Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2616/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1842/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 24 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “COVİD 19” pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 5 aprel 2020-ci il tarixdən ciddi rejimli karantin rejiminin tətbiq olunması ilə bağlı Məşğulluq Mərkəzinə müvafiq (onlayn) qaydada işsiz kimi qeydiyyata alınması üçün müracət etmişdir. Lakin 27 aprel 2020-ci il tarixdə ona mobil telefonu vasitəsilə məsələnin həllindən imtina cavabı gəlmişdir. İmtinanın əsası kimi onun ərinin mülkiyyətində iki və daha çox daşınmaz əmlakın olması göstərilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 190 AZN (pandemiya ilə bağlı olan birdəfəlik ödəmə) almaq hüququ üçün müraciət etmişdir. Nazirlik tərəfindən ona sms vasitəsilə bildirilmişdir ki, aztəminatılıq meyarına uyğun gəlmədiyi üçün ərinin adına müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlak aşkarlandığı üçün ona 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Məlumat üçün bildirir ki, o, ərindən 2016-cı ildə boşanmış, evli deyildir və heç yerdə işləmir. Hesab edir ki, cavabdehin dəlilləri əsassızdır və birdəfəlik ödəmə ona da ödənilməlidir. Cavabdehə ünvanladığı müraciətləri və şikayətləri 4 (dörd) aydır ki, cavabsız qalıbdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nm 2.2-ci bəndində (Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir) nəzərdə tutulan və 27.04.2020-ci il tarixədək MAS-da işsiz kimi qeydiyyatı olan şəxlərə ödənilir. Bununla yanaşı həmin Qaydaların 2.3.11-ci yarımbəndinə əsasən mülkiyyətində müxtəlif ünvanlarda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödəmə verilmir. Həmçinin həmin Qaydaların 3.8-ci bəndində göstərildiyi kimi birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Beləliklə, iddiaçının mülkiyyətində iki və daha çox daşınmaz əmlakının olması (torpaq sahəsi və fərdi yaşayış evi) səbəbindən Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.11-ci (mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara) yarımbəndinə uyğun olaraq birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1842/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradılmışdır. Digər tərəfdən 2020ci il ərzində 10.000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Nazirliyin “Məşğulluq” Alt sistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda 10 minlələrlə vakant vəzifələr vardır. İşsiz şəxs “e-sosial.az” internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun tabeliyində olan X3 kütləvi informasiya vasitələri ilə, habelə işsiz şəxslərə birbaşa məktublar, telefon zəngləri, sms-lər ünvanlamaqla həmin şəxslərin sosial rifahının təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması üçün müraciətlər etmişdir. Hazırda Qanuna uyğun olaraq X3 tərəfindən işsiz şəxslərə onların işə düzəlməsinə və əmək bazarına qaytarılmasına kömək məqsədi ilə hazırlanan aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən elektron sənəd olan fərdi məşğulluq proqramının tərtibi məqsədilə sms-lər göndərilir. Fərdi məşğulluq proqramını təsdiq etmiş işsiz şəxslə Məşğulluq Mərkəzi iş aparır, onun daimi işlə təmin edilməsi üçün vakansiyalara göndəriş verir və ya fərdi təsərrüfatının təşkili məqsədilə özünüməşğulluğa cəlb edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçıya tələbinin təmin olunmasından imtina edilməsinin səbəbi mülkiyyətində iki daşınmaz əmlakın olması ilə bağlı olmuşdur ki, bu daşınmaz əmlaklardan biri onun özünün, digəri isə həyat yoldaşının mülkiyyətində olmuşdur. Bu barədə məlumatlar real vaxt rejimində informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Odur ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. 24.11.2021-ci il tarixdə iddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasıda iştirak edə bilməyəcəyini qeyd etmiş və bununla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi (sms məktubu) 27.04.2020-ci il tarixlidir. İddiaçı iddia ilə məhkəməyə 22.09.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2, 62.3 və 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı 02.03.2016-cı il tarixdən subay olmasına, onun adına yalnız ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyata alınaraq mülkiyyətində olmasına istinad edərək iddianın təmin oluması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs- işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin Qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Yuxarıda adı çəkilən Qaydaların 2-1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, (yəni 25.04.2020-ci il tarixə) xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Həmin Qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə (2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). Sonradan “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin, 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçının 190 manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı tələbindən cavabdeh inzibati orqan imtina edərkən onun mülkiyyətində daşınmaz əmlakın olduğuna əsaslanmışdır. Bu əsas yuxarıda adı çəkilən Qaydaların 2.3.10 və 2.3.11-ci bəndlərində öz əksini tapmışdır. İş materiallarında olan DƏDRX-nin 24.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, İddiaçı adına ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi qeydiyata alınmış və hazırda onun mülkiyyətindədir. Həmçinin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçıya tələbinin təmin olunmasından imtina edilməsinin səbəbi mülkiyyətində iki daşınmaz əmlakın olması ilə bağlı olmuşdur ki, bu daşınmaz əmlaklardan biri onun özünün, digəri isə həyat yoldaşının mülkiyyətində olmuşdur. Bu barədə məlumatlar real vaxt rejimində «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 3.8-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla əldə olunmuşdur. Göründüyü kimi, iddiaçının tələbinə baxılarkən inzibati orqan yuxarıda adı çəkilən qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə əldə edilmiş məlumatlara istinadən hərtərəfli araşdırma aparmış və imtina edilməsində hər hansı qanun pozuntusuna yol verməmişdir. Bu fakt iş materialları ilə tam təsdiq olunur. Buna baxmayaraq birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış və cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən hansı qanun pozuntularına yol verildiyini qərarında əsaslandırmamış, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir ki, cavabdeh inzibati orqan da apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd oduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan müxtəlif dövlət orqanlarının informasiya ehtiyatlarındakı məlumatlara istinadən iddiaçının özünün və həyat yoldaşının mülkiyyətində daşınmaz əmlakların olduğuna əsaslanaraq iddiaçıya müvafiq birdəfəlik ödəmənin verilməsindən sözügedən Qaydaların tələblərinə uyğun olaraq imtina etməkdə haqlı olmuşdur və iş materialları ilə cavabdehin imtinasının qanuna zidd olduğu, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu təsdiq olunmadığı halda birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1842/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1842/2021 saylı 23 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin ona ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-2616/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2616/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver