Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2616/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X8 qızının katibliyi katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-2879/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********221900 saylı 15 avqust 2023-cü il tarixli qərarın ləğv olunması və s. barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14819/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (adi cəlbetmə).
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
6. 09.02.2024-cü il tarixli iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edilir, lakin məhkəmə tərəfə yenidən iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin olduğunu izah edir.
7. Sonradan dəqiqləşmə verilərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********221900 saylı 15 avqust 2023-cü il tarixli qərarın ləğv olunması xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə **********221900 №-li qərarı qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi nəzərdə tutulmuşdur. İş üzrə cavabdeh tərəfindən verilmiş qərar onunla əsaslandırılmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edillmiş və təqdim ediliş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Çıxarılmış qərarda vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma üzrə X9 X1 yerin təkindən faydalı qazıntıları çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5 gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmiş və xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Lakin belə bir hal mövcud olmamışdır. Vergi orqanı gəldiyi nəticədə qanunun tələblərini pozaraq iş üzrə düzgün qiymətləndirmə aparmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69- cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X9 X1 əldə olunmuş məlumata görə yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********258700 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə **********209100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Bundan əlavə bildirilir ki, riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyini qeyd edilməsi zəruri hesab edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli2-1(102)- 1212/2023 nömrəli qərarında qeyd olunur: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyunavqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğısatqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Yuxarıda göstərilənləri nəzərə alaraq hesab olunur ki, iddiaçı "xxxx" MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********221900 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-2879/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 avqust 2023-cü il tarixli, **********221900 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
12. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Məlikov apellyasiya şikayinə uyğun izah verərək, şikayətin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəf 3 işçi (fəhlə) sistemdə qeyd etdirməklə ******* manatlıq məhsul əldə etmişdir. İddiaçı daş karxanası qismində fəaliyyət göstərirlər. 2021 avqust-2022 yanvar ayları ərzində dövriyyə ******* manat olmuşdur. Hesab edir ki, 3 (üç) işçi ilə bu məbləğ ağlabatan deyildir.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
16. Riskli əməliyyatların araşdırılması barədə məktubda qeyd olunmuşdur ki, “Fəaliyyətiniz üzrə aparılmış araşdırma zamanı X9 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində saat 11:00-dan 17:00dək Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin (012) ***-**-** nömrəli əlaqə telefonu ilə əlaqə saxlanılması xahiş olunur.
17. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənizin iştirakı ilə xx.xx.2023 il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməli olduğunuz Sizə bildirilir.”
18. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********221900 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış araşdırma zamanı X9 X1 yerin təkindən faydalı qazıntıların çıxarılması ilə bağlı müvafiq icazələrin əldə edilməməsi və fəaliyyətləri üzrə müvafiq hesabatların (5gk hesabatı və s.) təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri ərzində təqdim olunmuş 1345507,98 manat dəyərindəki karyer materialları əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir.”
19. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 X2 tərəfindən cavabdehə ünvanlanmış 15 noyabr 2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Agentliyə ünvanlanmış məktuba qoşma şəklində təqdim edilmiş vergi ödəyicilərinin məlumatları araşdırılmışdır. Agentliyin arxiv sənədlərinin araşdırılma zamanı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş vergi ödəyicilərinin aktiv yerin təkindən müvafiq icazə sənədi “Dağ-mədən ayırması” aktının mövcud olmadığı müəyyən edilmiş, məktubda adları qeyd edilmiş hüquqi şəxslər tərəfindən Agentliyə 5 geoloji kəşfiyyat (5 gk) statistik hesabatı təqdim edilməmişdir. Agentlik tərəfindən aktiv “Dağ-mədən ayırması” aktı olmayan fiziki və ya hüquqi şəxslərin 5 gk statistik hesabatı təsdiq edilmir.
20. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-nin obyekti Tərtər rayonu, Tərtər şəhəri, Tərtərçay Yatağı ünvanında yerləşən Karxana xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş ŞTQ, Qızıldaş qəsəbəsi ev. Şahqaya Yatağı ünvanlnda yerləşən Daş Karxanası xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır.
21. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-yə aid Daş Karxanasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə X5, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə X6, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə X7 fəhlə olaraq işləmişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
25. Vergi Məcəlləsi Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir.
27. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 2.1.2-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir.
28. Həmin bəndə əsasən, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparmasının aşkar edilməsi risk meyarı kimi müəyyən edilmişdir.
29. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır.
30. Məhkəmə kollegiyası həmçinin "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.2-ci bəndinin də iddiaçıya münasibətdə tətbiqi barədə qeyd edir ki, malların alışı və təqdimatı həcm baxımından real vəziyyətə uyğun olmalıdır, bütün sənədlərdə uyğunluq və ardıcıllıq təmin edilməlidir. Əgər həcm fərqi varsa, bu barədə əlavə təsdiqləyici sənədlər təqdim edilməlidir. Əks halda əməliyyatlar riskli elan olunmaqla verilmiş qaimə-fakturalar ləğv edilə bilər. Həmçinin vergi ödəyicisi əməliyyatlarının real olduğunu göstərməyə borcludur. Odur ki, 3.1.2 –ci bəndə görə vergi orqanı əməliyyatı riskli sayır və ödəyici haqlı olmasını sənədlərlə əsaslandırmalıdır. Yəni, sübut yükü vergi ödəyicisinin üzərinə keçir (işin halı: iddiaçı tərəf 3 işçi (fəhlə) sistemdə qeyd etdirməklə ******* manatlıq məhsul əldə etmişdir- 2021 avqust-2022 yanvar ayları ərzində dövriyyə ******* manat olmuşdur.).
31. Beləliklə, vergi xidməti(orqanı) ƏDV üzrə saxta əməliyyatların qarşısını almaqda haqlıdır.
32. Nəticədə, cavabdeh vergi orqanının təsdiqedici sənədlər təqdim etmədiyinə görə iddiaçının riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi barədə qərarı qanuni olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərinə uyğun olmuşdur.
33. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(112)-2879/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev