Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2615/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı müvafiq siyahıdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “NKN Group» MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, № 2-1(112)-286/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hazırki mübahisəli münasibətlər 2019-cu ilin ilk yarımilində baş vermişdir. Halbuki, məhkəmənin istinad etdiyi normalar (Nazirlər Kabinetinin 28.07.2020-ci il tarixli, 265 nömrəli Qərarı) həmin vaxt qüvvədə olmamışdır. Yəni məhkəmə iddiaçını yuxarıda qeyd olunan səbəbdən riskli vergi ödəyicisi hesab etsə də, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt (2019-cu ilin ilk yarımili) hüquqi şəxsin riskli vergi ödəyicisi hesab olunması üçün hər hansı maddi hüquqi əsas olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, “riskli vergi ödəyicisi” və “əmtəəsiz əməliyyat” anlayışları vergi qanunvericiliyinə hələ 01.01.2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu (Qanun 29.11.2019-cu ildə qəbul edilmişdir) əsasında daxil edilmişdir. Sözügedən qərarın icrası nəticəsində yaradılmış mexanizm sayəsində bu gün vergi ödəyiciləri əməliyyat apardığı digər vergi ödəyicilərinin riskli vergi ödəyicisi olub-olmamasını İnternet Vergi İdarəsi portalındakı xəbərdarlıq xarakterli bildirişlər əsasında müəyyən edə bilir. Bu isə o deməkdir ki, 2019-cu ildə alqı-satqı əməliyyatları aparan İddiaçı MMC-nin müqavilə tərəfinin riskli vergi ödəyicisi olub-olmamasını müəyyən etməyi texniki cəhətdən qeyrimümkün olmuşdur. Belə bir qeyri-müəyyənliyə görə isə hüquqi şəxsin məsuliyyətindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən onun vergi orqanına təqdim etdiyi bəyannamələr üzrə təsdiqlənməmiş azalmalarına, onun bank və vergi orqanındakı ƏDV depozit hesabına qoyulan məhdudiyyətlərlə əlaqədar cavabdehə müraciət edərək həmin məhdudiyyətlərin aradan qaldırılması ondan xahiş edilmiş, cavabdeh 04.07.2019-cu il tarixli imtinasını onunla əsaslandırmışdır ki, “aparılmış araşdırma zamanı riskli vergi ödəyiciləri ilə qarşılıqlı əlaqənin olması müəyyən olunmuşdur. Belə ki, "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyatlar vergi orqanı tərəfindən riskli hesab olunur”. İddiaçı müəssisə cavabeh orqana qarşı hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi yekun qərarını onunla əsaslandırmışdır ki, “...İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlar təhlil edilərkən vergidən yayınma hallarının və risklərin müəyyən edilməsi baxımından bir sıra uyğunsuzluqlar aşkarlanmış və onlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, vergidən yayınma sxeminin tətbiq edildiyini ehtimal etməyə əsas vermişdir. ... İddiaçı MMC-nin apardığı əməliyyatlar riskli əməliyyat hesab olunduğundan, apardığı əməliyyatlarda uyğunsuzluqlar aşkar olunduğundan, həmçinin əmtəəsiz əməliyyatlar aparması müəyyən olunduğundan cavabdeh inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.” Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi mübahisəni hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmayan maddi hüquq normasını tətbiq etməklə həll etmiş və bununla da prosessual pozuntuya yol vermişdir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasındakı hazırki mübahisəli münasibətlər 2019-cu ildə baş vermişdir. Belə ki, inzibati orqan tərəfindən iddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinmə aparılmasının ardından iddiaçının 04.07.2019-cu il tarixli müraciətinə cavabdeh orqan tərəfindən imtina verilmişdir. Birinci instansiya məhkəməsi isə yekun nəticəsini əsaslandırarkən mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmayan qanunvericlik normalarına istinad etmişdir. Məhkəmə AR Vergi Məcəlləsinin 13.2.81, 13.2.82-ci maddələrinə istinad etsə də, həmin maddələrdə göstərilən “riskli vergi ödəyicisi” və “əmtəəsiz əməliyyat” anlayışlarının vergi qanunvericiliyinə 29.11.2019-cu ildə qəbul edilmiş, 01.01.2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" AR Qanunu əsasında daxil edildiyini nəzərə almamışdır. 25.12.2019-cu il tarixdə qəbul edilmiş və 01.01.2020-ci il tarixdən qanuni qüvvəyə minmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 1.1.5-ci bəndində isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə uyğun olaraq, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi qərara alınmışdır. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş, 29 iyul 2020-ci il tarixdən qüvvəyə minmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarın 1.3-cü bəndinə görə riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir Həmin Qərarın 1.4-cü bəndinə görə vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Aydındır ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında belə bir texniki imkan (portalda xəbərdarlıq xarakterli bildiriş) yalnız Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarın icrası nəticəsində yaranmışdır. Odur ki, 2019-cu ildə alqı-satqı əməliyyatları aparan İddiaçı MMC-nin müqavilə tərəfinin riskli vergi ödəyicisi olub-olmamasını müəyyən etməyi texniki cəhətdən qeyrimümkün olmuşdur. Belə bir qeyri-müəyyənliyə görə isə hüquqi şəxsin məsuliyyətindən söhbət gedə bilməz. Yuxarıda sadalanan hallardan göründüyü kimi, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt “riskli vergi ödəyicisi” və “əmtəəsiz əməliyyat” anlayışları, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları və müəyyən edilmə mexanizmi, doğurduğu hüquqi nəticələr hələ normativ hüquqi aktlarda tənzimlənməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin: İİİ. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Vİİİ. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. “Normativ hüquqi aktlar haqqında” AR Qanunun: 87.1. Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. 87.2. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi mübahisəli məsələni həll edərkən, qanunvericiliyin tələblərinə zidd olaraq, iddiaçının hüquqi vəziyyətini pisləşdirməsinə baxmayaraq, mübahisənin yarandığı vaxtdan sonra qüvvəyə minən maddi hüquq normalarını tətbiq etməklə hüquqi şəxsin qanunla qorunan hüquq və maraqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-in 70.1-ci maddəsinin tələbinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya baxışı nəticəsində işin hallarına qiymət verərək, həmçinin, maddi hüquq normalarını əsas götürərək hesab edir ki, apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28.07.2021-ci il tarixli, № 2-1(112)-286/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Hazırkı qərardan, təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Azər Hüseynov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2615/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2615/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver