Məhkəmə qərarları › İş №2-1(103)-2615/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2615/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2615/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X9) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1772/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X8 bağlar sahəsindəki 226 saylı kooperativ tərəfindən 25 dekabr 1992-ci il tarixdə verilmiş orderə və İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli 2217 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 226 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 5756 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləhiş bağlar sahəsində 226 saylı MTK nəznində 0,12 ha torpaq sahəsindən ibarət 5756 saylı bağ sahəsinin ona ayrılmasını təsdiq edən sərəncam və order mövcud olduğundan, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranır. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia təmin olunmamalıdır. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən torpaq sahəsi iddiaçının istifadəsində deyil. xx.xx.2005-ci il tarixli iddiaçının ərizəsi nəzərə alınaraq 226 saylı BTK nəznində ona ayrılmış torpaq sahəsinin digər fiziki şəxsə (X3) ayrılmasına dair X1 və İstismarı Birliyi tərəfindən 36317 nömrəli müqavilə bağlanılmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, iddia olunan sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Ümumi ərazidə digər fiziki şəxs tərəfindən 1 mərtəbəli yarımçıq bağ evi inşa olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1772/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, 5756 saylı bağ sahəsi 1992-ci ildən hal-hazırkı vaxtadək İddiaçı və ailə üzvlərinin istifadəsindədir. Məhkəməyə təqdim edilmiş sənədlər toplusunda müqavilə göstərilən bağ sahəsindən X4 adına keçirilməsinə razılıq ərizələri verilsə də, sonradan aralarında razılıq baş tutmamış, lakin məlumatsız olduqlarından, ərizələrin ləğvi barədə müraciət etməli olduqları barədə məlumatları olmamış, bağ sahəsindən 1992-ci ildən hazırkı vaxtadək istifadə etməyə davam etmişlər. Lakin buna baxmayaraq, Əhmədov Xəqaninin istifadəsinə, daha sonra mülkiyyətinə verilmiş bağ sahəsi iddiaçıya məxsus bağ sahəsi deyil, 5541 saylı bağ sahəsi olduğundan, 1992-ci ildən hal-hazırkı vaxtadək qeyd olunan bağ sahəsi ilə bağlı hər hansı şəxs tərəfindən, hər hansı formada iddia və tələbləri olmamışdır. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti Aparatnın Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış 36317 saylı müqavilə və protokol barədə Bakı İnzibati Məhkəməsində məlumatı olduğundan, qeyd olunan müqavilənin və protokolun etibarsız hesab edilməsi ilə bağlı aidiyyatı üzrə rayon məhkəməsinə müraciət edəcəkdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclaslarında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəf gəlməmə səbəbləri ilə bağlı məlumat verməmişdir. Üçüncü şəxs notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq sözügedən bağ sahəsinə dair heç bir iddia və tələbinin olmaması ilə bağlı məlumat vermişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı ona kompensasiyanın verilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin müddəalarına əsasən: - 1. İcarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X1 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə təqdim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokollarda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Bağ növbəsinə götürülmələrindən ötrü vətəndaşlar Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədləri təqdim edirlər: -X1 və istismarı birliyinə yazılmış ərizə; -Yaşayış yerindən 2 №-li forma arayışı; -İş yerindən arayış. 3.1. Qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bağlar təsərrüfatı birliyinin komissiyasında baxılır və müvafiq Protokol imzalanır. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq olunmuş qaydada rəsmi razılıqları; -qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli; -bağ sahəsinin bir hissəsini və ya bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi; -yaşayış yerindən 2 №-li Forma arayışı; -iş yerindən arayış; -ailə üzvü olduğunu yaxud qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti və ya kserosurəti. 3.2. Qanuni bağ sahələrinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə kənar şəxslərin adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq olunmuş qaydada rəsmi razılıqları; -qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli; -bağ sahəsinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi; -yaşayış yerindən 2 №-li Forma arayışı; -iş yerindən arayış; -bağlar təsərrüfatı birliyində bağ növbəsinə dayanması barədə arayış/ sənədləşdirmədə bağ növbəsinə dayanma tarixi nəzərə alınmır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir və bu halı bağ sahəsinin ayrılmasını təsdiq edən sərəncamın, eyni zamanda həmin sərəncamın əsasında verilmiş orderin mövcudluğu ilə əsaslandırır. İddiaçı tərəfindən təqdim olunmuş orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli, 2217 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 226 №-li BTK nəznində 0,12 ha sahəsi olan 5756 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş həmin order aşkar olunmasa da, həmin orderin verilməsinə əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992ci il tarixli, 2217 №-li qərar Bakı şəhər İcra Hakimiyyətinin arxvində saxlanılmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mərhələdə həmin sərəncamın mövcudluğu iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas vermir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş bağ sahəsinə dair sənədlər toplusundan görünür ki, Ləhiş bağlar sahəsində 226 №-li BTK nəznində 0,12 ha sahəsi olan 5756 nömrəli bağ sahəsi İddiaçı ayrılmış, daha sonra iddiaçı ailə üzvləri (X6, X7, X10) ilə birlikdə razılıq ərizələri təqdim edərək İddiaçı adına 226 saylı BTK-a tərkibində keçirilmiş bağ sahəsinin X4 adına keçirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyinin müvafiq protokolu ilə Ləhiş bağ massivində olan 5756 №-li bağ sahəsi X4 adına keçirilmiş və onunla müqavilə bağlanılmışdır. Göründüyü kimi iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsi üzərində ilkin olaraq hüquqmüəyyənedici sənədə malik olsa da, daha sonra o, öz hüquqlarından imtina etmiş və bağ sahəsinə dair yaranmış hüquqların digər fiziki şəxsin adına keçirilməsində öz iradə ifadəsini (razılıq ərizələrinə əsasən) nümayiş etdirmişdir. İddiaçı həmin razılıq ərizələrinin hüquqi əsasının olmadığını, ona verilmiş sərəncamın qüvvədə olmasına istinad etsə də, məhkəmə kollegiyası bildirir ki, iddiaçının razılıq ərizəsi əsasında digər şəxsin adına verilmiş hüquqmüəyyənedici sənədlər ləğv edilmədiyi və öz qüvvəsini saxladığı təqdirdə, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatından söhbət gedə bilməz. Eyni zamanda üçüncü şəxs tərəfindən təqdim edilmiş, iddiaçının adına Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli, 2217 saylı Qərarına əsasən Ləhiş Bağ sahəsində 226 saylı MTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət 5756 saylı bağ sahəsinin ona məxsusluğunun olmaması, bu barədə iddia və tələbinin olmaması haqda ərizə mövcud müqavilənin hüquqi qüvvəsini ləğv etmir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1772/2023 saylı, 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar