Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2610/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdulalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil illəri sığorta stajına daxil edilməklə əmək pensiyasınn yenidən hesablanması” tələbinə dair inzibati iş Açar söz: əmək stajının yenidən hesablanması Giriş hissə: X3 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı Abdulalı oğlunun iştirakı ilə, İddiaçı Abdulalı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «təhsil illəri sığorta stajına daxil edilməklə əmək pensiyasınn yenidən hesablanması»nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2515/2022 nömrəli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1955-ci ildə anadan olmuşdur.
2. İddiaçı 28 avqust 1973-cü il tarixdən 15 noyabr 1973-cü il tarixədək və 29 noyabr 1975-ci il tarixdən 24 aprel 1978-ci il tarixədək X1 və Elektrikləşdirmə Texnikumunda təhsil almışdır.
3. İddiaçıya 24 iyun 2012-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin onun təmin təhsil illəri pensiya hesablanarkən sığorta stajına daxil edilməmişdir.
4. İddiaçı həmin təhsil illəri sığorta stajına daxil edilməklə ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil illərinin sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və əmək pensiyasının yenidən hesablanmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat
5.İddiaçı Abdulalı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 28 avqust 1973-cü il tarixdən 15 noyabr 1973-cü il tarixədək və 29 noyabr 1975-ci il tarixdən 24 aprel 1978-ci il tarixədək təhsil aldığı dövrün sığorta stajına daxil edilməklə əmək pensiyasınn yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1971 – 1972-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsində, daha sonra 1973-cü ildən 1978-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin X2 və Elektrikləşdirmə Texnikumunda təhsil almışdır. Onun güzəştli şəxslərlə yaşa görə əmək pensiyası hüququ 24 iyun 2012-ci il tarixdə yaranmış və həmin tarixdən ona əmək pensiyası təyin edilmişdir. Lakin pensiya hesablanarkən onun təhsil illəri sığorta stajına daxil edilmədiyindən, pensiya məbləği az hesablanmışdır. İddiaçı bundan sonra cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, təhsil illəri stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Cavabdeh tərəfindən müraciətə baxılmış və 10 avqust 2021-ci il tarixli imtina məktubu ilə cavabdeh təşkilat 2006-cı ildə qüvvədə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək təhsil illərinin əmək stajına daxil olunmasından imtina etmişdir. İddiaçının əmək stajı 1978-ci ildən hesablanarsa, 2006-cı ilədək onun 25 illik iş stajı tamam olur. Əslində isə, o, əmək münasibətinə 1972-ci ildən başlamışdır, bu hesabla isə 2006-cı ilədək 34 il iş stajı müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minınədək onun 34 il iş stajı var idi və cavabdeh onun işinə münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununu tətbiq etməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 71, 149-cu maddələrinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, təhsil aldığı 1972 – 1978-ci illər əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. 7.Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-2515/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının təhsili barədə təqdim etdiyi diplomda göstərilən məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, habelə məhkəmə icraatında da bununla əlaqədar xüsusat mövcud olmadığından, bu məlumatları daşıyan sənəd kimi həmin diplom mötəbər hesab olunur.
9. Məhkəmə hesab etmişdir ki, hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları təhsil illərinin sığorta stajına daxil edilməsini nəzərdə tutmasa da, 2006-cı ilin yanvar ayının 1-dən qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsi həmin müddəti də iş stajına daxil edir. Həmçinin nəzərə alınmışdır ki, İddiaçı təhsil aldığı illər sözügedən Qanunun qüvvədə olduğu dövrdən əvvələ təsadüf etsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi həmin müddəanın iddiaçının təhsil illərinə münasibətdə tətbiqini yolverilən edir.
10. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müvafiq təhsil illərini sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
Apellyasiya şikayətinin dəlilləri: 11.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2-1(112)-2515/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsi tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən Mərkəzi Fiala təqdim edilən ərizədən, eləcə də iddia tələbindən də görünür ki, iddiaçı təhsil illəri sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərə münasibətdə həmin Qanunun 21.1-ci maddəsinə görə təhsil müddətinin sığorta stajına daxil edilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının təhsil aldığı illəri sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
13.Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. 14.Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun; 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanun 9.8-ci maddə- bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1-ci maddə- qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddə- 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş (xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş) “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi: 16.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 17.Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 18.Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı zaman qüvvədə olan qanunda nəzərdə tutulduğundan təhsil müddəti şəxsin iş stajına daxil edilməldir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda ali təhsil müddəti sığorta stajına daxil edilən müddət kimi nəzərdə tutulmasa da iddiaçının təhsil aldığı dövrdə bu müddət sığorta stajı kimi nəzərə alındığından “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsi həmin qanunun qəbul edildiyi dövrədək ali təhsil almış şəxslərin əmək pensiyası ilə bağlı hüquqlarını məhdudlaşdırdığı üçün yalnız qanunun qəbul edildiyi tarixdən sonrakı münasibətlərə şamil edilməlidir. 20.Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı olan nəticəyə gəlmişdir. 21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissəsi: Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2515/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.