Məhkəmə qərarları › İş №2-1(103)-2619/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2619/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2619/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7611/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (Abdurahmanova göstərilməklə) 15.02.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı "cavabdehin 30.12.2020-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-589/2021 saylı, 17 may 2021-ci il tarixli qərardadı ilə (hakim V.Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "cavabdehin 30.12.2020-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(116)-589/2021 nömrəli inzibati iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08.02.1973-cü ildə Azərbaycan Respublikası Şəki rayonunda anadan olub. Hər iki valideyni Şəki rayonunda anadan olmaqla Azərbaycan Respublikası vətəndaşlarıdır. Özü Rusiya Federasiyası vətəndaşı olsa da, uzun müddətdir ki, Azərbaycanda işləməklə yaşayır. O, cavabdeh Dövlət Miqrasiya Xidmətinə 25.12.2020-ci il tarixli məktubla müraciət edərək onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş edib. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə 30 dekabr 2020-ci il tarixli ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərar konkret olaraq əsaslandırılmamışdır. Hesab edir ki, həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 18 mart 2015-ci il tarixli qərarına ziddir. Bildirir ki, cavabdeh Dövlət Miqrasiya Xidməti onun qanuni və haqlı tələbindən əsassız və qanunsuz imtina edir. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7611/2021 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. 13.09.2021-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7611/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” 30.12.2020-ci il tarixli ******* nömrəli qərarına əsasən, 08.02.1973-cü il tarixli X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (07.10.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. - X1 doğum haqqında şəhadətnaməsinin surətinə əsasən, doğum 21.02.1973-cü ildə Şəki şəhər VVAQ bürosunda qeydiyyata alınıb, atası milliyyətcə azərbaycanlı X2, anası milliyyətcə azərbaycanlı X3r. X5 və X2 Azərbaycan Respublikası vətəndaşlarıdır. - Soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən, “X1” soyadı “İddiaçı” dəyişdirilmişdir. Dövlət qeydiyyat yeri: Sankt-Peterburq Hökuməti VVAQ İdarəsinin Krasnoselskiy rayon VVAQ şöbəsi olmaqla şəhadətnamə 25.10.2001-ci il tarixdə verilmişdir. - İddiaçı və X10 arasında nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah pozulmuş, nikah pozulduqdan sonra arvada “Zakirova” soyadı verilmişdir. Dövlət qeydiyyat yeri: Sankt-Peterburq Hökuməti VVAQ İdarəsinin Krasnoselskiy rayon VVAQ şöbəsi olmaqla şəhadətnamə 01.07.2006-cı il tarixdə verilmişdir. Zakirova Tunzala (Закирова Тунзала Аловсат кызы) Rusiya Federasiyası vətəndaşıdır. - Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinə əsasən X11 Federasiyasının vətəndaşı olmaqla yaşayış yeri Şəki şəhəri, Şəhriyar küçəsi ev 2/7-dir. - Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli məktubla bildirilmişdir ki, 08.02.1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş Zakirova (Abdurahmanova) Tünzalə Əlovsət qızı 12.03.1990-cı il tarixdə Şəki ŞRPŞ-nin PB-dən XXİİ-JQ-633788 saylı pasport almış və 15.03.1990-cı il tarixdə Şəki şəhəri Bağbanlar (Jmerinko) küçəsi, bina-59a, mənzil-29 qeydiyyata düşmüşdür. 15.08.1991-ci il tarixdə həmin ünvandan Leninqrad şəhərinə qeydiyyatdan çıxmışdır. - 22 oktyabr 1990-cı il tarixdə açılmış, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinin 22-ci qeydə əsasən iddiaçı 13.06.2008-ci il tarixli, 152 №li əmrlə müvəqqəti işləyən səyyar həkim anestizioloq-reanimatoloq əsas işçi kimi keçirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: - bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; - 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; - 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; - bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 1.1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» AR Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir; 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır; 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). İşin hallarından müəyyən edilir ki, iddiaçı Zakirova (Abdurahmanova) Tünzalə Əlovsət qızı 08.02.1973-cü il tarixdə Şəki şəhərində (Azərbaycan SSR-in ərazisində) anadan olmuş və hazırda Rusiya Federasiyası vətəndaşıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 07.10.1998-ci il tarixədək yəni, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata düşmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7611/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)-7611/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar