Məhkəmə qərarları › İş №2-1(103)-2613/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2613/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2613/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyn və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı Allahverdiyev İddiaçı , İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Cavabdehn Akademiyasının Şərəf Məhkəməsinin qərarının və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Allahverdiyev İddiaçın cavabdehlər Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri qanuni və qərəzli olduğu üçün ləğv edilməsi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “f” bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) tərxis olunması üçün zabit kimi xidmətinin 10 ilinin tamam olması üçün çatışmayan 4 ay 20 günün bərpa olunması və öz ərizəsi ilə xidmətdən tərxis olunmasının təmin edilməsi ilə pozulmuş hüquqlarının bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri-qanuni və qərəzli olduğu üçün ləğv edilməsi və tutduğu vəzifəyə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 121/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı (hakim P.Hüseynov) ilə iddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “qərarın və əmrin ləğv edilməsi” tələbinə dair iddiasının “Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və həmin hissədə iddia tələbinin mümkün hesab edilərək təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhz Şərəf Məhkəməsinin mübahisələndirilən qərarına əsasən iddiaçı xidmətdən ehtiyata buraxılmışdır.Yəni müvafiq əmrdə yalnız Şərəf Məhkəməsinin çıxardığı qərar əsas götürülmüşdür. Demək ki, həmin qərarın hüquqi nəticə yaratdığı danılmazdır. Belə olan halda məhkəmə hazırkı mübahisəli mövqeyində haqlı olmamışdır. Şərəf Məhkəməsinin qərarı ləğv olunmadan mübahisələndirilən əmrin doğru və yanlış olmasına qiymət verilməsi mümkün deyildir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun ayrı-ayrılıqda izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmayan hissədə mümkün hesab edilərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, iddianın “Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (bənd 1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (bənd 1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (bənd 1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (bənd 1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (bənd 2.1). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (bənd 8.6). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın (bənd 13). İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər (bənd 14.1). İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır (bənd 14.2). Beləliklə, hazırki iş üzrə mübahisələndirilən qərar qanunvericiliyə əsasən akt hesab olunur. Həmin aktın, inzibati akt olub-olmamasının aydınlaşdırılması üçün, sözügedən akt özündə inzibati akta məxsus xüsuslarının məcmusunu təşkil etməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən “qərar” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil. Belə ki, mübahisələndirilən qərar Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərardır. Cavabdeh Akademiyası “İnzibati orqanların Təsnifatı”nda sadalanmamışdır. Həmçinin, həmin qərar iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik nəticə yaratmamışdır. Həmin qərar iddiaçının xidmətə uyğunsuzluğa görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmaqla bağlı olmuşdur. Başqa sözlə, mübahisələndirilən qərar deyil iddiaçı üçün hüquqi nəticələr məhz ―ehtiyata buraxılmasına dair əmrin qəbulu ilə yaranmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Akademiyanın şərəf məhkəməsi tərəfindən qəbul edilən qərar isə icra edilən akt deyil, iddiaçı üçün hüquqi nəticələr yaradan ehtiyata buraxılması barədə əmrin qəbul edilməsinə əsas olan qərar olduğuna görə həmin akt inzibati akt sayıla bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qizmən) əlverişsiz inzibati akt təşkil edir. İnzibati İcraat haqqında Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göründüyü kimi, iddiaçının hazırki mübahisələndirdiyi Akademiyanın şərəf məhkəməsinin qərarı inzibati aktı səciyyələndirilən əlamətləri özündə ehtiva etmir və həmin qərar mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Aida Hüseyn Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar