Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2613/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X10 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı “mənzildən istifadə edilməsinə şərait yaradılması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, atası Ə.M.Xəlilovun müvəqqəti məskunlaşmış olduğu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 2 nömrəli evtikmə kombinatının inzibati binasındakı qeyri-yaşayış sahəsi olan 5 saylı otaqda yaşamağına imkan verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 1970-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda doğulmuşdur. Nikaha daxil olduqdan sonra ərinin yaşadığı Türkmənistan Respublikasına köçmüşdür. Füzuli rayonu işğal olunduqdan sonra orada yaşayan ata və anası Bakı şəhərində məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 11 iyun 2010-cu il tarixli 5 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün 2 nömrəli evtikmə kombinatında iki otaqlı qeyri-yaşayış sahəsi olan 5 saylı otağı Füzuli rayonunun Pirəhmədi kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmaq üçün həmin kənddən məcburi köçkün olan atası X8 və X2nın istifadəsinə verilmişdir. O, 2017-ci ildə Azərbaycan Respublikasına qayıtmış və valideynlərinə qulluq göstərməklə onların yanında yaşamışdır. X2 08 yanvar 2019-cu il tarixdə vəfat etdikdən sonra isə 1933-cü ildə doğulmuş atası X1 problemlər yaranmış və o, atasına qulluq etməklə mübahisəli qeyri-yaşayış sahəsində yaşamaqda davam etmişdir. Atası Ə.M.Xəlilov 14 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtdan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ona bildiriş göndərərək atasının istifadəsində olan və hazırda onun yaşadığı yaşayış sahəsini boşaltmasını tələb edir. Onun Azərbaycan Raspublikasında başqa yaşayış sahəsi yoxdur. O, özü də Füzuli rayonunun Pirəhmədli kəndinin sakinidir və həmin kənddə qeydiyyatdadır. İki qardaşı birinci Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranları olmuş, onlardan biri ölmüş, digəri isə qazidir. Atası ölümündən əvvəl 11 fevral 2021-ci il tarixli vəsiyyətnamə ilə özünə məxsus bütün daşınar və daşınmaz əmlakını ona vəsiyyət etmişdir. 44 günlük müharibə zamanı Füzuli rayonunun Pirəhmədli kəndi işğaldan azad edilsə də, kənddə yerləşən bütün tikililər dağıdılmış və ərazilər minalanmışdır. O, evləri bərpa olunandan sonra Füzuli rayonunda yaşamağa gedəcək və hazırda istifadə etdiyi qeyri-yaşayış sahəsinə heç bir ehtiyacı olmayacaqdır. Lakin cavabdeh qurum gah elektrik xəttini kəsdirməklə, gah da polis göndərməklə onun göstərilən sahədə yaşamasına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - xx.xx.2010-cu il tarixli, 5 nömrəli müqavilədən görünür ki, Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş 2 nömrəli evtikmə kombinatında iki otaqlı 5 saylı ev Füzuli rayonunun Pirəhmədi kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşmaq üçün 1 nəfər ailə üzvü ilə birlikdə həmin kənddən məcburi köçkün olan X8 istifadəsinə verilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X14 xx.xx.2022-ci il tarixdə, X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür - Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 433 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 6 binadan ibarət 369 mənzilli yaşayış kompleksi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin balansındadır. - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-21004- 1222 nömrəli məktubundan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatdadır. - Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Füzuli rayon bölməsinin 164 nömrəli, xx.xx.2022ci il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonu Pirəhmədli kəndində qeydiyyatdadır və məcburi köçkünlük statusu yoxdur. Məcburi köçkünlər üçün Dövlət tərəfindən verilmiş imtiyazlardan istifadə etmək hüququ yoxdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən: - Bənd 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. - Komitənin əsas vəzifələri aşağıdakılardır: - 2.3. qaçqınlar və məcburi köçkünlər üçün mənzil və sosial obyektlərin təmir-tikinti işlərinin aparılmasını və tikinti obyektlərinin müvafiq layihə-smeta sənədləri ilə təminatını təşkil etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən: - 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. - 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. - 1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə) qərarı ilə həyata keçirilir. - 2.1. Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin, həmçinin məcburi köçkün icmalarının nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilmiş siyahı və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim edilmiş ərizələr əsasında həyata keçirilir. - 2.2. Yeni yaşayış sahələrinə köçürüləcək məcburi köçkün ailələrinin siyahısının düzgünlüyünə və dəqiqliyinə görə həmin siyahını tərtib və təsdiq etmiş müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri məsuliyyət daşıyırlar. - 2.3. Rayon (şəhər) icra hakimiyyətlərinin bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edərək Komitəyə təqdim etdikləri siyahılar və məcburi köçkünlərin mənzillə təmin edilməsi barədə Komitəyə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada təqdim etdikləri ərizələr Komissiya tərəfindən araşdırılaraq yekun qərar qəbul edilir. - 2.4. Müvəqqəti yaşayış sahələri aşağıdakı məcburi köçkün ailələrinə verilir: - 2.4.1. məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib və təsdiq edilərək Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə; - 2.4.2. yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə. - 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. - 2.6. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu ilə məcburi köçkün arasında 2(iki) nüsxədən ibarət olmaqla yazılı formada bağlanılır və bir nüsxəsi kirayəçiyə (məcburi köçkünə) verilir. - 2.7. Kirayə müqaviləsində müvəqqəti istifadəçinin ailə üzvləri də göstərilməklə müqavilənin predmeti, yaşayış sahəsindən müvəqqəti istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Kirayə müqaviləsi Komitənin müvafiq qurumu tərəfindən şifahi qaydada məcburi köçkünə izah edilir. - 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. - 2.12. Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir. - 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. - 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. - 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. - 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. - 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Hazırkı işdən görünür ki, iddiaçı atası Ə.M.Xəlilovun müvəqqəti məskunlaşmış olduğu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 2 nömrəli evtikmə kombinatının inzibati binasındakı 5 saylı otaqda yaşamağına imkan verilməsini, yəni cavabdehin onun həmin mənzildə yaşamasına mane olan hərəkətlərdən çəkinməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən normalardan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi, o cümlədən onun Mənzil İstismar Departamenti məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsi daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məcburi köçkün olmaması işin mübahisəsiz halı olduğundan, cavabdehin iddiaçıya münasibətdə qanundan irəli gələn hər hansı bir öhdəliyi, o cümlədən mənzillə təmin etmək vəzifəsi mövcud deyil. Belə olan təqdirdə iddiaçının məcburi köçkün olmayan iddiaçının cavabdehin balansında olan mənzilə münasibətdə hazırkı məzmunda iddiası təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1563/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2613/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2613/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver