Məhkəmə qərarları › İş №2-1(103)-261/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-261/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-261/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında (İPM m.2.2.2) iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 29 iyul 2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx xxxx 1961-ci il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1979-1981-ci illərdə hərbi xidməti də nəzərə alınmaqla onun 40 il əmək stajı var və həmin stajın 15 ilini güzəştli pensiya hüququ verən zərərli işlərdə çalışmışdır. Lakin cavabdeh tərəfindən onun müvafiq müraciətinə xx.xx.2021-ci il tarixli imtina cavabı verilərək, fərdi hesabının sığorta hissəsində tələb olunan miqdarda pensiya kapitalı mövcud olmadığı, eləcə də güzəştli iş stajının cəmi 8 il 1 ay 28 gün (xx.xx.1984-xx.xx.1988; xx.xx.2017-xx.xx.2021) təşkil etdiyi bildirəlməklə əsassız olaraq ərizəsini təmin etməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanlanmış imtina cavabına uyğun olan əsasla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, onun ümumilikdə götürdükdə əmək fəaliyyəti (stajı) və əsgəri Xidmətlərini də nəzərə alınmaqla təxminən 40 il təşkil edir. Həmin stajımın təxmini olaraq 15 ili zərərli sahəyə aiddir. Hesab edir ki, cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsasızdır .Belə ki, əmək pensiyası üzrə sığorta kapitalının hesablanması yeni qaydası üç ildir müəyyən edilmişdir. Halbuki, əmək fəaliyyətinə 1978-ci ildə başlamış və həmişə onun əmək haqqından pensiya fonduna qanunla müəyyən edilmiş məbləğdə tutmalar olmuşdur. Hazırda ona pensiya hesablamaq üçün sığorta məğbləğinin 40800 manat tələb edilməsi qanunsuzdur. Belə ki, son 3 ildə sığorta hissəsinin daimi olaraq yüksək məbləğlə artırılması bir çox işçilərin əmək haqqlarıa uyğun gəlmir və həmin məbləği toplamaq üçün əmək fəaliyyəti göstərən işçilərə ən azı 3-4 min manat əmək haqqı müəyyən edilməlidir. Lakin respublikada 3-4 min manat əmək haqqı alanlar demək olar ki, az sayda dövlət qulluğunda olan insanlara şamil olunur. Onun işlədiyi müddətdə əmək haqqı maksimum 300-500 manat həddində olmuşdur. Həmin əmək haqqından 22 faiz sığorta ödənişləri tutulduqda , belə gərək o ən azı 25 il yox, 60 il əmək fəaliyyəti göstərsin. Bu isə mümkün deyildir. Ona görə ondan 40800 manat sığorta məbləğinin tələb olunması qanunsuzdur və vətəndaşların süni sürətdə pensiyasının kəsilməsi deməkdir. Həmçinin, onun zərərli sahədə əmək stajı da düzgün hesablamamışdır. Hesab edir ki, Mərkəzi Filialı təqdim etdiyi sənədlərə düzgün qiymət verməmişdir. Ona görə ona verilmiş cavab əsassızdır və pensiya hüququnun kobud pozuntusu kimi qiymətləndirilməlidir. Zərərli sahədə işi ilə əlaqədar müəssisə tərəfindən verilmiş arayışın nəzərə alınmamasını başa düşmək olmur. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova iddiaçının tələb olunan pensiya kapitalına və güzəştli iş stajına malik olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, 29 iyul 2021-ci il tarixdən (60 yaşından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə rədd edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, “...iddiaçının işlədiyi sahələr üzrə “qaynaqçı” peşələrindən yalnız “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” sayılanlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Odur ki, iddiaçının 14 sentyabr 1984-cü il tarixdən 3 may 1988-ci il tarixədək və 31 yanvar 2017-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək olan iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı sayılır. Bu müddət isə 8 il 1 ay 28 gün təşkil edir. Bununla da müəyyən edilir ki, iddiaçının 25 ildən artıq ümumi stajı toplansa da, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdəki stajı qanunla nəzərdə tutulmuş 12 il 6 ay müddətdən azdır. Bundan başqa, nəzərə alınmalıdır ki, 2017-ci ilin 1 iyul tarixindən sonrakı vaxtdan qüvvədə olan qanunvericilik normaları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını həm də şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə şərtləndirir. Lakin hazırkı iddiaçının əmək fəaliyyəti (2006-cı ilin yanvar ayının 1-dək olan iş stajı da nəzərə alınmaqla) üzrə pensiya kapitalı tələb olunan məbləğdən az olduğundan, yəni 40.800 manat pensiya kapitalının qarşılığında 22.620.14 manat toplandığından, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olmur...” Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin iddia ərizəsinə etirazı ilə razılaşaraq iddiaçının tələb olan pensiya kapitalına, həm də güzəştli pensiya hüququ verən xüsusi stajının mövcud olmadığı əsas gətirilərək, iddianı uğursuz qiymətləndirmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən xx.xx.2022-ci il tarixnədək qüvvədə olan redaksiyasına əsasən - axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” Qanun qeyd olunan tələbindən göründüyü kimi, 60 yaşından güzəştli əmək pensiyasının təyin edilməsi üçün sığortaolunanın 60 yaşı tamam olmalı, 25 il ümumi və azı 12 il 6 ay güzətli pensiya hüququ verən iş stajına malik olmalı və onun minimum əmək pensiysını almağa imkan verən pensiya kapitalı olmalıdır. Konkret halda, cavabdeh iddiaçının ərizəsinin təmin olunmasından iki əsasla imtina etmişdir:

1. Qanunun qeyd olunan tələbinə müvafiq olaraq güzəştli pensiya hüququ verən sığorta stajının 12 il 6 aydan az - 8 il 1 ay 28 gün təşkil etməsi;

2. 40.800 manat pensiya kapitalı qarşılığında iddiaçının fərdi hesabında 22.620.14 manat toplanması. Lakin, cavabdehin imtinasının birinci əsası iş materialları ilə müəyyən olunan, iddiaçının əmək failiyyətinin göstəricilrinə münasibətdə öz təsdiqini tapmır. Belə ki, iddiaçının iş materiallarında olan hərbi biletinin surətinə və 10 oktyabr 1979-cu il tarixdə doldurulmasına başlanılmış, tamlığı pozulmayan əmək kitabçasının qrafaları səlist yazılarla və qaralamasız olan və işlədiyi müəssisələrin imza və möhürləri ilə təsdiq olunmuş qeydlərinə əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1978 – xx.xx.1979: M.Qorki adına sovxozda fəhlə - 1 il 9 gün; xx.xx.1979 - xx.xx.1981: müddətli həqiqi hərbi xidmət -2 il 1 ay 4 gün; xx.xx.1981 – xx.xx.1982: Az.Neft və Kimya İnstitunun hazırlıq kursunda təhsil- 7 ay 16 gün; xx.xx.1984-xx.xx.1988: Bakı Xolodilnik zavodunda Qaynq sexində qaynaqçı – 3 il 10 ay 19 gün; xx.xx.1988-xx.xx.1994: “ Azneftmaştəmir” istehsalat birliyində mtəşünas, təchizat mühəndsi, köməkçi təsərrüfat operatoru, anbardar – 5 il 11 ay 21 gün; xx.xx.1996 - xx.xx.1997: İ.Qayıbov adına İdman bazasında gözətçi - 6 ay 24gün;

xx.xx.1999 - xx.xx.2007: “Əhaliyə vətəndaşlıq xidməti” trestində “qranit sexində daş cilalayıcısı - 7 il 2 ay 25 gün; xx.xx.2007 - xx.xx.2012: həmin trestdə fəhlə - 4 il 7 ay 29 gün; xx.xx.2012 -xx.xx.2017: "xxxx" MMC-də çilingər – 4 il 2 ay 30 gün; xx.xx.2017-xx.xx.2021: (60 yaşının tamam olduğu il) "xxxx" MMC-nin istehsalat sexində elektrik qaynaqçısı (hal-hazrda da işləyir) - 4 il 5 ay 28 gün. Beləliklə də 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixinə iddiaçının 25 ildən çox ümumi iş stajı mövcuddur və bu cavabdeh tərəfindən işin mübahisələndirilməyən halıdır. Burada cavabdeh tərəfindən mübahisələndirilir ki, iddiaçının güzəştli stajı 12 il 6 aydan az, 8 il 1 ay 28 gün təşkil edir. Belə ki, işə əlavə olunmuş iddia ərizəsinə etirazında, cavabdeh, iddiaçının yalnız xx.xx.1984-xx.xx.1988 dövründə Bakı Xolodilnik Zavodunda qaynaqçı kimi, xx.xx.2017-xx.xx.2021 dövründə isə "xxxx" MMC-də elektrik qaynaqçısı kimi işlədiyi dövrləri onun güzəştli stajı kimi qəbul edir İşdən də görünür ki, Bakı Çinar Soyuducuları ASC-nin 17 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli arayışına əsasən iddiaçının qeyd olunan zavodda qazla metal elektrodla qaynaqçı kimi işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siayhı”sının 35-ci “ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” peşəsinin, "xxxx" MMC-nin D-18 nömrəli xx.xx.2021-ci il tarixli güzəştli arayışında isə iddiaçının həmin Siyahının 11-ci “Metal emalı” bölməsində 11.5-ci bəndində məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə elektrik qaynaqçıları” peşəsində çalışdığı təsbit olunmuşdur. Lakin cavabdeh, iddia ərizəsinə, habelə iddiaçının apellyasiya şikayətinə etirazında iddiaçının xx.xx.1999-xx.xx.2007: “Əhaliyə vətəndaşlıq xidməti” trestində “qranit sexində daş cilalayıcısı kimi işlədiyi dövrü ( 7 il 2 ay 25 gün) əsassız olaraq onun güzəştli stajı olaraq nəzərə almır. Halbuki, iddiaçının işlədyi həmin “Əhaliyə vətəndaşlıq xidməti” trestinin işin 10-cu vərəqində olan, 74 No-li 26 noyabr 2021-ci il tarixli güzəştli arayışına əsasən müəyyən olunur ki, xx.xx.1999-xx.xx.2007 dövründə iddiaçı trestin nəzdində olan istehsalat sahəsində cilalayıcı kimi çalışmış, daş məmulatlarını əllə və dəzgahda cilalamış və onun çalışdığı bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu bölməsində “daş məmulatlarının cilalayıcıları” kimi öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının “Əhaliyə vətəndaşlıq xidməti” trestinin istehsalat sahəsində “daş tozu” (“silikoz” xəstəliyi əmələ gətirir) şəraitində, qranit cilalayıcısı kimi çalışdığı dövr nə cavabdeh, nə də ki məhkəmə tərəfindən tədqiq olunmamış, iddiaçının işlədiyi həmin peşəyə hüquqi qiymət verilməmiş, bununla da əsassız olaraq 7 il 2 ay 25 gün onun güzəştli stajı kimi nəzərə alınmamışdır. Həmin dövr cavabdeh tərəfindən qəbul edilən iddiaçının 8 il 1 ay 28 gün güzəştli stajına əlavə edildikdə isə onun nəinki 12 il 6 ay, 15 ildən də çox xüsusilə zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı mövcud olur. Cavabdehin güzəştli şərtlərlə iddiaçıya pensiya təyin olunmasından imtina etməsinin digər əsası olan, minimum pensiya təminatı üçün 60 yaşının tamam olduğu 29.07.21-ci il tarixinə tələb olunan 40800 manat sığorta kapitalının mövcud olmadığını mübahisələndirməsinə gəldikdə isə, bu hal həqiqətən də iş materiallarına, o cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş onun fərdi hesabından çıxarışa əsasən öz təsdiqini tapır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşı tamam olduqdan sonra əmək pensiyaları haqqında qanunvericiliyə edilmiş dəyişiklik onun vəziyyyətini yaxşılaşdırması hazırkı mərhələdə nəzərə alınmaya bilməz. Belə ki, 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135) Əmək pensiyaları haqqında” Qanunun “ 9.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Göründüyü kimi, qanunun qeyd olunan dəyişikliklə, 1 iyul 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya təyinatında artıq müvafiq pensiya kapitalının mövcudluğu tələb olunmur. Belə olan halda, həmin dəyişikliyin qüvvəyə mindiyi tarixdən 1 iyul 2022-ci il tarixində iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüqüq yarandığı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, konkret halda, Qanuna edilən həmin dəyişiklik nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə ona pensiya təyin olunması üçün cavabdehə yeni müraciətinə lüzum qalmır. Çünki, ən azından, işin mübahisələndirilən hallarından göründüyü kimi, hər bir halda, cavabdeh iddiaçının azı 12 il 6 ay güzəştli staja malik olduğunu da qəbul etmir. Bu isə iddiaçının cavabdehə yeni müraciətini də uğursuz edir. Bu baxımdan, məhkəmə kollegiyası, qanunvericiliyə edilən dəyişikliyi nəzərə alaraq, iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsini mümkün sayır. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli və iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin qeyd olunan yeni redaksiyası qanununi qüvvəyə mindiyi 01 iyul 2022-ci il tarixindən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə yeni qərar çıxarılmalıdır. “ Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən aşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir https://www.eqanun.az/framework/11566

Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı 01 iyul 2022-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar