Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2613/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4528/2021 saylı 16.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26.01.2021-ci il tarixli, **********5 nömrəli imtinasının əsassız hesab olunması və iddiaçıya 14.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1960-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. 14.12.2020-ci il tarixdə onun 60 yaşı tamam olmuşdur. 02.10.1978-ci il tarixdən bugünə kimi müxtəlif müəssisələrdə və vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş və hazırda onun 25 ildən çox ümumi əmək stajı var. Bununla yanaşı qeyd olunan illər ərzində əmək şəraiti xüsusi ilə ağır olan işlərdə də, çalışmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “Neftqaztikinti” trestinin 23.09.2020-ci il tarixli, SOCA**********80020123X00183 nömrəli arayışından görünür ki, o, 01.05.2002-ci il tarixdə (əmr № 68-K, 01.05.2002-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, 02.12.2003-cü il tarixdə (əmr № 204-K, 02.12.2003-cü il) əmək müqaviləsinə xitam verilmiş və əmək stajı 1 il 7 ay 1 gün (bir il yeddi ay bir gün) təşkil etmişdir. Daha sonra 11.04.2017-ci il tarixdə (əmr № 35-K, 11.04.2007-ci il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsi üzrə işə qəbul edilmiş, 05.11.2014-cü il tarixdə(əmr № 528-K, 05.11.2014-cü il) əmək müqaviləsinə xitam verilmiş və əmək stajı bu vəzifədə 7 il, 6 ay, 24 gün təşkil etmişdir. Bundan sonra, 07.11.2014-cü il tarixdə (əmr № 535-K, 03.02.2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilmiş, 06.08.2015-ci il tarixdə (əmr № 168-K, 06.08.2015-ci il) əmək müqaviləsinə xitam verilmiş və əmək stajı 8 ay 29 gün təşkil etmişdir. Daha sonra isə 07.08.2015-ci il tarixdə “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilmiş və hazırda da, həmin müəssisədə, həmin vəzifədə işləyir. Adıçəkilən arayışdan da, göründüyü kimi, qeyd olunan peşələr üzrə stajı 15 il 19 gün təşkil edir. 60 yaşı tamam olduğundan və 25 ildən çox ümumi iş stajı, 12 il 6 aydan çox isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı olduğundan 15.12.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh 26.01.2021-ci il tarixli, **********5 nömrəli məktubla müraciətinin icrasından imtina etmişdir. Məktubda imtinanın səbəbi kimi göstərilmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 11.04.2007-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti Quraşdırma Filialında dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsi yuxarıda qeyd olunan Qərarla müəyyən edilmiş siyahı üzrə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 15 gün) təşkil edir. Hesab edir ki, cavabdeh inzibati orqanının imtina məktubu əsassızdır. Belə ki, imtina məktubundan göründüyü kimi, cavabdeh orqan 11.04.2007-ci il tarixdən 05.11.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti Quraşdırma Filialında işlədiyi dövrü nəzərə almır. Halbuki, hesab edir ki, işlədiyi həmin vəzifə elə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsidir. Eyni zamanda bildirir ki, həmin vəzifədə işləyərkən əmək şəraiti ağır və zərərli olan işdə işlədiyi üçün əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin etmək məqsədi ilə əmək haqqına artımlar (əmsallar) müəyyən edilmiş (8 faiz), hətta ona bu vəzifə ilə əlaqədar süd pulu da verilmişdir. Odur ki, qeyd edilənlər baxımından hesab edir ki, əmək kitabçasında 2007-2014-cü illər ərzində işlədiyi vəzifəsinin adında “polad” sözünün olmaması həmin vəzifənin Nazirlər Kabinetinin yuxarıda qeyd edilən siyahısına daxil olmaması kimi qəbul edilə bilməz. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4528/2021 saylı 16.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının ИТ-1 ******* nömrəli 08.08.1979-cu il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 01.05.2002 - 02.12.2003-cu illər ərzində (1 il 7 ay 1 gün) texnoloji boru kəmərlərinin quraşdırıcısı, 11.04.2007 - 05.11.2014-cü illər ərzində (7 il 6 ay 24 gün) dəmir-beton məmulatlarının quraşdırıcısı, 07.11.2014-cü ildən hal-hazıradək (6 il 5 ay 12 gün) polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşələrində işləmişdir. Yuxarıda qeyd edilənləri SOCAR “Neftqaztikinti” tresti tərəfindən təqdim edilmiş 23.09.2020-ci il tarixli arayış da təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) yalnız polad və dəmir-beton konstruksiyaların quraşdırdması üzrə quraşdırıcı vəzifəsi nəzərdə tutulmuşdur. Belə olan halda, iddiaçı “ƏPQ” ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır (6 il 5 ay 12 gün). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin 26.01.2021-ci il tarixli, **********5 nömrəli imtinasının əsassız hesab olunması və ona 14.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, iddiaçının 14.12.2020-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, 407 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 05.11.1979-cu il tarixdən 27.10.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 02.10.1978-ci il tarixdən 04.10.1979-cu il tarixədək və 23.11.1981-ci il tarixdən 24.10.1982-ci il tarixədək Azqlavonerqo sənaye təmiri müəssisəsinin turbin avadanlığı üçün xüsusi emalatxanada çilingər vəzifəsində, 22.11.1982-ci il tarixdən 01.12.1993-cü il tarixədək 2 nömrəli Avtobazada avtomobil təmiri üzrə çilingər şagirdi, çilingər, baş dispetçer, 01.12.1993-cü il tarixdən 22.07.1994-cü il tarixədək Az SXTT tresti Bakı Quraşdırma Sazlama İdarəsində sazlayıcı mühəndis vəzifəsində, 22.07.1994-cü il tarixdən 23.01.1995-ci il tarixədək və 24.01.1995-ci il tarixdən 02.01.1996-cı il tarixədək Azərnəqliyyat yol xüsusitikinti Quraşdırma İdarəsinin Bakı Quraşdırma Sazlama İdarəsinə iş icraçısı vəzifəsinə, 03.01.1996-cı il tarixdən 21.01.1999-cu il tarixədək Bakı şəhər İcra Hakimiyyəti şəhər sərnişin nəqliyyat Baş İdarəsində xətt dispetçeri, 22.01.1999-cu il tarixdən 03.01.2000-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində növbətçi dispetçer vəzifəsində, 02.02.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək və 10.04.2001-ci il tarixdən 06.09.2001-ci il tarixədək Qaradağ rayonu Kommunal Xidmət Təmir Abadlaşdırma İşləri İdarəsində quraşdırıcı, 01.05.2002-ci il tarixdən 02.12.2003-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində, 18.11.2003-cü il tarixdən 21.03.2006-cı il tarixədək X1 LTD şirkətinin Azərbaycan nümayəndəliyində Quraşdırma peşəsində, 11.04.2007-ci il tarixdən 05.11.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsində, 07.11.2014-cü il tarixdən, 06.08.2015-ci il tarixədək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmiş və 07.08.2015-ci il tarixdən hal-hazıradək SOCAR-ın “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümündə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. İş materiallarında olan “Neftqaztikinti” Tresti tərəfindən verilmiş 07.05.2021-ci il tarixli, SOCAR**********80020123X00145 nömrəli arayışın surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı həqiqətən 01.05.2002-ci il tarixində (əmr № 68-k, 01.05.2002-сi il) “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə işə qəbul edilib və 02.12.2003-cü il tarixində (əmr № 204-k, 02.12.2003-сü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 1 il 7 ay 1 gün təşkil edir. İddiaçı 11.04.2007-ci il tarixində (əmr № 35-k, 11.04.2007-сi il) “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsi üzrə işə qəbul edilib. 05.11.2014-cü il tarixində (əmr № 528-k, 05.11.2014-сü il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 7 il 6 ay 24 gün təşkil edir. “Xəzərdənizneftqaztikinti” tresti və onun struktur bölmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1 və 56.2-ci maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq SOCAR-ın “Neftqaztikinti” trestinin tərkibinə verilib. SOCAR-ın 14.03.2007-ci il tarixli, 61 nömrəli əmrinə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialının adı dəyişdirilərək “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb. İddiaçı 07.11.2014-cü il tarixində (əmr № 535-k, 03.02.2014-сü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə işə qəbul edilib. 06.08.2015-ci il tarixində (əmr № 168-k, 06.08.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 8 ay 29 gün təşkil edir. İddiaçı 07.08.2015-ci il tarixində (əmr № SOCAR/15- 2500/03-10-000161, 07.08.2015-ci il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi) əsasən zərərli şəraitdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 6 il 5 ay 29 gün təşkil edir. İddiaçı iş stajı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi üzrə iş stajı 1 il 7 ay 1 gün və dəmir beton məmulatları quraşdırıcısı peşəsi üzrə 7 il 6 ay 24 gün təşkil edir. Sorğuda göstərilənlərə cavab kimi əlavə olaraq bildirilmişdir ki, Tikinti quraşdırma və təmirtikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin Vahid Tarif-İxtisas sorğu Kitabçası”nda (VTİSK-3) dəmir beton məmulatları quraşdırıcı peşəsi əks olunmamış, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşəsi göstərilmişdir. Dəmir beton məmulatları quraşdırıcısı və polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də, əsasən Kütləsi 8 t-a qədər olan yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, aşırımı 12 m-ə qədər olan yığma dəmir-beton tirlərin quraşdırılması (kranaltı tir istisna olmaqla) metal karkasda gips panellərdən yığmasmatavanların quraşıdırılması, yığma dəmir-beton panel, mərtəbəarası örtük tavanlarının, o cümlədən HES quraşdırma meydança örtüklərinin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması və sair bu kimi oxşar işləri yerinə yetirməkdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 26.01.2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndinin (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsi nəzərdə tutulduğu, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə isə 11.04.2007-05.11.2014-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftqaztikinti trestinin Tikinti Quraşdırma Filialında dəmir-beton məmulatlarının quraşdırıcısı vəzifəsində işlədiyi peşənin Siyahı üzrə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları vəzifəsinə uyğun olmadığı və bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 il 2 ay 15 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 05.11.1979-cu il tarixdən 27.10.1981-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmiş (1 il 11 ay 22 gün), əmək kitabçasına əsasən iddiaçı 02.10.1978-ci il tarixdən 04.10.1979-cu il tarixədək və 23.11.1981-ci il tarixdən 24.10.1982-ci il tarixədək Azqlavonerqo sənaye təmiri müəssisəsinin turbin avadanlığı üçün xüsusi emalatxanada çilingər vəzifəsində (1 il 11 ay 3 gün), 22.11.1982-ci il tarixdən 01.12.1993-cü il tarixədək 2 nömrəli Avtobazada avtomobil təmiri üzrə çilingər şagirdi, çilingər, baş dispetçer (11 il 9 gün), 01.12.1993-cü il tarixdən 22.07.1994-cü il tarixədək Az SXTT tresti Bakı Quraşdırma Sazlama İdarəsində sazlayıcı mühəndis vəzifəsində (7ay 21 gün), 22.07.1994-cü il tarixdən 23.01.1995-ci il tarixədək və 24.01.1995-ci il tarixdən 02.01.1996-cı il tarixədək Azərnəqliyyat yol xüsusitikinti Quraşdırma İdarəsinin Bakı Quraşdırma Sazlama İdarəsinə iş icraçısı vəzifəsinə (1 il 5 ay 10 gün), 03.01.1996-cı il tarixdən 21.01.1999-cu il tarixədək Bakı şəhər İcra Hakimiyyəti şəhər sərnişin nəqliyyat Baş İdarəsində xətt dispetçeri (3 il 18 gün), 22.01.1999-cu il tarixdən 03.01.2000-ci il tarixədək Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində növbətçi dispetçer vəzifəsində (11 ay 11 gün), 02.02.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək və 10.04.2001-ci il tarixdən 06.09.2001-ci il tarixədək Qaradağ rayonu Kommunal Xidmət Təmir Abadlaşdırma İşləri İdarəsində quraşdırıcı (1 il 5 ay 8 gün), 01.05.2002-ci il tarixdən 02.12.2003-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində (1 il 7 ay 1 gün), 18.11.2003-cü il tarixdən 21.03.2006-cı il tarixədək X1 LTD şirkətinin Azərbaycan nümayəndəliyində Quraşdırma peşəsində (2 il 4 ay 3 gün), 11.04.2007-ci il tarixdən 05.11.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsində (7 il 6 ay 24 gün), 07.11.2014-cü il tarixdən, 06.08.2015-ci il tarixədək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində (8 ay 29 gün) işləmiş və 07.08.2015-ci il tarixdən hal-hazıradək SOCAR-ın “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümündə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir (60 yaşı tamam olduğu 14.12.2020-ci il tarixədək 5 il 4 ay 7 gün). Göründüyü kimi iddiaçının hərbi xidmət müddəti nəzərə alınmaqla, onun 60 yaşı tamam olduğu 14.12.1920-ci il tarixədək 40 il 16 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işin hallarından da görünür ki, cavabdeh orqan iddiaçının ümumi iş stajının və pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmasını mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az olmasıdır. İşə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı 11.04.2007-ci il tarixdən 05.11.2014-cü il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına dəmir-beton məmulatlarının quraşdırıcısı peşəsində (7 il 6 ay 24 gün), 07.11.2014-cü il tarixdən 06.08.2015-ci il tarixədək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində (8 ay 29 gün), 07.08.2015-ci il tarixdən hal-hazıradək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir (60 yaşı tamam olduğu 14.12.2020-ci il tarixədək 5 il 4 ay 7 gün). İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində qeyd olunan polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə aiddir (60 yaşı tamam olduğu 14.12.2020-ci il tarixədək 13 il 8 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajına malik olmuşdur. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində qeyd edilən hər dörd şərt iddiaçıya münasibətdə ödənildiyindən iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 14.12.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin apelyasiya şikayətindəki “iddiaçı 01.05.2002 - 02.12.2003-cu illər ərzində texnoloji boru kəmərlərinin quraşdırıcısı, 11.04.2007 - 05.11.2014-cü illər ərzində dəmirbeton məmulatlarının quraşdırıcısı, 07.11.2014-cü ildən hal-hazıradək (6 il 5 ay 12 gün) polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşələrində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) yalnız polad və dəmir-beton konstruksiyaların quraşdırdması üzrə quraşdırıcı vəzifəsi nəzərdə tutulmuşdur.” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Neftqaztikitni” Tresti tərəfindən məhkəməyə ünvanlanan 07.05.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Tikinti quraşdırma və təmir-tikinti işləri bölməsi üzrə “Fəhlə peşələri üzrə işlərin Vahid Tarif-İxtisas sorğu Kitabçası”nda (VTİSK-3) dəmir beton məmulatları quraşdırıcı peşəsi əks olunmamış, polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşəsi göstərilmişdir. Dəmir beton məmulatları quraşdırıcısı və polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı peşələri oxşar işlərin icrası ilə məşğul olan peşələrə aiddir, gördükləri işlər də, əsasən Kütləsi 8 t-a qədər olan yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, aşırımı 12 m-ə qədər olan yığma dəmir-beton tirlərin quraşdırılması (kranaltı tir istisna olmaqla) metal karkasda gips panellərdən yığmasmatavanların quraşıdırılması, yığma dəmir-beton panel, mərtəbəarası örtük tavanlarının, o cümlədən HES quraşdırma meydança örtüklərinin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması və sair bu kimi oxşar işləri yerinə yetirməkdən ibarətdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəmir beton məmulatları quraşdırıcısı peşəsi üzrə 7 il 6 ay 24 gün iş stajı da onun güzəştli iş stajına daxil edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Xüsusi Şərtlərlə Təyinat X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4528/2021 saylı 16.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2613/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2613/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver