Məhkəmə qərarları › İş №2-1(103)-2618/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2618/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2618/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsində əsgər rütbəsində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 250 nömrəli əmri əsasında xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinətinə göndərilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli, 4/3-4824 nömrəli məktubunda təqdim olunmuş arayış-məlumata əsasən xidmət dövründə Bərdə rayonunda patrul xidmətinin təşkil olunması fəaliyyəti ilə məşğul olduğuna görə müraciətinin təmin edilmədiyini İddiaçı bildirmişdir. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinəti ilə razılaşdırılmaqla ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, bu barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün, razılaşdırılması məqsədi ilə, sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsində sürücü vəzifəsində əsgər rütbəsində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 250 nömrəli əmri əsasında xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə sürücü vəzifəsində iştirak etmiş və bu barədə hərbi biletində qeyd edilmişdir. Lakin ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 266 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və “əsgər” hərbi rütbəsi verilməklə həmin hərbi hissənin, 2-ci zenit-raket divizionunun, 2-ci zenit raket batareyasının maddi təminat tağımının avtomobil manqasına sürücü vəzifəsinə təyin olunmuşdur. Həmçinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 189 nömrəli əmrinə əsasən əsgər İddiaçı hərbi xidmət müddətini başa vurduğuna görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixindən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumuna göndərilmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya təqdim olunmuş arayış-məlumata əsasən, iddiaçının Bərdə rayonunda patrul xidmətinin təşkil olunması fəaliyyəti ilə məşğul olmasına görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müvafiq sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər İnzibati Məhkəməsinin xx.xx.2024 tarixli, 2-1(112)-2798/2024 saylı qərarını aşağıda göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, o, 16 iyul 2020-ci ildə Azərbaycan Respublikası SHXÇDX-nin Xəzər rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsində sürücü vəzifəsində əsgər rütbəsində hərbi xidmət keçmiş, Müdafiə Nazirliyinin 16 iyun 2021-ci il tarixli 250 nömrəli əmri əsasında 16 iyul 2021-ci ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Vətən müharibəsi zamanı iddiaçı 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilədək N saylı hərbi hissənin tərkibində Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə sürücü vəzifəsində iştirak etmiş, bu barədə hərbi biletinin 7-ci səhifəsində, 14-cü bölməsində qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikasının müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müraciət etmis, cavabdeh 17 may 2023 tarixli, 4/3-4824 nömrəli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim olunmuş arayış-məlumata əsasən, Bərdə rayonunda patrul xidmətinin təşkil olunması fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq ona “Müharibə veteranı adının” və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbayan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Cavabdehin imtinası tamamilə əsassız olmaqla formal xarakter daşıyır. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların, mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların verinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından o, “Müharibə veteranı” adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni döyüşən hərbi hissədə xidmət etməsini və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. Onun təqdim etdiyi hərbi biletində lazımi şəkildə təsdiq edilməklə aparılmış qeydlər və arxiv materiallarında əksin tapmış məlumatlar, onun 16 iyul 2000-ci ildə hərbi xidmətə çağrılması, Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilədək N saylı hərbi hissədə sürücü vəzifəsində əsgər rütbəsində iştirak etməsi və Müdafiə Nazirliyinin 16 iyun 2021-ci il tarixli, 250 nömrəli əmri əsasında ehtiyata buraxılmasını təsdiq edən sübutdur. İşin bu vəziyyətində İPM-nin 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan bu baxımdan mövqeyini onun hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv məlumatlarının təqdim olunmadığını göstərir. Cavabdehin bu mövqeyi formal baxımdan yuxarıda qeyd olunan Əsasnamənin 1-ci bəndinə uyğundur. Lakin, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından görünür ki, inzibati orqan bu vəzifəsinin icrası zamanı, yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənmiş, əlavə araşdırma aparılmamışdır. Göründüyü kimi, onun N saylı hərbi hissədə xidmət etməsi barədə hərbi biletində, habelə şəxsi işində əksini tapmış məlumatların arxiv məlumatları ilə təsdiqlənməsi ona görə mümkün olmamışdır ki, hərbi hissənin həmin dövrə aid sənədləri arxivə təhvil verilməmişdir, yəni arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, “hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir” kimi gəlinən nəticə səhvdir, “hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyinə görə onun tələbi təmin olunmamalıdır” kimi gəlinən nəticə isə inzibati icraatın mütənasiblik prinsipi ilə uzlaşmır. Apellyasiya şikayətinə etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında xidmət dövründə sürücü kimi deyil, Bərdə rayonunda patrul xidmətinin təşkil olunmasında iştirak etməsini göstərib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 60. İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu

17. Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;

18. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə

19. Hissə 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

20. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);

21. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

22. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

23. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

24. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

25. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

27. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

28. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

29. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

30. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

31. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

32. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

34. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

35. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

37. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmiş, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Belə ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə yönəlmişdir.

42. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı, özünün də izahatında qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Bərdə rayonu Lənbəran kəndində yerləşən divizionun, yalnız patrul xidmətinin təşkil olunmasında iştirak etmişdir.

43. Kollegiya qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması barədə hərbi biletində olan qeyd onun hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adı verilməsi üçün əsas ola bilər.

44. Bu barədə hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, yanvar 2017-ci il tarixdən 25 oktyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə İddiaçı barəsində məlumat daxil olmamışdır.

45. N saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) İddiaçı iştirak etdiyi ərazi Bərdə rayonu olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak etmişdir.

46. N nömrəli hərbi hissənin komandiri vəzifəsini müvəqqəti icra edən N.Salayev tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli 880 saylı məktuba əsasən, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin Bərdə rayonu ərazisində yerləşən 2-ci divizionun 2-ci batareyasının maddi təminat taqımının avtomobil taqımının sürücüsü vəzifəsində xidmət etməsi, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş tapşırıqlarını icra edən divizionda patrul xidmətinin təşkil olunmasında fəal iştirak etməsi, İddiaçı və onun manqa komandiri X5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Bərdə rayonu ərazisində yerləşən döyüş tapşırıqlarını icra edən divizionda bir yerdə xidmət etmələri, İddiaçı manqa komandiri X7 “Vətən Müharibəsi iştirakçısı” statusu verilməsi, İddiaçı “Vətən Müharibəsi” dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş tapşırıqlarını icra edən divizionun patrul xidmətinin təşkil olunmasında fəal iştirak edərək döyüş təminatını icra etməsi qeyd edilsə də, N nömrəli hərbi hissənin komandiri E.Qebedov tərəfindən imzalanan xx.xx.2024-cü il tarixli 1070 saylı məktuba əsasən, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin Bərdə rayonu ərazisində yerləşən 2-ci divizionun 2-ci batareyasının maddi təminat taqımının avtomobil taqımının sürücüsü vəzifəsində xidmət etməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı rayonlarının, Tərtər rayonun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarında döyüş əməliyyatlarında iştirak etməməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı Bərdə rayonu Lənbəran kəndində yerləşən divizionun patrul xidmətinin təşkil olunmasında iştirak etməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüşlər gedən ərazilərə ezam olunmaması və biləvasitə döyüşlərdə iştirak etməməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında hər hansı bir təminat üzrə bilavasitə iştirak etməməsi, İddiaçı məxsus SX ******* nömrəli xx.xx.2020-ci il tarixli hərbi biletinin 7-ci səhifəsinin 14-cü qrafasında qeyd olunmuş “xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlər zamanı N nömrəli hərbi hissədə sürücü vəzifəsində xidmət edib” barədə məlumatın həmin qrafada səhvən qeyd edilməsi və həmin məlumatın o zaman hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini polkovnik-leytenant Mobil Ovçiyevin səhvi ilə qeyd olunması, bununla əlaqədar olaraq sonuncunun intizam qaydasında cəzalandırılması bildirilmişdir.

47. Kollegiya qeyd edir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı və bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.

48. Tədqiq olunan sübutlarla iddiaçıya, yuxarıda istinad olunan Əsasnamənin tələblərinə əsasən, Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtlərin ödənilməməsi müəyyən olunduğundan Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı bərabərlik prinsipi pozulmamışdır. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

49. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar