Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-261/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6654/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya məbləğinin 01 aprel 2010-cu il tarixdən Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqəsində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-6654/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında (28 dekabr 2019-cu il tarixdən) yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın onun pensiyasının "28 dekabr 2019-cu il tarixdən yenidən hesablanması və yeni hesablamaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun" hissəsi dəyişdirilərək onun pensiyasının 01 aprel 2010-cu il tarixdən yenidən bütün devalvasiya, artımlar, indeksləşdirmələr və s. dəyişikliklər nəzərə alınmaqla yenidən hesablanması, yeni hesablamaya görə yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək, pensiyanın vaxtında ödənilməmiş hissəsinin konkret müddətlə, məsələn, altı ay və yaxud bir il müddətində tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 01 aprel 2010-cu il tarixdən təqaüddədir. Cavabdeh tərəfindən pensiya təyin edilmişdir. Cavabdeh tərəfindən ona pensiya təyin edilərkən, onun pensiya təyin olunarkən əsas və mühüm olan vəzifə maaşı (okladı) düzgün nəzərə alınmamışdır. Belə ki, o, 1977-ci ilin oktyabr ayından DİO-da xidmət etmiş, 01 aprel 2010-cu il tarixdən təqaüdə çıxmışdır. Rütbəsi polis polkovnikleytenantıdır, əmək stajı təqvim hesabı ilə 32 ildən, imtiyazlar nəzərə alınmaqla isə 40 ildən artıq olmuşdur. Xidmət etdiyi müddətdə müxtəlif vəzifələrdə, o cümlədən uzun müddət, 22 yanvar 2007-ci il tarixə kimi Bakı X5 Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 22 yanvar 2007-ci il tarixdən işlədiyi DİN-nin Nəqliyyat Baş Polis İdarəsinin Bakı Dəmir Yolu Polis İdarəsinin struktur dəyişikliyi ilə əlaqədar bütün şəxsi heyət ştatdan çıxarılaraq DİN-nin sərəncamına götürülmüş və yenidən vəzifələrə təyinatlar həyata keçirilmiş və bu zaman iddiaçı aşağı vəzifəyə, X5 Polis İdarəsinin CAŞnin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İddiaçının struktur dəyişikliyinə qədər uzun müddət xidmət etdiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİ-Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci - “ştatın ixtisar edilməsi və yaxud səhhətinə görə vəzifə maaş az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır” bəndinin tələblərinə müvafiq olaraq iddiaçıya şöbə rəisi vəzifə maaşı (okladı) saxlanılmışdır. Bu səbəbdən DİN Maliyyə Plan İdarəsinin müvafiq şöbəsi iddiaçıya aylıq 644 manat 25 qəpik təqaüd hesablayaraq sənədlər baxılması üçün cavabdehə göndərmişdir. Cavabdeh tərəfindən iddiaçının sənədlərinə baxılarkən “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci bəndinin Azərbaycan Respublikasının 05 mart 2010-cu il tarixli 969-İİİQD nömrəli Qanunu ilə çıxarıldığına əsaslanaraq bir ayda maaşını almadığı sonuncu tutduğu baş əməliyyat müvəkkili vəzifəsinin maaşı (okladı) ilə iddiaçıya təqaüd hesablamışdır. Baxmayaraq ki, təqaüdə çıxdığı günə, 01 aprel 2010-cu il tarixinə qədər Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifəsinin vəzifə okladı ilə əmək haqqı almışdır. Məsələ ilə əlaqədar dəfələrlə etdiyi müraciətlərə, qəbullarda olarkən də 35-ci bəndin ləğvi ilə əlaqədar iddiaçıya təqaüdün şöbə rəisinin deyil, baş əməliyyat müvəkkilinin vəzifə maaşı ilə hesablandığı bildirilərək cavabdeh tərəfindən müraciətindən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1.1-ci maddəsinin tələblərini, “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir” əsas götürərək iddiaçının pensiyasının 28 dekabr 2019-cu il tarixdən yenidən hesablanması və üç il üçün ödənilməsi barədə qərar qəbul etmişdir. İddiaçı məhkəmənin qəbul etdiyi qərarla qismən razıdır. Lakin qərarın “28 dekabr 2019-cu il tarixdən olmaqla son üç il üçün hesablanmalı və ödənilməli olduğu” hissəsi ilə razı deyil və bunu qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarına uyğun olaraq iddiaçıya pensiya 01 aprel 2010-cu il tarixdən bütün artımlar, devalvasiya, indeksləşdirmələr və s. nəzərə alınmaqla yenidən hesablanmalı və tam şəkildə ödənilməlidir. İddiaçıya xx.xx.2010-cu il tarixdən 609 manat (644 manat 25 qəpik əvəzinə) pensiya təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə təyin edilən pensiya xx.xx.2019-cu ildə 1115 manat 07 qəpik olmuşdur. 28 dekabr 2019-cu il tarixdən ancaq vaxtında düzgün təyin ediməməsi səbəbindən yaranmış 35 nanat fərqin götürülməsi, sonrakı üç il müddətinə hesablanıb əlavə edilərək ödənilməsi düzgün deyildir. Məhkəmə qanunvericiliyə uyğun olaraq “qanunun geriyə qüvvəsi olmadığını” nəzərə almayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsini tətbiq edərək qərar qəbul etmişdir. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmış və cavabdeh tərəfindən qanunun pozulduğunu tam sübut etmiş, lakin qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərini nəzərə almamışdır. Məhkəmə iddianı təmin edir, bütün halları araşdıraraq iddiaçının pozulmuş mülkiyyət hüququnu bərpa edir, ödənilməmiş hissənin yenidən hesablanması və ödənilməsi öhdəliyini “cavabdehin” üzərinə qoyulması barədə qərar qəbul edir, lakin son üç il müddətində. İddiaçının hüququ “Cavabdehin” günahı səbəbindən 01 aprel 2010-cu il tarixdən pozulmuşdur. Bundan sonrakı dövrdə 13 il (156 ay) iddiaçı pensiya almışdır. İlk təyin olunan pensiya 609 manat olmuş, 20 dekabr 2019-cu il tarixinə artıq 1115 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməcbnin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 7, 29, 38, 81, 94 və 149-cu maddələri ilə uzlaşmır. «Əmək pensiyaları haqqında» Qanunun 32.1.1-ci maddəsi ilə müəyyən edilən üç illik məhdudiyyət həmin dəyişiklikdən sonra pensiya almaq hüququ yaranan şəxslərə münasibətdə tətbiq edilə bilər. “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklik qüvvəyə minənə qədər (1 iyul 2017-ci il) pensiya almaq hüququ yaranan şəxslərin pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün müraciət etmə vaxtından asılı olmayaraq həmin norma onlara şamil edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə iddia təmin edilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 25 yanvar 2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 22 aprel 2010-cu il tarixli 5428 nömrəli məlumat vərəqində vəzifəniz «NBPİ DYNPİ CAŞ baş əməliyyat müvəkkili» qeyd olunub. Bununla əlaqədar olaraq, həmin məlumat vərəqinə əsasən X6 tərəfindən 4 may 2010-cu il tarixində (1 aprel 2010-cu il tarixindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun oiaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib (sonrakı artımlar nəzərə alınmaqla hazırkı pensiyanızın məbləği 1115,07 manat). “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən, əmək pensiyanızın tərkibində Sizə 111,51 manat məbləğində maddi yardım ödənilir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və Xüsusi rütbəli şəxslərlə İş Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubda qeyd edilir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qnununun qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 1-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanununa uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırığı verilmişdir. Bu fərman isə 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsində isə səhhəti və yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçrilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablandığı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 35-ci maddəsində (Azərbaycan Respublikasının xx.xx.2010-cu il tarixli 969-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) göstərilmişdir ki, ştatların ixtisar edilməsi ilə əlaqədar, yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır. Qeyd edilənləri nəzərə alaraq Sizə şöbə rəisinin vəzifə maaşından pensiyanızın hesablanması müvafiq qanunvericiliklə mümkün deyildir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən hazırda pensiyanızın məbləği təminat xərcliyinizin 100 faizi nəzərə alınmaqla 764,50 manat (vəzifə maaşı-270 manat, rütbə maaşı-134 manat, xidmət illərinə görə-202 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası-64 manat, məharət dərəcəsinə görə - 94,50 manat) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin Qulluq stajına görə əmək pensiyasına əlavələrin 20.18-ci bəndinə əsasən Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (22 dekabr 2023-cü il tarixli 1074- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 20.14.1-ci maddədə hər üç halda “20” rəqəmləri “25” rəqəmləri ilə, “50” rəqəmləri “65” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddədən “yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi,” sözləri çıxarılmışdır). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə tədiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» 35-ci bəndinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır (5 mart 2010-cu il tarixli 969-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci maddəsi çıxarılmışdır). İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmişdir. xx.xx.2010-cu ildən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçıya və DSMF Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş Departamertinə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubda qeyd edilir: «Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş Məlumat Vərəqəsi aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir. Qeyd edirik ki, İddiaçı 22 yanvar 2007-ci il tarixində DİN-in NBPİ-in BDYNPİ-də şöbə rəisi vəzifəsindən ixtisar olunaraq həmin şöbədə aşağı vəzifəyə təyin edildiyinə görə «Daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin (Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 35-ci bəndinə müafiq ştatın ixtisar edilməsi ilə əlaqədar və yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılmışdır». Həmin məktuba əlavə edilmiş Daxili İşlət Nazirliyi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2010-cu il tarixli Məlumat vərəqindən görünür ki, İddiaçı NBPİ DYNPİ CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, pul təminatı qrafasında vəzifə, rütbə maaşı, xidmət illərinə görə əlavə və digər əlavələr olmaqla cəmi 644 manat 25 qəpik qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı 22 yanvar 2007-ci il tarixində DİN-in NBPİ-in BDYNPİ-də şöbə rəisi vəzifəsindən ixtisar olunaraq həmin şöbədə aşağı vəzifəyə (CAŞ-də baş əməliyyat müvəkkili) təyin edilmişdir, lakin «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə» həmin dövrdə qüvvədə olan 35-ci bəndinə əsasən iddiaçının sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılmışdır. Məhz məlumat vərəqində də həmin pul təminatı qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya aşağı vəzifənin pul təminatına əsasən pensiya məbləği hesablanmışdır. Halbuki şəxsə pensiya hesablanarkən onun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqində göstərilən təminat xərcliyi (pul təminatı) nəzərə alınmalı idi. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində DSMF-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılmalı, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılmalı, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilməli idi. Göründüyü kimi, məhz iddiaçıya pensiya təyin edilərkən onun hərbi xidmətdən buraxıldığı günə təminat xərcliyi (pul təminatı) məlumat vərəqində qeyd olunmuşdur. Buna baxmayaraq, cavabdeh tərəfindən bu, nəzərə alınmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yuxarıda göstərilən məktublardan da görünür ki, iddiaçı qeyd olunanlarla əlaqədar pensiya təyin olunan dövrdə (2010-cu ildə) cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm pensiya təyin edilməsi üçün iddiaçının xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli məlumat vərəqində göstərildiyi üçün, həm də məhz 2010-cu ildə iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciətlər edildiyi üçün iddiaçının əmək pensiyası məlumat vərəqində göstərilmiş təminat xərcliyi (pul təminatı) nəzərə alınmaqla əmək pensiyasının təyin edildiyi xx.xx.2010-cu il tarixdən yenidən hesablanmalı və həmin tarixdən ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək iddiaçının pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar düzgün nəticəyə gəlsə də, əmək pensiyasının yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi 28 dekabr 2019-cu il tarixdən deyil, əmək pensiyasının təyin edildiyi xx.xx.2010-cu il tarixdən müəyyən edilməli idi. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, qərar həmin hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, İddiaçı pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (NBPİ X4 Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında 01 aprel 2010-cu il tarixdən yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6654/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qərarı qismən - «İddiaçı pensiya məbləğinin 28 dekabr 2019-cu il tarixdən yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi» hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilsin. İddiaçı pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (NBPİ X4 Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında xx.xx.2010-cu il tarixdən yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6654/2023 nömrəli 26 aprel 2023-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.