Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2615/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi, məlumat vərəqinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/017Ş №-li xx.xx.2022-ci il tarixli “Başqa işə keçirilməsi haqqında” əmrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyevin imzaladığı xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında əmrin ləğv edilməsi barədə; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmağına dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmrinin məzmunun dəyişdirilməsi barədə: 1. Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmunun dəyişdirilərək: “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” kimi yazılması; ona təyin olunmuş yaşa görə əmək pensiyasını almalı olduğu əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanması üçün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı və hər cür əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya orqanına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən 2012-ci ilədək keçmiş MTN orqanlarında müxtəlif vəzifələrdə, xx.xx.2012-ci il tarixdən Azərbaycan Respubliaksının Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. Gömrük xidməti polkovniki xüsusi rütbəsi vardır. 2018-ci ildən DGK-nın X8sinin rəis müavini vəzifəsində xidmət etmiş, xx.xx.2021-ci ildə DGK sədrinin müvafiq əmri ilə (N 1000/678Ş) DTİ-nin rəis müavini vəzifəsində saxlanılmaqla Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində DGK-nın nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən DGK sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120.1.3-cü bəndi ilə “pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə” tutduğu vəzifədən azad olunmuşdur. İddiaçıya pensiya təyin olunması üçün müvafiq qaydada məlumat vərəqinin tərtib olunması zamanı məlum olmuşdur ki, 2021-ci ilin 01 noyabr tarixindən DGK sədrinin əmri ilə Türkiyə Respublikasına ezam olunduqdan sonra, 2022-ci il 07 yanvar tarixində onun DGK X8sinin rəis müavini vəzifəsindən azad edilərək DGK-nın Akademiyasının İnformasiya Texnologiyaları və X7 baş müəllimi vəzifəsinə keçirilməsinə dair əmr verilmişdir. Xidmətə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin surəti iddiaçıya kadrlar idarəsindən məlumat üçün verildikdə, onun məzmununda bu barədə xəbər tutmuşdur. Qeyd edir ki, başqa vəzifəyə keçirilməsi ilə əlaqədar əmrin verilməsi barədə ona hər hansı məlumat verilməmiş, belə əmr iddiaçıya təqdim olunmamışdır. Türkiyə Respublikasında Səfirlikdə nümayəndə qismində işlədiyi bütün müddət ərzində DGK-nın X8sinin rəisinin müavini vəsiqəsi üzərində olmuş, həmin vəzifənin saxlanıldığını düşünmüşdür. DGK Akademiyasında heç bir vaxt işləməmişdir. DGK X8sinin rəisi vəzifəsindən, özünün məlumatı və razılığı olmadan başqa işə keçirilməyi qanunsuz olmuşdur. Bu qanunsuzluğun nəticəsidir ki, ona verilən şifahi məlumata görə pensiya təyin olunması üçün məlumat vərəqi tərtib edilərkən sonuncu iş yerində pul təminatının (vəzifə maaşı və əlavələr) məbləği DGK Akademiyasının Baş müəlliminin vəzifə maaşı və əlavələrinə uyğun göstərilməkdədir. Beləliklə, DGK-nın sədrinin xx.xx.2022-ci il tarixli qanunsuz əmri iddiaçının əmək hüququnun əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Məlumatı olmadan onun DGK X8sinin rəisinin müavini vəzifəsindən başqa işə keçirilməyinə dair verilmiş əmr qanunsuzdur. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı 1996-cı ildən 2012-ci ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, xx.xx.2012-ci ildən tarixdən xx.xx.2023-cü il tarixədək Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə xidmət etmişdir. Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/404Ş nömrəli əmri ilə X8sinin rəis müavini vəzifəsinə təyin olunmuşdur. Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli əmri ilə X8sinin rəis müavini vəzifəsində saxlanılmaqla Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. Pensiya təyin olunması üçün müvafiq qaydada məlumat vərəqinin tərtib olunması zamanı xx.xx.2022-ci İİ tarixdən X8sinin rəis müavini vəzifəsindən azad edilərək Dövlət Gömrük Komitəsinin Akademiyasının İnformasiya Texnologiyaları və X7 baş müəllimi vəzifəsinə keçirilməsinə dair əmr verilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirlər ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Hazırkı işin mübahisəsiz hallarından görünür ki, iddiaçı Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrin qəbulundan təqribən 1 (bir) il 9 (doqquz) ay sonra qeyd olunan əmr mübahisələndirilmişdir. Bu səbəbdən də iddiaçının Dövlət Gömrük Komitəsinə qarşı hazırki iddia tələbi mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmağına dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmrinin: 1.Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmununun “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” məzmununa dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi, İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasını almalı olduğu əmək haqqı məbləğinə uyğun olaraq yenidən hesablanması üçün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı, əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya təyinatı orqanına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı inzibati Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2-1(112)-659/2025 nömrəli qərarı ləğv edilərək iddiaçının iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bu tələb Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 35-ci maddəsində qeyd olunmuşdur. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İPM-də başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibatı aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin hallarından göründüyü kimi, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edərək əsassız nəticəyə gəlmişdir. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını (xx.xx.2022-ci il) (əmək haqqında yaranmış fərq) həmin vaxt artıq bitdiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərdən görünür ki, məhkəmə iddiaçının faktiki olaraq almadığı lakin arzu etdiyi gəlirin məlumat vərəqəsinə daxil edilərək müvafiq pensiya orqanına göndərilməsi barədə qeyri-müəyyən iddia tələbini əsaslı hesab edərək işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İşin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, iddia tələbi üzrə iddiaçı Komitəyə müraciət etmədən xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrin qəbulundan təqribən 1 (bir) iİ 9 (doqquz) ay sonra həmin əmri mübahisələndirsə də, məhkəmə bu halları nəzərə almadan iddiaçının iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-659/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının, onun nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki: - xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Dövlət Gömrük Komitəsinin xx.xx.2012-ci il tarixli 100/416Ş nömrəli əmri ilə İddiaçı 1967-ci il təvəllüdlü, ali təhsilli, ştat cədvəlinə müvafiq maaşla, Komitənin Sumqayıt Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. -Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli 100/049Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 2-ci bəndinə əsasən Komitənin Sumqayıt Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi İddiaçı Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2016-cı il tarixli 100/801Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 2-ci bəndinə əsasən İddiaçı (Tovuz Gömrük İdarəsi / Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsi, Şöbə Rəisi GXP) tutduğu vəzifədən azad edilərək Avtonəqliyyat Baş Gömrük İdarəsi / Gömrük Hüquqpozmalarına qarşı X12 rəisinin müavini vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/404Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən İddiaçı (Avtonəqliyyat Baş Gömrük İdarəsi / Gömrük Hüquqpozmalarına qarşı X12 rəisinin müavini GXP) tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi/X8sinin İdarə rəisinin müavini vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/1449Ş nömrəli əmrindən çıxarışa əsasən «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 50-ci maddəsinə əsasən İddiaçı (X8si, İdarə rəisinin müavini) vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Səbəb: Təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar. - Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/1450Ş nömrəli əmrindən çıxarışa əsasən İddiaçı (Komitənin sərəncamında olan) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi / X8sinin İdarə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli əmri ilə Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. - Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinə əsasən İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi / X8si, İdarə rəisinin müavini GXP) tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası / İnformasiya Texnologiyalari və X7 baş müəllimi vəzifəsinə keçirilmişdir. - Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli Əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Gömrük işçisi: İddiaçı xidmətinə xitam verilmişdir. (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası / İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, Baş müəllim, Gömrük xidməti polkovniki) Səbəb: pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə, xx.xx.2023-cü il tarixdən. - Dövlət Gömrük Komitəsinin Akademiyasının xx.xx.2024-cü il tarixli, 3-33-5500/2- 001101/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/678Ş nömrəli 1 noyabr 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. O, 20 noyabr 2023-cü il tarixinədək bu vəzifədə işləmişdir. Həmin tarixdə İddiaçı təqaüdə çıxması ilə bağlı Dövlət Gömrük Komitəsinin müvafiq əmri ilə xidmətinə xitam verilmişdir. - Dövlət Gömrük Komitəsinin Akademiyasının xx.xx.2024-cü il tarixli, 3-33-5500/2- 001292/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin (gömrük attaşelərinin) təyin edilməsi və onların fəaliyyətinin təmin edilməsi haqqında xx.xx.2005-ci il tarixli 331 nömrəli Fərmanının (xx.xx.2024-cü il tarixədək olan redaksiya) 2-ci bəndində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdəki nümayəndələri (gömrük attaşeləri) Azərbaycan Respublikasının həmin xarici dövlətlərdəki səfirliklərinə, onların bu səfirliklərin strukturlarına və ştat cədvəllərinə daxil edilməməsi şərti ilə ezam olunduqları qeyd olunmuşdur. Sözügedən normativ hüquqi aktın tələblərinə əsasən Komitənin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli əmri ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Komitənin nümayəndəsi (gömrük attaşesi) təyin edilmişdir. Cəfərov X5 xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmri ilə X8sinin rəis müavini vəzifəsindən azad edilərək X1 Texnologiyaları və X7 baş müəllimi vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında ezamiyyədə olduğundan Komitənin Akademiyasında tədris prosesində iştirak etməmişdir. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının tələbi 3 hissədən ibarətdir:
1. xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli “Başqa işə keçirilməsi” haqqında əmrin ləğv edilməsi;
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəzifədən azad olunmasına dair xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmrinin məzmunun dəyişdirilməsi barədə: 1.Gömrük işçisi: İddiaçı qeydindən sonra: "(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası/İnformasiya texnologiyaları və texniki elmlər kafedrası, baş müəllim, Gömrük Xidməti polkovniki)” məzmunun dəyişdirilərək: “(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini, Gömrük Xidməti polkovniki)” kimi yazılması;
3. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini, Gömrük Xidməti polkovniki” vəzifəsinə uyğun pul gəlirlərinin (vəzifə maaşı və hər cür əlavələr, pul təminatı) əks olunduğu yeni “Məlumat vərəqi”nin tərtib edilərək müvafiq pensiya orqanına göndərilməsi. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən:
1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.
2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
3. Bu Əsasnamədə gömrük orqanlarının vəzifəli şəxsləri dedikdə, vahid sistem təşkil edən Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür. Gömrük orqanlarının vəzifəli şəxslərinin arasında xidmət münasibətlərinin tənzimlənməsi məqsədi ilə bu orqanlarda kiçik heyət, orta, baş və ali rəis heyəti vəzifələri və bu vəzifələrə müvafiq xüsusi rütbələr müəyyən edilir.
52. Gömrük orqanının vəzifəli şəxsinin həmin gömrük orqanında, həmin yerdə yerləşən digər gömrük orqanına və ya digər yerə xidmətə keçirilməsinə gömrük orqanının vəzifəli şəxsinin razılığı əsasında yol verilir.
53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər: 1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi; 2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi; 3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslərin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə: səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə; intizam tənbehi qaydasında.
54. Gömrük orqanının vəzifəli şəxsinin xidmət üzrə başqa işə keçirilməsi, keçirilməyə əsas göstərilməklə əmr ilə rəsmiləşdirilir. Əmr gömrük orqanının vəzifəli şəxsinə imza etdirməklə elan olunur.
120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə; 6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 8) gömrük orqanlarından xaric edildikdə; 9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə. 11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. İddiaçı barəsində inzibati icraat materiallarının araşdırılması zamanı müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 54-cü bəndinin tələbləri pozulmuşdur. Belə ki, Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli 1000/678Ş nömrəli əmri ilə Dövlət Gömrük Komitəsinin X8sinin rəis müavini İddiaçı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi (gömrük attaşesi) təyin edilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında olmuşdur. İddiaçının Türkiyə Respublikasında olduğu müddət ərzində cavabdeh Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmri ilə İddiaçı (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi /X8si, İdarə rəisinin müavini GXP) tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası / İnformasiya Texnologiyaları və X7 baş müəllimi vəzifəsinə keçirilmişdir. Həmçinin, Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmri ilə xidmətinə xitam verilmişdir. Cavabdeh iddiaçının həmin əmr barədə məlumatlı olmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının ölkədə olmadığı, Türkiyə Respublikasında gömrük attaşesi vəzifəsini icra etdiyi vaxtda onun buradakı X8 rəisinin müavini vəzifəsindən İnformasiya Texnologiyaları və X7 baş müəllimi vəzifəsinə keçirilməsinə razılığını təsdiq edən ərizə inzibati icraat materiallarına əlavə edilməmişdir. Dövlət Gömrük Komitəsinin Akademiyasının xx.xx.2024-cü il tarixli 3-33-5500/2- 001292/2024 nömrəli məktubunda qeyd edilir ki, Cəfərov X5 xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmri ilə X8sinin rəis müavini vəzifəsindən azad edilərək X1 Texnologiyaları və X7 baş müəllimi vəzifəsinə keçirilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gömrük attaşesi vəzifəsinin icrası ilə əlaqədar Türkiyə Respublikasında ezamiyyədə olduğundan Komitənin Akademiyasında tədris prosesində iştirak etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İşin hallarında müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən - iddiaçı barəsində başqa vəzifəyə keçirilmə barədə mübahisələndirilən xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmr onun razılığı olmadan qəbul olunduğundan və qanunvericiliyin tələblərinə əməl edilmədən qəbul edildiyindən qanunsuz inzibati aktdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/017Ş nömrəli əmrinin («Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 53-cü maddəsinə əsasən) ləğv edilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 1000/1389Ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən xidmətinə xitam verilməsi barədə əmri (pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə) mübahisələndirməkdə haqlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. 5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. 6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. 7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Odur ki, cavabdeh inzibati orqanın verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-659/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov