Məhkəmə qərarları › İş №2-1(103)-262/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-262/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-262/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi məbləğinin azaldılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-3270/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.05.2018-ci il tarixdə heç bir hüquqi əsas olmadan şəxsi hesab vərəqəsində 17.434.52 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə əlaqədar hər hansı qərar və yaxud inzibati akt olmadığı üçün, eyni zamanda vergi orqanının hərəkəti əsassız və qanuna zidd olduğu üçün ləğv olunmalııdır. Belə ki, Vergi Məcəlləsinin 83-cü maddəsində vergi orqanı tərəfindən vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata, ödəmələr haqqında məlumata və vergi yoxlaması materiallarına əsasən vergilərin hesablanması hüququ tanınmışdır. Hesablanmış vergi məbləğinin hansı qanunvericilik normasına uyğun olaraq həyata keçirilməsi əsaslandırılmamışdır. Əgər kameral yoxlama nəticəsində hesablanıbsa vergilərin hesablanması barədə qərar olmadığından kameral yoxlanılan bəyannamənin növü, hesabat dövrünü özündə əks etdirən və Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilməlidir. Lakin belə bir qərar mövcud deyil. Əgər səyyar vergi yoxlaması nəticəsində hesablanıbsa yoxlama aktı və məsuliyyətə cəlb etmə barədə qərar olmalı olduğu halda həmin qərar mövcud olmamışdır. Digər tərəfdən Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Lakin vergi məbləğinin hesablanması barədə vergi ödəyicisinə hər hansı rəsmi məlumat verilmədən şəxsi hesab vərəqəsində vergi məbləğinin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Odur ki, göstərilənləri qeyd edərək 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən qeyd edilən vergi məbləğinin azaldılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, hazırkı məsələ iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Belə ki, vergi orqanı tərəfindən 2014-cü ilin gəlir vergisi üzrə iddiaçıya 17434,52 manat məbləğinin hesablanmasına əsas olmuş “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli **********368800 nömrəli qərar məhkəmə qərarları ilə qanuni hesab edilmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/15 saylı 07.09.2015-ci il tarixli qərarı ilə iddiaçının “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli **********368800 nömrəli qərarın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-283/16 saylı 04.03.2016-cı il tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin iş üzrə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almış və qanuna müvafiq qaydada icra olunmuşdur. Mübahisənin mahiyyəti ilə bağlı nümayəndə qeyd etmişdir ki, uçot baza məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumi dövriyyə 2014-cü il üzrə 87172,59 manat göstərilmiş və 2014-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Müəyyən edilən kənarlaşmalar barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşmalar barədə əsaslandırılmış izahat təqdim edilmədiyindən gəlir vergisi bəyannaməsi üzrə 2014-cü il üçün 17434,52 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergilər barədə vergi ödəyicisinə 05.06.2015-ci il tarixli **********368800 nömrəli vergilərin hesablanması barədə qərar göndərilmişdir. İddiaçının əvvəlki tələbinə məhkəmədə baxılan dövrdə onun tərəfindən 01.12.2017-ci il tarixdə vergi orqanına 2014cü ilin cari (0 manat məbləgində) “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. Sözügedən 17434,52 manat məbləğin azalmasına əsas vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır. Qeyd olunan dövr məhkəmədə mübahisələndirildiyi üçün və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından həmin dövr üzrə vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində yenidən hesablama aparılmamışdır. Buna görə də “Vergilərin hesablanması barədə 05.06.2016-cı il tarixli **********368800 nömrəli qərar ləğv edilməmiş və qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanı bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Həmin Məcəllənin 24.01-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3270/2020 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan 05.06.2015-ci il tarixdə “Vergilərin hesablanması barədə” **********363300 və **********368800 saylı qərar qəbul etmiş və bu qərarlar əsasında Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən 2013 və 2014-cü ilin gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün vergi hesablanmışdır. Həmin qərarlar məhkəmədə mübahisələndirilmiş və iddia təmin edilməmişdir. Bundan sonra 2017-ci ilin 01 dekabr tarixində tərəfindən cari gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim olunmuşdur. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildiyi üçün hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanaraq 2015-ci ildə hesablanmış 17.434,52 manat gəlir vergisi məbləği şəxsi hesab vərəqəsində azaldılmışdır. 6 təqvim ayı keçdikdən sonra cavabdeh vergi orqanı heç bir inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində vergi məbləği hesablayaraq üzərinə vergi öhdəliyi qoymuşdur. Eyni zamanda, işə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.10.2019-cu il tarixli 2-1(102)-2650/2019 saylı qərarının və Bakı Apellyasiya Məhkəməsinin 15.01.2020-ci il tarixli 2-1(103)- 166/2020 saylı qərardadının əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair qərardadının əsaslandırma hissəsinin 61-ci yarımbəndində qeyd olunmuşdur ki, “Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə qarşı etirazla eyni məzmunlu əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Vergilər Departamentinin «Vergilərin hesablanması barədə» 05 iyun 2015-ci il tarixli **********487200 nömrəli qərarından müəyyən olunur ki, həmin qərar əsasında bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı 2013-cü il üçün 17423,47 manat gəlir vergisi hesablanmış, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya gəlir vergisini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. İddiaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı 04.05.2018-ci il tarixə ödəmə tarixi 31.03.2015-ci il üzrə fiziki şəxsin gəlir vergisi 17434,52 manat hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/2015 saylı 07.09.2015-ci il tarixli qərarından görünür ki, Ocaqverdiyev Aydın Kamal oğlunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergilərin hesablanması barədə 05.06.2015-ci il tarixli **********363300 və **********368800 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı 04 mart 2016-cı il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/2015 saylı 07.09.2015-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı qərarların ləğv edilməsi barədə iddiası təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1073/16 saylı 20 sentyabr 2016-cı il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı 04 mart 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 283/2016 saylı 04 mart 2016-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsində baxılmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 283/2016 saylı 20 iyun 2017-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1(102)-1649/17 saylı 18 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı 20 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4247 saylı 14 noyabr 2018-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən vergi məbləğinin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə hazırkı iddiası mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1180/19 saylı 01 may 2019-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4247 saylı 14 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2650/19 saylı 22 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1180/19 saylı 01 may 2019-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-166/20 saylı 08 yanvar 2020-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4247 saylı 14 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilərək İddiaçı Kamal oğlunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən vergi məbləğinin azaldılması tələbinə dair” inzibati iş sonrakı prosesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, ilk olaraq vergi orqanı tərəfindən inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə, inzibati orqanın şəxsin hüququna müdaxiləsinin qanuni olub-olmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Əgər inzibati orqanın müdaxiləsi qanunsuz olmuşdursa, bu halda, artıq maddi-hüquq normalarının yoxlanılmasına zərurət aradan qalxmış olur. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs inzibati orqan tərəfindən aparılmış düzəlişin ləğv edilməsini həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra, cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını tələb edə bilər. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb edir. Bu tələbin əsasları isə, hazırkı inzibati məhkəmə icraatı qaydasında, həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli 02 №-li qərardadında təsbit olunmuşdur ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Həmin qərardadda qeyd olunmuşdur ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli, 474-VQ saylı Qanununa əsasən vergi orqanları hesablanmış faizlər üzrə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan borclarını silməli idilər. Bu Qanun vergi orqanları üçün həyata keçirilməli olan dəqiq və konkret vəzifələr müəyyən etmişdir. Həmin vəzifə özünün mahiyyətinə görə qanundan irəli gəlirdi və onun icrası üçün vergi orqanı tərəfindən ayrıca hər bir vergi ödəyicisinə münasibətdə inzibati akt qəbul olunması tələb olunmurdu. Qanundan irəli gələn bu vəzifənin icrasını vergi orqanları faktiki xarakterli hərəkətlər yerinə yetirməklə təmin etməli idilər. Odur ki, bu Qanunun icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan vergi orqanları onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqələrində əməliyyatlar apara bilərlər. Bundan başqa, istinad olunan Qanunun tətbiqi vergi orqanları üçün hüquqi yox, faktiki nəticələr əldə etmək vəzifəsi müəyyən edir. Həm də buna görə, sözügedən Qanunun icrası vergi orqanından inzibat aktın qəbul edilməsini yox, faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ saylı Azərbaycan Respublikasının Qanununda da şəxsi hesab vərəqəsi anlayışından istifadə olunmuş, vergi ödəyicilərinin vergi orqanlarındakı şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının vergi orqanları tərəfindən silinməli olması qərara alınmışdır. Bu qaydada tənzimləmənin özü də bir daha təsdiq edir ki, şəxsi hesab vərəqəsi vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədi dəyərinə malikdir. Bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyatlar olmuşlar. Bunun əksinə olaraq, əgər “dürüstləşmə” adı altında həyata keçirilən şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Həmin faktiki xarakterli hərəkətlər qanunun və ya inzibati aktın tələb etdiyi məzmunda həyata keçirilməyibsə (məsələn, silinməli olan faizlərin məbləği düzgün silinməyibsə və s.) inzibati orqan tərəfindən faktiki xarakterli hərəkətin düzgün həyata keçirilməməsi vəziyyəti yaranmış olur. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əvvəllər mübahisələndirdiyi “Vergilərin hesablanması barədə” 05.06.2016-cı il tarixli **********368800 nömrəli qərarı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2351/15 saylı 07.09.2015-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 283/16 saylı 04.03.2016-cı il tarixli qərarı ilə təmin edilərək iddia tələbi rədd edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Yəni həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İşin halına görə məhkəmə aktının icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə iddiaçının dəlillərinin əsassız oldugu qənaətinə gəlir. İddiaçı tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumi dövriyyə 2014-cü il üzrə 87172,59 manat göstərilmiş və 2014-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Müəyyən edilən kənarlaşmalar barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşmalar barədə əsaslandırılmış izahat təqdim edilmədiyindən gəlir vergisi bəyannaməsi üzrə 2014-cü il üçün 17434,52 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergilər barədə vergi ödəyicisinə 05.06.2015-ci il tarixli **********368800 nömrəli vergilərin hesablanması barədə qərar göndərilmişdir. İddiaçının əvvəlki tələbinə məhkəmədə baxılan dövrdə onun tərəfindən 01.12.2017-ci il tarixdə vergi orqanına 2014-cü ilin cari (0 manat məbləgində) “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. Sözügedən 17434,52 manat məbləğin azalmasına əsas vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır. Qeyd olunan dövr məhkəmədə mübahisələndirildiyi üçün və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından həmin dövr üzrə vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində yenidən hesablama aparılmamışdır. Azalma verilmiş 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. İddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş, iddiaçıya əsassız olaraq hər hansı vergi məbləği hesablanmamış və ya vergi öhdəliyi yaranmamışdır. Cavabdehin mübahisə olunan məzmunda faktiki xarakterli hərəkəti (fəaliyyəti) formalhüquqi baxımdan da qanunsuz olmamışdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3270/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3270/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar