Məhkəmə qərarları › İş №2-1(103)-2619/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2619/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2619/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1879/2023 saylı 23 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli **********858900 nömrəli Çıxarışdan müəyyən olunur ki, “ŞAH LOJİSTİK" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və dövlət qeydiyyat nömrəsi (VÖEN) **********dir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2022-ci il tarixli DVX seriyalı 004749 nömrəli Siyahısına əsasən İddiaçınə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Binə TM, Şah Kargo ünvanında yerləşən anbarda mövcud olan mallar və digər sərvətlər siyahıya alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X8 tərəfindən qəbul olunan Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2022-ci il tarixli **********6275 nömrəli Tələbnamədən müəyyən olunur ki, İddiaçı ********** operativ vergi nəzarətinin aparılması üçün Malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktuıa və ya elektron vergi hesabfakturasını, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədləri, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədləri, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməsi barədə əmək müqaviləsi bildirişini, bank hesablarından çıxarışı və xərclənmiş pul vəsaitləri barədə sənədləri vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş idarəsinə (AZ1073, ünvan 4 ünvanına) təqdim etməsi barədə xəbərdar olunmuşdur. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2022-ci il tarixli DVX seriyalı 006377 nömrəli Aktdan müəyyən olunur ki, operativ vergi nəzarətinin keçirilməsi zamanı xx.xx.2022-ci il tarixdə saat 18:00-da İddiaçınə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Binə TM, Şah Kargo ünvanında yerləşən anbarda keçirilmiş operativ vergi nəzarəti zamanı İddiaçıMMC-yə məxsus 9338 manat dəyərində sənədsiz mal qalığı aşkar olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X4 xx.xx.2022-ci il tarixli **********9767 nömrəli qərarından müəyyən olunur ki, İddiaçı (Ünvanı: AZ1015, BAKİ ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev.l, m.21, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 28964.89 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 28964.89 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X4 xx.xx.2022-ci il tarixli **********9771 nömrəli qərarından müəyyən olunur ki, ŞAH LOJİSTİK" Məhdud Məsuliyyətli Cəmiyyəti ŞAH LOJİSTİK" Məhdud Məsuliyyətli Cəmiyyəti (Ünvanı: AZ 1015, BAKİ ŞƏHƏRİ XƏTAİ RAYONU, GENERAL SƏMƏDBƏY MEHMANDAROV, ev.l, m.21, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 9338.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 9338.00 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında 28 iyun 2022-ci il tarixli **********370900 nömrəli Qərarından müəyyən olunur ki, İddiaçı operativ vergi nəzarətinin nəticələri barədə Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və xx.xx.2022-ci il tarixli DVX seriyalı 006377 nömrəli və DVX seriyalı 006363 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktlar əsasında Dövlət Vergi Xidmətinin İdxal - İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022ci il tarixli **********9767 və **********9771 nömrəli qərarlar dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9767 nömrəli və xx.xx.2022-ci il tarixli **********9771 nömrəli qərarların ləğv edilməsi”ni tələb edir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi barədə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi qərara alınsa da, buna əsas olan mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatların mənbələrinin bəlilliyini təsdiq edən hər hansı sənəd yoxlama materiallarına əlavə edilməmişdir. Bundan əlavə, vergi orqanı nəzərə almamışdır ki, vergi ödəyicisinin anbarında olan mallar başqa şəxslərə məxsus olmuşdur və bununla bağlı saxlama müqavilələri də mövcuddur. Lakin vergi orqanı malın cəmiyyətə məxsus olması ehtimalına əsaslanaraq qərar qəbul etmişdir. Vergi ödəyicisinin nümayəndəsinə, həmçinin aktı imzalamaqdan imtina edilmə hüququ izah edilməmiş, aktın mütləq qaydada imzalanmalı olması bildirilmiş, bu səbəbdən akt onun tərəfindən məcbur qalınıb imzalanmışdır. Cavabdehin etirazları: Vergi ödəyicisinin anbarlarında vergi nəzarəti tədbiri zamanı alış sənədi olmayan mallar aşkar edilərək bu barə barədə aktlar tərtib edilmişdir. Həmin aktların düzgünlüyü MMC-nin rəhbəri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, həmin şəxs izahat verərək malların həqiqətən də ona məxsus olduğunu, həmin malları Sədərək və Binə TM-də yerləşən müxtəlif sahibkarlardan heç bir rəsmi sənəd, elektron qaimə-faktura olmadan aldığını bildirmişdir. Vergi ödəyicisi yoxlama dövrü ərzində isə bu barədə məlumat verilməsinə baxmayaraq saxlanc müqavilələri və malların digər şəxslərə məxsusluğu barədə heç bir sənəd və ya sübut təqdim etməmişdir. Həmçinin, məlumat bazasından görünür ki, vergi ödəyicisinin 2019-cu ilin sonuna hər hansı mal qalığı olmamış, 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər elektron qaimə faktura tətbiq olunmaqla 436,32 manat dəyərindən malların alışı əməliyyatı həyata keçirilmiş, elektron qaimə faktura əsasında hər hansı satış və idxal əməliyyatı olmamışdır. Mənfəət vergi bəyannaməsində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə gəlirinin 2020-ci il üzreə 88.349,47 manat, 2021-ci il üzrə gəlirinin 153.559,20 manat olduğu qeyd edilmişdir ki, baza məlumatlarına əsasən iddiaçı tərəfindən heç bir alış və idxal əməliyyatları aparılmadığlı halda 2020 və 2021-ci illərdə malların təqdim edilməsi üzrə gəlirinin mövcudluğu sual yaradır. Keçirilən tədbir zamanı da sənədsiz mal qalığının olduğu, eləcə də əmək müqaviləsi qüvvəyə minmədən şəxslərin işə cəlb edildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1879/2023 saylı 23 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddianın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qərar qanunazidd qəbul edilmişdir. Qərarda qeyri-qanuni, əsassız, ədalətli araşdırma aparılmaması nəticəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qərarında cəmiyyətin rəhbərinin malların cəmiyyətə məxsus olduğunu öz izahatında etiraf etməsini qeyd etmiş və həmin etirafı etibarlı hesab etmişdir. Cəmiyyətin rəhbərinin yoxlama zamanı verdiyi izahat özünü müdafiə xarakteri daşımış, belə formada izahat verməklə, məsuliyyətə cəlb olunmayacağını düşünmüşdür. Eyni zamanda cəmiyyətin rəhbəri məhkəmə zalında izahat vermədiyini və malların cəmiyyətə deyil, ayrı-ayrı vergi ödəyicisi olmasını bildirmişdir. Cəmiyyətin rəhbərinin məhkəmə zalında doğruluğu digər vergi ödəyicilərinin məhkəmə zalında verdikləri ifadə də təsdiqini tapmışdır. Həmin vergi ödəyiciləri malların onlara məxsus olduğunu, saxlama müqaviləsi əsasında cəmiyyətin anbarında saxlanıldığını məhkəmə zalında bildirmiş və malların idxalına dair YGB (X7) məhkəməуə təqdim etmişlər. Məhkəmə isə 2020-2021-ci illər üzrə mənfəət vergisi bəyannaməsində cəmiyyətin malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə gəlirinin olması halını, cəmiyyətə məxsus olan malın mövcudluğu kimi qəbul etmiş və iş üzrə verilmiş şahid ifadələri həmin sübutlara zidd hesab etmişdir. Qeyd olunan halın təkzib olunması məqsədilə məhkəmə zalında cəmiyyətin fəaliyyətinin yük daşıma olduğu və 2020-2021-ci illər üzrə gəlirlərinin ayrı-ayrı vergi ödəyicilərinə göstərilən yük daşıma xidmətindən formalaşdığı bildirilsə də, məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. Halbuki yoxlama zamanı sənədlər cəmiyyətin hüquqşünasında olmuş və onun yoxlamanın aparılmasından məlumatı olmamışdır. Qərarda həmin müqavilələrin heç bir əsas olmadan mülki hüquq və vəzifələr yaradan əqd xarakterindən uzaq olduğunu qeyd etmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etrazın məzmunu ilə eynilik təşkil etməklə əlavə olaraq bildirilmişdir ki, iddiaçı apelyasiya şikayətində (həmçinin iddia ərizəsində) malların digər şəxslərə məxsus olması və saxlanc müqaviləsinin mövcudluğunu bildirsə də, operativ vergi nəzarəti zamanı qeyd olunan təsdiq edən sənədlər vergi orqanına təqdim edilməmişdir. Belə ki, cəmiyyətin rəhbəri tərəfindən operativ vergi nəzarəti zamanı zəruri olan sənədlərin təqdim edilməsi barədə tələbnamə ilə tanış olmasına baxmayaraq saxlancda olan mallar barədə heç bir sənəd təqdim edilməmişdir. İddiaçı qeyd olunan müqavilələri məhkəmə icraatı zamanı təqdim etmişdir ki, bu müqavilələrin isə həyata keçirilməsi vergi ödəyicisinin faktiki iqtisadi göstəriciləri ilə sübut olunmur. Əsas məsələ ondan ibarətdir ki, müqavilədə əks olunan əməliyyatlar həqiqətən də baş tutmuşdurmu? Həmçinin məlumat üçün bildiririk ki, baza məlumatlarına əsasən vergi ödəyicisinin 2019-cu ilin sonuna hər hansı mal qalığı olmamış, eləcə də 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər elektron qaimə faktura tətbiq olunmaqla 436,32 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı əməliyyatını həyata keçirmiş, elektron qaimə faktura əsasında hər hansı satış və idxal əməliyyatı olmamışdır. 2020-ci il üzrə Mənfəət vergisi bəyannaməsində vergi ödəyicisinin malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) gəlirinin 88.349,47 manat olduğu və 2021-ci il üzrə Mənfəət vergisi bəyannaməsində vergi ödəyicisinin malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) gəlirinin 153.559,20 manat olduğu qeyd edilmişdir. Sual oluna bilər ki, baza məlumatlarına əsasən iddiaçı tərəfindən heç bir alış və idxal əməliyyatları aparılmadığı halda 2020-ci və 2021-ci illərdə malların təqdim edilməsi üzrə 88.349,47 və 153.559,20 manat gəliri necə ola bilərdi. Keçirilən OVN tədbiri zamanı isə vergi ödəyicisinin sahibliyində ümumilikdə 383.028,90 manat dəyərində sənədsiz mal qalığının olduğu, eləcə də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Həmçinin “Şah Lojistik" MMC apellyasyi şikayətində qeyd etmişdir ki, “səyyar vergi yoxlamasından fərqli olaraq, operativ vergi nəzarəti əvvəlki dövrləri deyil, nəzarətin başlandığı vaxtdan qurtardığı vaxta qədər olan dövrü əhatə edir və həmin dövr aralığında bas vermiş neqativ halları qeyd edir. Lakin bu nəzarət zamanı öz təsdiqini tapmadığı halda, əvvəlki dövrdə alış əməliyyatlarının aparılması ehtimal edilərək, akt tərtib olunmuş və həmin əsassız tərtib edilmiş akta istinad edilərək “Vergi ödəyicisinin vergi Qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar gəbul edilmişdir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Göründüyü kimi, Vergi Məcələsinin operativ vergi nəzarəti adlanan 50-ci maddəsində vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda Vegi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarətin həyata keçirilməsi oluduğu qeyd edilməmişdir. Bundan əlavə, vergi ödəyicisinin sahibliyində ümumilikdə 383.028,90 manat dəyərində sənədsiz mal keçirilən OVN tədbiri zamanı aşkar olunmuş və bu barədə müvafiq siyahılar xx.xx.2022-ci il tarixli DVX seriyalı 006363 və 006377 nömrəli aktlara əlavə edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat olunmasına baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı “Şah Lojistik" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Hacı-zadə Vahid Şahid oğlu apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı tələbi cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9767 nömrəli və xx.xx.2022-ci il tarixli **********9771 nömrəli qərarların ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara istinad etməlidir. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi qərarına gəlmiş və həmin yoxlama zamanı vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Binə TM, Şah Karqo anbarında və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək TM, Şah Karqo anbarında müvafiq olaraq 93380 manat və 289648,9 manat olmaqla, cəmi 383028,9 manat alış sənədi olmayan mallar aşkar edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı 006363 və 006377 nömrəli “Vergi ödəycisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlar əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********9767 nömrəli və xx.xx.2022-ci il tarixli **********9771 nömrəli qərarlar qəbul edilmiş və iddiaçı müəssisəyə 38302,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 711.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Mübahisələndirilən qərarlardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, vergi ödəyicinsin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannmə ilə bağlı hesab-faktura, alış aktları və ya elektron alış aktları, təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı mövcud olmamışdır. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir ki, qeyd olunan səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarları qanuni və əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı barəsində operativ vergi nəzarəti tədbirinin keçirilməsi barədə qərara uyğun olaraq yoxlama aparılmış, bununla bağlı aktlar tərtib edilmişdir ki, həmin aktlarda iddiaçıya məxsus anbarda sənədsiz mal qalığının mövcudluğu aşkar edilmişdir. Həmin aktlar təkcə vergi orqanının məsul əməkdaşı tərəfindən yox, həmçinin də vergi ödəyicisnin rəhbəri tərəfindən də imzalanmış, aktın doğruluğu imza və MMC-nin möhürü ilə də təsdiq edilmişdir. Vergi orqanı tərəfindən mal aşkar edilməsinə baxmayaraq onunla bağlı sənədlər aşkar edilmədiyi səbəbindən sənədlərin vergi orqanına təqdim edilməsi barədə tələbnamə göndərilmiş, lakin ödəyici tərəfindən hər hansı sənədin, o cümlədən müqavilələrin təqdim edilməsi həyata keçirilməmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş aktlar iddiaçı müəssisənin rəhbəri tərəfindən imzası və cəmiyyətin möhürü ilə təsdiq olunmuş, həmçinin müəssisə rəhbəri izahatında anbarlarda aşkar edilmiş malların ona məxsus olduğunu və həmin malları Sədərək və Binə TM-də yerləşən müxtəlif sahibkarlardan heç bir rəsmi sənəd, elektron-qaimə faktura olmadan aldığını bildirmişdir. Qeyd olunmalıdır ki, hər iki qərarın mübahisələndirilməsi üzrə işdə əsas araşdırılmalı məqam anbarda aşkar edilən malların iddiaçıya, yoxsa başqa şəxsə məxsus olmasının aydınlaşdırılması ilə bağlıdır. İddiaçı malların ona məxsus olmadığını qeyd edir və bunun dəlili kimi onu qeyd edir ki, mallar başqa şəxslərə məxsus olmuşdur və bununla bağlı anbarda saxlama müqavilələri mövcuddur. Cavabdeh isə əks arqument olaraq qeyd etmişdir ki, mallar iddiaçıya məxsus olmuşdur və bunu həmin şəxsin rəhbəri aktı imza etmək və möhürlə təsdiq etmiş, eyni zamanda öz izahatında da həmin malların iddiaçıya məxsus olmasını, həmin malların Sədərək və Binə Ticarət Mərkəzində yerləşən müxtəlif sahibkarlardan heç bir rəsmi sənəd, elektron qaiməfaktura olmadan aldığını etiraf etmişdir. Eyni zamanda operativ vergi nəzarəti zamanı saxlanc müqavilələrinin təqdim edilməsi tələb edilsə də, həmin müqavilələr nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən müqavilələri, operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilən materialları tətqiq edərək hesab edir ki, mübahisələndirilən qərarlar qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan aktdan görünür ki, rəhbər şəxs həmin aktı təsdiq etmiş, hətta əlavə izahat verərək malları müxtəlif sahibkarlardan heç bir sənəd, elektron qaimə-faktura olmadan almasını da səmimi olaraq etiraf etmişdir. Həmin akt və izahatın məcburiyyət qarşısında alınmasını təsdiq edən hər hansı bir səbəb mövcud deyil. Saxlama müqavilələrinin təqdim edilməsi tələb olunsa da, iddiaçı həmin müqavilələri vergi yoxlaması zamanı təqdim etməmişdir. Buna münasibətdə məhkəmə cavabdehin mövqeyini əsaslı hesab etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən şahid ifadələri dinlənilmiş, həmçinin təqdim edilən müqavilələr tətqiq edilmiş, lakin məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddiaçının xeyrinə verilmiş şahid ifadələri və müqavilələri mötəbər sübut qismində nəzərə almamışdır. Belə ki, qeyd olunmuşdu ki, şahid ifadələrinin inandırıcılığı işin digər sənəd və materialları ilə uyğunluq təşkil etmir. İddiaçının rəhbəri özü izahatında malların ona məxsus olduğunu etiraf etmiş, aktı təsdiq etmişdir. Həmçinin, vergi orqanına təqdim edilən bəyannamələrdən də görünür ki, vergi ödəyicisinin 2019-cu ilin sonuna hər hansı mal qalığı olmamış, 2020-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər elektron qaimə faktura tətbiq olunmaqla 436,32 manat dəyərindən malların alışı əməliyyatı həyata keçirilmiş, elektron qaimə faktura əsasında hər hansı satış və idxal əməliyyatı olmamışdır. Mənfəət vergi bəyannaməsində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə gəlirinin 2020-ci il üzrə 88.349,47 manat, 2021-ci il üzrə gəlirinin 153.559,20 manat olduğu qeyd edilmişdir ki, baza məlumatlarına əsasən iddiaçı tərəfindən heç bir alış və idxal əməliyyatları aparılmadığlı halda 2020 və 2021-ci illərdə malların təqdim edilməsi üzrə gəlirinin mövcudluğu vergi ödəyicisinin təqdim özünün təqdim etdiyi sənədlərlə təsdiq edilir. Beləliklə, hər hansı mal idxal edilməmişdirsə malın təqdim edilməsinə görə gəlirin mövcudluğu mümkün olmazdı ki, qeyd olunan hal gəlir əldə edən MMC-də faktiki olaraq ona məxsus olan malın mövcudluğunu təsdiq edir. İş üzrə verilmiş şahid ifadələri isə həmin sübutlara zidd olmuş, istər yuxarıda qeyd olunan hal, istər iddiaçının rəhbərinin izahatında qeyd edilən hallara aydınlıq gətirməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, işin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vahid Hacı-Zadə mübahisələndirilən vergi qərarlarının ləğv edilməsini əsaslandıran sübutları təqdim etmək üçün ona vaxt verilməsini xahiş etsə də, məhkəmə iclası bununla bağlı təxirə salınmasına baxmayaraq nəinki həmin sübutları təqdim etmiş, hətta məhkəmə prosesində iştirakını belə təmin etməmişdir. Bununla da apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunur ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 2-1(112)-1879/2023 saylı 23 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1879/2023 saylı 23 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar