Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-262/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iş inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2413/2021 saylı 18.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 08-11 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.02.1993-cü il tarixdə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən mərhum həyat yoldaşı X5 verilmiş xidməti orderə əsasən ünvan 1 ünvanında yerləşən 120 saylı mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum həyat yoldaşı X7 28.04.2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və müharibə zamanı yaralandığı üçün 2-ci qrup əlil olmuşdur. Bu barədə əlillik vəsiqəsi mövcuddur. 1993-cü il tarixdə iddiaçının mərhum həyat yoldaşı 2-ci qrup əlil olduğundan işləmək üçün kifayət qədər əmək qabiliyyətli deyildir. İddiaçının mərhum həyat yoldaşı bütün bu səbəblərə görə yaşamaq üçün mənzil əldə edə bilmədiyi üçün mənzil verilməsi məqsədilə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Nəticədə 08.02.1993-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 120 saylı mənzil xidməti orderlə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən, “Mənzil uçotu və bölüşdürülməsi şöbəsinin kommunal təsərrüfat şöbəsinin" rəisinin təsdiqi ilə iddiaçının mərhum həyat yoldaşı X5 verilmişdir. İddiaçı 1993-cü il tarixdən etibarən bugünədək sözügedən ünvanda yaşayır. İddiaçı həyat yoldaşının vəfatından sonra Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, 08.02.1993-cü il tarixdə mərhum həyat yoldaşı X5 verilmiş orderə əsasən ünvan 1 ünvanında yerləşən 120 saylı mənzilə dair onun, yəni iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. İddiaçı tərəfindən bütün lazımi sənədlər, həmçinin övladları X16 və X17 tərəfindən razılıq ərizələri də Xətai Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Lakin Xətai Rayon İcra Hakimiyyəti tərəfindən heç bir əsas olmadan və qərəzli olaraq kirayə müqaviləsi bağlanmasından imtina olunmuşdur. Belə ki, iddiaçının tələbi üzrə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən işə baxılması zamanı əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli araşdırılmamış və iddiaçı tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən işin faktiki hallarına uyğun olmayan nəticə çıxarılmışdır. Bununla da qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırılmamış imtina məktubu təqdim edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçının və onun iki övladının Konstitusiya ilə qorunan mənzil hüquqları bərpa olunmalı və onların sözügedən mübahisəli mənzildən istifadələrinə hər hansı bir maneə yaradılmamalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2413/2021 saylı 18.06.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, vətəndaş İddiaçı mübahisələndirdiyi, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 13A saylı evin 120 saylı mənzili onun mərhum həyat yoldaşı X5 Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xidməti order əsasında verilmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır: iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Məlumat üçün bildirilir ki, 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdurlar. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən isə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər icra Hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas idi. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən yaşayış sahəsinə kirayə müqaviləsi, adına order verilmiş vətəndaşla bağlanılırdı. Yaşayış sahəsində müvəqqəti sakin kimi yaşayan vətəndaşlar isə Mənzil Məcəlləsinin 80-ci maddəsinə əsasən mənzildə yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquqa malik deyildilər. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verildikdə, əsas icarədardan icarəyə götürənlər, habelə müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmalıdırlar. Boşaltmaqdan imtina etsələr başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, qüvvədə olan mənzil qanunvericiliyin tələblərinə əsasən növbəlilik əsasında əldə edilməyən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fonduna aid olan yaşayış sahəsi iddiaçının mərhum həyat yoldaşına xidməti order əsasında verilmişdir. Məhkəmə qərarında Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 3-cü bəndinin ikinci hissəsinə əsasən hərbi qulluqçulara xidməti mənzillərin verilməsnin nəzərdə tutulması barədə qeydlər aparsa da mərhum X3 ehtiyatda olan hərbi qulluqçu kimi hüquqi sənədləri barədə heç bir qeyd aparmayaraq yalnız müharibə veterani olduğu ilə kifayətlənərək qərar qəbul etmişdir. Halbu ki, müharibə veteranları mənzil şəraitinin yaxşıladırılması məqsədi ilə həmin dövürdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən qeydiyyatda olduğu rayon icra Hakimiyyətinə müraciət edərək növbəlilik əsasında mənzillə təmin edilirdilər. Məlumat üçün bildirilir ki, xidməti mənzil sahələri xüsusi təyinatlı mənzil sahələri hesab olununr və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Bu qanunda xüsusi təyinatlı mənzil sahələrinin dövlət mənzil fonduna aid edilməsi şəhər (rayon) İcra Hakimiyyətlərinin səlahiyyətinə aid edilməmişdir. Məhkəmə öz qərarında iddiaçı tərəfindən mübahisələndiriən məsələnin 2009-cu ilin oktyabr ayından əvvəlki dövrü əhatə etdiyini nəzərə alaraq, həmin dövürdə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğunu qeyd etsə də son nəticə olaraq 01.10.2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsinə istinad edilərək mənzilin sosial kirayə müqaviləsinin iddiaçı ilə bağlanması öhtəliyini Xətai Rayon İcra hakimiyyətinin üzərinə qoymuşdur. O ki, qaldı iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanmasına bildirilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinin bir tipli forması müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur). Qeyd edilən forma isə halhazırda mövcud deyildir. Müvafiq icra Hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi ücün məsələyə baxılması mümkün deyil. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 08.02.1993-cü il tarixdə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən mərhum həyat yoldaşı X5 verilmiş xidməti orderə əsasən ünvan 1 ünvanında yerləşən 120 saylı mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının «MN Abşeron rayon MİH-dən və Mİİ-dən hərbiçilərə order verilməsi haqqında» 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamına əsasən Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 3-cü bəndinin ikinci hissəsinə əsasən MN Abşeron rayon MİH-dən və Mİİ-dən təqdim edilmiş siyahılara əsasən hərbiçilərə order verilməsi qərara alınmışdır. Yasamal rayon İcra Hakimiyyətinin 08.02.1993-cü il tarixli 003314 nömrəli orderinə əsasən Yasamal rayon İcra Hakimiyyətinin 26.01.1993-cü il tarixli 016/39 nömrəli, sərəncamına əsasən Bakı şəhəri, Sarayev küçəsi, 13A saylı evin 120 saylı mənzili 4 nəfər ailə üzvü ilə birlikdə X5 yaşamaq üçün verilmişdir, ailə tərkibi - özü, arvadı İddiaçı, oğlu E.İ.Kazımov, qızı N.İ.Kazımova. X7 28.04.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Əri vəfat etdiyi üçün iddiaçı onunla mənzil kiaryə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının övladları X10 və X11 həmin mənzilə dair verilmiş 08.02.1993-cü il tarixli 003314 saylı orderin anaları İddiaçı adına dəyişdirilməsinə və kirayə müqaviləsinin onun adına bağlanılmasına etirazları yoxdur, razıdırlar. Göründüyü kimi, order 08.02.1993-cü il tarixdə iddiaçının ərinin adına verilmiş, iddiaçı həmin tarixdən övladları ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının əri 28.04.2020-ci ildə vəfat etmişdir, övladları isə kirayə müqaviləsinin onunla bağlanmasına razıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən 14.12.1988-ci il tarixdə verilmiş İV-JQ seriyalı 474165 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Nadejda Nikolayevna ilə 14.12.1988-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu «Leyla» Nikah Evi tərəfindən 12.07.1994-cü il tarixdə verilmiş XVİİİ-JQ 364740 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 11.11.1988-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X8, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu «Leyla» Nikah Evi tərəfindən 12.07.1994-cü il tarixdə verilmiş XVİİİ-JQ seriyalı 364741 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 22.10.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X8, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Xətai RHK tərəfindən 15.02.2001-ci il tarixdə verilmiş M/V seriyalı 048272 nömrəli vəsiqənin surətindən görünür ki, X8 müharibə veteranıdır. İş materiallarında olan 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 29.04.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 075732 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 28.04.2020-ci ildə Bakı şəhərində ölmüşdür. Ölümün səbəbi: ürəyin aterosklerotik xəstəliyi kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 21.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Yasamal rayon İcra Hakimiyyəti başçısının «MN Abşeron rayon MİH-dən və Mİİ-dən hərbiçilərə order verilməsi haqqında» 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 3-cü bəndinin ikinci hissəsinə əsasən MN Abşeron rayon MİH-dən və Mİİ-dən təqdim edilmiş siyahılara əsasən hərbiçilərə order verilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 27.04.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Yasamal rayon İcra Hakimiyyətinin 08.02.1993cü il tarixli 003314 nömrəli xidməti orderinin kötüyünün təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sarayevski küçəsi, 13A saylı evin 120 saylı mənzili (2 otaqlı, 30.05 kv.m) 4 nəfər ailə üzvü ilə birlikdə X5 verilmişdir. Ailə tərkibi - özü, arvadı İddiaçı, oğlu E.İ.Kazımov, qızı N.İ.Kazımova. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli 2(011)-390/2015 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi X2 hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsindəki 13 A saylı evin 120-ci mənzilinə dair 08 fevral 1993-cü il tarixli 003314 saylı xidməti orderin X4 verilməsi faktının təsdiq edilməsi qət edilmişdir. Qətnamə 24.03.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan X10 və X11 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, yaşadıqlar Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 13A-da yerləşən 120 nömrəli mənzilə dair verilmiş 08.02.1993-cü il tarixli 003314 saylı orderin anaları İddiaçı adına dəyişdirilməsinə və kirayə müqaviləsinin onun adına bağlanılmasına etirazları yoxdur, razıdırlar. İş materiallarında olan Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış K-35/2-091/2 saylı 01.09.2020-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bunula bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununa əsasən 01 oktyabr 2009-cu tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində yaşayış sahələrinə orderin verilməsi nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, xidməti mənzil sahələri xüsusi təyinatlı mənzil sahələri hesab olunur və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və ya kirayəyə verilə bilməz. Bu qanunda xüsusi təyinatlı mənzil sahələrinin dövlət mənzil fonduna aid edilməsi şəhər (rayon) İcra Hakimiyyətlərinin səlahiyyətinə aid edilməmişdir. Həmin məcəllənin 102.2.2-ci maddəsinə əsasən isə xidməti yaşayış sahələri verilmiş yaşa görə pensiyaya çıxmış işçinin ailə üzvləri digər yaşayış sahəsi verilmədən çıxarıla bilməzlər. Qanunun bu tələbi xüsusi təyinatlı yaşayış sahəsinə daimi hüquqi sənəd verməyə əsas vermir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xahişinizi təmin etmək mümkün deyil. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01.10.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər («Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.04.2000-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin “müəyyən edilmiş qaydada” müddəası qüvvədən düşmüş hesab edilmişdir). Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. 01.10.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Sarayev küçəsi, 13A saylı evin 120 saylı mənzil Yasamal rayon İcra Hakimiyyətinin 08.02.1993-cü il tarixli 003314 nömrəli orderinə əsasən Yasamal rayon İcra Hakimiyyətinin 26.01.1993-cü il tarixli 016/39 nömrəli sərəncamına əsasən 4 nəfər ailə üzvü ilə birlikdə X5 yaşamaq üçün verilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23.02.2015-ci il tarixli 2(011)-390/2015 saylı qətnaməsi ilə qeyd olunan mənzilə dair 08 fevral 1993-cü il tarixli 003314 saylı xidməti orderin X4 verilməsi faktı təsdiq edilmişdir. Hazırda iddiaçı əri vəfat etdiyi üçün onunla cavabdeh arasında mənzil kiaryə müqaviləsinin bağlanmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ilin oktyabrından əvvəlki dövrdə yaşadığından və mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə icarədar öldüyündən onun əvəzinə iddiaçı özünün icarədar hesab edilməsini və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb etmək hüququ vardır. İşdən də göründüyü kimi iddiaçının övladları X10 və X11 həmin mənzilə dair verilmiş 08.02.1993-cü il tarixli 003314 saylı orderin anaları İddiaçı adına dəyişdirilməsinə və kirayə müqaviləsinin onun adına bağlanılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Belə olan halda məhkəmə kollegiyasl hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının kirayə müqaviləsinin bağlanmasından imtina etməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2413/2021 saylı 18.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-262/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-262/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver