Məhkəmə qərarları › İş №2-1(103)-2611/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2611/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2611/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021-ci il tarixli **********145811 saylı qərarının 225751,55 manat vergi məbləğinin və 114555,80 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021-ci il tarixli **********145811 saylı qərarının 225751,55 manat vergi məbləğinin və 114555,80 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021-ci il tarixli **********145811 saylı qərarının 225751,55 manat vergi məbləğinin və 114555,80 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 21.05.2020-ci il tarixli **********200072 saylı qərara əsasən İddiaçı MTK-ya səyyar vergi yoxlaması (yoxlanılan dövr:01.11.2017-31.03.2020) keçirilmişdir. Yoxlama zamanı İddiaçı MTK-ya 2017-2019-cu illər üzrə 2500,0 manat mənfəət vergisi az, 2018-ci ilin avqust, 2019-cu ilin fevral, 2020-ci ilin mart ayı üzrə 223251,55 manat əlavə dəyər vergisi az və 2018-2019-cu illər üzrə 3000,0 manat torpaq vergisi artıq olmaqla, ümumilikdə 222751,55 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş 15.02.2021-ci il tarixli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021-ci il tarixli **********145811 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar əsasında 222751, 55 manat məbləğində, yəni külli miqdarda vergilərn dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə 29.06.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci maadəsi ilə cinayət işi başlanmışdır. Cinayət Prosessual Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Göründüyü kimi, qanunvericilikdə cinayət təqibi yalnız cinayət işi üzrə məhkəmə mübahisəsinin mövcudluğunu deyil, həmçinin cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi kimi halları da özündə ehtiva edir. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar və sənədlər əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Qeyd edilən iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halı mövcuddur və hesab edilmişdir ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Hazırki mübahisə üzrə iş üçün əhəmiyyət kəsb edən sübutların və lazımi materialların Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən başlanılmış 29.06.2021-ci il tarixli cinayət işi ilə əlaqədar olaraq həmin Baş İdarədə olduğundan, eyni zamanda iş üzrə aparılan cinayət təqibinin məhkəmənin icraatında olan inzibati mübahisənin həllinə təsir etməsi halları mövcud olduğundan, inzibati məhkəmə icraatı cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmalıdır. İPM-in 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iş üzrə icraatın dayandırılması barədə vəsatətə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı MTK-da vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə başlanılan cinayət işi ilə əlaqədar aparılan cinayət təqibinin mübahisənin həllinə təsir etməsi halları mövcuddur. Həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Birinci instansiya məhkəməsi tərəfindən vətatətdə qeyd edilmiş hallar nəzərə alınmamış, iş üzrə qanuni və əsaslı olmayan qərardad qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan **********200072 saylı 21.05.2020-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, İddiaçı MTK üzrə (yoxlanılan dövr:01.11.2017-31.03.2020) səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri haqqında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********199207 nömrəli 24.04.2020-ci il tarixli qərar qəbul edilmişdir. Yoxlama zamanı İddiaçı MTK-ya 2017-2019-cu illər üzrə 2500,0 manat mənfəət vergisi az, 2018-ci ilin avqust, 2019-cu ilin fevral, 2020-ci ilin mart ayı üzrə 223251,55 manat əlavə dəyər vergisi az və 2018-2019-cu illər üzrə 3000,0 manat torpaq vergisi artıq olmaqla, ümumilikdə 222751,55 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı müəyyən edilmişdir. Hazırki işdə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.04.2021-ci il tarixli **********145811 saylı qərarının 225751,55 manat vergi məbləğinin və 114555,80 manat maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilməsi” ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən qaldırılan məsələ üzrə digər məhkəmə icraatından asılı olan halın olmamasına istinad edərək iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının mübahisələndirdiyi İddiaçı MTK ilə bağlı tərtib edilmiş inzibati akt həmin müəssisədə aşkar edilmiş vergi qanunvericiliyinin pozulması halı ilə əlaqədar qaldırılmış cinayət işinin araşdırma əsaslarından biri kimi çıxış etdiyi üçün həmin cinayət təqibinin hazırki inzibati mübahisənin həllinə təsiri deyil, əksinə, inzibati mübahisə üzrə qəbul ediləcək məhkəmə qərarının cinayət təqibinə təsir edəcəyi müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə icraatın dayandırılması üçün yuxarıda qeyd olunan normada göstərilən əsaslar mövcud olmadığından bu barədə vəsatətin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5134/2021 saylı 30 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar