Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2617/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6318/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-6318/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarimbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları vəzifələri nəzərdə tutulub. Cavabdehə təqdim edilən Turan Drilling & Engineering Company-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.2004xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixdən bugünədək baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə iddiaçının işlədiyi vəzifələr istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş NB seriyalı 009554 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1986-cı illər ərzində Azərbaycan Neft və Kimya institutunda təhsil almışdır (04 il 09 ay 17 gün). İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndinin (10.1) fəhlələr yarimbəndində (a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları vəzifələri nəzərdə tutulub. Mərkəzi Filiala təqdim edilən Turan Drilling & Engineering Company-nin Sizə dair xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışında xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində mexanik, xx.xx.2010-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2019-cu il tarixindən bugünədək baş mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Turan Drilling & Engineering (iş yeri) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx-xx-2022 nömrəli arayışa əsasən bildirilmişdir ki, İddiaçı Göyçə oğlu (FİN: xxxxxxx) həqiqətən, xx.xx.2003-cü il tarixində “Deutsche Tiefbohr - A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi vəzifəsinə qəbul edilib. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi vəzifəsinə təyin olunub. xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Mexanik vəzifəsinə keçirilib. xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə təyin olunub. xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində əmək müqaviləsinə xitam verilib. xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə qəbul edilib. xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyində əmək müqaviləsinə xitam verilib. xx.xx.2019-cu ildə "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsinə keçirilib. Hal-hazırda "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsində işləyir. Yuxarıda qeyd olunan şirkətlər Böyük Britaniyanın “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasında nümayəndəlikləri olaraq fəaliyyət göstərmişdir. 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. İddiaçı Göyçə oğlu yuxarıda qeyd edilən əmək funksiyalarını Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları ilə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Onun işlədiyi Sıravi köməkçi, Mexanik, Baş mexanik vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Bu səbəbdən, işçi tərəfindən işin eyni funksiyalarının yerinə yetirilməsinə baxmayaraq, bu vəzifələrin adları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində qeyd edilən vəzifələrin adları arasında müəyyən fərqlilik yaranır. Əslində, İddiaçı Göyçə oğlunun yuxarıda işlədiyi peşələr (vəzifələr) Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi Sıravi köməkçi vəzifəsi siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə, Mexanik və Baş mexanik vəzifələri isə qazma qurğularının motorçuları peşəsinə uyğundur. Həmin işin funksiyaları barədə hazırkı arayışla aşağıdakı kimi izah verilir: Yuxarıda göstərilən peşələr, yəni İddiaçı Göyçə oğlunun: -xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 5 ay, 18 gün) Sıravi köməkçi (bu vəzifədə faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 5 ay, 1 gün) Mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir); -xx.xx.2010-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 11 il, 11 ay, 21 gün) Baş mexanik (bu vəzifədə faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir) peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. İddiaçı Göyçə oğlunun xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 19 il, 10 ay, 8 gün təşkil edir. İş materiallarında olan “Turan Drilling and Engineering Company" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Sizin 23 dekabr 2022-ci il tarixli **********6 saylı məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı Göyçə oğlunun (FİN: xxxxxxx) "Turan Drilling and Engineering Company” MMC-də və “KCA Deutag” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliklərində fəaliyyət göstərdiyi Mexanik (Motorçu) və Baş mexanik (Baş motorçu) vəzifələrinin adları şirkət daxili beynəlxalq tələblərə uyğun gələrək adlandırılmışdır. Nümunə olaraq qoşmada Sizə işçinin “KCA Deutag” şirkətinin fəaliyyəti müddətində şirkətlə bağlanılmış əmək müqavilələrinin nüsxəsini, həmçinin Motorçu adlandırılan vəzifə təlimatının nüsxəsini təqdim edirik. Daha öncə Sizə təqdim etdiyimiz arayışda qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların strukturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olaraq qalmışdır. Bu səbəbdən, işçinin xx.xx.2003-cü ildən xx.xx.2023-cü ilədək əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı (20 il, 18 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalında 10.1. Qazma a) fəhlələr: qazma qurğularının motorçuları peşələrinə uyğundur. Məlumat üçün bildiririk ki, İddiaçı Göyçə oğlu müqavilə üzrə nəzərdə tutulmuş əmək funksiyalarını 2003-cü ildən Xəzər dənizinin neft-qaz buruqlarında yerləşən Çıraq 1 platformasında generator-mühərriklərin təmir və servis xidmətləri üzrə Mexanik (Motorçu) və Baş mexanik (Baş motorçu) vəzifələrini icra etmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli xx.xx.1986-cı il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1986-cı ildən 60 yaşının tamam olduğu tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur (xx.xx.1986-xx.xx.1991, xx.xx.1991-xx.xx.2000, xx.xx.2003-xx.xx.2012, xx.xx.2012-xx.xx.2019, xx.xx.2019-h/h). İddiaçının əmək kitabçasındakı iş stajı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 33 il 09 ay təşkil edir. İşin faktiki hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının təqdim etdiyi güzəştli arayışında qeyd olunan peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı bildirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İddiaçının ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin qeyd olunmalıdır ki, iddiaçı təhsil müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu xx.xx.2022-cı il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1981xx.xx.1986 (təhsil), xx.xx.1986-xx.xx.1991, xx.xx.1991-xx.xx.2000, xx.xx.2003-xx.xx.2012, xx.xx.2012-xx.xx.2019, xx.xx.2019-xx.xx.2022 - cəmi 38 il 06 ay 17 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2003-xx.xx.2004-cü il tarixində “Deutsche Tiefbohr - A.G., Baku” şirkətinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi, xx.xx.2004-xx.xx.2004-cü il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Sıravi köməkçi, xx.xx.2004-xx.xx.2010-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Mexanik, xx.xx.2010-xx.xx.2012-ci il tarixində “KCA Deutag Tiefbohrgesellschaft mbH” şirkətində Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik, xx.xx.2012xx.xx.2019-cu il tarixində “KCA Deutag Tiefbohrgesellschaft” şirkətinin nümayəndəliyinə Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsində işləmişdir, xx.xx.2019-cu ildən bugünədək "xxxx" MMC-də Xəzər dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə Baş mexanik vəzifəsində işləyir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsi; bənd 10.1. Qazma; yarımbənd (a) fəhlələr: neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları və qazma qurğularının motorçuları. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən verilən arayışda da iddiaçının işlədiyi sahə və vəzifənin həmin sahə və vəzifəyə aid olduğu təsdiq edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli arayışlara əsasən iddiaçının işlədiyi sıravi köməkçi, mexanik, baş mexanik vəzifələri Qazma briqadasına aiddir və faktiki olaraq işlədiyi sıravi köməkçi vəzifəsi siyahıda göstərilən neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsinə, mexanik və baş mexanik vəzifələri isə qazma qurğularının motorçuları peşəsinə uyğundur, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək işlədiyi (1 il, 5 ay, 18 gün) sıravi köməkçi vəzifəsində faktiki olaraq qazmaçı köməkçisinin peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir, xx.xx.2004-cü ildən xx.xx.2010-cu ilədək işlədiyi (6 il, 5 ay, 1 gün) mexanik vəzifəsində faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir, xx.xx.2010-cu ildən hal-hazıradək işlədiyi (xx.xx.2022-ci il tarixinədək 11 il, 11 ay, 21 gün) baş mexanik vəzifəsində faktiki olaraq qazma qurğularının motorçusu peşəsinə uyğun işin funksiyasını yerinə yetirmişdir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının xx.xx.2003-cü ildən xx.xx.2022-ci ilədək cəmi 19 il 10 ay 8 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. O da qeyd edilməlidir ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6318/2023 nömrəli 18 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2617/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2617/2023
01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver