Məhkəmə qərarları › İş №2-1(103)-2611/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2611/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2611/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “subsidiyanın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X1 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon DNK-da bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 18,87 ha torpaq sahəsi İddiaçı (bundan sonra – iddiaçı) satılmış, “Torpağa mülkiyyət hüququna dair” J№ 2715, KOD 30320018 Dövlət Aktı verilmişdir.

2. Quba rayon DNK-da bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş 23.16 ha torpaq sahəsi iddiaçıya satılmış, “Torpağa mülkiyyət hüququna dair” J№ 2717, KOD 30320018 Dövlət Aktı verilmişdir. Hər iki torpaq sahəsi iddiaçının sahiblik və istifadəsində olmaqla, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur.

3. İddiaçı 2022-2023-cü və 2023-2024-cü əkin illəri üçün subsidiya almaq üçün X4 İnformasiya Sisteminə (bundan sonra -EKTİS) vasitəsi ilə müraciət etmiş, lakin ona subsidiyanın veriməsindən imtina edilmişdir. İmtinaya əsas kimi JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİS-ə daxil etmək tövsiyyə olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-2023 və 2023-2024-cü əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərin monitorinqi aparılaraq həmin əkin illəri üzrə subsidiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu İİ Nügədi kəndi ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Torpaq sahələrini alqı-satqı ilə əldə edərək 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirərək “Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları alıb. Həmin torpaq sahələrində müxtəlif meyvə ağacları əkib. 2006-cı ildən həmin torpaq sahələrinə görə dövlət tərəfindən verilən subsidiyalara görə Quba rayonu İİ Nügədi Bələdiyyəsinə müraciət edərək, subsidiya alıb. 2018-ci ildən təsdiq edilmiş yeni subsidiya qaydalarına əsasən sistem tərəfindən təsdiq edilərək EKTİSdə qeydiyyatdan keçirilərək, monitorinqi aparılaraq 2018-2021-ci əkin illəri üçün subsidiya alıb. 2022-2023-cü və 2023-2024-cü əkin illəri üçün subsidiya almaq üçün müraciət etdikdə isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 21 dekabr 2023-cü il tarixli 3-22/2-Z-46xx-xx-4779/2023 nömrəli məktubu ilə ona mülkiyyətində olan JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) torpaq sahələrinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əldə edərək EKTİS-ə daxil etmək tövsiyyə olunmaqla imtina edilmişdir. Lakin Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2021-ci il tarixli sərəncamının 2.1-ci bəndində qeyd edilmişdir ki, 2025-ci ilin yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəkdir. Göründüyü kimi əsassız yerə ona subsidiyanın verilməsindən imtina edilmişdir.

6. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Etiraz onunla əsaslandırılmışdır ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra - Qayda) uyğun olaraq EKTİS üzərindən həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. 2022-2023-cü əkin ili üzrə iddiaçının 18,87 hektar və 23,16 hektar torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həmin torpaq sahələrində salınmış bağlara görə ona subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Qeyd edilənlərə əsasən iddiaçıya subsidiya ödənilməsi mümkün olmamış və ödənilməməlidir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı həmin torpaq sahələrinə görə subsidiyanın verilməsi ilə bağlı EKTİS vasitəsi ilə müraciət etmiş, ona subsidiyanın verilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi cavabdeh o hala istinad edir ki, iddiaçı torpaq sahələrinə mülkiyyət və istifadə hüququna dair Əmlak Məsələləri Dövlət Xidmətində qeydə alınmış çıxarışı EKTİS-ə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir. Cavabdeh “Qayda”nın 3.8. və 3.8.2-ci bəndinin tələblərinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Belə ki, həmin normaya görə, Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) SİS-ə daxil edirlər. Məhkəmə hesab edir ki, cavabdeh həmin normanı səhv tətbiq edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, işin mübahisələndirilməyən halıdır ki, həmin torpaq sahələri iddiaçının sahiblik və istifadəsindədir. Digər tərəfdən hər iki torpaq sahəsinə dair DTXK Quba rayon Şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Həmin sənəd isə, həmin dövrdə səlahiyyətli qurum tərəfindən verilmiş mülkiyyət hüququna dair sənəddir. Qeyd edilən sənədlərin hazırda ƏMDX-nin Ərazi İdarəsi tərəfindən yeni çıxarışla əvəz edilməməsi, torpaq sahələrinin iddiaçının mülkiyyətində olmaması anlamına gəlmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Digər tərəfdən istinad edilən normadan (3.8.2) göründüyü kimi, iddiaçı SİS-ə torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və istifadə hüququnu təsdiq edən sənədi əlavə etmək vəzifəsi daşıyır. İddiaçı isə qeyd edilən məlumatları özündə ehtiva edən torpağa mülkiyyət hüququna dair sənədi sistemə daxil etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın sistemə əlavə edilməsi tələbi isə Qaydaların tələbinə əsasən 2025-ci il yanvarın 1-dən etibarən qüvvədə olacaqdır. Hazırda isə belə bir tələb, yəni dövlət reyestrindən çıxarışın SİS-də daxil edilməsi tələbi yoxdur. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmənin qərarı ləğv edilərək yeni qərar çıxarılmalıdır. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019 cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra - Qayda) uyğun olaraq X4 İnformasiya Sistemi (bundan sonra - EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1-ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Habelə, Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində büdcədən ayrılan və fermerə verilməyən subsidiya məbləği büdcəyə qaytarılır. Bildiririk ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin EKTİS-ə inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. 2022-2023-cü əkin ili üzrə İddiaçı 18,87 hektar və 23,16 hektar torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həmin torpaq sahələrində salınmış bağlara görə Qaydanın tələblərinə uyğun olaraq ona subsidiya ödənilməsi mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Qeyd edilənləri, o cümlədən İddiaçı torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün qanunvericiliyə əsasən ona subsidiya ödənilməsi mümkün olmamış və ödənilməməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

Prosses iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır

17. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyində nəzərdə tutulmuş bildiriş iddiaçıya təqdim olunsa da belə, həmin vaxt (hüquq münasibətinin yarandığı vaxt) qüvvədə olan qanunvericilikdə isə vergi orqanının məcburi qaydada vergi uçotuna almaq səlahiyyəti nəzərədə tutulmamışdır.

18. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadənin mexanizmini və şərtlərini müəyyən edir. - 1.2-ci bəndinə əsasən Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”nın: - 1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; - 1.2.2-ci bəndinə əsasən “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X4” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; - 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. - 2.4.1-ci bəndinə əsasən X7 hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5.1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. - 2.5-ci bəndinə əsasən həmin Qaydaların 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. - 3.1-ci bəndinə əsasən əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: - baza məbləği x əkin əmsalı = əkin subsidiyası • əkin əmsalı - regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. - 3.8-ci bəndinə görə fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı). 3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər. 3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. 3.12. əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür.

20. “03.11.08 X2 şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı: Azərbaycan Respublikası Mülki-Prossesual Məcələsinin (bundan sonra - MPM) mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəli vəziyyətin yaranması əsas səbəbi müvafiq Fərmana edilmiş sonrakı dəyişiklikdir. Hansı ki, həmin normativ hüquqi aktda 2025-ci il 1 yanvar tarixindən sonra tələb olununmalı sənədlər cavabdeh inzibati orqan tərəfindən, dəyişiklik edildiyi tarixdən tələb edilir.

27. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

31. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, iddiaçıya məxsus torpaq sahələrinə dair məlumatlar EKTİS-ə daxil edilməmişdir.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8.2-ci yarımbəndinə xx.xx.2021-ci il tarixində dəyişiklik edilmişdir.

33. Həmin dəyişikliyə əsasən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı).

34. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinasının, eləcə də apellyasiya şikayətinin əsasını təşkil edən 3.8-ci bəndində torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın EKTİS-ə əlavə olunması barədə göstərişin təmin edilməli olan vaxtı 2025-ci ilin 1 yanvar tarixindəndir.

35. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.2-ci maddəsinə əsasən, normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİ, İİİ, İV, V, Vİ hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.

36. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

37. Mülki Prosessual Məcəlləsının 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Göründüyü kimi, hüquq münasibəti yaranan zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Gələcəkdə yaranacaq münasibətlərin tənzimlənməsini nəzərdə tutan maddi hüquq normasının hazırkı münasibətlərə tətbiq edilməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.

39. Beləliklə, cavabdeh inzibati orqanın 2025-ci il yanvar ayından 1-dən etibarən tələb olunacaq sənədin EKTİS-ə daxil edilməsinin tələb etməsi, həm ümumi qəbul edilmiş hüquq prinsiplərinə, həm də Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, digər qanunvericlik aktlarına ziddir. Belə ki, mülki prosessual qanunvericilikdə də qeyd edildiyi kimi, hüquq münasibətinin yarandığı vaxt hazırda qüvvədə olan normativ hüquqi aktın tələbinə əsasən yalnız torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış isə 2025-ci il 1 yanvar tarixindən tələb olunur.

40. İşin faktiki halından müəyyən edilir ki, iddiaçı torpaq sahələrini alqı-satqı ilə əldə edərək 2006-cı ildə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirərək “Torpağa Mülkiyyət Hüququna dair JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) nömrəli Dövlət Aktları almışdır. Hansı ki, həmin akt hüquqmüəyyənedici sənəd kimi EKTİS-ə əlavə edilmişdir. Həmin “Dövlət Aktı” torpaq sahəsindən istifadə hüququnun olduğunu təsdiq edən sənəd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən mülkiyyət hüququnun qeydə alınması əsası kimi çıxış edir.

41. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə görə, (əvvəllər yaranmış hüquqların tanınması) 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

42. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın hazırda tutduğu hüquqi mövqe onun fəaliyyətini tənzimləyən maddi hüquq norması olan müvafiq “Qayda”nın 3.9-cu bəndinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinin tələblərinə ziddir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan qanunvericilikdə nəzərə tutulmuş sənədlərdən əlavə sənədlər tələb edilir.

43. Eyni zamanda məhkəmə kollegiyası, cavadeh inzibati orqanın apellyasiya şikayətinin “torpaq sahələrinə dair EKTİS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədləri barədə məlumatlar Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün həmin torpaq sahələrində salınmış bağlara görə subsidiyaların ödənilməsinin mümkünsüzlüyü ilə bağlı” dəlilinə münasibətdə qeyd edir ki, göstərilənlər iddiaçının iradəsindən asılı olan hal deyildir və bu onun məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, məlumatların elektron sistemə inteqrasiya olunması və həmin sistemin idarə edilməsi müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir.

44. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2022-2023 və 2023-2024-cü əkin ili üçün JN 2715 (18.87 ha) və 2717 (23.16 ha) dövlət aktlarına əsasən İddiaçı mülkiyyətində olan torpaq sahələrinə görə bəyan etdiyi əkililərin monitorinqi aparılaraq həmin əkin illəri üzrə subsidiyanın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyin üzərinə qoyulması iddia tələbində haqlıdır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2478/2024 nömrəli inzibati işi üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmi və şərtləri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilir. Həmin Qaydanın 1-ci bəndinə əsasən subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. Məhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır. Həmçinin “Subsidiya” informasiya sistemi (SİS) kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X4” informasiya sisteminin (EKTİS) altsistemidir. Sözügedən Qaydanın məqsədləri üçün fermer kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxsdir. Tədarükçü isə kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİS-də qeydiyyata alınan fiziki və ya hüquqi şəxsdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir.

46. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

47. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5598/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar