 tapşırılmışdır ki, 700 kv.m torpaq sahəsinin hər kv.m-i üçün 2.72 manat, cəmi 1904.00 manat olmaqla Şağan Bələdiyyəsinin “Kapital” Bankın Əzizbəyov rayon şöbəsində olan **********0 nömrəli hesabına ödənilməsi, bu barədə qəbzi şəhər Torpaq Şöbəsinə təqdim etməsi, 5-ci bəndinə əsasən isə X3 aldığı torpaq sahəsinin mülkiyyət hüququna dair müvafiq sənəd hazırlanıb verilməsi Şəhər Torpaq Şöbəsindən xahiş edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Torpaqların Alğı-satğısına dair aktın surətindən görünür ki, həmin akta əsasən ünvan 1 ünvanında yaşayan X4 şəhər bələdiyyə orqanına 10 yanvar 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərazidə Bələdiyyə orqanının iclasında baxılmış və Şağan bələdiyyə ərazisində 700 kv.m torpaq sahəsinin satılması barədə 18.09.2007-ci il tarixli, 16 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X4 tərəfindən Əzizbəyov rayon Kapital bankının **********0 saylı hesabına əvvəlcədən 1904 manat haqq ödənilmişdir. Bu akt Şağan Bələdiyyə orqanının nümayəndəsi X7, X4 və Şəhər Torpaq Şöbəsinin müdirinin iştirakları ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Akt Bakı şəhər Torpaq Şöbəsində 30.10.2007-ci il tarixdə, 4459 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X8 kitabında 26.10.2007-ci il tarixdə, 3514 nömrə ilə uçota alınmış A seriyalı, 020970 nömrəli, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Əzizbəyov rayonu Şağan Bələdiyyəsinin 18.09.2007-ci il tarixli, 16 saylı qərarı ilə Əzizbəyov rayonu, Şağan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 700 kv.m torpaq sahəsi ilə bağlı plan-ölçü tərtib edilmişdir. Torpaq sahəsinin kadastr göstəricilərində əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********28 nömrəli, 01.10.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 21.07.2020-ci il tarixli, ********** nömrəli ərizəsinə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən ərazi Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Həmçinin, ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmadığı, bank tərəfindən verilmiş qəbzin təqdim edilmədiyi və adında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan məhkəmənin “Əzizbəyov rayon Şağan Bələdiyyəsinin 18.09.2007-ci il tarixli, 16 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış 700 kv.m ölçüdə torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olubolmaması barədə məlumatın təqdim edilməsinə dair” 09.03.2021-ci il tarixli sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 14 aprel 2021-ci il tarixli, **********73 nömrəli məktubla təqdim edilmiş arayışdan görünür ki, iş üzrə müraciətə əlavə edilmiş kadastr planında (**********0053 nömrəli) qeyd edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 837 nömrəli sərəncamı ilə Xəzər rayonu Mərdəkan bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Şağan bələdiyyəsi tərəfindən 2007-ci ildə iddiaçıya 700 kv.m. torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir və həmin torpaq sahəsi 1904 manat haqq müqabilində iddiaçıya satılmışdır, alqı-satqı aktı Bakı şəhər Torpaq Şöbəsinin müdirinin, iddiaçının və Şağan bələdiyyəsinin sədrinin iştirakı ilə imzalanmış və Bakı şəhər Torpaq Şöbəsinin, Şağan bələdiyyəsinin möhürləri ilə təsdiq edilmişdir, eyni zamanda akt Bakı şəhər Torpaq Şöbəsində 30.10.2007-ci ildə 4459 nömrəsi ilə qeydiyyata alınmışdır, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etsə də cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar edilmədiyi, torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmadığı, həmçinin qeyd edilən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmadığı göstərilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyə qərarı və alqı-satqı aktı əsasında iddiaçının qanuni istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsinin bələdiyyə torpağı olmasının müəyyən edilməməsi barədə bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Cavabdeh tərəfindən məhkəməyə Şağan bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət və ya xüsusi mülkiyyətdə olması barədə sübutları təqdim etməmişdir. Halbuki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 aprel 2021-ci il tarixli, **********73 nömrəli məktubla təqdim edilmiş arayışdan görünür ki, iş üzrə müraciətə əlavə edilmiş kadastr planında (**********0053 nömrəli) qeyd edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 837 nömrəli sərəncamı ilə Xəzər rayonu Mərdəkan bələdiyyəsinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallar - torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və bələdiyyə tərəfindən 2007-ci ildə iddiaçıya satılması barədə qərar qəbul edilməsi, alqı-satqı aktının tərtib edilməsi, həmin alqı-satqı aktının həmin dövrdə mövcud olan Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsində qeydiyyatdan keçirilməsi torpağın iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. Cavabdehin etirazda və imtina məktubunda göstərdiyi torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin əlavə olunmaması, həmçinin qeyd edilən ərazinin Mərdəkan bağlarının yeri olmaqla, ərazidə hasarlanma işləri sənəd üzrə sxematik xəritəyə uyğun aparılmadığı üçün hansı bağın yeri olmasının dəqiqləşdirilməsinin mümkün olmaması barədə bildirdikləri isə qanunvericilikdə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas kimi nəzərdə tutulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2228/2021 saylı 09.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-261/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-261/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver