Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2611/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2395/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli və xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2- 46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları əsasında iddiaçıya əlavə olaraq 52 023,82 manat mənfəət vergisi, 10 791,9 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı tərəfindən riskli vergi ödəyicisi hesab edilən ödəyici ilə aparılan əməliyyatlar çərçivəsində 52.023,82 (260.119,10x20%) manat mənfəət vergisi hesablanmışdır. Belə ki, riskli vergi ödəyicisi ilə aparılan əməliyyatlar iddiaçının xərci kimi nəzərə alınmamış və silinmişdir. Həmçinin, 10.791,9 (59.955x18%) manat ƏDV əvəzləşməsi ləğv edilmişdir. "xxxx" MMC (VÖEN:**********) ilə bağlanmış xx.xx.2023-cü il tarixli 22/27 nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq xx.xx.2023-cü il tarixində EBDK 109460, EBDK 108972, EBDK 109237, EBDK 108700 saylı elektron qaimə-fakturaları əsasında ümumilikdə əsas məbləği 200.164,10 AZN, ƏDV-si 36.029,54 AZN olmaqla, ümumi dəyəri 236.193,64 AZN olan metal borular alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********487800 nömrəli qərarı əsasında "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Bundan əlavə "xxxx" MMC (VÖEN:**********) ilə bağlanmış xx.xx.2023-cü il tarixli 005020/23A nömrəli alqı-satqı müqaviləsinə əsasən aparılan əməliyyatlar əmtəəsiz olmamış, faktiki olaraq xx.xx.2023-cü il tarixində EBDT 456686 saylı elektron qaimə-faktura əsasında ümumilikdə əsas məbləği 59.955 AZN, ƏDV-si 10.791,9 AZN olmaqla metal borular alınmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********396500 nömrəli qərarı əsasında "Asterden 2023” MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Göründüyü kimi ödəyicilər əməliyyatların aparıldığı tarixdən (xx.xx.2023) 6 ay sonra (xx.xx.2024) və (xx.xx.2023) 5 ay sonra (xx.xx.2024) riskli vergi ödəyicisi hesab edilmişdir və həmin vaxt iddiaçının gələcəyi görmək imkanı olmamışdır. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10791,90 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 260119,1 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********193500 nömrəli, xx.xx.2024-cü il tarixli **********832200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün müddət axımı gözlənilməklə kameral vergi yoxlaması ilə 2024-cü il may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10791,90 manat əlavə vergi məbləği, 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 52023,82 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2395/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2395/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış və göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.1-ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10791,90 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 260.119,1 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********193500 nömrəli, xx.xx.2024-cü il tarixli **********832200 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq kənarlaşmalar aradan qaldırılmadığı və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün müddət axımı gözlənilməklə kameral vergi yoxlaması ilə 2024-cü il may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 10791,90 manat əlavə vergi məbləği, 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 52023,82 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********352700 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-46164/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMCnin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında qeyd edilir ki, **********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alqı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına əsasən: -Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-46164/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 52.023,82 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 260.119,1 manat dəyərində e-qaimə fakturalar təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. -İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 005020/23A saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı "xxxx" MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə və Protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, iddiaçı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli, 005020/23A saylı alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşdırılması protokoluna əsasən malların ümumi dəyəri ƏDV daxil 70.746, 90 manat təşkil etmişdir. - EBDT seriyalı, 456686 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 70.746, 90 manat pul məbləği ödənilmişdir. - İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 22/27 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən satıcı "xxxx" MMC mal satır, iddiaçı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. -EBDK seriyalı, 109460 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 40.596,8 manat pul məbləği ödənilmişdir. EBDK seriyalı, 109237 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "xxxx" MMCyə 43.922,43 manat pul məbləği ödənilmişdir. EBDK seriyalı, 108972 nömrəli, xx.xx.2023cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 57.274,37 manat pul məbləği ödənilmişdir. EBDK seriyalı, 108700 nömrəli, xx.xx.2023-cü il tarixli e-qaiməyə əsasən iddiaçı tərəfindən "xxxx" MMC-yə 94.400,00 manat pul məbləği ödənilmişdir. -22/27 №-li 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə dair Qiymətlərin razılaşdırılması protokoluna əsasən malların ümumi dəyəri ƏDV daxil 236.193, 64 manat təşkil etmişdir. -"xxxx" MMC ilə iddiaçı arasında malların təhvil-təslim edilməsinə dair 18 iyul 2023cü il tarixli müvafiq Akt tərtib edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi sistemindən elektron çıxarışa əsasən "xxxx" MMC cavabdehin xx.xx.2024-cü il tarixli, **********396500 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsi sistemindən elektron çıxarışa əsasən "xxxx" MMC cavabdehin xx.xx.2024-cü il tarixli, **********487800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. İşin halları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********352700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 10.791,90 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDVnin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10.791,90 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə "xxxx" MMC və "xxxx" MMC arasında müqavilələr xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində bağlanmış və bununla bağlı qaimələr xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində verilmişdir. "xxxx" MMC xx.xx.2024-cü il tarixində, "xxxx" MMC isə xx.xx.2024cü il tarixində riskli vergi ödəyiciləri siyahısına salınmışdır. Yəni, iddiaçı ilə müqavilə bağladığı və müvafiq xidmətlərə görə qaimələrin verildiyi vaxt həmin vergi ödəyiciləri riskli vergi ödəyicisi olmamışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq aşağıdakılara əsasən qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 83.7. Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. 1.4 Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs; 2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük-gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs; 2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. 4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildirişxəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildirişxəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur. 4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaiməfaktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir. 4.3. Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir. 4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə əməliyyat apardığı zamanı həmin hüquqi şəxslər ("xxxx" MMC və "xxxx" MMC) riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu hal da mübahisələndirilən qərarın hüquqi əsasının olmamasına dəlalət edir. Belə ki, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab olunan şəxslə aparılmış əməliyyatlar və riskli hesab edilən e-qaimə fakturaların göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə ƏDV əvəzləşməsinin bərpa edildiyi əsası ilə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın əsas dəlili odur ki, iddiaçı tərəfindən həyata keçirilən əməliyyatlar əmtəəsiz olduğu üçün bu əməliyyatlar riskli əməliyyatlar kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Bu mənada, hazırkı halda "xxxx" və "xxxx" MMC tərəfindən əmtəəsiz əməliyyatların edilməsi malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Belə ki, sözügedən hüquqi şəxslər tərəfindən müvafiq rəsmiləşdirilmələrin aparılmaması iddiaçının təqsiri deyildir və iddiaçı ilə həmin vergi ödəyiciləri arasında aparılmış əməliyyatlar birmənalı olaraq riskli əməliyyat kimi şərh edilə bilməz. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. Bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. “Əmtəəsiz əməliyyat”la bağlı yuxarıda qeyd olunanlar Məcəllənin 175.11-ci maddəsinin tətbiqi zamanı da nəzərə alınmalıdır. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Belə olan halda, satıcı tərəfindən riskli əməliyyatın aparılması malların alıcısı üçün əlavə vergi öhdəliyi yaratmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi digər dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2395/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2611/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2611/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver