Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2610/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “05 avqust 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2786/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 avqust 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 12 iyul 1966- cı il tarixində, Bakı şəhərində, Azərbaycanda anadan olmuşdur. Atası İddiaçı xx xxxxxx 1937-ci il tarixində Kürdəmir şəhərində, Azərbaycanda anadan olmuşdur və hal-hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır. Anası X2 27 oktyabr 1934-cü il tarixində Göyçay rayonunda, Azərbaycanda anadan olmuşdur və hal-hazırda da Azərbaycan Respublikasının vətəndaşıdır. 1973 - 1983-cü illər arasında Bakı şəhəri 134 saylı məktəbdə orta təhsilini almış, 1983-cü ildə X14 Universitetinin "X5" ixtisasına qəbul olmuş, 1990-cı ildə bitirmişdir. Universiteti bitirdikdən sonra vətənə qayıtmış, 1990-1992-ci illər arasında Azərbaycan Politexnik İnstitutunun "Biotexnologiya" laboratoriyasında çalışmışdır. Sonrakı dövrdə Moskvaya qayıtmış və 2003-2005-ci illərdə Rusiya İqtisad Universitetində ikinci ali təhsil pilləsi - magistr pilləsi üzrə "Maliyyə və Kredit" ixtisası üzrə MBA-magistr dərəcəsini əldə etmişdir. 1992-ci ildən Rusiya Federasiyasında müxtəlif kommersiya təşkilatlarında rəhbər vəzifələrdə çalışmışdır. Halhazırda isə development və inşaat sahələrində bir neçə şirkətin təsisçisi kimi biznes fəaliyyəti ilə məşğul olur və bu yaxınlarda Azərbaycanda biznes fəaliyyətinin qurulması ilə bağlı addımları həyata keçirməyi planlayır. Rusiya vətəndaşı Tağıyeva Oksana ilə ailə qurmuşdur. O, Azərbaycan vətəndaşlığından könüllü olaraq imtina etməmişdir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəlində biznes və akademik fəaliyyəti ilə ilə bağlı əsasən Rusiyada olmuş, bu səbəbdən Azərbaycanda Vətəndaşlığı ilə bağlı sənədlərini yeniləməmişdir. Lakin indi olduğu kimi hər il daimi olaraq 3-4 dəfə vətəninə gəlir, burada yarım ilə yaxın müddətdə qalır. Həmçinin, Yasamal rayonu, Ələskər Əliyev küçəsində Almaniyadan, Rusiyadan gətirilən qida məhsulları, xüsusi ilə də meyvə şirələrinin satışı ilə məşğul olan mağazanın da şərikli formada sahibi olmuş və 2010-cu il tarixinədək burada şərik işləmişdir. Faktiki olaraq Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası vətəndaşı olmuş, lakin sənədləşmələrlə bağlı baş verən dəyişiklərlə əlaqədar olaraq, hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı olmağıyla bağlı yeni sənədləri əldə etməkdə problemlərlə qarşılaşmışdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmək üçün ilkin mərhələ olan vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün 4 iyul 2022-ci il tarixində Asan 7 Xidmət Mərkəzinin Miqrasiya Şöbəsinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 zəruri sənədlərlə yaxınlaşmış və müraciəti həyata keçirmişdir. O, Asan 7 Xidmət Mərkəzinin Miqrasiya şöbəsinə 26 avqust 2022-ci il tarixində etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Məhəmməd Cəfərov yaxınlaşmış və nəticə ilə bağlı qərarı əldə etmişdir. Qərarda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş yazılı etirazda bildirilmişdir ki, X11 xx.xx.2022-ci il tarixli sorğusu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, X11 Rusiya Federasiyasında vətəndaşlığını əldə etmiş, bu səbəbdən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. X11 vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla 5 il daimi yaşadıqdan sonra o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edə bilər. Bundan başqa, X11 ilə bağlı icraat Dövlət Miqrasiya Xidməti tərəfindən 2022-cı ilin avqust ayında aparılmış və qərar şəxsə sözügedən tarixdə təqdim edilmişdir. Bu da o deməkdir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunvericiliklə müəyyən olunmuş iddia qaldırmaq müddətini pozmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçı heç bir zaman Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməmişdir. Həmçinin, iddiaçı Azərbaycanda anadan olmuş, valideynləri Azərbaycan Respublikasının vətəndaşı olmuş, 1990-cı il tarixdən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-də qeydiyyatda olmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 30 sentyabr 1998-ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1- dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Həmçinin iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildən Rusiyada yaşamış, təhsil almış və əmək fəaliyyəti göstərmişdir ki, bu da onun həmin ölkələrdə daimi qeydiyyatda olduğunu əks etdirir. İşin faktiki hallarına əsasən iddiaçı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 5-ci maddənin birinci hissəsinin 2, 3 və 4cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına düşmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir, əksinə o, Rusiya Federasiyasının vətəndaşlığını əldə etmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 3.11-ci bəndinə əsasən Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;.. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına uyğun olaraq və iş materiallarına əsasən müəyyən edilmiş məlumatları qeyd etməyi zəruri hesab edir. Belə ki, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 8 Saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, 12 iyul 1966-cı ildə Bakı şəhərində anadan olmuş X11 MKİS-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, doğulduğu gündən valideynlərinin yanında olmuş və onların qeydiyyatda olduğu Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-də qeydiyyatda olmuşdur.Lakin uzun müddətdir ki, işlə əlaqədar xaricdə yaşadığı üçün vaxtında Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqəsi almamışdır.Odur ki, X7 müraciətini nəzərə alıb hər iki valideyinin qeydiyyatda olub,hal-hazıra kimi yaşadıqları Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-də qeydiyyatda olub-olmaması barədə tərəfimizdən araşdırma aparıldı və məlum oldu ki, Mənzil Kommunal İstismar Sahəsində olan mənzilin maliyyə şəxsi hesab vərəqəsinə və əvvəllər qeydiyyatda olan vətəndaşların qeydiyyat vərəqəsinə (Forma A) əsasən vətəndaş X11 əvvəllər qeydiyyatda olduğu Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-dən təhsililə əlaqədar 18 avqust 1983-cü ildə Moskva şəhərinə qeydiyyata düşmək üçün pasport qeydiyyatından çıxmışdır, 24 iyul 1990-cı ildə isə yenidən valideynlərinin qeydiyyatda olduqları Mehdi Hüseyn küçəsi döngə 1, ev 3, mənzil 15-ə pasport qeydiyyatına düşmüşdür. Odur ki, halhazırda vətəndaş X7 qeyd olunan ünvandan qeydiyyatdan çıxması və harada qeydiyyatda olması barədə MKİS-də heç bir məlumat yoxdur. Forma A qeydiyyat haqqında kartoçkasına əsasən iddiaçı ünvan 1 ünvanında yaşamışdır, həmin ünvandan xx.xx.1982-ci ildə qeydiyyata alınmış, xx.xx.1983-cü ildə qeydiyyatdan çıxmış, xx.xx.1990-cu ildə yenidən qeydiyyata alınmışdır. İ-AZ 154720 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən iddiaçı xx.xx.1966cı ildə Bakı şəhərində doğulmuşdur, atası kimi İddiaçı, anası kimi X2 qeydə alınmışlar, hər iki şəxsin milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. İddiaçı və X1 şəxsiyyət vəsiqələrinin surətlərinə əsasən, onlar Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Rusiya Federasiyasının vətəndaşının pasportuna əsasən iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçının qeydiyyatda olduğu yer barədə məlumat mövcud deyil. Göründüyü kimi iddiaçı 12 iyul 1966-cı ildə Azərbaycanda, Bakı şəhərində doğulmuşdur, hazırda Rusiya Federasiyasının vətəndaşıdır, 1983-cü ildən Azərbaycan Respublikasının ərazisindən kənarda təhsil almış və əmək fəaliyyəti göstərmişdir, özünün də bildirdiyinə görə Azərbaycan Respublikasının ərazisini təhsili ilə əlaqədar 1983-cü ildə tərk etmiş, müxtəlif illərdə qısa müddətlərdə Azərbaycana gəlmiş, biznes fəaliyyəti ilə məşğul olmuş və getmişdir. 2022-ci ildə nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etsə də müraciətinin təmin edilməməsi barədə cavabdeh tərəfindən qərar qəbul edilmişdir. Hazırda iddiaçı həmin imtina qərarının ləğv edilməsini və özünün Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında məhkəmə hüquqi mövqeyini bu cür əsaslandırılmışdır: “33. Məhkəmə kollegiyası işin hallarına göstərilən normaların işığında münasibət bildirərək qeyd edir ki, iddiaçı 15 fevral 1991-ci ildən etibarən daimi əsaslarla Rusiya Federasiyası, Xabarovsk vilayəti, Amursk şəhəri, Komsomolska küçəsi, ev 67, mənzil 179 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə bağlı hər hansı müraciəti olmamış, digər dövlətin vətəndaşlığını könüllü əldə etməklə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Başqa sözlə iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması üçün əsasdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Beləliklə, İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2786/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2610/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2610/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver